Dekorativ-tətbiqi sənətimiz
Gəncə-Bakı marşrutunda
Xalqın mənəvi dünyasından,
yaradıcılıq istedadından xəbər verən
dekorativ-tətbiqi bədii sənətin qorunub saxlanması
istiqamətində Mədəniyyət və Turizm Nazirliyi
böyük bir layihəni reallaşdırmaqdadır. Xəbər
verdiyimiz kimi, aprelin 1-də I Ümumrespublika Dekorativ-Tətbiqi
Sənət Festivalına start verildi. Respublikanın
bütün şəhər və rayonlarını əhatə
edəcək festivalın beş regional mərkəzdə
- Gəncə, Naxçıvan, Lənkəran, Şəki və
Xaçmaz şəhərində keçirilməsi, müxtəlif
sərgilərin təşkil edilməsi nəzərdə
tutulur. İlin sonunda Bakıda yekun sərgi təşkil
ediləcək və qaliblər müəyyənləşdiriləcək.
Qeyd edək ki, Azərbaycan
dekorativ-tətbiqi sənətinin müasir dövrdə
inkişafı məqsədilə keçirilən
festivalın açılış sərgisi Gəncədə,
Dövlət Rəsm Qalereyasında təşkil edilmişdi.
Açılış mərasimində mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev, həmçinin
festivalın görkəmli sənətşünaslardan ibarət
münsiflər heyətinin və tədbirin təşkilat
komitəsinin üzvləri də iştirak edirdilər. Açılış nitqi ilə mədəniyyət
və turizm nazirinin müavini Ə.Vəliyev
çıxış etdi. O, gəncləri sənət
bayramı münasibətilə təbrik edərək Azərbaycan
mədəniyyətinə göstərilən dövlət
qayğısından və bu sahədə görülən
işlərdən danışdı.
«Azərbaycan dövləti mədəniyyət
sahəsində nəzərdə tutulan bütün layihələri
həyata keçirməkdədir və bu proses davam etdiriləcəkdir.
Bizim hamımız son bir neçə ildə mədəniyyət
sahəsində görülən böyük işlərin
şahidiyik. Beynəlxalq səviyyəli mədəni
tədbir və festivalların keçirilməsi, mədəniyyət
obyektlərinin bərpası, yenidən qurulması işi
davamlı olaraq aparılır. Dövlət
başçısı cənab İlham Əliyevin Gəncənin
istər sosial-iqtisadi, istər mədəni inkişafı
baxımından bu qədim şəhərə necə
yüksək diqqət göstərdiyini gəncəlilər
bizdən də yaxşı bilirlər. Biz
də qərara gəldik ki, festivalın ilk sərgisini xalq sənətlərinin
ənənələrini qoruyub saxlayan qədim Gəncədə
təşkil edək».
Açılışdan
sonra sərgi salonu tamaşaçıların ixtiyarına
verildi. Bu tamaşaçılar arasında
mən də var idim.
Nə vaxtsa Azərbaycan ərazisində
tapılmış və eramızdan əvvəl III minilliyə
aid saxsı qablarda olan sadə elementlər - düz və
sınıq xətlər, dairəciklər, üçbucaqlar,
romblar çox sonralar bədii tikmə ornamentlərində
üzə çıxdı... Dekorativ sənətin
öz kökündən qidalanaraq sənət fəlsəfəsini
yaşatmasına dair bu bircə fakt belə elə xalqın
öz mədəniyyətinin varisliyinin sübutudur. Xalçaçılıq, bədii oyma, toxuma, zərgərlik
və sairə sənət növləri üzrə nümunələr
xalqın bədii zövqü olmaqla bərabər onun məişətinin
ayrılmaz hissəsi olmuşdur. Eyni zamanda
xalq öz fəlsəfəsini, düşüncəsini bu sənət
əsərləri ilə əbədiləşdirmişdir.
Məsələn, bədii tikmələrdə bir-birindən
küsmüş təsvir edilən iki quş
ayrılığın simvolu anlamını verirsə, metal əşyalar
üzərində miniatürlərlə dövrün hər
hansı hadisəsinə münasibəti bilmək
mümkündür. Ümumiyyətlə, Azərbaycan
dekorativ-tətbiqi sənəti o qədər zəngindir ki, bu
zənginlik təkcə bədii baxımdan deyil, tarix,
astrologiya, çoğrafiya, fəlsəfə konturlarından
izah edildikcə aydınlaşır. Bu
gün dünyanın bir çox muzeylərini Azərbaycan
ustalarının əl işləri bəzəyir. Xalçaçılıq, ipəkçilik, daş
oymaçılığı, misgərlik, zərgərlik,
şəbəkəçilik kimi ənənəvi sahələr
sənət peşələrinin əsasını təşkil
edir və bu günümüzdə də yaşayır.
