Unudulmaz görüş
Baharın son ayında,
1955-ci ilin mayında, çölün-çəmənin yaşıllaşan-gözəlləşən
təbiətin min bir rəngə boyanan bir vaxtında, xalq şairi Səməd Vurğunla görüşdüm. XX əsr
Azərbaycan poeziyasının
müstəsna yeri olan, Səməd Vurğunla elə xatirələr, elə görüşlər var ki, onu unutmaq
olmur.
...May ayının
əvvəlləri idi.
Korgöz qəsəbəsindəki
197 saylı orta məktəbin ədəbiyyat
müəllimi Mirağa
müəllim bir neçə yaxşı oxuyan şagirdlə birgə məni də otağına çağırıb bildirdi
ki, xalq şairi Səməd Vurğunla görüş
keçiriləcəkdir. Şagirdlərdən
bir neçəsi şairin şeirlərindən
əzbərləyib çıxış
etməli idilər. Keçiriləcək görüşdə
mən «Azərbaycan» şeirini söyləməli
idim. Doğrusunu deyim ki, səbirsizliklə
gözlədiyim həmin
sevincimin həddi-hüdudu
yox idi.
Bu əziz,
unudulmaz gün gəlib çatdı. Çox böyük hazırlıq işləri
görülmüşdü. 9 May - Qələbə bayramından
bir neçə gün sonra məktəbinə bütün
müəllim-şagird kollektivi
nizamla sıraya düzülüb, Qaradağ
rayonunun Azanes qəsəbəsindəki Mədəniyyət
evinə getdik. Görüşə gələnlər
yerbəyer olandan sonra vəzifəli şəxslər səhnədə
əyləşdilər.
Birdən mötəbər
qonaqlar və müəllimlər əl
çala-çala səhnədən
aşağı düşməyə
başlayarkən sevinclə
qışqırdılar:
- Şair
Səməd Vurğun
gəldi...
Görüşə gələnlərin
alqış sədaları
salonu bürüdü.
Biz, bir neçə şagird ayaq üstə dayanıb, şairin qapıdan girəcəyini həsrətlə
gözləyirdik. Bu an çox
çəkmədi ki,
bir dəstə adamla şair zala daxil oldu...
Hamı ayaq üstə qalxıb, şairi alqışladı.
Sürəkli alqışlardan
sonra şairin oturmağı ilə hamı yerbəyer oldu. Zalda iynə
atsaydın, yerə düşməzdi. Elə
bir sakitlik var idi ki,
insanların nəfəs
alması belə hiss olunurdu...
Görüş gecəsini
məktəbin direktoru
Səfər müəllim
açdı. Şairin
həyat və yaradıcılığı haqqında
məktəbin Azərbaycan
dili və ədəbiyyatı müəllimi
Mirağa Mirsalayev çıxış etdi.
(Yaxşı yadımdadır
ki, Mirağa müəllim bütün
müəllimlərdən fərqli
olaraq aşıqlar kimi geyinirdi).
Şairin görüş
gecəsində mənə
də çıxış
eləmək xoşbəxtliyi
nəsib oldu. O vaxt mən beşinci
sinifdə oxuyurdum. Şeir demək bacarığımı müəllimlər
bəyənmişdilər. Bu mötəbər görüş
gecəsində şairin
qarşısında həyəcansız
çıxış eləmək
mümkün deyil. Mən səhnəyə qalxıb, «Azərbaycan» şeirini ucadan söylədim. Şeiri deyib qurtaran kimi əlimdəki gül dəstəsini Səməd Vurğuna uzadanda, böyük şair ayağa qalxıb məni bağrına basaraq dedi:
- Mənim
balaca qağam, sən gələcəyin
yaxşı ədəbiyyatçısı
olacaqsan...
Bu unudulmaz
görüş, el ağsaqqallarının
xeyir-duası, mənim
xatirimdə heç bir vaxt silinməyəcəkdir.
İllər keçdi...
Səməd Vurğunun
Bakıdakı ev-muzeyini
dönə-dönə ziyarət
elədim, rəhmətlik
Xavər xanımla, Yusif Səmədoğlu ilə görüşüb,
həmsöhbət oldum...
Böyük şairin
yaradıcılığına olan məhəbbətim məni Qazağa apardı. Mən Qazaxda olanda yolumu birinci xalq şairi Səməd Vurğunun ev-muzeyindən saldım.
Alxas Alxasov
Mədəniyyət.-
2009.- 8 aprel.- S. 11.