Sənətin gətirdiyi ucalıq
Məhəmməd Bürcəliyev
– 95
Azərbaycan teatr və kino sənətinin
inkişafı həyatlarını bu sənətə həsr
etmiş insanların fədakarlığı ilə daha
çox bağlıdır. Belə sənətkarlardan biri də
Azərbaycan teatr və kino sənətində müstəsna xidmətləri
olmuş xalq artisti Məhəmməd Bürcəliyevdir.
Məhəmməd
Bürcəliyevin teatr sənətinə gəlişi təsadüfi
olmamışdır. Onun müqtədir sənətkar kimi
yetişməsində Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən Mikayıl
Müşfiq, Süleyman Rüstəm, Sabit Rəhmanın
böyük təsiri vardır.
Məhəmməd
Bürcəliyev 1914-cü il aprel ayının 25-də Şəki
şəhərində fəhlə ailəsində anadan olub. Şəkidəki beşillik
məktəbi bitirdikdən
sonra Bakıda Karl Lipknixt adına
fabrik-zavod məktəbinə
daxil olur. Bu məktəb neft mədənləri üçün fəhlələr
hazırlayırdı. Həmin
məktəbdə Mikayıl
Müşfiqdən ədəbiyyat
dərsi alan Məhəmməd Bürcəliyev
yazdığı şerilərdən
bir neçəsini müəlliminə oxuyur.
Onun şeirlərini diqqətlə
dinləyən Mikayıl
Müşfiq ertəsi
günü həvəskar
şairi “Gənc işçi” qəzetinin redaksiyasına aparıb onu Süleyman Rüstəmlə tanış
edərək, ədəbiyyat
dərnəyinə yazdırır.
Ədəbi janrın
sirlərini öyrənən
gəncin yaradıcılıq eşqi elə buradan qaynaqlanır.
Məhəmməd
Bürcəliyev 1932-ci ildə Karl Lipknixt adına fabrik-zavod məktəbini
bitirdikdən sonra Fəhlə Pedaqoji Texnikumunda oxuyur və
burada da Sabit Rəhmanla yaxından tanış olur. Məktəbi
bitirməkləri münasibəti ilə hazırlanan konsert
proqramında Məhəmməd Bürcəliyev də
tamaşalardan parçalar ifa edir, göstərilən
kiçik səhnəciklərdə müəyyən obrazlar
yaradır.
1967-1968-cı illərdə
Məhəmməd Bürcəliyev bu sənətin dərinliklərinə
varmaq üçün Krupskaya adına Moskva Dövlət
İncəsənət Universitetinin Aktyorluq və rejissorluq
fakültəsinə qəbul olur. 1950-1955-ci illərdə Gəncə
Dövlət Dram Teatrının bədii rəhbər və direktoru olmuşdur. 1948-ci ildə M. Bürcəliyev
“Yadigar” adlı dram əsərini də qələmə alıb. Həmin ildə də “Yadigar” pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Bu teatrının səhnəsində M.Bürcəliyev
11 pyesə quruluş vermişdir. Məhəmməd
Bürcəliyev 1955-ci ildə
respublikanın əməkdar
artisti, 1958-ci ildə isə xalq artisti
fəxri adlarına layiq görülmüşdür.
Məhəmməd
Bürcəliyevin Gəncə Dövlət Dram Teatrına rəhbərlik
etdiyi müddətdə teatrın repertuarında komik
tamaşalar daha çox üstünlük təşkil edirdi.
Bununla belə mən özüm onun ifasında izlədiyim tamaşaların
heç birində ifrat mizanlara və yersiz, şablon təqdimata rast gəlmədim. Onu improvizator aktyor adlandıra bilərik. Ona görə ki, Bürcəliyevin obrazlar qalereyasında mənfi-müsbət obrazlar paralellik təşkil edir. O, heç bir vaxt rollarına
adi tipaj və yaxud personaj
kimi yanaşmayıb.
