Gözü yolda qalan fleyta
Xalq artisti Müzəffər Ağamalızadə:
«Simfonik orkestr üçün lazımlı
olan musiqi alətləri üzrə
mütəxəssislər azdır»
“Bu sənəti yaşatmaq lazımdır” - deyən,
bu yolda yetirmələrinə dayaq
olan Bakı Musiqi Akademiyasının müəllimi, xalq artisti, fleyta ifaçısı Müzəffər
Ağamalızadə simfonik
orkestrin gələcəyini
parlaq görmək arzusundadır. O da həmkarları kimi, hesab edir ki,
bu sahəni yaşatmaq, gənclərin
sənətdə irəli
getməsi üçün
onlarda sevgi, inam yaratmaq lazımdır.
- Müzəffər
müəllim, fleyta ifaçısı olmaq istəyən gənclər
varmı?
- Öyrənmək
istəyənlər var.
Ancaq bunun üçün ilham olmalıdır. Bu, Allah vergisidir. Qazanc arxasınca gedənlər həmişə
olub, olacaq da. Bizim konservatoriyada
bir müəllimimiz gənclərin daha çox hansı musiqi alətinə meyil etdiyini əsaslandıran sorğu
apardı. Məlum oldu ki, 300-dən artıq şagird akkordion sinfində musiqi təhsili alır. Bu isə
o demək idi ki, toylarda
qazanc əldə etmək istəyənlər
akkordion sinfinə yazılır. Maddi maraqdan irəli gələn istək özünü o dövrdə də göstərirdi. Düzdür,
sənət naminə
bu ifaçılığa
meyilli gənclər də az deyil.
Klassik musiqi ilə məşğul olub, onu yaşatmaq
özü çətin
sənətdir, bu yolu sona qədər
gedənlər dözümlü
insanlardır.
- Bu yolu tutan
tələbələrinizdən necə, razısız?
- O qədər də yox. Bizim dövrümüzdə
professorlar qeyd edirdilər ki, əgər 10 nəfərdən
biri bu yolu
layiqincə addımlayacaq,
bu sənətdə parlayacaqsa, deməli, bu sənət yaşayacaq. Klassik musiqinin yolunu axıra qədər getmək istəyənlər
olsa da, mənzil başına yetişməyə səbirləri
çatmır. Bu da bir çox
səbəblərdən asılıdır.
Bu yolun yolçuları həyatın
hər cür çətinliyinə sinə
gərib, bacarıq nümayiş etdirirlər.
Mən bir neçə musiqi məktəbində fleyta üzrə müəllimlik
edirəm. Dərs dediyim tələbələrin
arasında istedadı
olanlara simfonik orkestrdə çalışmaq
imkanı da yaradıram. Bir vaxtlar mənim özüm də tələbə olmuşam,
müəllimim professor
Ələkbər İsgəndərov
məni filarmoniyada işə düzəldib.
- Bu, neçənci ildə oldu?
- Əvvəlcə,
qeyd edim ki, Bülbül adına OİMM-i bitirərkən həmin ili konservatoriyada təhsil ala bilmədim. Müəllimim
Zilberman məni Opera və Balet
Teatrına gətirdi.
Orada iki il çalışdım.
Bu mənim üçün böyük
təcrübə oldu.
Həmin illərdə
Moskvada on günlük mədəniyyət
günləri keçirildi
və biz də orada Azərbaycanı
təmsil etdik. Keçirilən görüşlər,
teatrda çalışdığım
illər mənə sənətdə böyük
yol açdı. Sonradan 1959-cu ildə konservatoriyada təhsil almağa başladım. Pikolo sinfimiz var idi. Bu
söz kiçik fleyta mənasını daşıyır, müəllimimiz
Dadaşidze qəflətən
dünyasını dəyişdi.
Həmin ərəfədə
simfonik orkestrə fleyta ifaçısı lazım idi. Məni orada işləməyə çağırdılar
və o gündən indiyə qədər də simfonik orkestrin solistiyəm.
- Yəqin ki,
bu sənəti seçməkdə
valideynlərinizin də rolu az olmayıb?
- Elə
bilməyin ki, mənim bu musiqi
aləti haqqında məlumatım var idi. Adını belə eşitməmişdim.
Düz də qeyd etdiniz, mən
atamın istəyi ilə fleyta çalmışam. Atam öyrənmişdi ki, şəhərdə belə
bir musiqi məktəbi var. O, musiqiyə olan marağımı nəzərə
alıb məni bu sənətə yönləndirdi.
- Simfonik
orkestrin gələcəyini
necə görürsünüz?
- Eniş
bu gün də var və
hələ də davam edir. IV kursların dövlət imtahanında müəllimlərlə
söhbət zamanı
bu qənaətə gəldik ki, bir vaxt gələcək
biz xaricdən ölkəmizə işləməyə
musiqiçi dəvət
edəcəyik. Bu, təkcə fleytaya aid deyil, digər
simfonik orkestr üçün lazımlı
olan musiqi alətləri üzrə
mütəxəssislər də
azdır. Gənclərin
əksəriyyəti asan
yolla pul qazanmağa can atırlar. Fleyta və digər musiqi alətini ifa etmək üçün insanda ruh, işləmək, çalışmaq istəyi
olmalıdır. Bu sənət forma tələb edir. Bunun üçün də həyatını, özünü bu işə sərf etməlisən. İndiki gənc bunu etmək istəyindədirmi?
Məsələ də
elə bundadır. Simfonik orkestrdə olmaq üçün insandan bu tələb
olunur.
- Xarici səfərlərdə
konsert zamanı dinləyicilərinizdə maraq
yaratmaq
çətin olmayıb ki?
- Təkcə Almaniyaya 6-7 dəfə səfər etmişik. Fransa, İsveç, keçmiş
Sovet İttifaqının
əksər respublikalarında
dəfələrlə olmuşam.
Maraq yarada bilmişik. Almaniyada təəssüratlar fərqli
olub. Onlar musiqini bir başqa
cür duyur, anlayırlar. Fərəc Qarayevin ansamblı, başda dirijor Rafiq Əzizov olmaqla, 10-12 nəfər heyət alman tamaşaçılarının qarşısında konsert
verdi. Bethovenin yaşadığı evdə
çıxışlar oldu.
Onların musiqiyə olan marağı şəxsən bizi çox təəccübləndirdi.
Muğama olan sevgi tamamilə başqa bir təəssüratdır. Əlbəttə
ki, bu bizi
sevindirməyə bilməz.
Orada görkəmli bəstəkarımız Q.Qarayevin
əsərləri də
səsləndirildi. O, bizim
modern musiqimizin inkişafında əvəzsiz
xidmətləri ilə
seçildi, simfonik orkestr üçün də dəyərli töhfələr verdi.
- Səhnədə
çalışıb əmək sərf etdiyiniz illərin mükafatı kimi fəxri ada layiq
görülməyiniz
özü də böyük göstərici idi.
- Əlbəttə, simfonik orkestrdə ifa edən musiqiçilər
arasında xalq artisti olmayıb. Müəllimim
Ələkbər İsgəndərov
orkestrdə solist işləsə də, çox sonralar əməkdar artist adına layiq görülüb. Son illərdə mədəniyyətə
qayğının daha
da artması və bizim kimi
həyatını musiqiyə
həsr edən insanların fəxri adlara layiq görülməsi
məni çox sevindirir.
ŞƏMSİYYƏ
Mədəniyyət.-
2009.- 8 aprel.- S. 7.