Dekorativ-tətbiqi sənətimiz
Gəncə-Bakı marşrutunda
Xalqın mənəvi dünyasından,
yaradıcılıq istedadından xəbər verən
dekorativ-tətbiqi bədii sənətin qorunub saxlanması
istiqamətində Mədəniyyət və Turizm Nazirliyi
böyük bir layihəni reallaşdırmaqdadır. Xəbər verdiyimiz kimi, aprelin 1-də I Ümumrespublika
Dekorativ-Tətbiqi Sənət Festivalına start verildi.
Respublikanın bütün şəhər və
rayonlarını əhatə edəcək festivalın beş
regional mərkəzdə - Gəncə, Naxçıvan, Lənkəran,
Şəki və Xaçmaz şəhərində
keçirilməsi, müxtəlif sərgilərin təşkil
edilməsi nəzərdə tutulur. İlin sonunda Bakıda
yekun sərgi təşkil ediləcək və qaliblər
müəyyənləşdiriləcək.
Qeyd edək ki, Azərbaycan
dekorativ-tətbiqi sənətinin müasir dövrdə
inkişafı məqsədilə keçirilən
festivalın açılış sərgisi Gəncədə,
Dövlət Rəsm Qalereyasında təşkil edilmişdi.
Açılış mərasimində mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev, həmçinin
festivalın görkəmli sənətşünaslardan ibarət
münsiflər heyətinin və tədbirin təşkilat
komitəsinin üzvləri də iştirak edirdilər.
Açılış nitqi ilə mədəniyyət və
turizm nazirinin müavini Ə.Vəliyev çıxış
etdi. O, gəncləri sənət bayramı münasibətilə
təbrik edərək Azərbaycan mədəniyyətinə
göstərilən dövlət qayğısından və
bu sahədə görülən işlərdən
danışdı.
«Azərbaycan dövləti mədəniyyət
sahəsində nəzərdə tutulan bütün layihələri
həyata keçirməkdədir və bu proses davam etdiriləcəkdir.
Bizim hamımız son bir neçə ildə mədəniyyət
sahəsində görülən böyük işlərin
şahidiyik. Beynəlxalq səviyyəli mədəni tədbir
və festivalların keçirilməsi, mədəniyyət
obyektlərinin bərpası, yenidən qurulması işi
davamlı olaraq aparılır. Dövlət
başçısı cənab İlham Əliyevin Gəncənin
istər sosial-iqtisadi, istər mədəni inkişafı
baxımından bu qədim şəhərə necə
yüksək diqqət göstərdiyini gəncəlilər
bizdən də yaxşı bilirlər. Biz də qərara gəldik
ki, festivalın ilk sərgisini xalq sənətlərinin ənənələrini
qoruyub saxlayan qədim Gəncədə təşkil edək».
Açılışdan
sonra sərgi salonu tamaşaçıların ixtiyarına
verildi. Bu tamaşaçılar arasında mən də var
idim.
Nə vaxtsa Azərbaycan ərazisində
tapılmış və eramızdan əvvəl III minilliyə
aid saxsı qablarda olan sadə elementlər - düz və
sınıq xətlər, dairəciklər,
üçbucaqlar, romblar çox sonralar bədii tikmə
ornamentlərində üzə çıxdı... Dekorativ sənətin
öz kökündən qidalanaraq sənət fəlsəfəsini
yaşatmasına dair bu bircə fakt belə elə xalqın
öz mədəniyyətinin varisliyinin sübutudur.
