Ramana kəndi

 

Qədim qala, neftlə zəngin torpaq və Koroğlunun ariyası...

 

Bakı kəndləri tarixən Bakının özəyini təşkil edib. Onlar tarixi yerlər, tarixi abidələr və ən nəhayət, mühüm tarixi hadisələrlə zəngindir. Əmircan, Mərdəkan, Fatmayı, Hökməli kimi kəndlər qədim dövrdən bu günə qədər tariximizi zənginləşdirir. Bakının Abşeron yarımadasındakı qədim kəndlərindən biri də Ramanadır. Bu kənd tarixi ədəbiyyatda məşhur Ramana qalası ilə tanınır. Lakin Ramanada tarixin bütün dövrlərini özündə əks etdirən bir çox tarixi abidələr, qədim məscidlər, qəbiristanlıq, hamam və pirlər də mövcuddur.

 

Neftlə zəngin torpaq

 

Ramana Abşeronun ənənəvi kəndlərindən olub. Qala kəndi ilə yanaşı regiondakı ən qədim yaşayış məskənlərindən biridir. «Bakının 32 kəndi» kitabında yazılır ki, kəndin əsası eramızın təqribən 84-cü və 96-cı illər arasında Roma imperiyasının XII İldırımsaçan Legionundan Maksimus Liviusun rəhbərliyi altında bir qrup əsgər tərəfindən qoyulub. İstər çar hakimiyyəti, istərsə də sovet hakimiyyəti illərində bu kəndin tarixi neftlə bilavasitə bağlı olub. Ramanaya aparan yolun hər iki tərəfində neft buruqları olan sahələr Azərbaycanda neft bumu dövrünün şahidləridir. Bu gün də kənd özündə xarici və yerli burjuaziyanın izlərini yaşadır. Məsələn, XIX əsrin ikinci yarısında Bakıya ilk kapital qoyan əcnəbilər Nobel qardaşları və fransız sahibkarı Rotşildin fəhlələr üçün tikdirdiyi evlər hələ də qalmaqdadır. Hazırda kənddə nobellərə məxsus evlərdən uşaq bağçası və yaşayış binası, Rotşildə aid olanlardan isə yaşayış evləri kimi istifadə olunmaqdadır. Amma maraqlı burasıdır ki, həmin tikililər bu gün də onların adı ilə tanınır. Məsələn, Nobelin evlərinə kənd əhalisi aparında «nobelski» deyilir. Məşhur Azərbaycan milyonçusu Şəmsi Əsədullayev də Ramananın neftlə zəngin torpağına kapital qoyan yerli burjuaziyanın ilk nümayəndələrindəndir. Məsələn, kənd camaatı arasında «Əsədullayevin evləri», «Əsədullayevin uşaqlarının evi» adlanan milyonçuya aid fəhlə yataqxanaları Ramana qalasının arxasında yerləşir. Kəndin girişindən bir qədər uzaqda Ramana «şəhərciyi» yerləşir. Əlbəttə, əgər buna şəhərcik demək mümkündürsə... Əslində bu şəhərciyin salınması sovet hakimiyyətinin həyata keçməyən arzularından biri olub. Şəhərcik salınmağına salınıb. Lakin kənd ağsaqqallarının göstərdiyi inadkarlıq əhalinin orada məskən salmasına mane olub. Kənd ağsaqqalı Faris İbrahimov bildirir ki, sovet hakimiyyətinin yeni qurulduğu illərdə kənddə neft çıxarmaq məqsədilə əhalini kəndin mərkəzindən kənarda salınmış həmin şəhərciyə köçürmək istəyiblər. Lakin kənd ağsaqqallarının kəskin etirazı sovet hökumətinin bu siyasətinin qarşısını alır və bir neçə ailəni çıxmaq şərtilə heç kəs şəhərciyə köçmür. Şəhərciyin qalıqları isə həmin dövrün yadigarı kimi qalmaqdadır. Neft tarixi ilə zəngin olan kənd peşəkar neftçilərin yetişməsində az rol oynamayb. Məşhur neftçi Baba Babazadə də əslən Ramanadandır. Digər kənd ağsaqqalı, neftçinin qohumu Hacı Əli deyir ki, Hindistanın prezidenti olmuş Cəvahirləl Nehru B.Babazadə ilə görüşüb və ona hədiyyə olaraq kiçik tapança hədiyyə edib: «O, dünyasını dəyişdikdən sonra həyat yoldaşı tapançanı muzeyə təhvil verdi. Bu yaxınlara qədər onun adına tanker fəaliyyət göstərirdi və həmin tanker neftçiləri neft daşlarına daşıyırdı. Tanker sıradan çıxdığından sonra bu yaxınlarda dənizdə batırdılar».

