Teatr
haqqında söhbət
Azər Allahverdiyev: «Yeni əsrin
teatrı qarşımıza inanılmaz tələblər
qoyur»
Müsahibimizi təqdim edərkən
onun bir teatr bilicisi olduğunu deməklə bərabər, həm
də Mahmud Allahverdiyev kimi böyük bir alimin övladı
olduğunu da qeyd etmək gərəkir. Zira, Azər müəllim
özü də əsil-nəcabət məsələsinə
böyük önəm verir. Mahmud Allahverdiyev o alimlərdəndir
ki, onun kitablarının xüsusi seriyası var: «Təzə əsrə
adlamış köhnə kitablar». Xalq oyun mədəniyyəti
mövzusunda dəyərli tədqiqatlar müəllifinin
xüsusi təqdimata ehtiyacı yoxdur. Özü barədə
isə Azər müəllim belə məlumat verir:
- Moskva Dövlət Teatr Sənəti
İnstitutunun məzunuyam. Bakıda və Moskvada
yaşayıram. Son vaxtlar Bakıdayam,
çünki bəzi layihələrim var ki, onları həyata
keçirmək niyyətindəyəm. 2007-2008-ci illərdə
mən Moskva Teatr Akademiyasında «Azərbaycan teatrı»,
«İslam və teatr», «Təsəvvüf və teatr» və digər
mövzularda mühazirələr oxuyuram.
Vaxtaşırı işlərimlə əlaqədar başqa
ölkələrdə oluram.
- Moskvada elmi fəaliyyətlə məşğulsunuz?
- Mənim elmi işim «Ənənə
və yeniliklər» mövzusundadır. Uzun illərdir ki, bu
mövzunu işləyirəm. Bunu dərindən öyrənmək
üçün başqa regionlarda, ölkələrdə
oluram. Bilirsiniz ki, Azərbaycan bir dövlət olaraq son bir əsrin
faktıdır. Azərbaycan mədəniyyəti müəyyən
mədəniyyətlər kontekstində inkişaf edən mədəniyyət
tipidir. Rusiya imperiyasının tərkibinə keçəndən
sonra 150 il ərzində Azərbaycan mədəniyyətinin
tipi dəyişib. Bunu yaxşı bilməmişik. Niyə?
Çünki ümumən, Azərbaycan Şərq ölkəsi
olub, Rusiyada isə orijinal bir mədəniyyət tipi
inkişaf edib, Şərq və Qərbin, daha çox Qərbin
təsiri altında. Bu da çox gözəl bəhrəsini
verdi. Azərbaycan Qərb mədəniyyətini həm
musiqisində, həm təsviri incəsənətində, həm
digər sahələrində qavraya bildi. Və
bir növ bu mədəniyyətlərin gəlişməsi
üçün qazan rolunu oynadı. Azərbaycan professional
teatrı da Azərbaycan, Şərq teatrı ənənələri
üzərində avropatipli bir teatr modeli ilə yarandı. Azərbaycan
teatrının bəzi problemlərini anlamaq üçün
Avropa teatr mədəniyyətini və milli teatrımızın
ənənələrini öyrənmək lazımdır. Mənim
atam Mahmud Allahverdiyev də Azərbaycan teatr tarixini tədqiq
edirdi və mən teatrla məşğul olan
üçüncü nəslin nümayəndəsiyəm. Mənim
nənəmin bacısı Bakı Opera Teatrının
müdirəsi olub, istəsək də, istəməsək də
teatrdan aralanmaq mümkün olmayıb. Mən heç vaxt
teatrdan pul qazanmamışam. Ona görə də bu mənim
üçün peşə deyil, həyat tərzidir. Məncə,
əsl teatr xadimi teatrla nəyə görəsə məşğul
olmalı deyil, o, bu işə hər şeyi inkar edib
girişməlidir.
Dünya teatrının vəziyyəti
ilə yaxından tanış olduğum üçün Azərbaycan
teatrının vəziyyətinə tənqidi nöqteyi-nəzərdən
baxıram. Bakıya gələndə dostlarımın dəvət
etdiyi tamaşalarda oluram. Təəssüfləndiyim, bəyənmədiyim
və bəyəndiyim məqamlar var.