Xalçaçılıq, bədii oyma, toxuma, zərgərlik
və sairə sənət növləri üzrə nümunələr
xalqın bədii zövqü olmaqla bərabər onun məişətinin
ayrılmaz hissəsi olmuşdur. Eyni zamanda xalq öz fəlsəfəsini,
düşüncəsini bu sənət əsərləri ilə
əbədiləşdirmişdir. Məsələn, bədii
tikmələrdə bir-birindən küsmüş təsvir
edilən iki quş ayrılığın simvolu
anlamını verirsə, metal əşyalar üzərində
miniatürlərlə dövrün hər hansı hadisəsinə
münasibəti bilmək mümkündür. Ümumiyyətlə,
Azərbaycan dekorativ-tətbiqi sənəti o qədər zəngindir
ki, bu zənginlik təkcə bədii baxımdan deyil, tarix,
astrologiya, çoğrafiya, fəlsəfə konturlarından
izah edildikcə aydınlaşır. Bu gün dünyanın
bir çox muzeylərini Azərbaycan ustalarının əl
işləri bəzəyir. Xalçaçılıq, ipəkçilik,
daş oymaçılığı, misgərlik, zərgərlik,
şəbəkəçilik kimi ənənəvi sahələr
sənət peşələrinin əsasını təşkil
edir və bu günümüzdə də yaşayır. Lakin
sözsüz ki, qədim incəsənət sahəsi olaraq
dekorativ-tətbiqi sənətin də yaşamasına,
qorunmasına, təbliğinə ehtiyac var. Məhz bu ehtiyac Mədəniyyət
və Turizm Nazirliyinin yeni bir mədəni layihə həyata
keçirilməsini zərurətə çevirdi. Aprelin 1-də
dekorativ-tətbiqi sənət nümunələrinin, gənc
istedadların üzə çıxarılması məqsədi
ilə I Ümumrespublika festivalının ilk sərgisi
keçirildi. Qeyd etdiyimiz kimi, Azərbaycanda dekorativ-tətbiqi
sənəti kifayət qədər zəngindir. O qədər
ki, hər sənət üzrə az qala hər bir regionun
özünəməxsus texnologiyası, texnikası və
standartları mövcuddur. Məhz bu baxımdan sənətlər
müxtəlif region məktəblərinə
bölünür. Təsəvvür edin ki, təkcə
xalçaçılıq üzrə 7 məktəb
formalaşıb. Gəncənin xalça ustalarının əl
işləri qədim karvan yollarıyla dünyanın
çox yerlərinə gedib çıxıb. Amma onlar nə
vaxtsa Gəncə xalçaçılıq məktəbinin
nümunələrinin böyük bir salonda nümayiş
etdiriləcəyini heç düşünməyiblər.
X-XI əsrlərdə yun xalçaların istehsalı kimi
tanınmış Gəncə xalçaçılıq məktəbi
ətraf rayonlara da təsir etmişdir. Gəncədə metaldan
düzəldilmiş əsərlərin yaşı 5000 ilə
yaxındır. Silahlar, bəzək əşyaları,
qab-qacaq... Bu şəhərdə bədii tikmə
ustalarının, zərgərlərin, dulusçuların Azərbaycanın
digər regionlarından fərqli xüsusiyyətlərə
malik məktəbləri olmuşdur.
I Ümumrespublika Xalq Tətbiqi
Sənət Festivalının Gəncədə keçirilən
ilk sərgisində qədim ənənələri yaşadan
ustaların əsərləri nümayiş olunurdu. Sərgidə
Azərbaycanın 18 bölgəsini təmsil edən sərgidə
təşkilat komitəsinin təsdiq etdiyi əsasnaməyə
uyğun olaraq, xalçaçılıq, batika, zərgərlik,
keramika, bədii şüşə və tikmə, makrame,
dulusçuluq, toxunma qrafika, bədii dəri işləmə,
bədii döymə üzrə əsərlər
tamaşaçıya təqdim edildi. Sərgi salonunun
divarlarında müxtəlif xalçalar, qrafik işlərlə
bəzədilərkən ayrı-ayrı ustaların əl işlərindən
ibarət xüsusi yerlərdə təşkil edilmişdir.
Ustalarla sərgiyə təşrif gətirmiş
çoxsaylı insanların sənət söhbətləri,
sənət əsərlərinə göstərilən diqqət,
dekorativ yaradıcılığın zənginliyi salonda
xüsusi ab-hava yaradırdı. Süjetli xalçaların
ornamenti, taxta və metal üzərində döymələri
hər biri xüsusi sənət mənasına malikdir. Bəzən
hansısa əsərin bədiiliyini anlamaq üçün bu
mənaların izahına ehtiyac hiss edirəm. İzahları
isə elə ustalarla söhbətdə alıram. Eyni zamanda,
18 bölgədən gəlmiş sənətkarlardan bəzilərindən
sərgi ilə bağlı təəssüratlarını
öyrənirəm.
İlk müsahibim
oymaçı ustadır. Ağayev Şeyda Samux rayonunundan gəlib.
