Qrafika ustası
Xalq rəssamı Cəmil Müfidzadənin 75
yaşı tamam olur...
Hər bir rəssamın özünün sevimli, qəlbinə
hakim kəsilən mövzusu, bədii həllini
axtardığı məsələlər vardır ki, o,
bunları həyat müşahidəsinə və təcrübəsinə
əsaslanaraq həyata keçirir. Doğma yurdun
uzaq-yaxın keçmişi, maddi-mədəniyyət abidələri,
sərvəti və təbiəti xalq rəssamı Cəmil
Müfidzadə üçün belə mövzulardan olub.
Yarım əsrdən çoxdur ki, Azərbaycan mövzusu onun
qrafik lövhələrinin leytmotivinə çevrilib.
Tanışlıq
üçün deyək ki, o, ixtisas təhsilini əvvəlcə
Bakıdakı məşhur “Əzimzadə məktəb”ində,
sonra isə Xarkov Rəssamlıq İnstitutunda
almışdır. 1957-ci ildən müxtəlif miqyaslı sərgilərin
iştirakçısıdır. Vaxtaşırı çəkdiyi
əsərlər yüksək dəyərləndirilmiş, dəfələrlə
müsabiqələrin mükafatçısı olmuşdur.
Milli təsviri sənətimizin inkişafındakı xidmətlərinə
görə respublikanın əməkdar (1982) və xalq rəssamı
(2002) fəxri adlarına layiq görülmüşdür.
Hazırda yaradıcılıq axtarışlarını davam
etdirməklə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında gənc rəssamlara sənətin sirlərini
aşılamaqla məşğuldur. Professor C.Müfidzadə
indi “Qrafika” kafedrasının müdiridir.
Cəmil
Müfidzadə yaradıcılığında milli qaynaqlara
tapınan rəssamlardandır. Onun əski sənət
nümunələrimizə münasibəti səthi
olmayıb, əsl yaradıcı mahiyyət daşıyır.
Əsərlərinə xas olan üst-üstə sıralanma
prinsipi, geniş ümumiləşdirmələr, incə rəng
koloriti miniatür sənəti ənənələri ilə
səsləşir. Ən maraqlısı budur ki, bu
cür əski sənət prinsipləri çərçivəsində
onun əsərlərində müasirlik və zaman
kateqoriyası nəzərəçarpan və duyulandır.
Odur ki, rəssamın özünəməxsus təfsirində
həm məkanın gözəlliyi, həm də insan əli
ilə dəyişən müasir görkəmi daha ecazkar
görünür. Adama bəzən elə gəlir
ki, rəssamda haradasa naturaya qarşı inamsızlıq
yaranıb və o, naturanın təbii rənglərindən
daha çox, təxəyyülün nəticəsi kimi təqdim
olunan rəng həllinə etibar edir.Onun sənaye mövzusunda
işlədiyi “Abşeronun tacı”, “Bakı-neft
paytaxtıdır”, “Polad meşə”, “Neftayırma zavodu”,
“Bakı krujevası”, “Neft məbədi” və s. lövhələr
bu qəbildəndir. Həmin əsərlərdə neft
mövzusu özünün obrazlı bədii həllini
tapmışdır. Mürəkkəb kompozisiyalı
“Abşeron nefti” lövhəsində bu qədim torpağın
sərvətindən söz aşılır. Rəssam
buradakı lirik ovqatı və milli koloriti memarlıq elementləri
ilə mavi ənginliklərə söykənən
neftayırma qurğusunun, buruqların və çənlərin
xüsusi görkəmdə təqdim olunan vəhdətindən
yaradıb.Mərkəzdə iki tağın arasında
neftayırma qurğusu, kənarlarında isə kiçik
tağların əhatəsində səf-səf
düzülmüş neft buruqları təsvir olunub. Məkanın
və qurğuların nəzərəçarpacaq romantika ilə
aşılanmasından lövhə sözün əsl mənasında
“qaynar ocağa” dönmüşdür. Bu təəssüratı
ilk növbədə maraq doğuran mürəkkəb
işıq-kölgə həlli və kompozisiyanın
sıralanmayan detalları yaradır. Nəticədə, hər
gün gördüyümüz sənaye mənzərəsi
yaddaqalan bir görkəm almışdır. Bu da rəssamın
özünəməxsus dünyaduyumundan
yaranmışdır. Etiraf edək ki, Azərbaycan
təsviri sənətində neft mövzusuna aid yüzlərlə
əsər çəkilsə də, Cəmil Müfidzadənin
çoxsaylı lövhələrl onların arasında bədii
şərhinə görə duyulası dərəcədə
fərqli və yaddaqalandır.
Rəssam
çox vaxt həyat hadisələrinin təsvirində bilərəkdən
reallıqla qeyri-reallıq arasında duyulası bir məsafə
saxlayır. Onun
özümlü bədii şərhi, ifadə tərzi də
elə bu “məsafənin” mövcudluğunda aşkarlanır.
Belə ki, o, çox vaxt təsvir obyektini əsərlərinə
özünün qavradığı, duyduğu, bəzən də
arzuladığı, görmək istədiyi biçimdə gətirir.Belə
təfsir təsvir motivlərini adilikdən
çıxarmağa imkan verir. Rəssamın işlətdiyi
ümumiləşdirmələrə, güclü improvizələrə
baxmayaraq, onu da demək lazimdır ki, bizə təqdim olunan hər
bir poetik-romantik sənaye mənzərəsinin real prototipi var.