Lakin sözsüz ki, qədim incəsənət
sahəsi olaraq dekorativ-tətbiqi sənətin də
yaşamasına, qorunmasına, təbliğinə ehtiyac var. Məhz
bu ehtiyac Mədəniyyət və Turizm Nazirliyinin yeni bir mədəni
layihə həyata keçirilməsini zərurətə
çevirdi. Aprelin 1-də dekorativ-tətbiqi
sənət nümunələrinin, gənc istedadların
üzə çıxarılması məqsədi ilə I
Ümumrespublika festivalının ilk sərgisi keçirildi.
Qeyd etdiyimiz kimi, Azərbaycanda dekorativ-tətbiqi
sənəti kifayət qədər zəngindir. O qədər
ki, hər sənət üzrə az qala hər
bir regionun özünəməxsus texnologiyası, texnikası
və standartları mövcuddur. Məhz bu
baxımdan sənətlər müxtəlif region məktəblərinə
bölünür. Təsəvvür edin
ki, təkcə xalçaçılıq üzrə 7 məktəb
formalaşıb. Gəncənin xalça
ustalarının əl işləri qədim karvan
yollarıyla dünyanın çox yerlərinə gedib
çıxıb. Amma onlar nə vaxtsa Gəncə
xalçaçılıq məktəbinin nümunələrinin
böyük bir salonda nümayiş etdiriləcəyini
heç düşünməyiblər. X-XI
əsrlərdə yun xalçaların istehsalı kimi
tanınmış Gəncə xalçaçılıq məktəbi
ətraf rayonlara da təsir etmişdir. Gəncədə
metaldan düzəldilmiş əsərlərin yaşı
5000 ilə yaxındır. Silahlar, bəzək əşyaları,
qab-qacaq... Bu şəhərdə bədii tikmə
ustalarının, zərgərlərin, dulusçuların Azərbaycanın
digər regionlarından fərqli xüsusiyyətlərə
malik məktəbləri olmuşdur.
I Ümumrespublika Xalq
Tətbiqi Sənət Festivalının Gəncədə
keçirilən ilk sərgisində qədim ənənələri
yaşadan ustaların əsərləri nümayiş olunurdu.
Sərgidə Azərbaycanın 18 bölgəsini təmsil edən
sərgidə təşkilat komitəsinin təsdiq etdiyi əsasnaməyə
uyğun olaraq, xalçaçılıq, batika, zərgərlik,
keramika, bədii şüşə və tikmə, makrame,
dulusçuluq, toxunma qrafika, bədii dəri işləmə,
bədii döymə üzrə əsərlər
tamaşaçıya təqdim edildi. Sərgi salonunun
divarlarında müxtəlif xalçalar, qrafik işlərlə
bəzədilərkən ayrı-ayrı ustaların əl
işlərindən ibarət xüsusi yerlərdə təşkil
edilmişdir. Ustalarla sərgiyə təşrif
gətirmiş çoxsaylı insanların sənət
söhbətləri, sənət əsərlərinə
göstərilən diqqət, dekorativ
yaradıcılığın zənginliyi salonda xüsusi
ab-hava yaradırdı. Süjetli xalçaların
ornamenti, taxta və metal üzərində döymələri
hər biri xüsusi sənət mənasına malikdir. Bəzən
hansısa əsərin bədiiliyini anlamaq üçün bu
mənaların izahına ehtiyac hiss edirəm. İzahları
isə elə ustalarla söhbətdə alıram. Eyni zamanda, 18 bölgədən gəlmiş sənətkarlardan
bəzilərindən sərgi ilə bağlı təəssüratlarını
öyrənirəm.
İlk müsahibim
oymaçı ustadır. Ağayev
Şeyda Samux rayonunundan gəlib. Sərgidə
«Leyli və Məcnun» kompozisiyası ilə yanaşı
şam ağacından düzəltdiyi nərd taxta, şahmat,
mücrü, samovar da nümayış olunur.Əl işləri
oyma naxışlarla bəzədilib. Şam
ağacına üstünlük verməsini isə belə
izah edir.
