M.Rostropoviçin
anadan olmasının
82 illiyi ilə bağlı tədbir keçirildi
Böyük sənətkar
öz evində yad edildi
Leonid və Mstislav Rostropoviçlərin adını
daşıyan ev-muzeyi
fəaliyyət göstərdiyi
ilk gündən hər il M.Rostropoviçin
anadan olması münasibəti ilə həmin məkanda musiqi gecəsi keçirir. Artıq ənənə halını
almış konsert proqramı bu dəfə əvvəlkilərdən
fərqlənirdi.
Martın 29-da keçirilən tədbirdə Polşa, Litva səfirliklərinin və Rusiya İnformasiya Mərkəzinin nümayəndələri, Opera Studiyasının direktoru -Azad Əliyev, rejissor Ziya Şıxlinski, Bakı Musiqi Akademiyasının dosenti - Elmira Əliyeva, Asəf Zeynallı adına Musiqi Kollecinin, 6 və 8 saylı musiqi məktəblərinin müəllim və şagird heyəti, BMA-nın tələbələri qonaq qismində iştirak edirdilər.
Əvvəlcə qonaqlar “M.Rostropoviçin həyatının 17 anı” adlı sərgini izlədilər. Sərgidə sənətkarın həyatının müxtəlif dövrlərini əhatə edən, onun ayrı-ayrı ölkələrdə və Bakıda olduğu dövrləri əks etdirən fotoşəkillər nümayiş olundu.
Sərgidən sonra möhtəşəm konsert proqramı başlandı. Konsertdə xalq artisti, BMA-nın professoru, violonçelist Rasim Abdullayev Qərbi Avropa bəstəkarlarının klassik nümunələri və rus klassikasından ibarət zəngin repertuarla çıxış etdi. Bu tədbirdə R.Abdullayevin konsert proqramı ilə çıxışı təsadüfi deyildi. Çünki muzey fəaliyyət göstərəndən bəri Azərbaycan violonçel musiqisinin görkəmli nümayəndələrinin fəaliyyətləri, həyat və yaradıcılıqlarının müxtəlif dövrləri ilə bağlı olduqca zəngin materiallar toplanılıb. Bu materiallar içərisində M.Rostropoviçin R.Abdullayevlə bağlı yaradıcılıq əlaqələrini əks etdirən fotoşəkillər də var.
R.Abdullayevin valehedici ifasından sonra 2007-ci ildə Rusiyada istehsal olunmuş “Slava” sənədli filminin ilk nümayişi oldu. Qeyd etmək lazımdır ki, muzeydə eksponatlar arasında ata Rostropoviçin oğluna ad günü münasibətilə 1942-ci ildə yazdığı məktub var. Bu məktubda L.Rostropoviç belə demişdir: “Arzu edirik ki, bir violonçelist kimi Pablo-Kazal sərhədlərinə, pianist-bəstəkar kimi S.V.Raxmaninovun böyüklüyünə nail olasan. Ən əsası bir insan kimi həmişə centlmen, yüksək mədəniyyət və təhsilə malik, hər zaman istəkli qonaq və akademik olasan”. O öz atasının arzusunu tək musiqi aləmində yox, həyatının bütün sahələrində həyata keçirərək, tarixi şəxsiyyət oldu. M.Rostropoviçə həsr olunmuş filmdə maraqlı xronikadan istifadə olunub. Filmin əvvəlində M.Rostropoviç öz həyatı haqqında xatirələr danışır, sonra onun haqqında Y.Başmet, M.Q.Şostakoviç, E.Neizvestnıy, L.Çirkova, N. Şaxovskinin söylədikləri fikir və xatirələr göstərilir. D.Şostakoviç, M.Rostropoviç, Q.Vişnevskayanın birlikdə göstərildiyi kadrlar filmin ən maraqlı anlarından biridir. Qeyd edək ki, “Slava” filmində Rusiya Federasiyasının arxivindən əldə edilmiş unikal materiallardan da istifadə olunub.
Sonra rejissor Z.Şıxlinski film haqqında yüksək fikirlərini söylədi.
Filmin nümayişindən sonra A.Əliyev, E.Əliyeva, 8 saylı Musiqi Məktəbinin direktoru, violonçelist - K.Paşayevə söz verildi. Qeyd etmək lazımdır ki, A.Əliyev və E.Əliyeva M.Rostropoviçlə ailəvi dost idilər və onlar maraqlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.
Cabir
Mədəniyyət.- 2009.- 3 aprel.- S. 3.