Qanunsuz adam
Gözəl insan, fantast yazıçı Namiq
Abdullayev 1988-ci ilin sentyabrında evsizlikdən, çarəsizlikdən
yazıçıların Şüvəlandakı
Yaradıcılıq Evinə gəlib
çıxmışdı. Mən də burda işləyirdim.
Onu hələ əvvəllərdən tanıyırdım.
Yaradıcılıq Evinin direktoru, hamının əsl
ziyalı kimi hörmət elədiyi Əli Həsənov ona
köhnə korpusda bir otaq ayırdı. Namiq müəllimin
dost-tanış evində, dənizqırağı
oturacaqlarda, vağzallarda, zirzəmilərdə, bağ evlərində,
bir sözlə, təsadüfi yerlərdə keçən əzablı
gecələri, nəhayət ki, sona yetmişdi. Heç
olmasa, indi bir tikə yeməyə çörəyi, gecələməyə
yeri vardı. Onu da deyim ki, o vaxt Namiq müəllim artıq
özünün dediyi kimi “27 il 3 ay 11 gün” işlədiyi
(deyəsən, belə idi təxminən) Teleradio Verilişləri
Komitəsindən işdən çıxmışdı. Yalnız
ştatdankənar əməkdaş kimi televiziyanın uşaq
verilişləri redaksiyası üçün «Əlifba
teatrı», «Pəncərəmə ay qonub» adlı ssenarilər
yazırdı. 80-ci illərin sonunda televiziyaya lap az-az gedirdi.
Şüvəlandan AzTV-yə gedib çıxmaq Namiq müəllim
kimi yaşlı və ağırçəkili bir adam
üçün zülm idi. Ruhu məni
bağışlasın, o, görkəmcə «Uzaq sahillərdə»
filminin qəhrəmanı Mehdi Hüseynzadənin dostu Visilinin
atasına oxşayırdı. Oxucunun onu yaxşı təsəvvür
etməsi üçün bunu xatırladım.
O, Yazıçılar İttifaqının
üzvü olmadığı üçün hər an
Yaradıcılıq Evindən
çıxarılacağından qorxurdu. Orda-burda qalmaqdan,
qovulmaqdan bezmişdi. Həm də ki, yaş, daha o yaş
deyildi, 60-ı haqlamışdı. İlk aylar
Yazıçılar İttifaqının üzvü olan qələm
sahiblərinin adına Namiq müəllim üçün
yollayışlar yazıb vəziyyətdən çıxmaq
olurdu. Lakin, necə deyərlər, şeytan heç vaxt
ölmədiyi üçün Namiq müəllimin
başı üstündə qara buludlar görünməyə
başladı.
I hekayət
Bir gün Əzizbəyov
Rayon Partiya Komitəsindən direktor Ə.Həsənova zəng
elədilər ki, bəs Yaradıcılıq Evində qanunsuz
adam saxlayırsınız. Raykomdan zəng eləyən ixtiyar
sahibinin “qanunsuz adam” ifadəsi, əslində Namiq müəllimin
bütün xarakterini özündə ehtiva edirdi. O,
doğrudan da, məişətdə, davranışda, söhbətlərində
çoxlarımızın qəbul etdiyi qəliblərə
sığmırdı, hər cür kompleksdən uzaq idi. Adamla
görüşəndə ürək üzən hal-əhval
tutmağı artıq və axmaq bir iş bilirdi. Söhbətə
birbaşa başlayardı.
Ə.Həsənov
beş-altı ay idi direktor təyin olunmuşdu və raykomla cəng-cidala
çıxmağa gücü yox idi. Bu, o vaxt, həm də mənasız
idi. O yan-bu yan elədin, yoxlamalar gəlib tökülməliydi,
qaşıya-qaşıya qan çıxarmalıydılar. Ə.Həsənov
çox götür-qoydan sonra Namiq müəllimi rəsmi
qaydada - əmrlə Yaradıcılıq Evinə gözətçiliyə
götürdü: təki o, tapdığı bu ala-babat
rahatlıqdan uzaq düşməsin.