«Şam materialla
işləmək asandır, tez xarab olmur. Ümumiyyətlə
isə bu işlə 1992-ci ildən məşğulam. Çox sevinirəm ki, əsərlərimi sərgiyə
çıxara bilmişəm. Bu cür
festivalın keçirilməsi sənəti yaşatmaq
baxımından vacibdir. Tezliklə o qədər zəngin
əsərlər üzə çıxacaq ki... Təki meydan olsun, bizim kifayət qədər sənətkarlarımız
var. 2000-ci ildə də əl işləri üzrə
müsabiqədə iştirak etmişəm. Sonradan isə keçirilməyib. Bu sərgi isə bizim üçün bayram
günüdür».
Sərgidə
yaşlı ustalarla yanaşı, gənc sənətkarların
da iştirak etməsi diqqətimi xüsusi olaraq cəlb etdi.
17 yaşlı Cəmilə Məmmədova
Daşkəsən rayonundan gəlib, toxucudur. Onun əsərlərinə
tamaşa edənlər isə heç də az
deyil. Özü isə eskiz halında olan əsərlərini
göstərib gələcək planlarından
danışır.
«8 yaşımdan
xalçaçılıqla, toxuma ilə məşğulam.
Sərgidə toxuduğum Şirvan, Qarabağ
xalçaları ilə iştirak edirəm. İlk dəfədir ki, bu cür sərgidə əsərlərimə
baxılır. Məncə, festivalda
uğur qazanacağam».
Qurban Qurbanov isə Gəncə
şəhərindəndir. Metalla işləmələri
var, əvvəlcə misdən hazırladığı
«Bağban» əsəri barədə izahat verir:
«Bu, bir miniatür əsərdir.
Bağban bir ağac əkib fikrə gedib və
o, özü narın içindədir. Ətrafda
dağınıq nar gilələri isə onun fikirləridir.
«Gəncədən İstanbula» əsərimdə
isə dünyada məşhur məscidlər ayın
içində təsvir etmişəm. Bu
birliyə çağırışdır. Dekorativ vaz olan əsərimin adı isə
«Dünyaya sülh»dür. Göyərçin
dimdiyində dünyanın simvolu göstərilir. Mən özüm mis döymə üzrə təhsil
almışam. Bir çox müsabiqələrdə
iştirak etmişəm. Bugünkü sərgi
isə daha əhatəli tədbirdir. Fərqlənib-fərqlənməyəcəyimdən
asılı olmayaraq, sərginin təşkilatçılarına
xalq sənətinin inkişafına qayğı
üçün təşəkkür edirəm».
Əlvan metallardan
düzəltdiyi əşyalarla, xüsusilə poladdan
hazırladığı silahlarla hər kəsin
marağına səbəb olmuş Şaiq Məmmədov Gəncə
sakinidir. Deyir ki, əsərlərinin
hazırlanmasında əlvan metallardan, poladdan başqa göndən,
rəngli direkorativ ağaclardan da istifadə edir. Onun
hazırladığı, gözəlliyi diqqəti cəlb edən
əyri qılıncı haqqında öz fikrini dinləyək:
«Deyirlər ki, əyri qılıncı dünyaya ərəblər
verib. Bu yanlış fikirdir. Əyri qılınc türklərə məxsusdur.
Bu növ qılıncın
üstünlüyü bir zərbəyə rəqibi məhv
etmək gücündə olmasındadır. Tarixi məxəzlər əyri qılıncın
türklərə məxsusluğunu sübut edir. Sərgiyə 60-a yaxın əsərlərimi
çıxarmışam. Silahlar, kitab
üzlükləri, təsbehlər... indiyə qədər
bir çox sərgi yarmarkalarında iştirak etmişəm.
Çox arzulayıram ki, bu festival hər il
keçirilsin. Çünki bu cür tədbirlər
sənətkarlığın inkişafına təkan verir».
Misgər Fəhimov Məmməd
Gəncədə yaşasa da əslən
lahıclıdır. Elə lahıc misgərlərinin
sənət davamçısı olaraq da
hazırladığı mis qabları nümayişə
çıxarıb. Deyir ki, mis qablara tələbat
var. Hətta Moskvadan gəlib ondan bu qabları sifariş edirlər.
