Milli memarlıq elementləri: Baştağlar
Zaman, həyat dəyişdikcə zövqlər, tələblər
də dəyişir. Dünyaya inteqrasiya yönündə dəyişmələr
bəzən inkişafa müsbət təsir göstərir, hərdən
də mentalitetimizə yad əxlaq və dəyərlərin
formalaşmasına səbəb olur. Bu gün müstəqil
Azərbaycanın yeniləşmiş siması olan
paytaxtımız Bakıda genəl dəyişmələr
özünü daha çox büruzə verir.
Heç də qəribə
deyil ki, həyat və düşüncə dəyişikliyini
formalaşdıran ən əsas amil yeniləşən mədəniyyətmiz,
incəsənətmizdir. Hər xalqın şifahi,
yazılı və tikili tarixi var. Tikili tarix mədəni
irsimiz olan abidələrimiz, bu abidələrdə qorunan
elementlər, yaşadılan ənənələrdir. Modern
düşüncə heç vaxt birmənalı
qarşılanmayıb; hər zaman haqlı və haqsız tərəflər
olub. Amma tarixi ənənələrə sədaqətli
münasibət hər zaman birmənalı olub. Bu baxımdan
günbəgün dəyişən paytaxtımızın
memarlıq-inşaat layihələri sırasında Azərbaycan
memarlığına xas olan elementlərdən get-gedə daha
az istifadə olunması narahatçılıq yaradır. Məhz
bu üzdən Azərbaycan milli memarlığına aid
üslub və cərəyanlardan, forma və metodlardan, milli
elementlərdən az istifadə edilməsi təəssüf
doğurur.
«Mədəniyyət» qəzetinin
səhifələrində «Milli memarlıq elementləri» silsiləsindən
şəbəkələrə həsr olunmuş ilk yazıda
çağdaş tikililərdə şəbəkələrə
az yer verildiyini qeyd etmişdik. Eyni fikri Yaxın və Orta
Şərqin ən bitkin memarlıq kompozisiyalarından
sayılan baştağlara da aid etmək olar. Uzun sürən
inkişafın, memarlarımızın yaradıcılıq
axtarışlarının bəhrəsi olan
baştağların tikiliyə verdiyi əzəməti,
möhtəşəmlik və gözəlliyi, güclü
estetik təsiri nəyləsə əvəz etmək
mümkün deyil.
Baştağlar hələ
qədim zamanlardan dünyəvi, dini, həm də müdafiə
tikililərinin fasad həllində işlənib. Hazırda bu ənənə
dini tikililərdə, inzibati dünyəvi tikililər silsiləsindən
binalarda qorunub, az-çox istifadə olunsa da, şəhərsalmada
əsas yer tutan ictimai, yaşayış, məişət və
infrastruktur binalarının layihələndirilməsində
demək olar ki, özünü göstərmir. Əslində,
ta qədimdən (ən azı tikilinin giriş hissəsinin təşkilində)
milli memarlıq kompozisiyasına, onların arasında
baştağlara geniş yer verirdilər. O çağlar
memarlıqda girişin iki növü
formalaşmışdı: baştağlar və portallar. Portalların
ən bitkin növünə qədim yunan
memarlığında, baştağlara isə qədim Misir
memarlığında rast gəlinir. Memarlıq alimi Rayihə
xanım Əmənzadə XI əsrdən sonra Azərbaycanda
milli memarlıq məktəblərinin
formalaşdığı dövrdə yaranan
baştağları 8 qrupa bölüb: taxça, üz,
haşiyə, həcm-məkan, ayrıca dayanan, eyvan, balaxana ilə
birləşdirilən və darvaza baştağlar. Haşiyə
ilə çevrələnmiş dərin taxça
quruluşlu baştağlar XII əsr abidələrində
qeydə alınıb, XIV əsrdə Naxçıvandakı,
sonralar Bakı və Ərdəbil, Təbriz və Bərdədəki
abidələrdə özünü göstərib. Üz
baştağların klassik örnəklərinin
yaradılması memar Əcəmi Naxçıvaninin adı
ilə bağlıdır. Bu nümunələrə
Naxçıvan, Marağa, Qəbələ abidələrində
rast gəlmək olur. Haşiyə baştağlar
işğal altında olan Cəbrayıl, Zəngilan,
Ağdam, Füzuli rayonlarında qalan tarixi abidələrdə
daha çoxdur. Həcm-məkan baştağlara Bakıda
Şirvanşahlar sarayını, Şamaxı abidələrini
göstərmək olar. Ayrıca dayanan baştağlardan
Naxçıvandakı Qarabağlar kompleksini, Güney Azərbaycanın
Sultaniyyə və Təbriz abidələrini, Bakıda
Şirvanşahlar sarayının Şərq
darvazasını, Gəncədə İmamzadə kompleksini,
Buzovnadakı turbəni memarlar daha yüksək dəyərləndirilər.
Eyvan baştağlar yenə Şirvanşahlar sarayı məscidində,
Qusar, Quba rayonlarındakı türbələrdə,
Nardaranda, Gəncədəki qədim tikililərdə
özünü göstərir. Balaxana ilə birləşdirilmiş
baştağlara Bakıda, Ordubadda, Qubada, Ramanada, Səngəçalda
qorunan abidələrdə rast gəlinir. Darvaza
baştağlardan Şuşa, Şamaxı, Gəncə,
Ordubad bölgələrinin memarlığında daha çox
istifadə olunub.
Bu faktlar «Mədəniyyət»in
əksər oxucuları üçün tanış olmasa da,
tikiliyə dəyər və gözəllik gətirən,
onun ilk baxışdan təsir gücünü artıran milli
memarlıq elementləri sırasında baştağların nə
qədər əhəmiyyətli rol oynadığını təcrübəli
memarlarımız yaxşı bilirlər. Paytaxtın
İstiqlaliyyət küçəsində «İsmailiyyə»nin,
Ədəbiyyat Muzeyi binalarındakı baştağların
onları nə qədər gözəlləşdirdiyini
görməmək mümkün deyil. Dünya mədəniyyətini,
onunla birgə dünya memarlığını Azərbaycan mədəniyyəti
və memarlığıyla çuğlaşdırmağa
çalışan, ilbəil qədimlə modernin sintezi
yollarını təkmilləşdirən memarlarımızın
milli elementlərə daha doğma münasibəti, davamlı
müraciəti, bizcə, şəhərimizin gözəlliyini
artıqmaqla yanaşı, milli köklərə sədaqətin
nümayişi olar. Hər birimizin gözü
qarşısında olan gözəlliyə şəhər
mühitində, Bakının qədim tikililərlə zəngin
ərazilərinin yenidən qurulmasında daha önəmli yer
verilməsini arzu etmək bizlərin vətəndaş istəyidir.
F.Asimqızı
Mədəniyyət.- 2009.- 10 aprel.- S. 14.