Sərgidə «Leyli və Məcnun» kompozisiyası ilə
yanaşı şam ağacından düzəltdiyi nərd
taxta, şahmat, mücrü, samovar da nümayış olunur.Əl
işləri oyma naxışlarla bəzədilib. Şam
ağacına üstünlük verməsini isə belə
izah edir.
«Şam materialla işləmək
asandır, tez xarab olmur. Ümumiyyətlə isə bu işlə
1992-ci ildən məşğulam. Çox sevinirəm ki, əsərlərimi
sərgiyə çıxara bilmişəm. Bu cür festivalın
keçirilməsi sənəti yaşatmaq baxımından
vacibdir. Tezliklə o qədər zəngin əsərlər
üzə çıxacaq ki... Təki meydan olsun, bizim kifayət
qədər sənətkarlarımız var. 2000-ci ildə də
əl işləri üzrə müsabiqədə iştirak
etmişəm. Sonradan isə keçirilməyib. Bu sərgi isə
bizim üçün bayram günüdür».
Sərgidə yaşlı
ustalarla yanaşı, gənc sənətkarların da
iştirak etməsi diqqətimi xüsusi olaraq cəlb etdi. 17
yaşlı Cəmilə Məmmədova Daşkəsən
rayonundan gəlib, toxucudur. Onun əsərlərinə
tamaşa edənlər isə heç də az deyil.
Özü isə eskiz halında olan əsərlərini
göstərib gələcək planlarından
danışır.
«8 yaşımdan
xalçaçılıqla, toxuma ilə məşğulam.
Sərgidə toxuduğum Şirvan, Qarabağ
xalçaları ilə iştirak edirəm. İlk dəfədir
ki, bu cür sərgidə əsərlərimə
baxılır. Məncə, festivalda uğur qazanacağam».
Qurban Qurbanov isə Gəncə
şəhərindəndir. Metalla işləmələri var, əvvəlcə
misdən hazırladığı «Bağban» əsəri barədə
izahat verir:
«Bu, bir miniatür əsərdir.
Bağban bir ağac əkib fikrə gedib və o, özü
narın içindədir. Ətrafda dağınıq nar gilələri
isə onun fikirləridir. «Gəncədən İstanbula» əsərimdə
isə dünyada məşhur məscidlər ayın
içində təsvir etmişəm. Bu birliyə
çağırışdır. Dekorativ vaz olan əsərimin
adı isə «Dünyaya sülh»dür. Göyərçin
dimdiyində dünyanın simvolu göstərilir. Mən
özüm mis döymə üzrə təhsil
almışam. Bir çox müsabiqələrdə
iştirak etmişəm. Bugünkü sərgi isə daha əhatəli
tədbirdir. Fərqlənib-fərqlənməyəcəyimdən
asılı olmayaraq, sərginin təşkilatçılarına
xalq sənətinin inkişafına qayğı
üçün təşəkkür edirəm».
Əlvan metallardan düzəltdiyi
əşyalarla, xüsusilə poladdan
hazırladığı silahlarla hər kəsin
marağına səbəb olmuş Şaiq Məmmədov Gəncə
sakinidir. Deyir ki, əsərlərinin hazırlanmasında əlvan
metallardan, poladdan başqa göndən, rəngli direkorativ
ağaclardan da istifadə edir. Onun hazırladığı,
gözəlliyi diqqəti cəlb edən əyri
qılıncı haqqında öz fikrini dinləyək:
«Deyirlər ki, əyri qılıncı dünyaya ərəblər
verib. Bu yanlış fikirdir. Əyri qılınc türklərə
məxsusdur. Bu növ qılıncın
üstünlüyü bir zərbəyə rəqibi məhv etmək
gücündə olmasındadır. Tarixi məxəzlər əyri
qılıncın türklərə məxsusluğunu
sübut edir. Sərgiyə 60-a yaxın əsərlərimi
çıxarmışam. Silahlar, kitab üzlükləri, təsbehlər...
indiyə qədər bir çox sərgi yarmarkalarında
iştirak etmişəm. Çox arzulayıram ki, bu festival hər
il keçirilsin. Çünki bu cür tədbirlər sənətkarlığın
inkişafına təkan verir».
Misgər Fəhimov Məmməd
Gəncədə yaşasa da əslən
lahıclıdır. Elə lahıc misgərlərinin sənət
davamçısı olaraq da hazırladığı mis
qabları nümayişə çıxarıb. Deyir ki, mis
qablara tələbat var. Hətta Moskvadan gəlib ondan bu
qabları sifariş edirlər. Elə sərginin
üstünlüyünü də sənət məmulatlarının
təbliğində böyük rol oynamasında görür.