Azərbaycan
teatrşünaslığının teatr salnaməsini yaratmaq
kimi aparıcı funksiyası var. Bu funksiya ondan ibarətdir
ki, istənilən kəs, tarixin istənilən məqamını
götürüb, nə baş verdiyini başa
düşsün. Amma Azərbaycan
teatrşünaslığının son otuz ildəki fəaliyyəti
adamda elə təəssürat yaradır ki, guya bu illərdə
bizim teatrdan qabaqcıl teatr olmayıb. Ümumən, sənət
adamı bir az hər şeyə ciddi yanaşmalı və bir
az da həqiqi olmalıdır. Lazım gələndə
deməliyik ki, Azərbaycan teatrını Biləcəridən
o yana tanıyan yoxdur.
- Elə bu məqalələri də
peşəkar teatrşünaslar yazmırmı?
- Bilirsiniz, bu xətirədəyməmək
prinsipindən irəli gəlir. Sənət adamları
kövrək olur. Ona görə...
Amma son
illərdə teatra diqqət artıb. Təmir işləri aparılır. Ümumən diqqət artıb. Amma
teatra axın yoxdur. Gənclərin
axını yoxdur. Bu yaxınlarda Teatr Xadimləri
İttifaqının Gənclər Studiyasının
hazırladığı «Əli və Nino» tamaşasına
baxdım. Doğrusu, Qurban Səidə
müraciəti çoxdan gözləyirdim. Mən fikirləşirdim ki, müstəqilliyin ilk
illərində mühacirət ədəbiyyatına diqqət
çox olacaq. Hərçənd, belə
olmadı. Hər halda, mən sevindim ki, belə
bir dahinin əsərini hazırlayıblar. Biz hələ öz dahilərimizi tanımalı,
bilməliyik. İnstitutda oxuduğumuz illərdə
belə bir müzakirə yaranmışdı. Mən
Hüseyn Cavidi Şekspirə tay bir dahi
hesab etdiyimi dedim. Orada hər millətdən tələbələr
var idi. Müəllimimiz dedi ki, bura gələn hər tələbə
özlərinin dramaturqu, şairi haqda belə deyir. İddia edir ki, bunu tanımalısınız.
Mən dedim ki, mən əsaslandıracağam. Onlar
bunu milli temperament kimi yozdular. Amma
seminarlardan birində bu barədə xeyli danışdım.
Ömər Xəyyamın öz rübailərini
və Cavidin «Xəyyam» pyesində yazdığı rübailəri
qarışdırıb söylədim. Ayıra
bilmədilər. Hətta tərcümədə
seçilmədi. Heç olmasa, sübut
etdim ki, nəinki milli dramaturgiyamız sovet dramaturgiyasından,
rus dramaturgiyasından geri qalmır, bəlkə də onu
üstələyir.
- Azər müəllim, dünya
teatrlarından xəbəriniz var, yəni gediş-gəlişiniz
var. Dünya teatr prosesində nələr baş verir?
- Dünya teatrı çox qlobal
anlayışdır. Ümumən teatr öz
yerini yeni kommunikativ mənbələrə verməkdədir.
Geniş təbəqələrə, topluma xitabən
yaranan teatr, son illərdə elitar bir sənət novünə
çevrilir. Əsasən intellektual təbəqələrə
yönəlir.
- Bəlkə kiçik zallar,
kiçik teatrlar bu üzdən yaranır?
-
Əsla yox. Böyük səviyyədə nəhəng
tamaşalar qoyulur. Minlərcə tamaşaçı və
minlərcə iştirakçı olar. Məsələn,
30-cu illərdə Maks Raynhard «Aristeya»nı tamaşaya qoyanda
min ifaçıdan ibarət xor qurmuşdu. Açıq hava altında keçirilən
karnavalları da buna aid etmək olar. Müasir Olimpiya oyunlarının və çempionatlarının
açılışları hər birisi
özü-özündə bir böyük tamaşadır.
