Əbədiyyətin səsi
Alim Qasımov: “Məni o ruhi məqama meydan gətirdi”
Mən Alimlə o vaxt görüşdüm ki, o,
artıq muğamla bir yerdə idi, neçə il idi ki, onunla
qol-boyun yol gedirdi. Uşaqlıqda mən təknəmizdə
çörəyin olmağına, yazda ağacın
çiçəkləməsi qədər adi hal kimi
baxırdım. Eləcə də, muğama. Nə süfrəmizi
süfrə edən çörəyin necə əvəzsiz
nemət, nə də muğamın ağlımızın,
ruhumuzun qərarlaşmadığı bu dünyada necə
ilahi bir işarə olduğunu dərk edirdim.
Sonralar mən böyüdüm.
Gördüm ki, keçmiş ötüb gedən
buludların kölgəsi kimidir. Alimin səsi də
muğamın yer üzündən ötüb keçən
kölgəsini xatırlatdı mənə. Bu kölgə
Misirin ehramları, Hindistanın qədim kitabları, Mənsur
Xəllacın «Ənəlhəqq» nidası və Nəsiminin
sığmadığı iki cahanın üzərindən
keçib getdi. Mən o vaxt, uşaq olanda fərqinə
varmadığım çörək təknəsini, hər
yaz çiçəkləyən ağacın həqiqətini
anlamağa başladım. Uzaq-uzaq səhraların,
dərin-dərin dəryaların, sökülən dan yerinin,
qüzaran üfüqlərin, nəhəng sivilizasiyaların
bu günümüzə gəlib çatan xarabalıqlarında
oxuya bilmədiyimiz daş yazıların, naxışların
nəfəsini duydum bu səsdə. Hər dəfə Alimə
qulaq asanda, fikirləşirəm ki, eşitmək Adəm
övladına verilən universal qanunlardan biri deyil, insanın
öz daxili səsini dinləməkdir, kainatın bu «daxili səs»lə
vəhdətidir. Budurmu muğam? Belədirmi insanın mahiyyəti?
Elə bu suallar ilə Novruz bayramı ovqatı ilə
yaşadığımız bir mart günü, nəhayət
ki, ustad sənətkarımız Alim Qasımovla
görüşə bildim.
- Muğamın bir zahiri məqamı
var, bir də ruhi. Bu ikinci məqama necə gəlib
çıxmısınız? O prosesi sözlə ifadə edə
bilərsinizmi?
- Bu, mənim həyat tərzimdən
irəli gəlir. Yaradıcılığımın ilk
illərində toylarda bəzən altı-yeddi saat oxuyurdum.
Bir də görürdün ki, məclisə təzə gələn
adam iki dəqiqə əvvəl oxuyub qurtardığın
muğamı sifariş elədi. Məcbur idin ki, oxuyasan. Belə-belə,
muğam dəstgahı mənim üçün az qala adi
mahnıya çevrilmişdi. Eyni şeyi təkrar-təkrar nə
qədər oxumaq olar? Adamın özü də, beyni də
yorulur. Başladım özüm istəyən kimi oxumağa,
daha doğrusu, bu təkrarın içində rahatlıq
axtarmağa. Toydu da, biri xətrimə dəyirdi, biri mənə
eyhamla sataşırdı, çünki pulu çox idi. Mən
də Allahımı çağırıb, gözlərimi
yumub içimdə ağlaya-ağlaya oxuyurdum. Yaxşı ki,
arada bu oxuduqlarımdan bəzilərini lentə alırdım.
Gözləyirdim ki, toy qurtarsın, yolda oxuduğuma qulaq
asım. Evimiz uzaq idi - Güzdəyə gedib-gəlirdim,
saatyarımlıq yol idi. Yolda kaseti qoyurdum maqnitofona. Görəndə
yaxşı oxumuşam, çatan kimi evdəkiləri də
yuxudan qaldırardım ki, təzə oxuduqlarıma qulaq
assınlar. Həm də ki, gecə də olsa, mənə
çaydan, sudan verməlidirlər axı, çünki toydan
gəlmişəm. «Ay burası yaxşıdır», «orası
yaxşıdır», beləcə, neçə illər hər
gecə toydan qayıdandan sonra evdə bu müzakirələr
davam etdi. Hiss olundu ki, mənəviyyat maddi həyatdan bir balaca
uzaqlaşırsa, öz yerini tapırsa, onda
yaradıcılıq, istər-istəməz istiyə, alova
dönüb, qəlblərə girə bilir. Həm də onda
oxuduğun fərdiləşir, özününkü olur;
daha qulağa, görkəmə yox, mənəviyyata qulluq eləyir.