...O, gözətçilik işində
bir həftədən artıq dözmədi. Onun əmək
kitabçasında qeyd olunan o həftənin sonuncu
günü idi, deyəsən. İşə gəldim. Gözətçi
otağında oturmuşdu. Məni görən kimi ayağa
qalxdı, ağlamsınan kimi oldu:
- Partlayıram, daha
dözə bilmirəm. Mən necə gözətçi
işləyim? Qoy məni qovsunlar! Səhərdən mən
burda işləməyəcəyəm!
Yaradıcılıq
Evində həmişə daha çox Rusiya şəhərlərindən
istirahətə gələnlər olardı. Ona görə də
bura yerli uşaqlar tez-tez gəlirdi. Və gözətçi
də Yaradıcılıq Evinə gəlib-gedənlərə
nəzarət etməyə, nizam-intizama cavabdeh idi. O gündən
sonra N.Abdullayev daha gözətçi işləmədi. Ə.Həsənov
da onu min bir yolla - bunu bir özü bilir, bir də Allahı -
axır ki, yola verdi. O,1990-cı il yanvarın 20-nə kimi,
sovet-rus qoşunları Yaradıcılıq Evini zəbt edənə
qədər orda qala bildi. Daha doğrusu, o yanvardan sonra Namiq
müəllim orda 4-5 ay yaşadı. Lakin ona «yaşamaq» demək
olmazdı. Hərbçilərin
kobudluğu, qaba davranışları onu tezliklə Yaradıcılıq
Evindən uzaqlaşdırdı.
* * *
Hörmət etdiyi adamın çiy
bir sözü, soyuq bir hərəkəti o dəqiqə qəlbinə
dəyərdi. Belədə çalışardı ki, bunu büruzə
verməsin, ancaq bacarmazdı - rəngi dəyişərdi. Tez bir söz
tapıb həmin adamın bilərəkdən, ya bilməyərəkdən
dediyini rəndələyərdi. Belə
xırdalıqlara görə dostdan inciməzdi. Böyük ürəyi vardı. Əkin-biçin adamı taxılın
toz-torpağını, qabığını
yığmağa xırmanın qırağında yer
ayırdığı kimi, Namiq müəllim də savad və
qanacaq sarıdan piyada olanlara ürəyində bir künc
ayırmışdı. O küncə boylanmağı
yox idi, yəni qoy yaşasınlar. Həmişə
yaxşı adamlardan, yaxşılıqdan
danışardı. Xırda bir
yaxşılığı dağ boyda görərdi. Belə ürək yiyəsi idi.
II hekayət
Bir dəfə işə gələndə
onu çox kefikök gördüm. Qəribə,
özünəməxsus bir sevinc vardı üzündə.
Onun belə halı az-az olardı. Həmişə
olduğu kimi, tez-tez danışmağa başladı:
- Dünən, - dedi - dayanmışdım həyətdə,
gördüm ki, Fikrət Qoca gəlib keçdi yanımdan. Özü də salamsız-kəlamsız. Çox pis oldum. İnanmadım
gözlərimə. Baxıram ki, on-on beş
addım getməmiş qayıtdı geri - düz üstümə.
İkiəlli mənimlə görüşüb
başladı üzrxahlıq eləməyə ki, bəs,
bağışla, Vallah, tanımadım səni...
Namiq müəllimin gözləri
yaşarmışdı. F.Qoca respublikada
Namiq müəllimin çox hörmət elədiyi
beş-altı ziyalıdan biri idi. Və bu
inciklik, qəhər də bu dərin hörmətdən irəli
gəlirdi. Ömrü boyu laqeydliyin, biganəliyin
soyuğunda üşüyən, ağrı-acı, əzab-əziyyət
içində yaşayan bu adam,
F.Qocanın bu adi və insani hərəkətindən uşaq
kimi kövrəlmişdi:
- Əşi, Fikrət müəllimdə günah
yoxdur... Üzümü bir həftədir
qırxmıram. Qulyabanıya
oxşayıram. Yazıq məni hardan
tanısın?
