Sözlə tikilən sənət mülkü
İzin də qalacaq, sözün də!
Bu yaxınlarda
tanınmış publisist, «Qızıl qələm», «Həsən
bəy Zərdabi», «Mirzə Cəlil», «Araz», «Vətən»
mükafatları laureatı, əməkdar mədəniyyət
işçisi Məzahir Süleymanzadə bizi yeni kitabı ilə
sevindirdi. «İzim qalmasa da, sözüm qalacaq» adlı irihəcmli
kitab oxucular tərəfindən maraqla müəllifin qırx
illik yaradıcılıq hesabatı kimi qarşılandı.
Məzahir Süleymanzadə
mənim uşaqlıq
dostum və tələbə yoldaşımdır.
Biz bir məhlədə
böyümüş, bir
məktəbdə oxumuşuq.
Təbii
ki, o, yeni
kitabının ilk nüsxəsini də mənə göndərdi.
560 səhifəlik kitabı
birnəfəsə oxudum,
Məzahir Süleymanzadə
qələminin qüdrətinə
bir daha sevindim. Öz sevincimi «Mədəniyyət»
qəzetinin səhifələrində
müəlliflə bölüşmək
istəyirdim ki, «Azərbaycan» qəzetində
həmkarım Flora Xəlilzadənin «Sözlə
tikilən sənət
mülkü» məqaləsini
oxudum. Flora xanım «İzim
qalmasa da, sözum qalacaq» kitabı ilə əlaqədar ürəyimdən
keçən fikirləri
ürəklə, peşəkarlıqla
qələmə almışdı.
Düşündüm ki,
«Mədəniyyət» qəzetinin
oxucularına elə həmin yazını təqdim edim və Məzahir Süleymanzadəyə yeni
yaradıcılıq
uğurları arzulayım.
Flora Xəlilzadənin
düşüncələrinə bircə onu əlavə etmək
istəyirəm ki, Məzahir Süleymanzadənin Azərbaycan
mətbuatında təkcə sözü yox, izi də qalacaq. «Səhər»
qəzetinin 1990-cı ilin Qanlı Yanvar hadisələrindən
dərhal sonra xalqın yarasına məlhəm olan, iki milyon
tirajla buraxılıb əhaliyə pulsuz paylanan sayı mətbuat
tariximizdə əbədi qalacaq iz deyilmi?
Nigar Mənsimli
O, bu mülkün
ən halal sahiblərindən biridir. Çünkü əlinə qələm
aldığı və
sözə könül
verdiyi gündən həmişə seçilib.
İllər saçlarına bəyazlıq, ömrünə
yaş gətirsə də, həmişə qələminə etibarlı
çıxıb. Çalışıb
ki, sözünün ağası olsun. Bu səbəbdən də dilimizin şirinliyindən, zənginliyindən,
zərrə-zərrə toplayaraq
kəlmə-kəlmə hördüyü
söz mülkü bu məhəbbətin və qayğının müqabilində onu peşman etməyib. Şöhrətə, şana çatdırıb,
ünvanına təbriklər,
minnətdarlıqlar, təltiflər,
mükafatlar, fəxri
adlar… gətirib. Adı çəkiləndə fərəhlənmişik,
uğuruna sevinmişik,
hər dəfə ürəyimizdən xəbər
verən yazılarını
oxuyanda "Əhsən,
Məzahir" söyləmişik.
Əməkdar mədəniyyət
işçisi, bədən tərbiyəsi və idman xadimi Məzahir
Süleymanzadənin imzası oxuculara və ədəbi
ictimaiyyətə yaxşı tanışdır. Qırx ildən
artıq bir müddətdə müxtəlif mətbuat
orqanlarında çalışan Məzahir Süleymanzadə
peşəkar jurnalist kimi səmərəli fəaliyyət
göstərən, mükəmməl
yaradıcılığa malik, sayılıb-seçilən həmkarlarımızdandır.