Onda görürsən ki, sənə münasibət də dəyişdi.
Yəni məni o ruhi məqama meydan gətirdi, həyat
özü gətirdi.
- İfa
etdiyiniz muğamlarda dini musiqiyə uyğun qəzəllərə
üstünlük verirsiniz. Həm də ki, oxuyanda həqiqətə
can atan bir sufi timsalında görünürsünüz. Belə
məqamlarda bəzən əlləriniz səs və sözlə
deyə bilmədiklərinizin tərcümanına
çevrilir. Bu məqamlara da toxunmağınızı istəyərdik.
- Azərbaycanda əl hərəkətləri
ilə oxumaq bir az nöqsan görünsə
də, bu festivalda (17-26 mart 2009-cu ildə Bakıda keçirilən
I Beynəlxalq Muğam Festivalı - Q.Ş) gördük ki,
oxuyanların heç biri qalstuk geyinib, düpbədüz
oturmayıb, hamısı hərəkətdə idi. Yerdə
oturan da var idi. Artıq bu iş, Allaha şükür ki, daha
məndən keçdi. Haqq yerini tapar, deyiblər. Tapdı da,
inşallah, həmişə tapacaq da. Bəzən səsimlə
gedə bilmədiyim notları, məqamları əl hərəkətləri
ilə çatdırmağa çalışıram.
Görürəm ki, əl hərəkətləri ilə səs
sözümə qulaq asdı, yadımdan çıxan
sözləri yadıma saldı, yaxud sözün deyiliş
qaydasını ölçüyə saldı. Mən bunu
bilmirəm ki! Kortəbii eləyirəm bunları.
- Siz oxuyanda mən həmişə
düşünmüşəm ki, Alim Qasımov həddindən
çox mütaliə edir. Həqiqətənmi
sözlərini çox oxuduğunuz Nəsimini, Füzulini,
Seyid Əzim Şirvanini dərindən mütaliə edirsiniz,
yoxsa eləcə ruhunuz, qanınız sizi fəhmlə onlara tərəf
çəkir?
- Kaş siz deyən kimi,
mütaliə aludəçisi olaydım. Mən bir qəzəl
öyrənmək üçün o dünyanı
görüb gəlirəm. Bir sətir yazıb
başımın altına, bir sətir maşına, birini də
cibimə qoyuram, dənə-dənə söz öyrənirəm.
Adam var yanında qəzəli oxuyursan, o saat da əzbərləyir.
Şükür Allaha ki, bu, məndə yoxdur. Deyək ki,
beş musiqiçi başlasın bir mahnını öyrənməyə.
Onlar bir günə öyrənər, mən bir həftəyə.
Düzdür, onu öyrənincə çox əziyyət
çəkərəm, ancaq yaxşı öyrənərəm.
Ancaq sonra görərəm ki, o əziyyətim hədər
getməyib, o musiqi daxili aləmimə hopub. Oxuyanda məlum
olar ki, onlar öyrəndiyi kimi, mən isə onu başqa
cür ifa eləyirəm. Qəzəli tez əzbərləmək
talantı məndə yoxdur. Bir muğamı, yaxud xalq
mahnısını dəfələrlə məşq eləyirəm,
öyrənirəm, ancaq səhnəyə çıxanda
ilham gəlirsə, eşq gəlirsə, tamam başqa cür
alınır. O da Allahın bir sirridir ki, siz deyəni alıb,
başqa şeylər verib mənə.
«Başqa şeylər»
sözünü də Alim elə başqa cür dedi. Görünür,
Tanrının insan surətinin mahiyyətinə
yazdığı «başqa sözlər»i əzbərləmək
qeyri-mümkündür. Bəlkə də onu yüz dəfə
eşidərsən, bir dəfə qavrayarsan. Deyirlər, qədimdə
bir müdrik qoca və tələbələri harasa gedəndə,
yol qırağında budaqlarını meyvə əyən
bir ağac görürlər. Tələbələr ağaca
tərəf yüyürəndə qoca onları saxlayır:
- Getməyin, o meyvələr
acıdır.