Namiq müəllim ömrünün sonuna
kimi F.Qoca ilə bağlı bu söhbəti bütün
münasib məclislərdə sevinə- sevinə, kövrələ-kövrələ
danışardı.
O, sevinməyi bacarırdı.
* * *
1989-cu ilin dekabrı sona
çatırdı. Respublikadakı gərgin ictimai-siyasi
vəziyyət, Qarabağ hadisələri, mitinqlər
Yaradıcılıq Evində də söhbətin əsas
mövzusu olsa da, arada yaxınlaşan Yeni il
gecəsindən də söz açan olurdu. Belə söhbətlərin
birində Namiq müəllim mənə, - hamınız Yeni il gecəsi evdə olacaqsınız, - dedi, - mən
qulyabanı kimi burda tək qalacağam, ürəyim
partlayacaq.
- Elə şey olar, Namiq müəllim?,
- Tez də onu arxayın elədim, - Dekabrın 31-i günorta səni
evdə gözləyirəm. Yeni ili birlikdə
qarşılayırıq. Yaxşıca da
vururuq. Gecə də qalırsan bizdə.
Üzündə sıxıntılı
bir təbəssüm yarandı. Bizdə
çox olmuşdu. Onda Vtorçermet qəsəbəsində
- həyət evində yaşayırdıq. Kəndimizdən
ali məktəbə qəbula gələn,
əsgərliyə gedən, Bakıya xəstə gətirən...
bizə təşrif buyurardı, bir sözlə, qonaq
sarıdan korluq çəkmirdik. Qohum-qardaş,
dost-tanış bizim evə zarafatla «qərargah» deyirdilər.
Uşaqlarım da - onda 2 qızım vardı -
Namiq müəllimi çox istəyirdilər. Nəyə görə deyə bilmərəm,
görünür, balacalar özləri təmiz olduğu
üçün, təmiz adama da qanları tez qaynayır.
III hekayət
Dekabrın 31-i səhər 11-12 arası
gördüm ki, bizim balaca dəmir darvaza döyülür.
Namiq müəllim bütün əzəməti
ilə girdi içəri. Əlində də
sellofan torba. «Əzizbəyov»dakı (metrostansiyanı nəzərdə
tuturdu) «ovoşnoy»dan (meyvə-tərəvəz
mağazalarına onda çoxu belə deyərdi) uşaqlara
meyvə almışam, - dedi. Palçıqlı alma və xurma idi aldığı. Onun bu «bazarlığı» mənə ləzzət
eləyirdi. Deyək ki, Namiq müəllim bazara getsin,
par-par parıldayan
Bir də gördüm ki, Yeni il gecəsi
üçün aldığım araqların ikincisı
yarıya çatıb. Namiq müəllimin ürəyi
açılmışdı:
- Dillər İnstitutunun ingilis dili fakültəsini
qurtarandan sonra məni təyinatla öz rayonumuza - Siyəzənə
göndərdilər. Müəllim işləyirəm.
Bir gün gördüm ki, «Uşaqgəncnəşr»in
direktoru Hacı Hacıyevdən mənə məktub gəlib.
Çox təəccübləndim. Çünki Hacı müəllimi ömrümdə
görməmişdim, tanışlığımız yox idi.
Məktubda yazırdı ki, «Pioner» qəzetindəki
hekayən çox xoşuma gəlib, səni nəşriyyata
işə dəvət edirəm. Elə həmin
dərs ilinin sonunda gəldim Hacı müəllimin yanına,
məni işə götürdü. Sonra
onu Dövlət Teleradio Verilişləri Komitəsinə -
radionun «Xəbərlər» proqramına baş redaktor təyin
etdilər. Məni də özü ilə
apardı. Redaksiyada ştat
olmadığı üçün məni studiyada
dispetçer işinə götürdü. Sonra da ki,
bilirsən... (köhnə dillə desək,
Namiq müəllim dispetçerlikdən televiziyanın elm-təhsil
baş redaksiyasının baş redaktoru vəzifəsinə
qədər yüksəlmişdi).