  

 Möhtəşəm Ramana qalası

  

Öz əzəməti ilə diqqəti cəlb edən möhtəşəm Ramana qalası kəndin ən yüksək yerində qərar tutub. Dörd tərəfdən üzərində bürclər olan və qala divarları ilə əhatəyə alınan bu müdafiə tikilisi XIV əsr abidəsidir. Ağ daşdan tikilən qalanın hündürlüyü 15 metrdir. Güman edilir ki, qala müdafiə məqsədilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub.

Məlumat üçün bildirək ki, Ramana qalasından «Koroğlu», «Nəsimi» və «Babək» filmlərinin çəkilişində istifadə olunub. Və elə qala sonuncu dəfə bu filmlərdən birinin, «Koroğlu»nun çəkilişi zamanı, 1956-cı ildə bərpa olunub. O zaman qala dağınıq vəziyyətdə olub. Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər.

Qala divarlarına qalxmaq üçün divarın sol tərəfində iki pilləkən var. Onlardan biri ilə, burma daş pilləkən vasitəsilə divarın içərisindən yuxarıya, təxminən yarım metr çölə tərəf tikilən dəhlizə qalxmaq mümkündür. Digər daş pilləkən isə qalanın həyətindən yuxarıya tərəf qalxır. Bu pilləkənlər vasitəsilə qala divarlarına qalxıb kəndi seyr etmək mümkündür.

Qalanın içərisindən yuxarı qalxmaq üçün tikilən pilləkən uçduğundan yarıda kəsilir. Vaxtilə qalada quyu da olub. Lakin illər keçdikcə, quyu baxımsızlıq üzündən zibillə dolub və nəticədə tamamilə tutulub. Sakinlər onu da bildirirlər ki, vaxtilə qalanı ziyarət etməyə çoxlu əcnəbi turistlər gəlirmiş. Hətta bu müdafiə tikilisi ilə maraqlanan yaponlar pilləkənlə yarıya qədər qalxıblar. Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs Şöbəsinin müdiri Rizvan Bayramovun sözlərinə görə, qalanın yaxın vaxtlarda təmir ediləcəyi gözlənilir.

Qala divarlarından bayırda, sağ tərədə qayaya bənzər iri daş parçası ilk baxışdan diqqəti cəlb etməsə də, belə demək mümkünsə, özü-özlüyündə mahiyyət etibarilə xoş bir hadisəni yaşadır: Dahi Bülbül Koroğlunun ariyasını məhz bu daşın yanında ifa edib. Elə kənd sakinləri də kəndi ziyarət edib, tarixi abidələrini seyr edən hər kəsə bu iri daş parçasını məhz bu cür təqdim edirlər.

  

Məscidlər və kəndin “Məşədi İbad hamamı”

 