Tələbələr
meyvənin tamına baxanda görürlər ki, doğrudan da
acıdır. Heyrətlə ustadlarının bunu hardan
bildiyini soruşurlar. Müdrik qoca cavab verir:
- Bu ağac yol qırağında bitib. Əgər onun meyvəsi şirin olsaydı, çoxdan dərib aparmışdılar.
Ağacı tanımaq, meyvəni
tanımaq... Ən çətini isə
sözü tanımaq. Bu, sadəcə
olaraq təcrübə deyil. Bu, mahiyyətə
varmağı sevən adamın gizli bilgisidir. Çünki söz əzbərləmək məsələnin
zahiri tərəfidir. Sözü
tanımaq, mahiyyətinə varmaq isə başqadır.
Yəqin ki, Alim də «başqa şeylər» deyəndə elə
bunu nəzərdə tuturdu: - mətni əzbərləmək
yox, onun əzabını çəkmək və sonra da o əzabın
ləzzətini yaşamaq.
- Azərbaycan
muğamını indiyə kimi Alim Qasımov qədər
dünyada tanıdan ikinci xanəndə olmayıb. Şərq təfəkkürünə əsaslanan
muğamı Qərb insanı necə qəbul edir?
- Forma cəhətdən deyək
ki, bizim «Çahargah»ı təqdim edə bilərsən. Ancaq ona gözəllik, rəng, ilham, eşq qatmasan,
o nə bizim Azərbaycanda, nə də xaricdə yeriyə bilər.
Baxır o xanəndə necə ona eşq verib,
necə öz ilhamından ora qatıb, öz istedadını
nə qədər ora sərf edib. Bu rəssamlıqda
da var, şairlikdə də, yəni əsl
yaradıcılıq bunu tələb edir. Ona
görə də «mənəvi qulaq»ın səsi dünyada
eynidir. Gözəl səs, gözəl
ifa, gözəl alət hamının xoşuna gəlir.
Kədərlənəndə görürsən
ki, amerikan da, fransız da, azərbaycanlı da eyni cür kədərlənir.
Yaxud, Çarli Çaplinin filmlərini
götürün. Çaplinin vətəni
haradır? Dünya. Əsl
sənət üçün sərhəd yoxdur. Onun oynadığı filmlərə baxanda bizim
uşaqlar da gülür, ingilisin, zəncinin uşağı
da.
Hər bir böyük sənətkar
bu mənada elə Çarli Çaplinin bir tayıdır. Bu yaxınlarda
ABŞ-dan səfərdən qayıtmışıq. Proqramımızda
«Leyli və Məcnun»dan bir çox parçalar vardı.
ABŞ-ın müxtəlif ştatlarında
çıxış eləyirdik. 3000-3500
nəfərlik konsert zalları ağzına kimi dolu olurdu.
Yanmasan, işıq verməsən, heç kim
ora ayaq basmaz.
ABŞ-da neçə-neçə
tamaşaçı məni bağrına basıb, neçələri
heyranlıqlarını bildirib. Yaponiyada bizi zal ayaq üstə
alqışlayıb. Deyək ki, Avropa və ABŞ-da bunu
çox görmüşəm. Ancaq hamı
bilir ki, yaponlar ifaçıları nadir hallarda ayaqüstə
alqışlayırlar.
Hansı xarici təşkilat
və cəmiyyətlə əməkdaşlıq etmişiksə,
bizi konsertə dəvət ediblərsə, onlarla əlaqələrimiz
bu gün də davam edir. Elə bir təşkilat yoxdur ki, biz
onunla cəmi bir dəfə işləyək. Necə deyərlər,
hara arpa-buğda səpmişiksə, Allah rizası
üçün, hamısı göyərib. ABŞ-da konsertin sonunda bir amerikan mənə
yaxınlaşdı ki, özümlə müsəlman aləminə,
çadraya münasibəti yaxşı olmayan oğlumu da gətirmişəm;
qoy görsün ki, baş örtüklü müsəlman
qızı (A.Qasımov qızı Fərqanənin
çıxışını nəzərdə tutur) necə
oxuyur.
- Alim müəllim, bu
cür sadə və sərbəst geyimi xaricilərdən
götürmüsünüz, yoxsa onun da yolu muğam
ifaçılığınız kimi təkamüldən
keçib?
