Musiqimizin ilk fədailərindən biri
Aprelin 4-də Azərbaycan
Milli Konservatoriyası
nəzdindəki Musiqi
Kollecində istedadlı
bəstəkar Asəf
Zeynallının anadan
olmasının 100 illiyinə
həsr olunmuş konfrans keçirildi.
Konfransı giriş
sözü ilə açan kollecin direktoru - əməkdar incəsənət xadimi, professor Nazim Kazımov iştirakçıları
salamlayaraq qeyd etdi: «Ötən əsrin 20-ci illərinin sonları, 30-cu illərin əvvəllərində fitri
istedadı ilə diqqəti cəlb etmiş Asəf Zeynallı öz əsərləri ilə musiqimizin və milli bəstəkarlıq məktəbimizin inkişafına
böyük təkan vermişdir. O, Azərbaycanda
sovet hakimiyyəti qurulduqdan sonra ali professional musiqi təhsili olan ilk ünlü bəstəkardır.
İlk Azərbaycan
bəstəkarlarının yaradıcılığını, rus və Avropa
klassik musiqi üslubunu dərindən mənimsəyən, öz
potensial imkanlarından
istifadə edərək
Azərbaycan musiqisini daha da zənginləşdirən
A.Zeynallı, eyni zamanda, musiqi haqqında yazdığı
məqalələri ilə
o dövr ictimai həyatında baş verən hadisələrə
münasibətini bildirmiş,
musiqimizin inkişafına
təkanverən məsələlərdə
fəallıq göstərmişdir.
Sözünə davam edən natiq vurğuladı ki, biz ziyalılar o böyük insanı xalqımıza tanıtmaq
üçün çox
işlər görməliyik. Doğrudur,
kollecimizdə bu sahədə müəyyən
işlər görülüb.
Onun həyatından bəhs edən foto-stend düzəltmişik,
vaxtilə onun istifadə etdiyi fortepianonu kollecimizə gətirmişik, eyni zamanda mən onun haqqında kitab yazmışam və bu yaxınlarda
işıq üzü
görəcək. Lakin
bütün bunlar azdır. Bu gün bu zalda onun anadan
olmasının 100 illiyinə
həsr olunmuş konfransı da keçirməkdə məqsədimiz
çox erkən dünyasını dəyişmiş
bəstəkar haqqında
müəllim və tələbələrimizə daha
çox məlumatlar çatdırmaqdır».
Sonra kollecin müəllimləri - əməkdar incəsənət xadimi Həcər Babayeva, Nərmin Zeynalova, Rəhilə
Abbasova,
Sevda Mütəllimova,
Sevinc Seyidova, L.
və
M. Rostropoviçlərin ev-muzeyinin direktoru Şeyla Heydərova məruzələrində
Asəf Zeynallının həyat və
yaradıcılığı
haqqında geniş
məlumat
verdilər.
Qeyd edək
ki, Asəf Zeynal oğlu Zeynallı 1909-cu il
aprelin 5-də Dərbənd
şəhərində (bağban
ailəsində) dünyaya
göz açmışdı.
1910-cu ildə atası
vəfat etdikdən sonra ailənin bütün ağırlığı
anasının üstünə
düşür. Çətin
dolanışıq şəraitinə
baxmayaraq, anası öz uşaqlarını
savadlı görmək
arzusu ilə bütün əziyyətlərə
qatlaşır. Bu məqsədlə anası
Asəfi musiqi məktəbinə qoyur. Burada o, nəfəsli
orkestrdə truba alətində çalırdı.
20-ci illərin əvvəllərində
ailə iş axtarmaq üçün Bakıya köçməli
olur. Təhsilini davam etdirməsi üçün anası Asəfi 9 illik Musiqi Məktəbinə yazdırır. 1923-cü ildə
Asəf Zeynallı Azərbaycan-türk Musiqi Texnikumuna daxil olur. O zaman
texnikumun direktoru görkəmli Azərbaycan
bəstəkarı Üzeyir
Hacıbəyov idi. Asəf bu təhsil
ocağındakı bütün
tədbirlərdə fəal
iştirak edir, ilk bəstəkarlıq cəhdlərinə də
elə burada başlayır, kiçikhəcmli
musiqi əsərləri
bəstələyir. Sonra
məktəbin rəhbərliyi
onu violonçel sinfinə keçirir.
1926-cı ildə Asəf
Zeynallı müvəffəqiyyətlə
imtahan verərək, əvvəlcə orkestr, sonra isə bəstəkarlıq bölməsinə
daxil olur. Konservatoriyada oxuduğu illər onun yaradıcılığında çox məhsuldar dövr sayılır. O, əsərlərinin mühüm
hissəsini məhz bu illərdə qələmə alır. Əsərləri janr və məzmununa görə müxtəliflik
və rəngarəngliyi
ilə seçilir. Fortepiano üçün yazdığı «Ölkəm»,
«Sual», «Heyran», «Çadra» əsərləri
tezliklə onu populyarlaşdırır.
