Sevmək də ibadətdir
Əsəd Cahangirin “Namaz” poeması haqqında
Ateizmin dövlət ideologiyası səviyyəsinə
qaldırıldığı sovet rejiminin süqutu Azərbaycan
insanını yenidən öz minillik dini inanclarına
qaytarıb. Bunun bədii ədəbiyyatda ən bariz
nümunələrindən biri Əsəd Cahangirin “Namaz”
poemasıdır. Poema ilk dəfə Azərbaycan
Yazıçılar Birliyinin aylıq ədəbi-bədii nəşri
olan “Azərbaycan” dərgisində dərc edilib (2007, ¹ 9), sonra
ingilis, türk, rus dillərinə çevrilmiş, müxtəlif
İnternet saytlarına yerləşdirilmişdir. XIII əsr
böyük İslam mütəfəkkiri və şairi,
mövləviyyə sufi ordeninin banisi Cəlaləddin Ruminin
800 illiyinə ithaf olunmuş poema YUNESKO-nun 2007-ci ildə təşkil
etdiyi Beynəlxalq Rumi müsabiqəsində birincilik
qazanmışdır.
Min beş yüz
misradan artıq poemanın kompozisiyası namazın icra
olunması ardıcıllığı üzərində
qurulub - qiyam, rüku, səcdə, dua. Namazın bu əsas
hissələrinə uyğun olaraq poema da dörd hissədən
ibarətdir: “Qiyam - insanın həndəsəsi”; “Rüku - vəhşinin
xəttü-xalı”; “Səcdə - ağacın imanı”;
“Dua- daşın sevgisi”. Beləliklə, namazın hər hissəsi
poemanın müəllifi tərəfindən
varlığın bu və ya digər hissəsinə analoji
olaraq dərk olunur. Və poemanın fəsilləri ilkin
müəllif ideyasını özündə qabarıq əks
etdirir - insanından tutmuş daşınacan bütün
varlıq Yaradana ibadətdədir.
Şair
İslam ayininə kosmik-metafizik anlam verir. Kainat nəhəng
bir məsciddir. Kainat məscidinin ay-ulduzu
olduğu kimi, minarəsi də var. Süd yolu kəhkəşanıdır.
Bu nəhəng məscidin qübbəsi fəzalar,
döşəməsinə sərilən yaşıl
xalılar isə çəmənliklərdir. Əgər belə demək olarsa, poema
üçün əvvəldən axıracan bir pannamazizm səciyyəvidir.
Hamı və hər şey aramsız bir ibadətdədir,
heç nə namazdan kənarda deyil. Hər
şey namazdan keçir və namaz hər şeydən
keçir. Çünki Yaradanın dünyaya
verdiyi quruluş belədir. Gündə beş
dəfə icra olunan namaz isə bu kosmik namazın insani
forması, ritual şəklidir.
Gündəlik namazı
icra etməkdə əsas məqsəd də məhz
namazın kosmik-metafizik miqyasını dərk etməkdir. Lakin bu, son məqsəd
olmayıb özünüdərkə aparan yolun ancaq
başlanğıcıdır. Amma özünüdərk
də son məqsəd deyil. Əsas məqsəd
özünüdərk vasitəsilə Allahın birliyini və
onun yaratdığı dünyanın vəhdətini dərk
etməkdir. Allah birdir və
yaradılışın bütün hissələrində
Yaradanın əlamətləri var. Bütün varlıq
çevrələri vahid bir nöqtənin ətrafında
dövr edir. Buradan da poema müəllifinin son və
başlıca qayəsi doğur: ilahi birliyə, dostluğa,
sülhə, barışa çağırış! “Namaz” sevgi və vəhdət haqqında poemadır.
Və dini, irqi, milli, etnik, hərbi, siyasi, sosial
konfliktlərin kəsilmək bilmədiyi çağdaş
dövrdə bu ideya olduqca aktual səslənir.
Dini-mistik, fəlsəfi-sufiyanə
ruhun konkret reallıqla sintezi poemanın əsas üslubi
keyfiyyətidir. Poemanın süjeti qəhrəmanın bir rükət
namazından ibarətdir. Lakin bu bir rükət namaz prosesində o
həm özünü, həm təbiəti, həm Adəmdən
bu günə qədərki tarixi, həm bu gün baş verən
ictimai-siyasi olayları dərk edir və bütün
bunların cəmi onu haqqın dərkinə
yaxınlaşdırır. SSRİ-nin süqutu,
1988-1992-ci illər Bakı meydan hərəkatı, Qarabağ
müharibəsi, Buş administrasiyasının İraqda
törətdiyi vəhşiliklər kimi qlobal siyasi hadisələr
də, çağdaş insanın ağır sosial problemləri
də, mənəvi-əxlaqi aşınmalar da bu idrak prosesində
özünün bədii əksini tapır. Ə.Cahangir hadisələrə
və faktlara elə bir vəhdət nöqtəsindən
baxır ki, Allah və insan, din və dünya, mistika və
gerçəklik, tarix və müasirlik, insanın virtual
könül aləmi və vizual reallıq burada bir-birinə
qaynayıb qovuşur və vahid tamın ayrılmaz tərkib
hissələrinə çevrilirlər.
“Namaz”
müasir intellektual poemanın bariz nümunəsidir. Bu, təkcə
qoyulan problemin metafizik mahiyyəti, poemanın ruhunu saran fəlsəfilik,
psixologizmlə bağlı deyil. Müəllif qədim
hind, Misir, yunan, türk mifologiyasına, Tövrat, İncil,
Quran kimi səmavi kitablara, “Kitabi-Dədə Qorqud” və
“Koroğlu” kimi milli eposlara, xalq nağıllarına, antik
yunan filosofu Platondan tutmuş XX əsr alman filosofu Haydeggerə
qədər dünya mifoloji, dini, fəlsəfi fikir tarixinə
birbaşa və ardıcıl müraciətlər eləyir.
Bütün bunlarla yanaşı,
poemanın dili son dərəcə sadə və xəlqidir. Müəllifin
uğuru ondadır ki, o, ən fundamental problemlərdən nənələrimizin,
babalarımızın dili ilə danışa bilir. Dilin sadəliyi və xəlqiliyi
təhkiyəyə bir axıcılıq, rəvanlıq gətirir,
min beş yüz misralıq poemanı birnəfəsə,
yorulmadan oxumağa imkan verir.
Orijinal epitet, metafora, təşbeh,
simvol, bədii sual və xitablardan istifadə poema müəllifinin
əsas bədii-estetik uğurlarındandır. Poemanın
çox az misrası ola bilər ki, orada kəşf səviyyəsində
olan bu və ya digər bədii təsvir vasitəsindən
istifadə olunmasın.
“Namaz” vəhy və
ilham arasında olan bir duyğudan, özəl bir təbdən
doğulmuş poemadır. Poema bədii və dini mətn ritmini
məharətlə özündə birləşdirir. Təkcə
elə bu cəhətinə görə “Namaz” poemasını
Azərbaycan poeziyasında maraqlı bir hadisə, mühüm
bir yenilik kimi qarşılamaq olar. Ümumiyyətlə
götürəndə isə, “Namaz” Məhəmməd
Füzulinin “Leyli və Məcnun”undan sonra Azərbaycan ədəbiyyatında
növbəti sufiyanə poemadır.
Sabutay
Mədəniyyət.- 2009.- 10 aprel.- S. 13.