- İlk vaxtlar
xaricə gedəndə çuxa, papaq yaxud başqa bu cür
paltarları geyindirərdilər bizə. Çıxırdıq
səhnəyə, heykəl kimi nə əlimizi tərpədə
bilirdik, nə bir hərəkət eləyə bilirdik. Bir dəfə Fransaya getmişdik. Fransız menecerimiz vardı, bizə
ağırlıq gətirən paltara baxıb soruşdu ki,
siz bunları gündəlik geyinirsiniz? Cavab
verdik ki, yox. Dedi ki, elə bil qanadlarınızı kəsiblər;
siz bu paltarda, sanki darıxırsınız, ona görə də
həmişə nə geyinirsinizsə, səhnədə də
onu geyinin. Düzü, bu, hamımızın
ürəyindən oldu. Dünyaşöhrətli
pakistanlı muğam ustası var - Nüsrət Fətəlixan.
Bir dəfə İslamabadda onun konsertinə
baxdım. Gördüm ki, uzun bir ağ
köynək geyib. Səhnədə çox sərbəst
oturub, həm də rahat oxuyur. Bir növ, səhnədə
kef eləyir. Əl hərəkətləri
də öz yerində. Ordan qayıdan kimi,
birdəfəlik qərara gəldim ki, hansı paltarda
özümü rahat hiss edirəm, onu da geyinəcəyəm.
Söhbət ondan
getmir ki, mən də pakistanlıya baxıb əlimi
qaldırım, yaxud hansısa hərəkət eləyim.
Yox, canla, sözlə, qəlblə o tam yaranmasa,
çox biədəb, süni çıxar. Məsələn,
durub fikirləşim ki, çoxdandır oxuyanda əlimi dəbərtmirəm,
qoy arada əlimi qaldırım. Vallah, bu alınmaz. Gərək
o, ürəkdən gələ. Qaldı yerdə oturmaq məsələsi.
Belçikaya getmişdik. Gördük ki, yerdə döşəklər
qoyulub, mikrofonlar quraşdırılıb. Soruşdum ki, bu nə
məsələdir? Biz belə oxuya bilmərik, stullar gətirin.
Oranın işçiləri getdilər stul gətirməyə.
Mən uşaqlara dedim ki, onlar gələnə kimi bir məşq
eləyək. Oturduq, oxuduq, ayə, gördüm əladır.
Uşaqlardan bir-bir soruşdum ki, sizinçün belə
rahatdır? Hamı dedi ki, bəli. Dedim, mənimçün
lap yaxşıdır. İki dəfim vardı, bir-iki dəftərim,
qoydum yanıma, gördüm can rahatlığıdır. Bu əsnada stulları gətirdilər, dedim ki, daha
lazım olmadı. Bizim yerdə oturmağımız o gündən
başladı. Həm də Allahın qisməti, bir nizamı
da var axı. Mən həyatımda indiyə qədər
heç nəyi planlaşdırmamışam, qabaqcadan
düşünməmişəm.
Planlaşdırdığım iş heç əmələ
də gəlməyib. Plansız işlərimin hamısı
alınıb.
Düz təxminən
beş il bundan əvvəl Alimin «Çahargah»ını dinləyəndə
ruhum yerindən oynadı. Sanki min il əvvəlki və
min il sonrakı dünyanın havası bir-birinə
qarışdı. Anladım ki, insan heç vaxt
Tanrının dərgahına yüksəlməyəcək.
Yalnız faniliyin qovğasından yaxa qurtarıb o uca məqama
can atacaq. Mövlanə Cəlaləddin Rumi demişkən, ney
öz kökündən ayrıldığı
üçün ağlayır. Amma dinləyənlər isə
ondan zövq alır. Sonra düşündüm ki, Alimin
yanğısı da elə neyin dirilik suyuna çataraq, əbədi
vəhdətə qovuşmaq istəyidir. Qoy məni Mövlanənin
ruhu, Alimin oxuduğu «Çahargah» bağışlasın, o
vaxt bu nəhəng sənətkarı dinləyəndə
bir-iki misra yazdım, varağın ağappaq ənginliyinə.
Qismət olar, verərəm Alim müəllim oxuyar. Biz
görüşəndə də bu haqda ona heç nə demədim.
Bu görüşdə poeziyadan danışmaq məqamı
olsa da, ancaq yer yox idi. Lakin bizim kəndin ağsaqqallarından
olan rəhmətlik Arzuman kişi demişkən,
dünyanın quyruğu çox uzundur, yəqin gec-tez belə
bir məqam tapılacaq. Sağlıq olsun... Nə isə
keçək mətləbə.