Bununla belə, teatr öz fərdi kommunikativ
funksiyasını saxlayır. Tamaşaçının
təfəkkürünə və ruhuna xitab edir. Aktyor tək məktəbdən ibarət deyil
axı. O, qəlbən oynayır. Misal üçün:
muğamatı hər kəs oxuyur, amma muğam təsəvvüf
aktı olduğu üçün onu hazırlıqsız
oxumaq, lazımi nəticəni vermir. O, mərhələlər
keçməlidir. Necə deyiblər: Xoşbəxtdir o insan
ki, başa düşür - idrak iblisdəndir, eşq Adəmdən.
Bu sufilərin formuludur. Həm
də insanlar arasında ünsiyyətin mexanizimlarının
daha qeniş olduquna işarət edir. Teatrda
məhz belə mexanizmlər işləyir, tək əql yox,
hisslər və hisslər üstü qavrayışlar.
Şərq mədəniyyətində bu qədimdən tətbiq
olunan bir faktdır və praktikadır, məsələn,
Şekspirin (və ümumən orta əsrlər
Avropasının mədəniyyətində sufi
lərin təsiri çok aşkar müşahidə olunur. Teatrda da həmçinin. Mənim
müəllimim Aleksey Vladimiroviç Bartaşeviç irəli
sürdüyüm bu konsepsiyanı yüksək dəyərləndirdi.
Bu mexanizm nədən ibarətdir? İnsanların sözlə deyilməyən, hərəkətlə
göstərilməyən fövqəlhəssas mexanizmlər
var. Ona görə Ələsgər Ələkbərov qəlbən
insanların qəlbini fəth edirdi. Bu,
yalnız fizioloji energetika deyil, bunu insanlar tərbiyə ilə
əldə edə bilər, nəsilliklə ötürülə
bilər. Bu vergidir, istedaddır. Əlbəttə, peşəkarlıq,
işgüzarlıq böyük rol oynayır. Sizə bir şey danışım, Brodvey
müziklinə baxmaq mənim uşaqlıq arzum idi. Baxdım və başa düşdüm ki, Azərbaycanda
müziklə çıxarılacaq aktyor yoxdur. Çünki orada aktyor professional olaraq həm
müğənni, həm də rəqqasdır. Yeni əsrin teatrı insanlara inanılmaz tələblər
qoyur. Yeni formalar yaranmalıdır. 60-ci illərin novator sayılan lirik-psixoloji dramatik
tamaşalar bu günlə səsləşmir. Qışqıra-qışqıra, bağıraraq
danışmaq hələ də etalon sayılır. Amma bunlar artıq geridə qalmalıdır. Yeni istedadlar ortaya çıxmalıdır, ən
azı gənclər bu sahədə ölkədən kənarda
təhsil almalıdır. Başqa ölkələrin
teatrlarının tamaşalarına baxmalıdır.
Rusiya Teatr Sənəti
Akademiyasında təklif irəli sürmüşəm, onlar
da təklifi təqdir ediblər. Əvvəllər
bir kurs, studiya yığılırdı, onları bir
teatrın aktyorları kimi tərbiyə edirdilər. Sonra onu yerlərə göndərirdilər. Çox yaxşı olardı ki, Azərbaycan
dramaturqlarının əsərlərini Rusiya teatrlarında
tamaşaya qoymağa fondlar yardım göstərəydilər.
Rusiyada və Avropada Azərbaycan teatrları
yaranardı. Bu, Azərbaycan mədəniyyəti
üçün böyük bir iş olardı. Amma bunlar səviyyəli işlər
olmalıdır. Heç olmasa, o ölkənin
teatrlarından səviyyəcə aşağı işlər
təklif etmək olmaz.
Bu
gün kitab öz kommunikativ funksiyasını İnternetə
verib. Və son illərin Qərb teatrında olan
proseslər İnternetdə olan prosesləri xatırladır.
