Asəf Zeynallı –
100
Yarımçıq qalmış
ömür
Azərbaycan musiqi sənətinin
görkəmli xadimlərindən
biri, xalq musiqisinin mahir təbliğatçısı, istedadlı bəstəkar
Asəf Zeynallının
yaradıcılığı böyük bir həyat salnaməsidir. Elə bir salnamə
ki, onun hər səhifəsində
gənc bəstəkarın
əks etdirdiyi musiqi obrazları öz təravətini, reallığını, həyatiliyini
bu gün də saxlayır.
Deyirlər, istedad heç
bir zaman qocalmır. Əksinə, parlaqlığını özündə daim əks etdirir. Bu dünyadan vaxtsız köçən, cəmi
23 il yaşayan Asəf Zeynallı sənəti də minlərin, milyonların ürəkdən sevib, pərəstiş etdiyi böyük, müqəddəs
sənət obyekti kimi daim yaşayır,
parlayır.
Asəf Zeynallının musiqi sənətimizdə tarixi
xidmətləri böyükdür. O, Azərbaycan
Dövlət Konservatoriyasında
(indiki Bakı Musiqi Akademiyası)
professional təhsil almış
ilk Azərbaycan bəstəkarıdır.
Görkəmli bəstəkar və
ictimai xadim olan Asəf Zeynallı ilk milli romansların, fortepiano və
skripka üçün
miniatürlərin, həmçinin
ilk simfonik əsər
nümunələrinin müəllifidir.
O, qısa həyatı
boyu Üzeyir Hacıbəyov ənənələrinə
sadiq qalaraq müxtəlif janrlı əsərləri ilə
professional musiqimizi daha
da zənginləşdirmişdir.
Asəf Zeynalabdın oğlu Zeynallı 1909-cu ildə aprelin 5-də Dərbənd
şəhərində dünyaya
göz açmışdır. 20-ci illərin əvvəllərində
Zeynallının ailəsi
Bakıya köçür.
1922-26-cı illərdə Bakı Musiqi Texnikumunda oxuyur, 1926-cı
ildə Azərbaycan Dövlət Konservatoriyasının
orkestr fakültəsinə
daxil olur, sonra isə bəstəkarlıq fakültəsində
təhsilini davam etdirir. Ü.Hacıbəyov,
B.Karaqiçev, L.Y.Ab,
L.P.Yablonko kimi görkəmli bəstəkarlardan
dərs alan
Asəf Zeynallı əsərlərinin çoxunu
konservatoriyadakı təhsil
illərində yazmışdır.
1920-ci illərin axırlarında
Asəf Zeynallı Azərbaycan «Tənqid-təbliğ»
teatrında işə
başlayır. Teatrın musiqi hissəsinə müdir təyin olunan Asəf Zeynallı bir çox tamaşalara - C.Cabbarlının «Sevil», S.Rüstəm və H.Nəzərlinin «Yanğın»,
C.Xəndanın «Gizli
əl», A.Yanovskinin «Qəzəb» və s. musiqi tərtibatı vermişdir.
Asəf Zeynallının musiqi irsi çoxcəhətlidir. O, xalqın
mənəvi zənginliyinin
tərcümanı olan
musiqinin müxtəlif
janrlarında dəyərli
əsərlər yaratmışdır.
Lakin Azərbaycan musiqi tarixində bəstəkar,
milli romans janrının yaradıcısı
kimi tanınaraq, özünəməxsus dəst-xətti
ilə xüsusi olaraq diqqəti cəlb edir.
Məsələn, vətənpərvərlik
romansı olan «Sərhədçi» balladadır,
vətən haqqında
himn olan «Ölkəm» xoş-lirik monoloqdur, «Çadra» lirik əhval-ruhiyyəli monoloqdur, qəmli dramatik lirikanın obrazlarını təcəssüm
etdirən «Sual», «Seyran» mahnı-romanslardır.
İlk milli fortepiano musiqi
əsərlərinin meydana
çıxmasında Asəf
Zeynallının müstəsna
xidməti olmuşdur.
Məhz
o, ilk dəfə milli
folklor yaradıcılığından
əməli şəkildə
istifadə edərək,
klassik Avropa fortepiano musiqisinin səciyyəvi cəhətlərini birləşdirmişdir.