- Rəhmətlik
Hacıbaba Hüseynov demişdi ki, mən muğamı Alim
Qasımova tapşırıb gedirəm. Hansı
xüsusiyyətlərinizə görə o, bu sözləri
söyləmişdi?
- Birinci, mən zəhmətkeş
idim, ikinci, onun dostu idim. Üçüncüsü,
onun sənətinin incəliklərini yaşadırdım.
Onunla çox toylarda oxumuşam. Görüb ki, nə oxuyuram, necə oxuyuram. Mən
daha rəhmətliyə rüşvət verib deməmişəm
ki, mənim haqqımda belə desin.
- Elə bilirəm ki, gənclərimizin
muğama meyli, daha çox, siz oxumağa başlayandan sonra
yarandı. Bu sənətə vurğunların sayı
artdı. İfanızdakı hansı cəhətlər, sizcə,
onları cəlb etdi?
- Gənclər
sərbəstliyi sevən olurlar. Mən də öz ifalarımda
çox sərbəst oluram. Görünür, o sərbəstlikdir
onları cəlb eləyən. Axı müəyyən təbəqə
adamları düşünüb oxumaq olmaz. Mən oxuyanda
özümü həlak etməsəm,
azadlığımı axtarmasam, cavan onu dərk etməyəcək,
onu yuxu basacaq.
- Alim müəllim, bu
yaxınlarda (26 mart) Bakıya - I Beynəlxalq Muğam
Festivalına gələn məşhur Şərq musiqisi tədqiqatçısı,
fransız professor Jan Dürinqdən müsahibə aldım. Ona
sual verdim ki, Azərbaycan xanəndələrindən ən
çox kimi xoşlayırsınız? İndi onun
cavabını olduğu kimi sizə çatdırıram:
«Alim Qasımovu. Çünki o, muğamın ilkinliyini daha
çox bərpa etməyə çalışır və
müəyyən qədər də buna nail olub. Ancaq müəyyən
qədər». Bu istiqamətdə tədqiqatlar aparıb, sonra
ona uyğun oxuyursunuz, yoxsa bu elə fəhmlə, bədahətən
alınır sizdə?
- Çox adam
deyir ki, muğamatı dəyişdirirlər. Bunu qoydum
qırağa. Mən qədim alətlərə, qədim
musiqiyə çox qulaq asan bir adamam. Bugünkü və
keçmiş oxumalar arasında görürəm ki,
böyük fərq var. Mən o qədim musiqini öyrənirəm
və oxuduqlarım da daha çox onlara oxşayır.
Festivalda Fərqanə ilə «Çahargah» oxuyurduq.
Filarmoniyadakı son çıxışı deyirəm, yəqin
baxmısınız. Orda «Mənsuriyyə»də bir yer var. Mən Fərqanədən xahiş elədim ki, orda
bir-iki yerdə - hansı ki, onu Cabbar Qaryağdıoğlu,
Keçəçioğlu Məhəmməd eləyib zəngulələrdə
- o boğazları vursun. İndi mən yaşlıyam da,
onları öyrənə bilməmişəm. Fərqanə
də o zəngulələri vurdu və çox gözəl də
alındı. O qədim nəfəsi çatdıra bildi.
- Bəs filarmoniyadakı həmin
çıxışınızda o «Mənsuriyyə»nin sonluğu nə idi? Axı biz indiyə
kimi «Mənsuriyyə»nin o cür başa çatmasını
görməmişdik. O ifa, o sonluq zalı heyrətləndirdi.
Alqışlar kəsilmək bilmirdi.
- Onu
soruşmayın. Uşaqlarla axtarıb tapmışıq.
Gördük çox gözəl alınır, ona görə
də oxudum.
O cür zalı yerindən
oynadan, adamın varlığı ilə yoxluğunu bir-birinə
qarışdıran sonluğa Alimin bu cür sadə cavab verməyini
təbii qarşıladım. O, bunu çox adi bir hal
kimi qələmə vermək istəsə də, əslində
mirvariyə bənzəyən o sonluğu Alimin qəvvas kimi dəryaların
hansı dərinliyindən axtarıb tapdığını
görmək çətin deyildi. Yəqin o gün filarmoniyada
o çıxışa baxan hər kəs mənimlə
razılaşar.
