18 saylı məktəb almanların diqqətində
Bu tədris ocağı
ilə Almaniyanın Höte İnstitutu arasında əməkdaşlıq
müqaviləsi imzalanıb
Azərbaycanın orta məktəblərində
xarici dillərin tədrisinə böyük
önəm verilir. Hazırda bu
sahədə ingilis dili dominantlıq təşkil edir, ikinci yerdə fransız, üçüncü
yerdə isə alman dili gəlir.
Almaniyanın müxtəlif
ölkələrdə fəaliyyət
göstərən institutları
və bu ölkənin Azərbaycandakı
səfirliyi alman dilinin Bakının orta məktəblərində
dərs saatlarının
artırılması və
bu dilin mükəmməl tədrisinə
nail olmaq məqsədilə
müxtəlif tipli layihələrin reallaşdırılmasına
çalışır. Belə
layihələrdən birinin
həyata keçməsi
ilə bağlı aprelin 2-də Almaniya Federativ Respublikasının
Höte İnstitutu ilə Bakının Yasamal rayonundakı M.Müşfiq adına
18 saylı pilot məktəb
arasında sənəd
imzalanıb.
Məktəbin təşkilati
işlər üzrə
direktor müavini Bəsti Ağayevanın dediyinə görə, ötən ilin oktyabr ayında Almaniyanın Höte İnstitutunun Tiflisdə yerləşən ofisinin nümayəndəsi Elliyas
Xolqe 18 saylı məktəbin qonağı
olub: «X.Elyas alman dili dərslərində
olduqdan sonra bizə əməkdaşlıq
təklif etdi. O bildirdi ki, bu
dilin mükəmməl
tədris edilməsi məqsədilə partnyor
layihə mövcuddur.
Bu layihəyə dünya ölkələrində
mövcud olan 1000 məktəb daxildir.
Qonağımız onu
da dedi ki,
bizim məktəbin də həmin tədris ocaqlarının
sırasında olmasını
arzulayır».
İlkin razılıqdan sonra E.Xolqe 18 saylı məktəbə xeyli miqdarda texniki vəsait gətirib. B.Ağayevanın
dediyinə görə,
2 kompyuter dəsti, 1 ədəd «Panasonik» markalı televizor, musiqi mərkəzi, videokamera, 1 ədəd
multimedia dəsti və
s. gətirilən vəsaitlər
içərisinə daxildir.
Direktor müavini onu da bildirdi ki,
həmin vəsaitlər
hesabına artıq məktəbdə 2 alman dili otağı qurulub.
18 saylı
məktəbin direktoru
Vaqif Hüseynov isə deyir ki, layihənin reallaşdırılmasında onların
da məktəb olaraq öz maraqları var: «Əvvəla, alman dilini yaxşı bilən şagirdlərimiz
və müəllimlərimiz
yay tətili ərzində 1 həftə
müddətində Almaniyada
olmaq, onların orta məktəblərinin
təcrübəsi ilə
yaxından tanış
olmaq imkanı qazanacaqlar. İkincisi, məktəbimiz bu layihənin hesabına müxtəlif tipli texniki vəsaitlərlə
təmin edildi. Üçüncüsü, şagirdlərimiz dünyanın bir çox məktəbləri
ilə əlaqə yarada və bu yolla da
onlarla fikir mübadiləsi apara biləcəklər».
Qeyd edək
ki, layihənin imzalanma mərasimində Azərbaycan Təhsil Nazirliyinin nümayəndələri,
Almaniya Höte İnstitutunun departament direktoru cənab Völl, Almaniyanın ölkəmizdəki səfirliyinin
mədəniyyət və
təhsil üzrə attaşesi cənab Şmidtel, layihənin koordinatoru Elliyas Xolqe, 18 saylı məktəbin direktoru Vaqif Hüseynov, məktəbin müəllim
və tələbələri
iştirak ediblər.
Mədəniyyət.- 2009.- 8 aprel.- S. 5.