Sevilən sənətkar
Azərbaycan kino və teatr sənətinin
inkişafında özünəməxsus xidmətləri olan
xalq artisti Muxtar Avşarovun adı mədəniyyət
tariximizdə mühüm yer tutur. Onun
zəngin yaradıcılığı
kino və teatr tariximizdə ayrıca bir səhifədir. Muxtar Avşarovun adı çəkiləndə gözlərimiz
qarşısında sevə-sevə seyr etdiyimiz onlarca tamaşadan maraqlı epizodlar canlanır. Müsbət və yaxud mənfi surətlərdən asılı
olmayaraq, onları peşəkarcasına yaratması
Muxtar Avşarovu tamaşaçılara sevdirmişdi.
Muxtar Həsən
oğlu Avşarov 1914-cü ilin 15 fevralında İrəvan
şəhərində anadan olub. Bir
neçə il sonra türklərə qarşı soyqırımın
başlanması ilə
əlaqədar ailə
İrəvanı tərk
edib, Türkiyəyə
köçür. Lakin
Türkiyə mühitinə
uyğunlaşa bilməyən
atası Həsən Avşar əvvəlcə
Bakıya, sonra isə Gəncəyə köçür; 1921-ci ildə
dünyasını dəyişir.
6 yaşlı Muxtar babasının himayəsinə
keçir. Muxtar Gəncədə doqquzillik
dəmiryol məktəbini
bitirdikdən sonra babasının təşəbbüsü
ilə Bakıya gələrək dəmiryolçuların
sənət məktəbinə
daxil olur. Sənət məktəbinin qarşısında
Dəmiryolçular klubu
yerləşirdi. İncəsənətə,
teatra olan həvəsi onu rahat buraxmadığından
boş vaxtlarında həmin kluba gedir və oradakı
dram dərnəyinə
üzv yazılaraq həvəskar aktyor kimi fəaliyyətə başlayır. Çox keçmir ki, həmin dərnəyə görkəmli
aktyor Ülvi Rəcəb rəhbərlik
etməyə başlayır.
O, A. Şirvanzadənin «Namus»
pyesini tamaşaya qoyur. Pyesdəki Sumbat rolunu gənc
Muxtara verir. Bu rolun öhdəsindən layiqincə gələ bilməsi Ülvi Rəcəblə Muxtar Avşarov arasında xoş münasibət yaradır. 1933-cü ildə
sənət məktəbini
bitirib Gəncəyə
qayıdan M.Avşarov
dəmiryolunda çilingər
işləməklə bərabər,
həm də dəmiryolçuların mədəniyyət
evində həvəskar
aktyor kimi fəaliyyətini davam etdirir.
1937-ci ildən gənc
Muxtar Gəncə Dövlət Dram Teatrında aktyor işləməyə
başlayır. 1938-1939-cu illərdə
teatrda S. Vurğunun «Vaqif», «Xanlar», S. Rəhmanın «Toy», Q.Musayevin «Şərqin qapısı», M.H.Təhmasibin
«Bahar», C.Cabbarlının
«Aydın», M.İbrahimovun
«Madrid» əsərləri
tamaşaya hazırlanır.
S.Vurğunun «Vaqif», «Xanlar», S.Rüstəmin «Qaçaq Nəbi» pyeslərinin tamaşaya qoyulması Gəncə teatrının tarixində
böyük hadisə
idi.
Bütün bununla
yanaşı, aktyor o dövrdə tarixin sərt
sınaqları ilə də üz-üzə dayanmalı olur.
Belə ki, Gəncənin
adının dəyişdirilərək
Kirovabad qoyulmasına və bunun ardınca
Gəncə Dram Teatrına Beriyanın adının verilməsinə
qarşı narazılığını
bildirən Muxtar Avşarov heç nədən ömrünün
5 ilini həbsxanada keçirir. Buna səbəb onun daxilindəki vətənpərvərlik
hissi idi. 1945-ci ilin soyuq fevral
gecələrinin birində
bəraət alaraq azadlığa çıxan
aktyor köhnə iş yerinə bərpa edilməsinə baxmayaraq, yenə də təzyiqlərə
məruz qalırdı.