Əgər mən indi
yenə bir hikmətli hekayəti xatırlasam, qoy oxucu məni
qınamasın. Çünki Alimin səsi və təfəkkürü
bu hikmətlərdən yoğrulub.
...Bir rahib günün
günortasında çıraq yandırıb küçədə
dolaşırmış. Görənlər heyrətlənib
soruşurlar ki, gün işığında çıraqla
niyə gəzirsən? O da kədərlə deyir: insan
axtarıram.
Alimin «Mənsuriyyə»nin
sonunda yandırdığı çıraq mənə o
müdrikin halını xatırladır. Əvvəl o,
çırağı tapmışdı, yəqin insanı da
tapacaq.
- Sizin özünəməxsus
üslubunuz ənənəvi məktəbə söykənsə
də, fərdi yoldur. Bu, məktəbə çevrilə bilər,
yoxsa ayrıca yol kimi qalacaq?
- Bizdə muğamda
Seyid Şuşinski məktəbi var. Elə muğam var ki, onu
oxuyanda Seyid Şuşinski yolundan çıxsam, o, ləzzətdən
düşər. Bu ustad sənətkarın elə tələbələri
var ki, onun kimi oxuya bilmir, heç onların ifasında
Seyid Şuşinskidən əsər-əlamət də
yoxdur. Ancaq mən onun ifa etdiyi «Heyratı»nı, «Humayun»u,
«Osmanlı»nı, «Müxalif»i oxuyuram. O, bir məktəbdir. Məsələn,
Hacıbaba Hüseynovun «Çahargah»ına, «Şur»una, «Bərdaştı»na
gərək müraciət eləyəsən. Yəni, hər
ustadın bir gözəlliyi var. Baxır tələbəyə.
Mən indi görürəm ki, toy kasetlərim, disklərim
satılır. «Nardaran-3», «Nardaran-4». Heç bilmirəm,
onları kim buraxır. Bir gün görürəm ki, Fərqanə
də birini alıb gətirib ki, kasetini almışam.
(gülür) İndi bu qızıl deyil ki, gizlətsinlər.
Kasetdi də. Elə mən özüm də kasetlərdən,
vallardan öyrənmişəm də. Kim istəyir, öyrənir.
Yəni, məktəb hər evdədir. Məktəb ürəklərdə
yaranır. Bu, mənim istəyib-istəməməyimdən
asılı deyil. Necə ki, xörəyə bir az istiot,
darçın, ədva tökərsən, bax, gənc
yaradıcı da belədir - kimdən nə götürəcək,
qazanına nə tökəcək, bu, onun özündən
asılıdır.
- Hansı muğamı oxuyanda
özünüzü daha rahat hiss edirsiniz?
- Özümçün
oxuyanda hamısı mənim üçün
maraqlıdır. Ancaq tamaşaçıya
çatdırmağa qalanda, çətin muğamlardan biri
«Rahab»dır, biri «Bayatı-Qacar», biri də «Humayun».
- Səhnədə
Fərqanə xanımla çıxış etmək
yaradıcılıq baxımından sizə çətinlik
yaradır, yoxsa?
- Həm çətindir,
həm asan. Çətindir ona görə ki, bir şey
yaradanda iki nəfər üçün yaradırsan, şərikli
olursan. Şərikli mal da dostluğu pozar (gülür). Ancaq
bir də səhnədə görərsən ki, səsin
sözünə baxmır, onda yoldaşın köməyinə
çatır, daha doğrusu, adam bir-birinə güvənir.
Bu tərəfdən yaxşıdır. Ancaq desəm ki, həmişə
yaxşıdır, yox, bu, problemli bir işdir. Həyatda tam
yaxşı şey yoxdur. Yaxşı nə qədər
yaxşıdırsa, pisi də var. Pis də nə qədər
pisdirsə, yaxşısı da var.
- Bəs Fərqanə
necə düşünür?
- O cavandır, hələ
öyrənmək niyyətindədir. Fikirləşir ki, hələ
bunda nə var hamısını öyrənim,
hamısını yavaş-yavaş çəkim, sonra bunu
qoyaram qırağa, o şərikli iş görən adamlar
kimi. Sonra da özüm üçün oxuyaram (gülür).
- Bir sənətkar kimi onun gələcəyinə
necə baxırsınız?