Asəf Zeynallı tələbəlik
illərində qələmini
instrumental musiqi janrında
da sınamışdır. Fortepiano,
skripka və violonçel üçün
yazdığı «Laylay»,
skripka və fortepiano üçün yazdığı «Muğamsayağı»,
iki violonçel üçün yazdığı
«Qoyunlar» bu əsərlərindəndir. Bəstəkarın
milli musiqiyə həssas yanaşması hər əsərində özünü büruzə
verir. O, Ü.Hacıbəyovun
rəhbərliyi altında
xalq musiqisinin xüsusiyyətlərini, milli
ladların quruluşunu,
hətta milli alətlərin konstruksiyasını
belə öyrənmişdi.
Bundan başqa o, Tənqid və Təbliğ Teatrının tamaşaları
üçün də
musiqilər yazırdı. Asəf
Zeynallının bu illərdəki fəaliyyətinə
nəzər saldıqda
onun milli musiqinin inkişafında yorulmadan çalışdığının
şahidi olursan. Elə onun 1932-ci ildə ikinci dəfə Leninqrada gedişi də bunu bir daha
sübut edir. Rusiyaya birinci səfərində sovet bəstəkarlarını
dinləyən A.Zeynallı
ikinci gedişində Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət
konsert təşkil edir və burada
musiqimizin xarakterik xüsusiyyətlərini rus
tamaşaçılarına sevdirməyi bacarır.
1932-ci ildə konservatoriyanı bitirən bəstəkar, yaradıcılığının mühüm mərhələsinə
başlayır. O, özünün
ən yaxşı əsərlərindən biri
olan «Fraqmentlər» simfonik süitası və yarımçıq
qalmış simfoniyası
üzərində işə
başlayır. Bu əsərlər sonrakı
illərdə simfonik əsərlər yazan Azərbaycan bəstəkarlarının
yaradıcılığına böyük təkan vermişdir.
A.Zeynallı həm də böyük pedaqoq idi. O.Qara
Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev kimi bəstəkarların
müəllimi olmuşdur.
Asəf Zeynallı Azərbaycan musiqi folklorunun toplanmasında da fəal iştirak edirdi. O, Azərbaycanın müxtəlif bölgələrinə
gedərək topladığı
xalq musiqisini nota alırdı. Xalq mahnılarının bir qismini isə
Hüseynqulu Sarabskinin
dilindən köçürürdü.
Bütün ömrü boyu milli mədəniyyətimizə
xidmət edən və elə bu yolda çox
gənc ikən dünyasını dəyişən
Asəf Zeynallı özündən sonra mühüm yaradıcılıq
irsi qoyub getmişdir. Onun yaradıcılıq illərinə, onların səviyyəsinə və
dəyərinə nəzər
salsaq, deyə bilərik ki, bəstəkar yaşasaydı,
daha böyükhəcmli
əsərlər yaratmış
olardı. Lakin taleyin amansız əcəli onu sənətdə ilk addımlarını atdığı,
fitri istedadını,
istəklərini təzə-təzə sınamağa
başladığı bir
vaxtda yaxaladı.
Məruzə edənlər bütün
bunlarla yanaşı, bir məsələnin - Asəf Zeynallının adının yenidən bu kollecə qaytarılmasının vacibliyini
diqqətə çatdırdılar. Bütün müəllim
və tələbələr
tərəfindən bu
təklif sürəkli
alqışlarla qarşılandı.
Konfransda çıxış edən
bəstəkarın qardaşı
qızı, kollecin müəllimi Elmira Zeynallı
əmisinin xatirəsinin
böyük təntənə
ilə qeyd edilməsini ailələri
adından yüksək
qiymətləndirdi və
bu işin təşkilatçılarına minnətdarlığını bildirdi.
Yekun nitqi söyləyən kollecin direktoru Nazim Kazımov iştirakçılara təşəkkürünü
bildirdi, qeyd etdi ki, bu
gün burada səslənən fikri - Asəf Zeynallının adının yenidən kollecə qaytarılması
fikrini o da alqışlayır. Kollecin rəhbəri kimi bu məsələnin aidiyyəti təşkilatlar
qarşısında qaldırmağa
cəhd edəcəyini
konfrans iştirakçılarının
nəzərinə çatdırdı.
Fərahim Dünyamalıoğlu
Mədəniyyət.- 2009.- 8 aprel.- S. 4.