Bəstəkarın texniki cəhətdən
o qədər də mürəkkəb olmayan «Çahargah» pyesində müxtəlif xarakterli epizodlar bir-birini əvəz edir. Asəf Zeynallı muğam melodiyasını köçürmür,
dinləyici bu orijinal musiqidə «Çahargah»ın intonasiya və ritminə istinad edildiyini duyur. Ən başlıcası isə
o, öz musiqisində
muğamın məntiqi
ifadəsini ustalıqla
əks etdirir. Folklor nümunələrində olduğu
kimi bəstəkar pyesdə də bir-birini əvəz edən epizodları «Çahargah» kodensiyasını
vahid melodik intonasiya ilə möhkəm əlaqələndirir.
«Mayeyi-çahargah»la başlanan pyes onunla da tamamlanır.
Asəf Zeynallının «Uşaq süitası» yazıldığı
vaxtdan musiqi məktəbi şagirdlərinin
repertuarına daxil olmuşdur. Xalq musiqisinin xarakterik
cizgilərini özündə
əks etdirən parlaq obrazlı «Uşaq süitası»nda Avropa pyes
süitalarının ənənəvi
klassik forması öz təcəssümünü
tapmışdır. «Çahargah» kimi «Uşaq süitası» da milli musiqinin
səciyyəvi xüsusiyyətlərini
Avropa instrumental musiqi ənənələrinin tələbləri
baxımından ümumiləşdirən
əsərdir. Bu pyes musiqi sənətimizdə
yeni fortepiano janrı kimi təzə bir səhifə açmışdır.
Asəf Zeynallı
Azərbaycan musiqisinin
təbliğinə də
böyük diqqət
yetirərək, 1931-ci ildə
Moskva və Leninqradda (Sankt-Peterburqda) Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət
konsertlər verir, Azərbaycan musiqisi haqqında məruzələrlə
çıxış edirdi
Asəf Zeynallı
folklor nümunələrinin
toplanıb, nota köçürülməsi
və işlənməsi
sahəsində böyük,
faydalı iş aparmış, Azərbaycanın
bir çox şəhər və kəndlərinə getmiş,
respublikanın ən uzaq guşələrinə
səfərə çıxmış
və bunların nəticəsində külli
miqdarda mahnı nota yazmışdır. Bəstəkar «Bakı» adlı simfoniya yaratmaq və həmin simfoniyada nota köçürdüyü
melodiyaların bəzilərindən
istifadə etmək fikrində idi. Lakin vaxtsız ölüm bir çox arzuları kimi bu istəyini də gözündə qoydu.
Bir pedaqoq kimi də
Asəf Zeynallının
xidmətləri böyükdür. Belə ki,
1928-ci ildə Azərbaycan
Dövlət Konservatoriyasının
nəzdindəki musiqi
məktəbində musiqi
nəzəriyyəsindən dərs demiş, «İbtidai not savadı» adlı dərslik tərtib etmişdir.
Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Zakir Bağırov kimi gənc bəstəkarlar ondan dərs almışlar.
Cahan daimi, həyat sonsuzdur. Ancaq hər kəsə
bir ömür əmanət verilir.
Bu il aprelin
5-də Asəf Zeynallının
100 yaşı tamam olur. Cəmi 23 il yaşamış
bəstəkarın ürəyində
həyata keçirə
bilmədiyi neçə-neçə
yaradıcılıq niyyətləri
yarımçıq qaldı.
Deyirlər, insan iki ömür
yaşayır - sağlığında
və öləndən
sonra. Görkəmli tatar şairi
Musa Cəlil çox gözəl demişdir.
- «Elə yaşa ki, öləndən sonra da ölmə»
Asəf Zeynallı
da cəmi 23 il yaşadı,
ancaq xalqının sənətkar oğlu kimi yaşadı. Elə yaşadı ki, öləndən sonra da ölmədi. Gözəl insani keyfiyyətləri, fitri istedadı, ürəkləri riqqətə
gətirən musiqisi ilə qəlblərə ömürlük həkk olundu. Həmişə,
hər an öyrənilməyə,
nümunə göstərilməyə
layiq irs
qoyub getdi.
Jalə Qulamova,
sənətşünaslıq namizədi
Mədəniyyət.- 2009.- 3 aprel.- S. 5.