Onun yaradıcılıq üfüqləri çox geniş,
toxunduğu mövzular müxtəlifdir. Amma bunların
hamısını bir məcrada birləşdirərək
oxucu marağına səbəb olmaq qüdrətinin yalnız
bir adı və möhkəm dayağı var: Qələm!
Məzahir Süleymanzadə
sözə məsulliyyətlə yanaşmağı bacaran qələm
sahibidir. Bu səbəbdən də nə yazıbsa, maraqla
oxunub, rəğbətlə qarşılanıb. Həm
peşəkarlıq, həm də istedad, üstəgəl səriştə,
təcrübə - bütün bunlar birləşərək
məhz Məzahir Süleymanzadə imzasını oxuculara
sevdirə bilib.
Bu yaxınlarda qələm
dostumuzun "Nurlan" nəşriyyatında nəşr
edilmiş "İzim qalmasa da, sözum qalacaq" adlı
kitabını həmkarları bax, elə bu istəklə
qarşıladılar. Əslində bu sanballı kitab
ömrünü söz uğrunda girov qoymuş bir qələm
sahibinin yaradıcılıq hesabatı kimi dəyərləndirilməlidir.
Yeni nəşrdə nədən
söhbət açılır? Bunun ən yaxşı
cavabını müəllif özü ön sözündə
oxuculara çatdırır: "İllər necə gəldi,
necə keçdi, bilmədim. Əlli səkkiz il
ömrümün hamısıdır, yarısıdır, onu
da bilmirəm. Bildiyim bircə odur ki, ürəyimdən
keçənlərin heç yüzdə birini görmədim,
duymadım. Özümdən çox başqalarını
düşündüm, günlərimi, aylarımı onlar
üçün xərclədim. Atam kimi, anam kimi xeyirxah oldum,
ləyaqətimi qorudum. Amma bu dünyada bir iz qoya bilmədim.
Dediyim elə söz oldu. Təsəllim də elə budur: məndən
sonra bu dünyada izim qalmasa da, sözum qalacaq!"
Bu, əslində hər
bir qələm sahibinin ürəyindən keçən, bəzən
də dilə gətirmədiyi, amma duyğularında qərar
tutmuş səmimi hisslərdir. Bu hisslərin ahəngində əsl
jurnalistlərin həyatı, məqsəd və məramı,
bir sözlə, söz uğrunda döyüşən
ömrü gizlənib. Məzahir Süleymanzadənin Azərbaycan
mətbuatının inkişafında özünəməxsus
xidməti var. Uzun illər "Səhər" qəzetinin
redaktoru kimi çox səmərəli bir fəalliyət
göstərib. Hamımızın yaxşı
yadındadır ki, 20 Yanvar faciəsindən sonra yeganə
"Səhər" qəzeti bütün qorxulardan, vahimələrdən,
hər an ölümə tuş gələ biləcək məqamlardan
sıyrılaraq Bakıda baş verənləri öz səhifələrində
işıqlandıra bildi. Məhz "Səhər"
günümüzün qanla büründüyünü,
fotoşəkillərin, eləcə də jurnalist
yazılarının hesabına tarixə yazdı. Əslində
o günlər qəzet çap etmək, həqiqəti
olduğu kimi yazmaq çox çətin və təhlükəli
idi. Amma bu müşküllərin içində Məzahir
Süleymanzadə kimi dəyərli oğullar səhəri
qanla örtülmüş Bakının vahiməli gecəsindən
reportajlar hazırlayaraq xalqa çatdırdılar. Təkcə
o dövrdəki fəaliyyətinə görə Məzahir
Süleymanzadəyə ömürlük bəs edəcək
minnətdarlıq düşür.
Kitabda müəllif
uşaqlıq illərindən, analı günlərindən,
tələbəlikdən başlayaraq bu günə qədər
keçdiyi həyat yolundan söz açır. Beş
addımlıq ömür yolunda üzləşdiyi olaylardan,
hadisələrdən danışır.