Sərgidə Naftalan rayon sakini 80 yaşlı Sevdiyeva Kifayətin
də əl işləri, toxumaları nümayiş edilir.
Özü sağlamlığı imkan vermədiyindən
burada iştirak etməsə də toxuduğu son əl
işini- zanbaq gülünü də sərgiyə göndərib.
Müxtəlif sənət
nümunələri ilə sərgiyə qatılsalar da sənətkarların
fikri yekdildir. Bu festival xalq sənətinin inkişafına
böyük təkan verəcək.
Fürsət tapıb, sərgidə
əl işlərini diqqətlə nəzərdən
keçirən və qeydlər aparan festivalın təşkilat
komissiyasının bir neçə üzvü ilə də
söhbətləşirəm.
İlk müsahibim
festivalın təşkilat komitəsinin üzvü Leyla
Axundzadədir. O, bu festivalın əsas istiqamətinin milli mədəniyyətin
inkişafına xidmət olduğunu bildirir.
«İlk sərgidə 50-ə
qədər sənətkar iştirak etdi. Bu cür festival
birinci dəfə idi ki, keçirilirdi. Sərgi göstərdi
ki, dekorativ-tətbiqi sənətə kifayət qədər
maraq var. Amma, hörmətli Ədalət Vəliyevin qeyd etdiyi
kimi, müəyyən mərkəzlər yaranmalıdır və
orada sənət nümunələrinin nümayişi,
satışı üzrə yarmarkalar keçirilməlidir.
Bu, sənətkarlara maddi stimul vermiş olar. Hesab edirəm ki,
uğurlu sərgi keçirildi».
Dekorativ-tətbiqi sənət
istifadəsi məsələləsini isə Leyla xanım bu
cür yanaşdı:
«Turizm Azərbaycanda son illər
sürətli inkişaf edir. Bu sahədə hərtərəfli,
kompleks tədbirlər həyata keçirilir və
respublikamıza turist marağı böyükdür.
Sözsüz ki, xarici turist yerli simvolları, suvenirləri əldə
etmək istəyir. Xarici təcrübədə hotellərdə,
xüsusi mərkəzlərdə bu tip milli suvenirlər
satışa çıxarılır. Sənətkar maddi gəlir
əldə edir, digər tərəfdən sənin milli incəsənətin
dünyaya çıxır».
Sərginin ilk günü
başa çatdı. Festival isə marşrutuna
Naxçıvanda davam edəcək. Sonda isə paytaxt
Bakıda yekun tədbirlə I Ümumrespublika Xalq Dekorativ-Tətbiqi
Sənəti Festivalı başa çatacaq. Amma elə indidən
festivalla bağlı konkret məqsədlərin
reallaşacağını söyləmək
mümkündür. Bu ilk sərgi göstərdi ki, xalq sənətinə
böyük maraq var, yeni-yeni əsərlər və işlər
ortaya çıxıb, gənc və istedadlı ustadlar milli
sənətləri yaşatmaq gücündədilər. Sadəcə
olaraq, onlara meydan vermək, daha doğrusu, meydanı genişləndirmək
lazımdır. Mədəniyyət və Turizm Nazirliyinin təşkil
etdiyi festival məhz bu amala söykənir. Sərgi məndə
digər təəssüratlar da yaratdı. Ədəbiyyat
üzrə Nobel mükafatı qazanmış
yazıçı Orxan Pamukun «Mənim adım
qırmızı» romanında Azərbaycan miniatür sənəti
qırmızı xətlə keçir və əsərin
özəyini təşkil edir. Bizə adi görünən
mis döymə, yaxud hansısa oyma işi özündə
böyük incəsənət elementləri
daşıyır. Hansı ki, bu elementlərin bircəciyi
üzərində böyük bir roman yazılır. Bu
faktı xatırlatmaqda bir məqsədim var. Azərbaycan xalq
tətbiqi sənətləri kifayət qədər möhtəşəm
və maraqlıdır. Sadəcə olaraq onun geniş təbliğinə
ehtiyac var.
Sabutay
Mədəniyyət.-
2009.- 8 aprel.- S. 2-3.