Azərbaycanla Kipr arasında yeni turizm əlaqələri yaranır
Poebe Katsouris: «Azərbaycanlı turistləri ölkəmizdə
görməyi çox istərdik»
Bugünlərdə Bakıda keçirilən
Ümumdünya Turizm Təşkilatının Avropa üzrə
Komissiyasının 49-cu iclasında iştirak etmək məqsədilə
Azərbaycana gələn BMÜTT-nin sədri xanım Poebe
Katsouris eyni zamanda Kipr Turizm Təşkilatının
direktorudur. Məlum olduğu
kimi, Kipr Respublikası turizm sahəsindən külli miqdarda gəlir götürən ölkələr
sırasındadır. Bu
baxımdan xanım Katsourislə görüşüb,
Kipr turizminin inkişaf perspektivləri,
hazırkı iqtisadi böhranın bu ölkəyə təsirinin
azaldılması ilə
bağlı görülən
tədbirlər haqda suallarımıza cavab aldıq. Söhbət əsnasında eyni zamanda xanım Katsouris Azərbaycan haqqında təəssüratlarını
da bizimlə bölüşdü.
- Büdcəsinin
böyük faizi turizm sahəsindən əldə edilən gəlir
hesabına formalaşan dövlət kimi, böhrandan daha az
ziyanla çıxmaq üçün hansı tədbirləri
görürsünüz?
- Kipr Aralıq dənizi sahilində kiçik bir adadır. Lakin orada çox böyük turizm potensialı var. Ən böyük turist axını Avropa ölkələrindəndir.
Doğrudur, ötən
il iqtisadi böhrana və Birləşmiş Krallıqdakı
bəzi iqtisadi dəyişikliklərə görə
problemlərlə üzləşdik.
Bu dəyişikliklərdən xilas olmaq üçün
müəyyən qərarlar
qəbul etmək məcburiyyətində qaldıq.
İlk növbədə
müxtəlif ölkələrlə,
o cümlədən Almaniya
və Birləşmiş
Krallıqla əməkdaşlığı
genişləndirdik. Həmçinin
biz Kiprdə Ukrayna, Rusiya, Azərbaycan, ərəb ölkələri
üçün yeni bazarlar açırıq.
Bu gün bizim üçün turizm baxımından Skandinaviya
ölkələri daha
maraqlıdır. Ölkənin
turizm bazarını daha rəngarəng etməyə çalışırıq.
Bilirsiniz, bu gün böhranın davam etdiyi bir
vaxtda uzunmüddətli
qərarların qəbul
edilməsi çox vacibdir. Bununla sənayeyə, hotellərə
və başqa xidmət növlərinə
kömək etməyə
çalışırıq. Rəqabətə davamlılığı
artırmaq, daha yüksək keyfiyyətli
və geniş həcmli xidmət təklif etmək lazımdır.
- Ölkədə turizm
sahəsinin davamlı inkişafına nail olmaq və
çoxlu gəlir əldə etmək üçün
hansı layihələrin həyata keçirilməsini nəzərdə
tutursunuz? Ümumiyyətlə, ölkənizdə turizmin daha
çox hansı sahəsini gəlirli hesab edirsiniz?
- Cənubi Kipr ailə
turizmi üçün əsl təyinat yeridir. Kiprin olduqca gözəl iqlimi var, insanları qonaqpərvər və mehribandır. Yüksək
keyfiyyətli xidmət
və əlverişli
hava şəraiti ailələr, xüsusilə
də yaşlı insanlar üçün çox sərfəlidir.
Biz başqa vasitələri
yaratmaq üçün
də əlimizdən
gələni edirik. Proyektlərimizi zənginləşdirmək
üçün daha geniş imkanlara malik istirahət mərkəzləri yaratmışıq.
Bu mərkəzləri daha
da inkişaf etdirməyə hazırlaşırıq.
İki yaxtamız var, daha 4-nü almağa hazırlaşırıq.
Aralıq dənizi yaxtaları həm də gənclər və fanatik turistlər üçün
də təyinat yeridir, dəbdəbəli,
təntənəli. Bundan
başqa, mədəniyyətimizi
inkişaf etdiririk. Bildiyiniz kimi, Kipr çox qədim sivilizasiyaya malikdir. Mifologiyası çox uzaq tarixə gedib çıxır. Kipr öz gözəlliyi ilə də dünyada məşhurdur.
Bizim mədəni köklərimiz var. Zeytun ağacları, üzüm
bağları, dinimiz,
mədəni irsimiz, yaşıllıqlarımız, meşələrimiz var. Bütün
bunlara əsaslanaraq təbiət turizmini də inkişaf etdiririk. Öz növbəsində bu da turizmin müxtəlif
istiqamətlərdə inkişafına
kömək edir. Bütün bunlar isə turizmin təkcə yayda deyil, ilin bütün
fəsillərində inkişafına
və ölkəyə
turist cəlbinə yardım edir.
- Dünyada baş verən
qlobal böhran bir çox ölkələrin
iqtisadiyyatını demək olar ki, çökdürdü. Sizdə
vəziyyət necədir və daha çox ziyan çəkən
hansı sahələr oldu?
- Kipr iqtisadi böhrandan
o qədər də əziyyət çəkmir. Hələ ki banklar öz normal fəaliyyətlərini davam
etdirirlər, iqtisadi sistem çox möhkəm və davamlıdır. Bizdə bütün işlər pozitiv yolla gedir.
Dayanıqlı iqtisadiyyatı
olan bütün ölkələrdə bu belədir. Kiprdə əsasən iki sistem ziyan çəkib,
tikinti və turizm. Çünki bizim əsas bazarımız turizmdir. Lakin kreditlərin yönəldilməsi ilə
bağlı verdiyimiz qərarlarla bu iki gəlirli sahəni xilas etməyə çalışırıq.
- Azərbaycanın
turizm potensialı haqqında fikirlərinizi bilmək
maraqlı olardı... Ümumiyyətlə, Bakı sizdə
hansı təəssüratları yaratdı?
- Mən
Bakıdan çox təsirləndim. Zəngin
və qədim mədəniyyətə malik
şəhərdir. Çox
qonaqpərvərsiniz. Bunu
Avropadan gələnlər
də görür.
Bu, mənim Bakıya birinci səfərimdir. Amma sizin tarixi
abidələriniz haqqında
məndə geniş məlumatlar var idi. Görürəm ki, turistləri cəlb etmək üçün çox işlər görülüb.
Yüksək standartlara
uyğun hotelləriniz
var. Tarixi yerləriniz,
ən çox da İçərişəhər
haqqında gözəl
təəssüratlarım yarandı.
- Azərbaycanla Kipr
arasında turizm sahəsində əməkdaşlıqla
bağlı birgə layihələrin həyata keçirilməsi
gözlənilirmi?
- Turizmin inkişafı
baxımından yüksək təcrübə əldə
etmişik və bu bilgiləri sizinlə məmnuniyyətlə
bölüşməyə hazırıq. Hələlik konkret layihələr hazırlamamışıq.
Amma mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevlə ikitərəfli
görüşümüz zamanı da gələcəkdə əməkdaşlıqla
bağlı müəyyən
layihələrin həyata
keçirilməsi barədə
söhbətimiz oldu. Azərbaycanlı turistləri
ölkəmizdə görməyi
çox istərdik.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2009.- 10 aprel.- S. 9.