Ədilə Əflaki: «Unudulan mahnıları məndən soruşurlar»
Redaksiyamızın illərlə formalaşmış,
dəyişilməz bir
ənənəsi var:
Mədəniyyətimizə, incəsənətimizə xidmət
edən tanınmış
insanlar içində
ərki çatanlar dəvət-çağırış gözləmədən qonağımız
olurlar. Bu «ərki çatmaq» məsələsi
isə zəhmət, sənətə həsr olunmuş illər hesabına başa gələn bir məsələdir. Redaksiyamızın
budəfəki qonağı
əməkdar artist, müğənni
Ədilə Əflaki
oldu. Ədilə xanım gəlişindən
də çox, özü ilə gətirdiyi dəyərli şəkillər, sənədlər
və materiallarla təəccüb, maraq oyatdı. Qeyd edək ki, Ədilə
xanım mədəniyyətimizdə
böyük xidmətləri
olmuş Nəzərlilər
nəslinin nümayəndəsidir.
Rəssam Nəcəf,
Rasim Nəzərli, əməkdar rəssam Hacağa Nəzərli, musiqişünaslar Ələkbər
bəy Nəzərli və Mehdi bəy
Nəzərlinin Azərbaycan
Dövlət Ensiklopediyasında
öz səhifələri
var. Ədilə xanımın özü ilə gətirdiyi babasından qalmış kiçik, amma dəyərli arxivini nəzərdən keçirdikdən
sonra söhbət əsnasında məlum oldu ki, Ədilə
xanımın anadan olmasının 55, səhnə
fəaliyyətinin 40 ili
tamam olur. Söhbət müğənninin
ömür və sənət tarixçəsinə
nəzər salmaqla başladı.
- Biz Zeynəb
Xanlarova ilə bir küçədə yaşayırdıq. Zeynəb
xanım mənim anamla rəfiqəlik edirdi. Anam məşhur
qarmonçalan Ələkbər
bəy Nəzərlinin
qızı idi. Atam, əmilərim sənətə bağlı
adamlar idi. Yəqin, həm də bu, mənim
sənətə gəlməyimdə
rol oynayıb. Tükəzban İsmayılovanın
ilk tələbəsi
mən olmuşam. Onunla Azərbaycanın bölgələrində, ölkədən
kənarda qastrollarda olmuşuq. Əvvəl filarmoniyada, sonralarsa Azərbaycan Dövlət Konsert Biliyində çalışmışam. Müslüm
Maqomayev, Layme Vaykule kimi dünyaşöhrətli
insanlarla bir cədvələ qol çəkib maaş almışam.
İncəsənət Universitetini
bitirmişəm. Bir az çətin olub mənim üçün. Ailə ilə, işi də yola vermək
lazım idi. “Azkonsert” özünü maliyyələşdirən qurum
olduğundan heç analıq məzuniyyəti
də vermirdilər. Qastrollar, institut, uşaqlar - iki oğlum var. Mərhum Sara Qədimova ilə Gürcüstan, Dağıstan,
Ermənistanda qastrollarda
olduq. Tam beş ay vilayətləri gəzdik.
Konsertlər verdik. Ən çox Tükəzban İsmayılova
və Həbib Bayramovla işləmişəm.
Onların sayəsində
mən müğənni
Ədilə Əflaki
oldum.
90-cı illərin
əvvəllərində vəziyyət
dəyişdi. Müharibə
başladı. 1989-cu ildə
“Azkonsert” fəaliyyətini
tamam dayandırdı.
Səhnəmizin işıqları
söndü. Mən də qət etdim ki, boş
oturmaq olmaz. Mən nə edə bilərdim? Əsgərlərə mənəvi
dəstək göstərməkdən
başqa? Musiqili Komediya Teatrının aktrisası mərhum Məsumə xanım Rzayeva ilə birgə cəbhə bölgələrinə yollandıq.
Əslində musiqinin
vaxtı deyildi, amma onların mənəvi dəstəyə
ehtiyacları olduğunu
da bilirdim. Məsumə ilə cəbhə bölgələrini
gəzməyə başladıq.
Ən qaynar nöqtələrdə konsertlər
verirdik. Flora xanımla
rastlaşırdıq, Amaliya
Pənahova da cəbhə bölgələrində
çıxış edirdi.
Amma bizimlə
heç kim getmirdi. Hətta çalğı alətləri
olmadan belə, oxuduğum anlar olub. Bəzən bizimlə musiqiçilərdən
heç kim getmirdi və mən musiqisiz oxumağa məcbur olurdum. O zaman aktyor Yaşar Nuri bir komitə
yaratmışdı - mədəniyyət
adamlarını cəbhə
bölgələrinə göndərirdi.