Mən bu problemlə məşğulam. Çox mürəkkəb bir problemdir. Necə ki, kino insanların nəzər fokusunda
teatrı dəyişdi, indi teatrı da, kitabı da, kinonu da,
televiziyanı da İnternet özünə cəmləşdirir.
İnsana serçi olmaq yetmir, o birbaşa
oyunçu olmaq istəyir. İndinin
problemi teatrın öz sakral mahiyyətindən
uzaqlaşmasından ibarətdir. Rituallaşma,
sakrallaşma axtarışları həmişə davam edib, Brukdan,
Qrotovskidən üzü bəri. Əsas məsələ
zalla əlaqə amilidir. Ruhlara, qəlblərə xitab etmək...
Teatr bir mediator kimi
birləşdirmək məramına meyillənir. Zalla səhnə
arasında sıx təmasa can atır. Və bu
sahədə çox reproduktiv addımlar atılır. Amma Azərbaycan teatrı bu prosesin həndəvərində
deyil. Bilirəm, ki çox şeyi qorumaq
lazımdır. Sənətin iki qanunu, funksiyası var:
Biri ənənələri qorumaq, o biri yenilik axtarmaq və tətbiq
etmək. Bunların biri olmasa, o biri lazım
deyil. Ənənəvi teatr yaratmaq
üçün geniş dünyagörüşlü, bilikli
teatrşünas lazımdır. O, eramızdan əvvəlki
Qafqaz mədəniyyətini də bilməlidir. Çünki
bura ciddi geofiziki aktivlikdə olan bölgədir. Burada İslamdan öncəki mədəniyyətin də
qalıqları var. Bura çox sehrli bir məkandır. Hələ demirəm ki, antikədəqədərki
mədəniyyəti, İslamdan öncəki ənənələri
öyrənmək lazımdır.
- Azər müəllim, bayaq
proyektlərinizdən danışdınız, bunlar nədən
ibarətdir?
- Mənim dostum - şair, bəstəkar
Anar Nağılbazla artıq bir neçə ildir ki, tamaşa
hazırlamaq niyyətimiz var. Klassik, dramatik materialı əsas
götürərək, rep üstündə pyes
yazmalıyıq. Pyesin sujeti artıq
hazırdır. Məncə,
bu, yeni forma olacaq və gəncləri teatra gətirəcək.
Mənim digər bir layihəm Mədəniyyətin
Qırmızı Kitabı ilə bağlıdır.
Amerikanın mədəni irsin qorunması üzrə milli
TRAST-ının üzvüyəm. Milli TRAST-ların Dünya
təşkilatı yaradılması üzrə Deli
konfransına Azərbaycandan dəvət olunmuşam. Bu mədəni
irsin qorunması ilə məşğul olan qeyri-hökumət
təşkilatıdır. Bunların içində elə
nüfuzlu TRAST-lar var ki, çox saylı və dəyərli
mədəni abidələri qoruyurlar. Bura material və
qeyri-material mədəni irs daxildir. Bu il Dublində bu beynəlxalq
təşkilatın konfransı keçiriləcək və mən
ora dəvətliyəm. Bu layihəni həyata keçirməyə
çalışıram. Ən azından Qarabağda itirilən
milli mədəni nümunələri o kitaba salmaq istəyirəm.
Bu mədəni irsin qorunması üçün ən
yaxşı formadır. Dünyanın diqqətinə
çatdırmalıyıq ki, bu abidələr itib, yox olub.
“National TRAST”lar ictimai təşkilatlardır. Bunlar mötəbər
təşkilatlardır və bilavasitə insanlarla işləyirlər.
Rusiyada da əksər əhəmiyyətli tikililər
onların siyahısındadar. Heç olmasa İçərişəhər
bu siyahıda olaydı.
Biz milli mədəni irsimizi
qorumalıyıq. Milli irsə əsaslanmayan konstruksiya
yaşaya bilməz. Mənəvi irs məni bir azərbaycanlı
kimi narahat edir.
Aliyə
Mədəniyyət. - 2009.- 3 aprel.- S. 7.