Kitablara xərclənən
ömür
İnsan Allahın yaratdığı ən
üstün varlıqdır. Bəs bu üstünlüyün mahiyyəti
nədədir? Müqəddəs kitabımız
Quranda deyilir: "Biz onu eşidən və görən yaratdıq". Eşitdiyini
anlamaq, gördüyünü
dərk etmək. Bəli, məhz budur insanı digər varlıqlardan fərqləndirən
və üstün tutan məziyyət. Hikmət xəzinəsi olan Nizami Gəncəvi
"İsgəndərnamə" əsərində böyük
fatehlərə xitabən
yazır:
"Ey şah, elmə, fənnə sən daim yar
ol,
Nadandan, cahildən
daim kənar ol!
Bağlı bir qapıya açar axtarsan,
Ancaq alimlərdə axtar,
taparsan!"
Məşhur fransız filosofu Rene Dekart isə "Düşünürəm, elə
isə varam" deyir. Çünki bütün dünya
mütəfəkkirlərinə məlum idi ki, təfəkkürdən
və elmdən uzaq olmaq yoxluğa
bərabərdir.
Qədim mədəniyyətə malik
olan və tarixin bütün keşməkeşlərindən keçib gəlmiş xalqımız saysız-hesabsız
elm və incəsənət
xadimi yetişdirmişdir. Azərbaycanda elmin və maarifin
inkişafında ziyalı
qadınlarımızın da mühüm rolu olmuşdur. Ümumiyyətlə, türk xalqlarının
qadınları da ağıllı, qeyrətli,
sədaqətli və
dəyanətli olublar.
Tarixə damğasını vuran Qətibə xanım (12 əsr), Sara xatun (15 əsr), Aləmşahbəyim (15-16 əsr),
Pəri xanım (16-17
əsrlər), Tuti Bikə (18 əsr), Xurşidbanu Natəvan (19 əsr) və b. qadın şəxsiyyətlərin
davamçısı olan
Azərbaycan qadını
nəcibliyi, ləyaqəti,
təmkini, nəzakəti,
səmimiyyəti, ədaləti
və digər müsbət keyfiyyətləri
ilə fərqlənmişdir.
Bu mənəvi irsi ləyaqətlə davam etdirən müasir qadınlarımızdan
biri də Elmira Əbdül qızı Məmmədovadır. O, 1943-cü ildə Bakıda anadan olub. 174
saylı orta məktəbi (1961) və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rus dili və
ədəbiyyatı fakültəsini
bitirib (1966). 1967-ci ildən
əmək fəaliyyətinə
başlamış, 1967-68 illərdə
Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənəti Muzeyində böyük elmi işçi, 1970-ci ildən isə Azərbaycan Ensiklopediyasında
(2004-cü ildən Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Rəyasət Heyətinin sədri olduğu "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi) böyük
elmi redaktor işləyir. Hazırda "Elmi və
ədəbi nəzarət"
redaksiyasının müdiridir.
Ensiklopediyanın təcrübəli redaktorlarından olan Elmira
Məmmədova həmkarları
tərəfindən "canlı
ensiklopediya" adlandırılır.
10 cildlik "Azərbaycan
Sovet Ensiklopediyası"nın hazırlanmasına
iştirak edən Elmira xanım onlarla kitabın, o cümlədən
dünyaşöhrətli bəstəkarımız
Arif Məlikovun "Şərq muğamları"
(Bakı, 2008), görkəmli
alim, akademik Murtuza Nağıyevin 100 illiyinə həsr olunmuş "Akademik Murtuza Fətullaoğlu"
(Bakı, 2008) kitablarının
redaktorudur. Yüksək intellektual səviyyəyə
malik olan, Azərbaycan və rus dillərini mükəmməl bilən
Elmira xanım filologiya fakültəsini bitirməsinə
baxmayaraq, bütün
elm sahələrinə kifayət
qədər bələddir.
O, elmin humanitar, dəqiq və texniki sahələrinə
aid məqalələri uzun
illərin redaktorluq təcrübəsi ilə
elmi və ədəbi cəhətdən
sözün həqiqi
mənasında süzgəcdən
keçirir, yenidən
araşdırır, doğru-dürüstlüyünə
əmin olduqdan sonra nəşrinə icazə verir. Dərrakəsi, geniş erudisiyası,
möhkəm yaddaşı
və düzgün təhlil qabiliyyəti ilə yanaşı, zərif ruhu və təvazökarlığı
da onunla işləyənlərə zövq
verir. Tarix, filologiya, ədəbiyyat-incəsənət,
fəlsəfə, mətbuat,
təhsil, coğrafiya,
iqtisadiyyat, texnika, fizika-riyaziyyat, kimya-biologiya
və digər sahələrdəki məqalələri
zərgər dəqiqliyi
ilə redaktə edən Elmira xanım əməkdaşlarımızın bütün elmi mübahisələrinə son qoyan
"canlı mənbə"dir.
Onun bilik və savadına hamı inanır. O, bu etimadı uzun illərdir qazanıb. O, tərcümə
və digər materialların redaktəsində
mühüm rol oynayır. Gərgin və məsuliyyətli iş prosesinin yaratdığı yorğunluğa
baxmayaraq, daim gözlərində təbəssüm
görünən Elmira xanımı
işləmək həvəsi
heç vaxt tərk etmir. Milli adət-ənənələrlə müasir yeniliklər arasında qüsursuz bir ahəng yaradan gənc nəslin nümayəndələri
üçün örnək
olan Elmira
xanım Elmi Mərkəzdə ancaq yaşlı nəslin yox, gənclərin də sevimlisidir. Qəlbində saf imanın
bərq vuran nuruyla həmyaşıdlarıma
aşıladığı gələcəyə inam,
elmə, mədəniyyətə
maraq və vətən məhəbbətinin
nə vaxtsa öz bəhrəsini verəcəyinə şübhə
duymuram. İnsan dünyaya
gələn gündən
ömür dənəcikləri
də həmin andan etibarən həyatın dar boğazından keçərək
bir-bir keçmişə
yuvarlanmağa başlayır.
Keçən hər saniyəni
lehimizə və yaxud əleyhimizə çevirmək isə öz əlimizdədir.
Allahın yaratdığı
ali varlığın
dünyadakı ən
böyük qazancı
elm-mərifət, mənalı
ömür, ləyaqətli
ad və xatırlandığı
zaman simalarda yaratdığı xoş
təbəssümdür. Elmira xanım da təbiətindəki mülayimlik, ürəyindəki
insan sevgisi, qədirbilənliyi, təfəkkürü
və ziyalılığı
ilə ailəsi, qohumları, dost-tanışları,
iş yoldaşları
tərəfindən çox
sevilən və həmişə ehtiyac duyulan əziz və möhtərəm bir insandır. Mən xalqımın belə seçkin qadınlarının
olmasından qürur duyuram.
Leyla Rizvanova,
Azərbaycan Milli Ensiklopediyası
Elmi Mərkəzinin
əməkdaşı
Mədəniyyət.-
2009.- 8 aprel.- S. 6.