Hekayələr
Elnur (Şükürov Elnur Kəramət oğlu)
1983-cü ildə anadan olub, hekayələri “Azərbaycan”,
“Ulduz” jurnalında dərc edilib, 2003-cü il üzrə Gənclər
və İdman Nazirliyinin “İlin ən yaxşı gənc
nasiri” nominasiyasının qalibi, AYB-nin üzvüdür. Hazırda
Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsidir.
Axırıncı yol
Getdiyi yolların
hamısının sonu onun iş yeriydi. Bilirdi ki, dönən
kimi zibilxanaya çatacaq, ora çatınca yeşiklərlə
atılmış araq şüşələrini xəyalında
canlandıracaq. Düşüncələri, xəyalları
onu əməlli-başlı kefləndirdi. Özünə təskinlik
verərək düşünürdü: “bəyəm bu boyda
şəhərin insanları içki içib keflənmir?!”
Restoran
kababçısının bir həftə bundan qabaq
böyrünə ilişdirdiyi təpiyin yeri hələ də
ağrıyırdı. Zibil yeşikləri
aşıb-daşırdı, üfunətverici qoxunu isə
gül ətri kimi qəbul edirdi. O, üzərinə
çürüntü və çay
pıçılları tökülən pivə
şüşələrini görəndə yaman sevindi, pivə
şüşələri araq şüşələrindən
daha yaxşı pula gedirdi. Əlindəki çubuqla
şüşələrə bulaşan zir-zibili ayırıb
şüşələri bir-bir torbasına yığdı. Sanki
dünyada butulkalardan başqa heç nəyə ehtiyacı
yox idi. Əlindəki çubuq on ilə yaxın idi ki, onunla
yoldaşlıq edirdi, cadar-cadar olmuş ovuclarının
arasına dolan palçıqdan çubuğunun da rəngi
qaralmışdı. O, özü də bilmədən əlindəki
çubuğuna da qara həyat sürməyə məcbur eləmişdi.
Ətrafa səpələnən qəzetlərin birini yerdən
qaldırıb Səddam Hüseynin şəklinə baxdı.
Şəkildəki adam ona çox oxşayırdı, onun
kimi üz- gözünü tük basmışdı. Səddamla
yanaşı Corc Buşun şəkli verilmişdi, o,
üzü qırxılmış, səliqəli geyinmiş
dünyanı salamlayırdı. Belə təmiz qəzetləri
zibilxanadan həmişə tapmaq olmurdu, o, qəzetlərdən
bayıra gedəndə istifadə edəcəkdi.
Ətrafdakılar onun
yanından iyrənə-iyrənə keçirdilər. Bəziləri
nifrətnən, bəziləri isə qəmli-qəmli
baxır, bəlkə də, onu tanıyırdılar. Yox,
tanıya bilməzdilər. O artıq yaddaşlardan silinməliydi,
onu heç kim xatırlamamalıydı. Bu, xatırlama baş
verə bilməzdi. Ətrafından keçən insanlar hardan
biləydilər ki, nifrətnən baxıb iyrəndikləri
bu insan nə vaxtsa fizika müəllimi işləyib. Ağ
köynək geyinib qalstuk taxaraq işə tələsdiyni təsəvvür
belə edə bilməzdilər. Onun da bir zamanlar gözəl
bir ailəsi vardı. Müharibədən sonra ətrafda qəribə-qəribə,
müxtəlif tipli adamlar peyda oldular, ətrafda nə
vardısa, siçovul kimi gəmirib məhv edirdilər, onlar
üçün hec bir əxlaq, insaf anlayışı yox
idi. Hamının işinə qarışır, həyasızcasına
ətrafdakı insanların sakit həyatlarına soxulurdular.
Dumanlı yaddaşında onlara ad da qoymuşdu: “uzunsifətlər”.
Əvvəlcə rus arvadı
uşaqları da götürüb onu tərk etdi, axırıncı
sözləri bu oldu ki, kim özünə hörmət edirsə,
burada yaşamaz.