Ondan xahiş edirdim ki, musiqiçi
versin. Deyirdi ki, musiqiçi yoxdur.
Evdə iki uşaq atasız böyüyürdü. Adamlar
məni qınayırdılar.
Amma həqiqətən
Vətənə xidmət
etmək istəyirdim.
Mən bunu reklam xatirinə etmirdim. Heç çoxları kimi yanımda kamera da aparmırdım. Dövlət televiziyamızda
«Durna teli» adlı bir veriliş
var idi. Bu verilişdə cəbhə
xəttindən məlumatlar
verilirdi. Yerli müxbirlər bizdən çəkdikləri lenti
televiziyaya göndərirdilər.
Sonralar bu çəkilişləri topladım
və Müdafiə Nazirliyinə göndərdim.
Bizə Fəxri fərmanlar və nazirliyimizə təşəkkür
məktubları göndərirdilər.
Hətta Müdafiə
Nazirliyinin rəqs ansamblında işə də dəvət etdilər. Əmin-amanlıq
bərpa olunandan sonra cəbhə bölgələrinə gedənlər
çoxaldı. Elə
hərbi paltarda klip çəkdirənlər
də.
- Yəqin,
bu səfərlərlə
bağlı acı xatirələriniz var...
- Bir dəfə kəşfiyyat
batalyonunda çıxış
edirdik, əsgərlərdən
biri yaxınlaşıb
dedi ki, bəlkə də, sizi sonuncu dəfə
görürük. Bildim
ki, kəşfiyyata gedəcəklər. Çox
təsirləndim onda…həmin gün Məsumə xanım da xəstələndi, oradan gedə bilmədik. Axşam ətrafdakı binaların
snayper atəşinə
tutulduğunu gördük.
Məsumə xanıma
dedim ki, birdən qradlardan biri binaya düşər.
Gəl son sözümüzü
deyək, kim sağ qalsa, o evə çatdırsın.
Məsumə xanım
məni itələdi
və bərk acıqlandı. Bundan xeyli ruh yüksəkliyi
aldım.
- Bəs
əməkdar artist fəxri
adını alarkən?
- Əməkdar
artist fəxri adı mənim üçün çox dəyərlidir. Çünki orada əmək sözü
var. Əməyin qiymətləndirilməsi
insanda xoş hisslər yaradır.
- Deyəsən,
Muğam Teatrında işləyirsiniz?
- Hə,
işsiz qalan adam deyiləm. O vaxt az maaşla
da olsa Muğam
Teatrında işləməyə
başladım. Muğam
Teatrının solistiyəm.
İndi orada yarımştat işləyirəm.
İki oğlum, iki nəvəm var. Oğlanlarımdan biri əlildir. Belə...
- Əsasən,
xalq mahnılarının
ifaçısısınız?
- Milli musiqini tərənnüm edirəm. Muğam da oxuyuram. Amma
muğamatçı deyiləm.
Bəstəkar və xalq mahnıları daha çox ifa edirəm. Səid Rüstəmovun, Tofiq Quliyevin, Rauf Hacıyevin, Arif Məlikovun, Oqtay Kazımovun bəstələrini oxumuşam.
Son zamanlar bəstəkar
Tahir Əkbərlə
işləyirəm. Çox
gözəl bəstəkardır.
Mənim ifamda onun «İncimə», «Bəri gəl» mahnıları çox sevildi.
- Qastrollara
gedirsiniz?
- Rayonlarda
qastrollarda oluram. Sonuncu dəfə prezident seçkilərində
təbliğat kampaniyasında
iştirak etmişəm.
18 rayonda çıxış
etdim. Dövlətimizə
həsr etdiyim mahnı ilə çıxış etdim.
Kapella xorun müşayiəti ilə
çağırış ruhunda olan bir
mahnıdır. Bu mahnının
klip kimi yox, musiqi nömrəsi
kimi işlənməsini
istəyərdim ki, tarixi əhəmiyyətli
günlərdə telekanallarda
nümayiş olunsun.
- Bayaq söhbətinizdə Firuzə
İbadova, Səməd
Səmədov, Ruhəngiz
Musəvi kimi müğənnilərin adını
çəkdiniz. Nədənsə,
sizi onlar qədər tanımırlar.
- (Gülür)
Adı çıxan onlar olub, canı
çıxan mən.
Bilmirəm. Onu bilirəm ki, səsim var, görkəmim var, dünyagörüşüm var,
danışığım var... Unudulan mahnıları da məndən soruşurlar.
Aişə
Mədəniyyət.- 2009.- 10 aprel.- S. 7.