Cəlil Məmmədquluzadənin
“Ölülər” pyesi əsasında
ekranlaşdırılmış “O dünyadan salam” (rejissor və
ssenari müəllifi: T. Tağızadə) filmindəki
Hacı Baxşəli obrazını götürək. Aktyor öz monoloqlarında bu obraz vasitəsilə
mövhumatçılığın çirkin nüanslarını
elə məharətlə
xarakterizə edir ki, biz tamaşaçılar
həmin dövrün
çox asanlıqla müasirinə çevrilir,
avamlığın törədə
biləcəyi təhlükəli
məqamları dərindən
dərk edirik. Obraz öz-özlüyündə
sanki, “baxın, mənə yaxşı baxın, bizə heç cürə oxşamayın!” - deyərək
hayqırırdı.
O, heç vaxt istər
teatr, istərsə də kino yaradıcılığında
rol seçimi etməzdi. İstədiyi
yalnız canlandıracağı
prototipləri yaddaqalan
personaj səviyyəsində
təqdim etmək idi. Buna nail
olduğundan o, yaddaşlarda yaşayır.
Elə “Dəli kür” filmindəki Allahyar obrazı kimi. Hamımızın nəzərində Allahyar
filmin qəhrəmanına
zidd gedən bir tipajdır. Əslində isə o, arvadı zorla qaçırılmış
bir azərbaycanlı kişisidir. Obrazın özlüyündəki, haqlılığını
personaj sözsüz kadrlarda belə, at çapıb, tüfəng oynatmaqla da çox gözəl
əks etdirir. Sovet dövründə müəyyən qadağalar
əsasında çəkilmiş
filmdə gedən təkrar montaj proseslərinin cəmində
Allahyar obrazı ilk baxışda tamaşaçıda quldurbaşı
təəssüratı yaratsa
da, nəticədə
namus davası aparan bir personajdır.
Yazıçı
Anarın ssenarisi əsasında ekranlaşdırılan “Qəm
pəncərəsi” filmində Məhəmməd Bürcəliyevə
həvalə olunan Rəşid bəy obrazı isə aktyorun
xarici görünüşü, xarakterik siması, qürurlu
davranışı mənasında əsl tapıntı idi. Aktyor
bu rolun personaja xas olan xarakterik keyfiyyətlərini qabarıq
şəkildə, çox böyük istedadla ifa etməklə
əsl Azərbaycan ziyalısının heykəlini yaradıb
desəm yanılmaram.
Məhəmməd
Bürcəliyev kino fəaliyyəti ilə bərabər,
ömrünün sonuna qədər sadiq qaldığı
teatr sənətində də çöyük bir obrazlar
qalereyası yaratdı. Aktyorun ifasında dramatizm daha
güclü alınsa da o daim komik janra üstünlük verərdi.
Ən
başlıcası isə həyatda baş verən hər
hansı kiçik, adi bir hadisəni aliləşdirir, vaqe
olduğu mühitində həyatı gözəlləşdirməyə
çalışardı. Belə sənətkarların sayəsində
səhnə və kino sənətinin dərin sirləri orijinal vasitələrlə,
fərdi yaradıcılıq
yolları ilə cəmiyyətin mənəvi
dünyasında mühüm
rol oynayır. Teatr və kinoya bağlılıq da elə burdan başlayır. Ədəbi
materialları canlandıran
hər bir obrazın özünü
təsdiqləməsi insanların
keçmişə qayıdışı,
bu gününü düşünməsi, gələcəyini
şüurlu şəkildə
qurması deməkdir.
Bu mənada biz onların yaradıcılığına biganə
qala bilmirik. Bu gün də
belə ifaları izlədikcə aktyorluq sənətinin ölməzliyini
sübut edən meyarlar onların ifasında özünü
təsdiqləyir.
Şəhla Bürcəliyeva,
Kinoşünas
Mədəniyyət.- 2009.- 8 aprel.- S. 10.