Namiq müəllimin təşəbbüsü
ilə vaxtından əvvəl
qarşıladığımız Yeni ilə hələ 8
saat qalırdı. Mətbəx tərəfdən
bir-iki saata başa gələsi aşın və yarpaq
dolmasının qoxusu söhbətimizə daha da şirinlik
qatırdı.
Namiq müəllimin kefi kökəlmişdi.
Yeni ilə qalan hər saatı bir gün kimi
uzatmaq, daha doğrusu, hər saatdan bir günün ləzzətini
almaq ovqatında idi. Vaxt - saat, dəqiqə
onun söhbəti ilə dada gəlirdi.
Ertəsi gün axşam getdi Namiq müəllim.
Nə qədər elədim qalmadı. -
Ayıbdır, dedi -, sənin də elə yerin yoxdu. - Onu
saxlamaq istədim. Bildim ki, Yaradıcılıq
Evində darıxacaq. Ancaq xeyri olmadı.
O, məndən yolda oxumağa jurnal istədi. Köhnə
bir «Oqonyok» verdim ona. Namiq müəllimi
evin yaxınlığındakı dayanacaqdan 93 saylı
avtobusla yola saldım. O, metronun “M.Əzizbəyov”
stansiyasında düşüb, 24 saylı avtobusa minib Mərdəkana,
ordan da 18 saylı avtobusla Şüvəlana -
Yaradıcılıq Evinə getməli idi. «Oqonyok»la
o, bu uzun yolun zülmündən az-çox xilas olmaq istəyirdi.
İndi də 1990-cı ilin o ilk soyuq,
küləkli yanvar axşamında Namiq müəllimi avtobusla
yola saldığım gün yadıma düşəndə
ürəyimin başı göynəyir.
* * *
Ömrünün sonuna yaxın bir qrup
yazarın təkidi və Yazıçılar
İttifaqının katibi Çingiz Abdullayevin köməyi
ilə ona Şərq bazarına yaxın - Qarabağ kücəsində
iç-içə olan balaca otaq və mətbəxtdən
ibarət köhnə bir mənzil vermişdilər. Əlbəttə, sağ olsun Çingiz müəllim.
Onu da deyim ki, Namiq müəllim o evdə az
yaşadı. Ölüm aman vermədi.
Arada baş çəkməyə gedərdim
ona.
IV hekayət
Deyəsən, 91-cı ilin apreli idi.
Bir gün televiziyadan çıxanda mənə dedi ki,
könlümə göy qutabı düşüb. Sabahı 6-cı günə
açılırdı. Evdə 4 göy qutabı bişirtdirib
(bizdə qutabları böyük bişirirlər, ikisi bir
adama bəs eləyir) yoldakı qastronomdan da bir büküm
250 qramlıq kərə yağı və araq alıb cumuldum
Qarabağ 26-ya - Namiq müəllimin yanına... «Məclis»
başa çatdı, çay içdik, sonra evə getmək
istədiyimi hiss edib dedi: «Çox sağ
ol ki, gəlmisən». Bu sözləri bu cür
deyilişdə ilk dəfə ondan eşidirdim. Ona
böyük hörmətim vardı və düzü, bu
«çox sağ ol» toxundu mənə:
- Namiq müəllim, necə
«çox sağ ol» ki, gəlmisən? Bu nə deməkdir? Adam adamın
yanına gələr də.
Rəhmətlik dərindən
ah çəkib qəmli-qəmli dilləndi:
- Sən bilmirsən. Bilmirsən ki, təklik necə dəhşətli
şeydir. Allah təkliyi düşmənə
də qismət eləməsin. Yanıma bir adam gələndə, bilirsən, nə qədər
sevinirəm?!
(Ardı gələn
sayımızda)
Qorxmaz Şıxalıoğlu
Mədəniyyət.- 2009.- 10 aprel.- S. 12.