"Azəri" Türkiyəyə dəvət alıb

 

Humay Qədimova: "Hər yerdə xanım sənətçilərə böyük hörmət var"

 

Ölkəmizdə istedadlı gənclərimiz çoxdur. Onlardan biri tar ifaçısı Humay Qədimovadır. H.Qədimova 1986- ildə Bakıda dünyaya göz açıb.

 

Musiqiyə böyük həvəsi olduğundan 1996-cı ildə Bakı şəhərindəki 1 saylı incəsənət musiqi gimnaziyasının fortepiano şöbəsinə daxil olub. Orada 7 il musiqi təhsili alıb. Amma Humay xanım tar sənətinə gəlməsinin sirlərini belə açıqladı: "Ailədə iki uşaq olmuşuq. Qardaşım tar çalan idi. Evdə heç kəs olmayanda onun tarını götürüb çalır öz-özümə bu sənəti öyrənməyə çalışırdım. Valideynlərim biləndə ki, tara böyük həvəsim var, onlar Bakı şəhər 1 saylı incəsənət musiqi gimnaziyasına gedib müəllimlərimə bu haqda müraciət edərək məni tar şöbəsinə qoydular. Bütün muğamlardan, əsərlərdən, dünya musiqisindən xəbərim olduğundan gimnaziyada 2 il təhsil aldım. İlk tar müəllimim isə Xuraman Babayeva olub. Ondan tarın sirlərini öyrənmişəm. Gimnaziyanı bitirib Asəf Zeynallı adına musiqi kollecinə qəbul oldum böyük sənətkarlarımızdan Elxan Müzəffərovdan muğamı, Ələkbərov Ələkbərovdan isə ixtisası öyrəndim. Hazırda təhsilimi konservatoriyada davam etdirirəm".

H.Qədimova həmçinin vurğuladı ki, 16 yaşından səhnədədir: "Asəf Zeynallı adına musiqi kollecinin dierktoru Nazim Kərimovun bizə böyük dəstəyi olub. Onun köməkliyi ilə "Azəri" qızlar üçlüyü yaratmışıq. Konservatoriyanın tələbəsi Sevinc Bağıyeva kamançada, mən isə tarda müşayiət edirəm. İlk dəfə efirə Türkiyənin "Samanyolu" (STV) kanalı vasitəsilə çıxmışıq. Bizə oxuyanlar da müraciət edib. Xalq artistləri Səkinə İsmayılova, Nəzakət Teymurova ilə bir sıra tədbirlərdə olmuşuq. Respublikanın tədbirlərində yaxından iştirak edirik. Xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Mələkxanım Əyyubova, əməkdar artist Simarə, Sevinc Sarıyeva, muğam müsabiqəsinin qalibi Təyyar Bayramov, Lalə Məmmədova kimi bir çox sənətçilər ansamblımızda oxuyublar. Onları tarda müşayiət etmişəm".

H.Qədimova Türkiyə, Rusiya, Moldova, İran onlarca xarici dövlətdə qastrollarda olduğunu bildirdi: "Hər yerdə xanım sənətçilərə böyük hörmət var. Hər bir çıxışımız gurultulu tamaşaçı alqışları ilə qarşılanıb. Çünki Azərbaycan musiqisi o qədər zəngindir ki, bütün ölkələrdə onu sevirlər. Bizim musiqiyə, xüsusilə muğama böyük həssaslıqla yanaşılır, ona diqqət göstərilir. Bu yaxınlarda Aygün Bəylərlə Moskva şəhərində bir çox konsertlər verdik. Hətta televiziyanın "Debo" verilişinin qonağı da olduq. Onu da qeyd etmək istəyirəm ki, əvvəllər muğamlarımıza diqqətsizlik var idi. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə milli musiqimizə maraq artdı, Muğam Mərkəzi tikildi. Onun köməkliyi, qayğısı nəticəsində muğam müsabiqəsi keçirildi gənc istedadlı muğam ifaçıları ilə yanaşı, tar, kamança çalanlarımız da üzə çıxarıldı".

H.Qədimova həmçinin bildirdi ki, keçən il dekabrın 30-da Respublika Sarayında türk müğənnisi Tarkanın konserti oldu: "Onu kamança tarda biz müşayiət edirdik. Bu ilin mart ayının 29-da isə Sərdar Ortacla Bakıda keçirilən konsertində birgə ifalarımız oldu. Maraqlı o idi ki, türk müğənnisi muğamlarımızı gözəl ifa etdi. Bu da böyük tamaşaçı alqışlarına səbəb oldu. Bu yaxınlarda Türkiyəyə dəvət almışıq".

  

  

Qələndər Xaçınçaylı

 

Həftə ici.- 2009.- 8 aprel.- S. 7.