Elə sərginin üstünlüyünü də
sənət məmulatlarının təbliğində
böyük rol oynamasında görür. Sərgidə
Naftalan rayon sakini 80 yaşlı Sevdiyeva Kifayətin də əl
işləri, toxumaları nümayiş edilir. Özü sağlamlığı imkan vermədiyindən
burada iştirak etməsə də toxuduğu son əl
işini- zanbaq gülünü də sərgiyə göndərib.
Müxtəlif sənət
nümunələri ilə sərgiyə qatılsalar da sənətkarların
fikri yekdildir. Bu festival xalq sənətinin
inkişafına böyük təkan verəcək.
Fürsət
tapıb, sərgidə əl işlərini diqqətlə nəzərdən
keçirən və qeydlər aparan festivalın təşkilat
komissiyasının bir neçə üzvü ilə də
söhbətləşirəm.
İlk müsahibim
festivalın təşkilat komitəsinin üzvü Leyla
Axundzadədir. O, bu festivalın əsas istiqamətinin
milli mədəniyyətin inkişafına xidmət
olduğunu bildirir.
«İlk sərgidə
50-ə qədər sənətkar iştirak etdi. Bu cür festival birinci dəfə idi ki,
keçirilirdi. Sərgi göstərdi ki,
dekorativ-tətbiqi sənətə kifayət qədər maraq
var. Amma, hörmətli Ədalət Vəliyevin qeyd etdiyi kimi,
müəyyən mərkəzlər yaranmalıdır və
orada sənət nümunələrinin nümayişi,
satışı üzrə yarmarkalar keçirilməlidir.
Bu, sənətkarlara maddi stimul vermiş olar.
Hesab edirəm ki, uğurlu sərgi
keçirildi».
Dekorativ-tətbiqi sənət
istifadəsi məsələləsini isə Leyla xanım bu
cür yanaşdı:
«Turizm Azərbaycanda
son illər sürətli inkişaf edir. Bu
sahədə hərtərəfli, kompleks tədbirlər həyata
keçirilir və respublikamıza turist marağı
böyükdür. Sözsüz ki, xarici
turist yerli simvolları, suvenirləri əldə etmək istəyir.
Xarici təcrübədə hotellərdə,
xüsusi mərkəzlərdə bu tip milli suvenirlər
satışa çıxarılır. Sənətkar
maddi gəlir əldə edir, digər tərəfdən sənin
milli incəsənətin dünyaya çıxır».
Sərginin ilk
günü başa çatdı. Festival
isə marşrutuna Naxçıvanda davam edəcək. Sonda isə paytaxt Bakıda yekun tədbirlə I
Ümumrespublika Xalq Dekorativ-Tətbiqi Sənəti Festivalı
başa çatacaq. Amma elə indidən
festivalla bağlı konkret məqsədlərin
reallaşacağını söyləmək
mümkündür. Bu ilk sərgi göstərdi
ki, xalq sənətinə böyük maraq var, yeni-yeni əsərlər
və işlər ortaya çıxıb, gənc və
istedadlı ustadlar milli sənətləri yaşatmaq
gücündədilər. Sadəcə
olaraq, onlara meydan vermək, daha doğrusu, meydanı genişləndirmək
lazımdır. Mədəniyyət və
Turizm Nazirliyinin təşkil etdiyi festival məhz bu amala
söykənir. Sərgi məndə digər
təəssüratlar da yaratdı. Ədəbiyyat
üzrə Nobel mükafatı qazanmış
yazıçı Orxan Pamukun «Mənim adım
qırmızı» romanında Azərbaycan miniatür sənəti
qırmızı xətlə keçir və əsərin
özəyini təşkil edir. Bizə adi
görünən mis döymə, yaxud hansısa oyma işi
özündə böyük incəsənət elementləri
daşıyır. Hansı ki, bu elementlərin
bircəciyi üzərində böyük bir roman
yazılır. Bu faktı xatırlatmaqda
bir məqsədim var. Azərbaycan xalq tətbiqi sənətləri
kifayət qədər möhtəşəm və
maraqlıdır. Sadəcə
olaraq onun geniş təbliğinə ehtiyac var.
Sabutay
Mədəniyyət. - 2009.- 8 aprel.- S. 2- 3.