Bir gün məktəbdən
evə qayıdanda qapısının
qırıldığını gördü, içəri
girəndə bir sürü insan onun üstünə
qışqıra-qışqıra yeriyib onu evdən
çölə atdı, arvadlar elə
qışqırırdılar ki, elə bil ətlərini kəsirdilər.
Uzunsifətlər onun evini zəbt etdilər. Vaxt keçdikcə,
tanışların, dostlarının xasiyyəti dəyişdi,
başqa məxluqa çevrildilər, getikcə uzunsifətlərə
oxşamağa başladılar.
O, əlindəki torbanı
çiyninə atıb içindəki şüşələri
cingilədə-cingilədə “Butulka qəbulu” yazılan
vaqona yaxınlaşdı. Vaqon dil açıb dilləndi:”Necəsən,
müəllim? Sağ ol ki, mənə cazibə qanununu öyrətmisən.”
Bu səsi xatırlamağa cəhd elədikcə başı
ağrıyırdı. Xatirəsinin “iynəsinin” vaxtı
çatmışdı.
* * *
Qaranlığa doğru
Şəhərin dar
küçələrindən keçib qaranlığa
doğru irəlilədi. Əyninə bu yaxınlarda ucuzxana qəlyanaltıların
birində on yaşını qeyd elədiyi,
sağlığına badə qaldırdığı
köhnə plaş, dostunun bağışladığı rəngı
bılınməyən köynək (pencəyi
olmadığından plaşı köynəyin üstündən
geymişdi, plaş da plaşdan çox bürünəcəyə
oxşayırdı), başına isə dəri papaq
geymişdi. İşığı yarıb qaranlığa
girdi, üstünə-başına, üzünə-gözünə
hopan işıqdan qaranlığa da pay apardı, bir neçə
addım yeriyən işıq dirəyini andırdı.
Küçənin kənarına atılan boz bir daşın
üstündə əyləşən qoca qadın əl
açıb dilənirdi. Qadın başını
aşağı salmışdı, yəqin ki,
utanırdı. Utanmağı və bu qədimdən qədim
peşəyə təzə başlaması hava qaralandan sonra
“iş yerinə” gəlməsindən bilinirdi. Həmişə
belə olur, zaman öz işini görüb onu hər şeyə
öyrədəcəkdi və öyrəşdirəcəkdi
.
- Bala, görüm, səni
bütün arzularına çatasan, heç vaxt nə edim, nə
edəcəm demiyəsən.
“İndi bu qaranlıqda məşq
edir”, düşündü. Bir tərəfdən də
qadına yazığı gəldi, ürəyində dualara
güldü.
Dünyaya gələndən
“nə edim, nə edəcəm” sözləri içində
vurnuxurdu.
Qoca dilənçidən
küləyin dalğaları altında uzaqlaşdı.
Qaranlığın sonuna
çatıb dayandı.
Kafenin kənarında dayanan,
qışqırıqları da yorulan sürücülər
donuq gözlərini bir nöqtəyə zilləyib
müştəri gözləyirdilər.
Yolu keçən kimi
sürücülər onun üstünə hücum çəkdilər.
- Hara gedirsiz aparaq.
- Heç yerə getmirəm,-
bu sözləri bir söz kimi, həm də sürücülərdən
çox özü-özünə dedi.
Kafenin şüşəli
qapısını səssizcə açdı...
Çölə nisbətən
içəri sakit və cansıxıcı idi. Küncdəki
stolların birində oturdu. Xidmətçi
yaxınlaşdı
- Nə buyurursuz?
- Kofe
Xidmətçi gedəndən
sonra ətrafa göz gəzdirdi.
Piştaxtanın
arxasındakı qız özünü işgüzar göstərərək
boş butulkaları bir-birinə vura-vura, səsləndirə-səsləndirə
yığırdı.