Görüşdüyü insanlardan, yazdığı qəhrəmanların
mənəviyyat aləmindən, olduğu ölkələrin
qəribəliklərindən oxuculara məlumatlar verir. Ona dərs
demiş, elcə də çoxumuzun müəllimi olmuş
görkəmli pedaqoqları yada salan müəllif Mir Cəlalın,
Əzizə Cəfərzadənin, Nəsir İmanquliyevin,
Seyfulla Əliyevin, Famil Mehdinin, Aydın Əbilovun, Tofiq
Rüstəmovun, Əliş Nəbilinin - dünyasını
dəyişmiş bu unudulmaz insanların adını ehtiramla
çəkir. Onların tələbələrə göstərdiyi
mehriban, qayğıkeş münasibətdən
danışır. Tələbə yoldaşlarını
xatırlayır. Vaxtilə işlədiyi mətbuat
orqanlarında qayğı gördüyü qocaman jurnalistləri
də unutmur: Hidayət Zeynalov, Musa Əliyev, Firuzə
Nağıyeva, Məryəm Həsənzadə, Əli
İldırımoğlu, Ənvər Əmirəliyev, Xudu
İsgəndərov, Cəlil Xəlilov, Telman Heydərov...
Ötən əsrin
80-ci illərində Azərbaycan mətbuatına yeni nəfəs,
yeni mövzular gətirən Şahmar Əkbərzadənin,
Möhbəddin Səmədin, Famil Abbasovun, Bəxtiyar
Sadıqovun, İlham Rəhimlinin, Əfqanın, Hidayət
Elvüsalın, Şakir Yaqubovun və başqalarının yaradıcılığından
söz açaraq onların Azərbaycan mətbuatının
inkişafında göstərdikləri xidmətlərə
toxunur.
Kitabdakı materiallar
mövzularından asılı olaraq müxtəlif
başlıqlar altında verilmişdir. "Dönüb geriyə
baxanda" adlı bölmədə müəllif keçdiyi
həyat yoluna nəzər salır, ibrətamiz hadisələrlə,
maraqlı faktlarla dolu olan ömrün dünəni həqiqətən
maraqlı bir üslubda qələmə
alındığından yorucu deyil. Birnəfəsə oxunur.
Və hər kəsə doğma təsir
bağışlayır.
"Taliyimdə 20
Yanvar" bölməsində isə adından da göründüyü
kimi, 1990-cı ilin faciəli yanvar günlərində fövqəladə
vəziyyət şəraitində yaşayan Bakının dərdlərindən
söz açılır. Həqiqətən də faciədən
dərhal sonra nəşr olunan, 12 səhifəlik nömrəsi
ilə xalqımızın yarasına məlhəm qoyan "Səhər"
20 Yanvar şəhidlərinin xatirəsinə
ucaldılmış birinci möhtəşəm söz abidəsi
oldu. 2 milyon tirajla çıxarılmış "Səhər"
xalqa pulsuz paylanırdı. Çox sonralar mətbuatda dərc
edilən yazılarda Məzahir Süleymanzadənin
redaktorluğu ilə fəaliyyət göstərən "Səhər"in
kollektivini "qəhrəman jurnalistlər"
adlandırdılar.