1945-ci ildə Sovet
İttifaqı tərkibində olan respublikaların
teatrlarının bütövlükdə rus klassiklərinin əsərlərini
öz repertuarlarına salmaları haqda sərəncam verilir. Azərbaycanda da sərəncam sorğu-sualsız həyata keçirilir. Akademik Dram Teatrı və C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı Qoqolun «Müfəttiş» komediyası
ilə Ümumittifaq müsabiqəsində iştirak
edirlər. Gəncədə həmin dövrdə
rejissor işləyən
Mehdi Məmmədov M.Avşarovun istedadını,
həmçinin siyasi
fəaliyyətinə görə
həbsdə olduğunu
nəzərə alıb
onunla fərdi qaydada Xlestakov rolunun məşqlərinə
başlayır. Ümumittifaq
müsabiqəsinin Moskvadan
gələn heyəti Azərbaycanda da ayrı-ayrı
teatrlarda tamaşalara baxdıqdan sonra Gəncəyə gələrək
tamaşanı qəbul
edir və əsas rolun ifaçısı M.Avşarovun
aktyorluq məharətinə
yüksək qiymət
verirlər.
Tamaşaçılar tərəfindən
sevildiyinə, neçə il həbsxanada qalıb, ən nəhayət,
bəraət aldığına görə, onun şəhərdə
nüfuzu daha da artır və bu hal NKVD tərəfindən
çox narahatlıqla qarşılanır. Odur ki, o,
«nenadyojnıy element» damğası vurularaq işdən kənarlaşdırılır.
Lakin 1953-cü ildə
Stalinin ölümü
və ölkədə
yaranan böyük canlanma M.Avşarovun da həyatına təsir edir və o, yenidən
C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına qayıdır.
O zaman S.S. Axundovun
«Eşq və intiqam» əsərinin tamaşasında əsas
rollardan birini oynayan M.Avşarov Gəncə
tamaşaçılarının sevimlisinə çevrilir. Bu
teatrdakı nailiyyətlərə çıxışına
görə o, 1960-cı ildə respublikanın əməkdar
artisti fəxri adına layiq görülür.
Muxtar Avşarov
C.Cabbarlı adına Gəncə Dram Teatrının səhnəsində
yüzdən artıq tamaşada oynamışdı. Bir
sıra xarakterik rolları məharətlə ifa etdiyinə
görə, ayrı-ayrı vaxtarda üç dəfə Gəncəyə
gələn Akademik Dram Teatrının bədii rəhbəri
və rejissoru Tofiq Kazımov 1968-ci ildə onu M.Əzizbəyov
adına Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət
edir.
Həmin vaxt «Azərbaycanfilm»
kinostudiyasının direktoru işləyən Adil İsgəndərov
da onun filmlərdə çəkilməsinə kömək
edir. Bu illərdə kinostudiyada İsmayıl
Şıxlının «Dəli Kür» filminin çəkilişləri
başlayır və M.Avşarova rol həvalə edilir.
Bu rolun müvəffəqiyyətli
alınması kino sahəsindəki fəaliyyətini
artırır və az sonra ona «Atları yəhərləyin»
filmində İran kəndxudası rolu həvalə edilir.
Hələ
sağlığında öz şəxsi fondunun
yaradılmasına imza atan Muxtar Avşarov böyük sənətkarlığı
ilə bərabər, övladları üçün
qayğıkeş, mehriban ata, nəvələri
üçün sevimli baba, bütün xalqı və milləti
üçün hörmətli el ağsaqqalı olub. Böyük oğlu, tanınmış rəssam
Rza Avşarov atası haqqında öz xatirələrini belə dilə gətirir: «Təbiəti çox sevərdi. Ailədə sərt, ancaq ədalətli və çox sadə idi. Şöhrətpərəst deyildi.
Ailəsinə qarşı
həddindən artıq
qayğıkeş idi.
Bunun nəticəsidir
ki, övladlarının
hamısı ali təhsil alıb və atamızda olan sadəlik, təvəzökarlıq hər
birimizə sirayət edib».
Ömrünün 90
ilinin 65 ilini peşəkar səhnəyə
bağlamış, zəngin dünyagörüşə malik
sənətkar daim teatrı düşünmüş, sənətlə
nəfəs almışdı. Hələ
sağlığında, 2004-cü ilin may ayında Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə
«Şöhrət» ordeni ilə təltif edilmişdi.
M.Avşarov 2004-cü
ilin 6 dekabrında 90 yaşında dünyasını dəyişmişdir.
Muxtar Avşarov həmişə
üzdə olan, həmkarları, tamaşaçılar tərəfindən
sevilən, arzulanan şəxsiyyət idi. Muxtar M.Avşarov təkcə
Azərbaycan teatr və kino sənətində deyil, həm də
həyatda elə bir xidmət göstərib ki, onun adı həmişə
hörmətlə çəkiləcək, xatirəsi minnətdarlıqla
yad ediləcək.
ZÜMRÜD
Mədəniyyət.- 2009.- 10 aprel.- S. 11.