C.Müfidzadənin
əsərləri işləmə manerasına, kompozisiya
biçiminə görə orijinal olub, heç kimi xatırlatmır. Onlara
diqqət yetirdikdə rəssamın dəst-xəttinin tədricən
dəyişildiyi açıq duyulur. Əvvəlki əsərlərə
xas olan lakonik biçim, təzadlı işıq-kölgə
həlli yavaş-yavaş zərgər
naxışlarını andıran cizgilərlə əvəz
olunmuşdur. Ksiloqrafiya texnikasında işlənmiş əsərlərinə
forma bütövlüyü, xətlərin dinamikliyi, ofort
texnikasında işlədiyi lövhələrə isə
cizgilərin labirintsayağı görümünü
andıran bənzərsiz düzülüşü səciyyəvidir.
Rəssamın qarışıq texnikada çəkdiyi əsərlər
də maraq doğurur. Burada təsvirin ifadəli şərhində
puantilist, yəni xırda nöqtələrdən yaranan rəng
qatına üstünlük verilmişdir. Rənglərin məhz
belə sərbəst ahəngi və təzadı
obrazlı-poetik düşüncənin aydın ifadəçisi
olmuşdur.
Rəssamın
məşhur “İçərişəhər” silsiləsi
onun yeni bədii tapıntılarının başlanğıcı
olub. Orijinal
ifadə vasitələri, emosionallığı ilə
seçilən cizgilər əsrlərin sərt
sınağına dəyanətlə duruş gətirən
möhtəşəm tikililərin özünəməxsusluğunu
göstərməyə imkan verib. Onun “Türbə”,
“Şirvanşahlar sarayı”, “Köhnə Bakı”, “Qız
qalası” və digər əsərlərində rəssamın
obrazlı görümü xüsusilə güclüdür.
C.Müfidzadənin
yaradıcılığında əvvəllər işlədiyi
mövzulara yenidən qayıtmaq meyli hiss olunur. Bu
heç də təkrarçılıq kimi qəbul olunmur. Əksinə,
tamaşaçıya həmin mövzunun yeni yozumunu, daha emosional,
yaddaqalan həllini təqdim edir. Onun vaxtaşırı
İçərişəhər mövzusuna qayıtması
buna misaldır.
Rəssam illər
uzunu tez-tez yaradıcılıq səfərlərində olub.
“Şimal”, “Xınalıq”, “Monqolustan torpağında”,
“Buhenvald”, “Xirosima”, “Misir” və s. silsilələri belə səfərlərdən
sonra yaranıb. Xınalığa həsr olunmuş lövhələrdə
enerjili təsvir dili və mürəkkəb rakurslar əsl mənada
daş evləri donuq vəziyyətdən çıxarıb.
Dağlar qoynunda qərar tutan bu qəribə məkanın
bənzərsizliyini göstərməyə imkan verib. “Əsrlərin
görüşü”, “Axırıncı tıkan”, “Naməlum
səs” və s. əsərlərində bözumtul rəngli,
haradasa bir qədər cansıxıcı görünən
Qobi səhrasının yeknəsəkliyində rəssam
fəlsəfi məna arayıb. “Axırıncı tikan” bu
baxımdan diqqəti xüsusilə cəlb edir. İki dəvənin
ucsuz-bucaqsız səhrada qarşılarına çıxan
sonuncu tikana həsrət-ümid dolu nəzərlərlə
baxmaları düşünmək üçün geniş
meydan açır. Tamaşaçı bu acı həsrətin
qaynaqlarını aşkarlamağa çalışır. Adi
bir tikan kolunun varlığı, bəlkə də
ölüm-dirim mübarizəsinə çevriləcəkdir.
Bozumtul səhra, bir tikan, bir də boyunlarını həsrətlə
ona doğru uzadan iki dəvə...Həyat ya ölüm..
Demək
lazımdır ki, rəssam bəlkə də yeganə qrafiklərimizdəndir
ki, təhsil illərində qazandığı bədii-texniki
vərdişləri praktiki olaraq davam etdirməkdədir.
Onun ofort,akvatinta, litoqrafiya texnikalarında işlədiyi
əsərlər də bunu təsdiqləyir. Yaxşı
haldır ki, sənətdə əldə etdiyi bədii təcrübəni
və dünya praktikasında ofort texnikasının tətbiqini
əhatə edən “Ofort” adlı metodik vəsait yazmaqla o, bu
işin gənclər tərəfindən davam etdirilməsi
üçün mənbə yaratmışdır.
Cəmil
Müfidzadə müasirliyi, bizim günlərin
dinamikasını duyan sənətkardır. Onun
özündə ənənəni və novatorluğu birləşdirən
yaradıcılıq yolu da buna yaxşı nümunədir. Əgər
aprelin 7-də onun Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında təşkil olunacaq fərdi sərgisinin
açılışına gəlsəniz, görkəmli
qrafika ustasının özündə zəngin bədii
məziyyətləri hifz edən əsərləri ilə
tanış ola bilərsiniz. İnanırıq ki,
özünün müdriklik çağını yaşayan
rəssamın yeni yaradıcılıq hesabatı da rəğbətlə
qarşılanacaqdır.
Ziyadxan Əliyev,
əməkdar incəsənət xadimi
Mədəniyyət.- 2009.- 3 aprel.-
S. 6.