"Peşəkar
söhbətlər" bölməsində isə
ayrı-ayrı jurnalistlər və qəzetlər barədə
mülahizələr toplanıb. Müəllifin söhbətləri
burada mətbuat haqqında baxışlarını əks
etdirir. "Xatirələr" bölməsində isə
müəllif taleyindən keçən, hər zaman xeyirxah
münasibətini hiss etdiyi xoş niyyətli insanlar
haqqında söhbət açır. Bu bölmədə minnətdar
olduğu şəxsiyyətlərdən biri ümummilli lider
Heydər Əliyevdir. Xatırlayır ki, 1986-cı ildə
Moskvada İctimai Elmlər Akademiyasında iki aylıq kurs keçərkən
onların qonağı Sov. İKP MK Siyasi Bürosunun
üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini Heydər Əliyev olub. Müəllif qürurla
yazır ki, iki saat davam edən görüşdə
hamımız Heydər Əliyev zəkasının cazibəsinə
düşdük. Heydər Əliyevin onunla görüşünü,
əlini sıxmağını, iş-gücü ilə
maraqlanmasını indi də xoş duyğularla yad edən
müəllif yazır: "Ümummilli liderlə ikinci
görüşüm 1992-ci ilin oktyabrında
Naxçıvanda oldu". Sonra bu görüşlərin
sayı çoxalıb. Beləcə, taleyindən keçən
insanların sözlə portretini naxışlayan müəllif
bu sırada neçə-neçə dəyərli şəxsiyyətin
məziyyətlərindən söz açır.
"Kitabdan-kitaba"
bölməsində isə M. Süleymanzadənin müxtəlif
illərdə kitablarda dərc edilmiş oçerkləri,
publisistik məqalələri və müxtəlif səpkili
yazıları toplanıb.
"Aldığım və
verdiyim müsahibələr" bölməsində isə,
adından da göründüyü kimi, oxuculara müxtəlif
mövzularda müsahibələr təqdim olunur. Ən
maraqlısı da odur ki, müəllifin verdiyi müsahibələr
aldığı müsahibələrdən çoxdur. Bu da
onun peşəkar fəaliyyəti və ictimai mövqeyi ilə
əlaqədardır.
"Başımın
tacı ailəm" bölməsində isə Məzahir
Süleymanzadə valideynləri, qardaşları haqqında
öz xatirələrini qələmə alıb. Müəllifin
tələbə yoldaşı, hazırda qəzetimizin əməkdaşı
olan Flora Sadıqova danışır ki, Məzahirin anası
Umleyla xanım - hamımız ona "Leyla xala" deyirdik - o
dövrdə bizə analıq edib. Zahirən əsl kənd
qadınına bənzəyən bu xanımın elə zəngin
daxili dünyası var idi ki, sanki hansısa Avropa ölkəsində
təhsil almışdı. Çox məlumatlı və
geniş dünyagörüşünə malik idi. Müəllif
bu cür zəngin mənəviyyatlı ananın
obrazını çox təsirli yaradıb.
Kitabın son bölməsi
"Gördüyüm ölkələr, gəzdiyim şəhərlər"
adlanır. Orada oxuyuruq: "Mən dünyanı gəzməyə
Azərbaycandan başlamışam... Taleyimdən narazı
deyiləm. Çox ölkələr gördüm, çox
şəhərlər gəzdim. Şagird ikən coğrafiya
dərsində adını eşitdiyimiz dağları, düzənləri,
şəlalələri, çayları, dənizləri,
ölkələri, şəhərləri görmək həqiqətən
böyük xoşbəxtlikdir”.
Fikirləşdik ki, yeni
nəşr haqqında son sözü elə müəllifin
öz fikirləri ilə tamamlayaq: "Publisistika, ictimai-siyasi
məqalələr toplusu olan bu toplunu xatirə kitabı kimi də
qəbul etmək olar... Ola bilsin ki, bu, mənim sonuncu
kitabımdır. Qoy bu kitab doğmaların, qohumların kitab
rəfində məndən xatirə olaraq qalsın".
Bu son sözün
ardı kimi biz də demək istərdik ki, Məzahir
Süleymanzadənin oxuculara təqdim etdiyi yeni kitabı əslində
peşəkar jurnalistin ömür salnaməsinə bənzəyir.
Bu mənada "İzim qalmasa da, sözum qalacaq"
nidasının əbədiyyətinə inanırıq.
Flora XƏLİLZADƏ,
“Azərbaycan” qəzeti, 17 mart 2009
Mədəniyyət.- 2009.- 10 aprel.- S. 8.