Bu, şefin gözünə
girmək üçün ən yaxşı yoldu.O isə belə
işləri bacarmadığından ona qalan yalnız
qabarlı və kobud əlləri idi. Kafenin pəncərəsindən
süzülən yağış damlaları siqaret və pivə
reklamlarının arxasında yoxa çıxırdı.
Yuxarda başının
üstündə fırlanan sərinkeşə baxdı. Sərinkeş
atasının atlara qoşduğu araba təkələrini
xatırladırdı. Ona tərəf gələn xidmətçinin
ayaq səsləri onu fikirdən ayırdı:
- Bu da sizin kofeniz.
O, kofeni yağış kəsənə
qədər içdi. Küçəyə
çıxdı, küçə bomboş ömür yolu
kimi qarşısında uzanıb onu öz qoynuna almaq istəyirdi.
Dərindən ah çəkdi.
Bu ah yüz illərlə qalıb, içini
dağıda-dağıda özünə yol tapa bilmirdi
.Qışqırdı, nə
qışqırdığını bilmədi.
Küçədəki səkilərin
qıraqlarında yağışın yuyub gətirdiyi konfet
kağızları yoldan keçən maşınların
işıqlarında parıldayırdı.
Darvazanın ağzında
dayandı. Yerdən bir daş götürüb qapını
döyəcləməyə başladı, elə bil taleyinin
qapısını döyürdü, darvazada qapı zənginin
düyməsi olduğunu unutmuşdu.
Arvadı əlində bir
şey olmadığını görüb, onu kinayə ilə
süzdü.
Arvadı həmişə əliboş
gələndə dayanmadan deyinərdi .
- Neyləyim bu dəfə
belə oldu, Allah kərimdi, yaxşı olar.
Arvadının ən zəhləsi
gedən söz də elə bu “Allah kərimdir” sözü
idi.
Ona elə gəlirdi əri hər
dəfə bu kəlməni deyəndə pul qazanmaq istəmir.
Arvadının deyintiləri
altında mətbəxə keçdi. Stoldakı
boşalmış çay qutusunun içində olan yeganə
paketi götürdü, çaynikdəki
pıçılları zibil qabına boşaltdı.
Buxarlanan lilli suyu stəkana atdığı paketin üzərinə
süzdü.
- Su niyə belədir?
- Deyirlər, Kür
daşıb.
Onsuz da arvadının
deyintilərinə öyrəşmişdi, arvadı deyinməyəndə
darıxırdı.
Arvadının sözləri
çəkic kimi başına dəyıb
qayıdırdı. O, bu sözləri
aydınlaşdırmağa çalışmırdı,
iyirmi ildi ki, eyni sözləri eşidirdi.
Saatın kəfkiri dayanan
kimi arvadının səsi kəsildi. Arvadı onun
çayını içirdi. O, gedib saatın qabağında
dayandı. Qoz ağacından düzəldilmış çərçivə
naxışlarla haşiyələnmişdi. Saatı qurub kəfkiri
bir təkanla yenidən yellənməyə məcbur etdi. Kəfkirin
işə düşməyiynən arvadı yenidən deyinməyə
başladı. Axırda arvadı dözməyib
qışqırdı:
- Niyə məni dinləmirsən?
Ölmək istəyirəm.
- Əzizim, ölmə, indi
ölmək də çətindi. Gəl, başqa
mövzulardan danışaq. Yoldaşlarnan
danışmışam, səhər getməliyəm, Allah
qoysa, üç-dörd günə gələcəm, hələlik
yemək var, bəs eləyər, narahat olma, qayıdacam.
“Qayıdacam” sözünü elə dedi ki,”qayıtmaya bilərəm”
kimi alındı.
Səhərin
alaqaranlığında yatağından qalxdı.
- Gedirsən?
-Qayıdacağam, - gecəki
ahənglə cavab verdi.
Arvadının
baxışları altında açılacaq sabahın
qaranlığına qarışdı.
Mədəniyyət.- 2009.- 8 aprel.- S. 13