Qeyd edək ki, Bakı kəndləri arasında Suraxanı, Balaxanı, Ramana tarixən qədim kəndlərdən hesab olunur. Ramana neft mədənləri arasında yerləşir və tarixən Azərbaycanda neft sənayesinin mərkəzlərindən olub. Ramananın ən qədim tikililərinə 1323-cü ilə aid məscid və XIV əsrdə inşa edilmiş dördkünc qala aiddir. Kənd ağsaqqallarının sözlərinə görə, vaxtilə arxeoloq Seyran Vəliyev kənddə buruqlar salınanda köhnə kənd qəbiristanlığında arxeoloji qazıntı işləri aparıb və oradan indiki insanlardan da böyük insan cəsədlər aşkar edib. Lakin maliyyə çətinliyi üzündən ətraflı qazıntı işləri davam etdirilməyib. Bundan başqa, qazıntı zamanı tapılan sandıq daşlarından 5-i hazırda Şirvanşahlar sarayında saxlanılır. Üzərində ərəb dilində yazılar olan sandıqça qəbirlər oxunub. Amma elə yazılar var ki, onların hansı dildə olması bəlli deyil. Sakinlər güman edirlər ki, bu, Azərbaycanda ərəb işğalından da əvvəl mövcud olan qədim dillərdən biridir. Sadəcə, bunu aşkar etmək üçün geniş araşdırmalar aparmaq lazımdır. Kənd ağsaqqalları bu gün də əminliklə bildirirlər ki, əgər arxeoloji qazıntı təşkil olunsa, Ramana qəsəbəsinin neçə minillik tarixə malik olması üzə çıxar. Hazırda köhnə qəbiristanlıq buruqların altındadır. Ramana kəndi məscidlərlə də zəngindir. Vaxtilə kənddə 7 məscid olsa da, hazırda onun 3-ü qalıb. Bu məscidlərdən ən qədimi elə Ramana qalasının yanında yerləşir. Birmərtəbəli kiçik məscidin üzərinə vurulmuş lövhədə «1636-1637-ci il» yazılsa da, kənd ağsaqqalları onun daha qədim dövrə, XIII-XIV əsrə aid olduğunu iddia edirlər. Qeyd edək ki, kənd əhalisi məsciddən bu gün də istifadə edir. İkinci böyük məscid vaxtilə kəndin zəngin sakinlərindən olan Qurban adlı nüfuzlu sahibkar tərəfindən 1903-cü ildə tikilib. Doğrudan da, məscidin sahəsi çox böyükdür. Kənd ağsaqqalı deyir ki, bu məscid memarlıq üslubuna görə Təzəpir məscidinə bərabərdir. Deyilənlərə görə, o zaman sahibkar məscidi Türkiyədə tikilmiş bir məscidin layihəsi əsasında tikdiribmiş. Bu gün təmirə və bərpaya ehtiyacı olan inşa edilmiş içərisindəki naxışlar, xüsusilə də tavanındakı naxışlar peşəkar nəqqaş əməyindən xəbər verir. Məscidin memarlıq üslubu da maraq doğurur. Tikililərdə gözəl nəqqaşlıq elementlərindən istifadə olunub. Məscidin iri tutumlu ibadət zalı var. Onun bir hissəsi kişilər, digər hissəsi isə qadınlar üçün nəzərdə tutulub. Məscidin çöl tərəfindən olan pilləkənlər axundun otağına qalxır. Məscidin girəcəyindən sağ tərəfdə mədrəsə də var. Kənddə diqqəti çəkən digər abidə qədim hamamdır. Ona elə sakinlər arasında “Məşədi İbad hamamı” deyirlər. Ona görə ki, hamam quruluş etibarilə İçərişəhərdəki Ağa Mikayıl hamamına bənzəyir. Xatırladaq ki, «O olmasın, bu olsun» filmində hamam kadrları məhz Ağa Mikayıl hamamında çəkildiyi üçün bu tikilinin adı Məşədi İbad hamamı adlanırdı. Sadəcə, fərq ondadır ki, İçərişəhərdəkindən fərqli olaraq Ramananın Məşədi İbad hamamı bu gün fəaliyyət göstərmir. Ümumiyyətlə, hamamın qapısı qıfıllanıb. Kənd ağsaqqalı bildirir ki, hamamın çarhovuzu və buxar otağı olub. Üzərində iki günbəzi və buxarısı qalmaqdadır. Hamamda su sistemi elə qurulub ki, isti su yuyunma zalının mərkəzində olan çarhovuzda və ya əhalinin dediyi kimi, «xəzinə»də olurdı. Daha doğrusu, hamamda böyük mis qazan olub, onun içindəki su tiyanla yandırılaraq qızdırılırmış. Hamama gələn insanlar da bu sudan istifadə edirdi. İstilik sistemi divarların içərisində quraşdırılmışdı. Kənd ağsaqqallarının sözlərinə görə, əvvəllər hamamın istixanası odunla qızdırılırmış. Bu istilik isə yeraltı kanallar və divarın içi ilə bütün hamamı qızdırıb tavana qədər qalxırmış. Sonra isə bu ocağın tüstüsü yuyunma otağı üzərində olan buxarı ilə çölə çıxırmış. Hamamın içində yeraltı kanallar olub, tavanda isə xüsusi bacalar quraşdırılıb. Beləliklə, istilik elə tənzimlənirmiş ki, həm döşəmə, həm də divarlar qızırmış. Beləliklə, quraşdırılmış bu sistem həm hamama sərinlik verir, həm də hamamın havası dəyişirmiş. Elə buğ da bu yolla çıxırmış. Ramanalıların inam yeri Mir Dadaş ağa piridir. Sakinlər bildirir ki, kənd qəbiristanlığında yerləşən bu pir çox ümidsizlərin köməyi, pənah yeridir.

  

 

Zümrüd.

 

Mədəniyyət.- 2009.- 8 aprel.- S. 14.