- Allah mərdimazardan, nadandan
qorusa, Fərqanə Azərbaycana çox mənəvi dəyərlər
verəcək, mənəvi gözəlliklər gətirəcək.
Allah cəmi balalarımızı qorusun, Fərqanə
balamızı da.
- Yaxşı bir şeir oxuyursan.
Ağıl onu çox yaxşı qəbul etsə
də, ruhunu qane etmir. Yaxud əksinə
olur. Ruhu qane edir, ağlı yox. Bu, muğamda necədir?
Görürsən ki, qəzəl
yaxşıdır, gözəldir, amma oxuyanda o gözəllik
alınmır. O qəzəli, necə deyərlər,
beynində əkirsən, bir ay, iki ay zümzümə eləyirsən,
ancaq o istədiyin gəlib çıxmır. Ancaq eləsi də
var, beş-on günə görürsən ki,
özününküləşdirmisən. Elə bil sənə
deyir ki, məni hansı guşədə istəyirsən, oxu.
- Mövlanə
Cəlaləddin Rumi bəzən dostlarına gileylənirdi ki,
mən şeir yazanda özümə nifrət eləyirəm. Bütün həyatım
bu misralarla davada keçib getdi. Hansı ki, onun
yazdığı «Məsnəvi» dünyanı bu gün də
heyrətləndirir. Bu, Nəsimidə də var. İnsan bir
işi ürəkdən eləyəndə, sanki Allahın nəfəsini
duyur, onda adam bir rahatlıq tapır. Bu cür hallar
keçirmisinizmi?
- Nehrəni çalxalayanda,
tutmayan vaxtı da olur, tutan vaxtı da. Görürsən
ki, su soyuq olanda, ya nis çalxalayanda tutmur. Tez-tələsik,
məclis xatirinə oxuyanda, o, dildə-ağızda dad vermir -
tarixi bir şeyə dönmür.
- Hər ifanızda, lap
xırda olsa belə, mütləq təzə nəsə olur.
Ona görə də ekrandan səsiniz gələn kimi,
tez diqqət kəsilirik. Lap açıq desək, hər təzə
ifanızla bizi havalandırırsınız. Getdikcə, necə
deyərlər, hündürlüyü
artırırsınız. Bəzən adam qorxur ki, birdən
Alim Qasımov dayanar, «bəsdir» deyər.
- Yox, hələ dayanmaq
haqqında düşünmürəm. Bayaq Mövlanəni
misal gətirdiniz. Dostlarına şikayət eləyirdi, ancaq
işindən əl çəkə bilirdi, yox! Düzü, mən
də bəzən ürəyim istəyəni oxuyandan sonra,
deyirəm ki, daha qurtardım. Ancaq olmur. Başlayıram yenə
axtarmağa.
- Bəzən
oxumağınızda elə bir element olur və o qədər
yerinə düşür, təzə görünür ki, bu,
yaradıcılığınızda az
qala yeni bir mərhələyə dönür.
- Bir dənə iş var da.
Dünya da qoymur axı axıra kimi getməyə. Heç kim axıra qədər gedə bilmir.
Çox uzaqda, ötən
əsrin pərdəsi arxasında qalan bir şairin sözlərini
xatırlayıram: «Nə başlanğıc var, nə də ki,
son. Keçmiş
və gələcək burda görüşür. Bircə onu
deyə bilərəm ki, biz burda olmuşuq». Axtaran insan nə əvvələ çata bilir, nə
də axıra. Bəlkə Alim söhbətimizin
sonunda bunu nəzərdə tuturdu. Bəlkə
də o, başqa bir şey demək istəyirdi. Gördüm ki, Alim səhnədə qəlibləri
necə sındırırsa, elə söhbətində,
düşüncəsində də elədir. Mən onun üz cizgilərinə baxanda, söhbətini
dinləyəndə, qəlyanını astagəlcəsinə
tumarlamasını müşahidə eliyəndə,
çoxdan oxuduğum bir müsahibəsi yadıma
düşdü. Alim onda deyirdi: «Şəhərdə
olanda kənd, kənddə olanda isə şəhər
üçün darıxıram. Əslində
kənd də, şəhər də mənzil başına
çatan kimi gözümdə adiləşir. Maraqlı
olan bircə yoldur».
Qorxmaz Şıxalıoğlu
Mədəniyyət.- 2009.- 8 aprel.- S. 8-9.