Misirdə Cəlil Məmmədquluzadə haqqında
iki kitab nəşr olunub
Görkəmli
yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin
əsərlərindən nümunələrin XX əsr boyu
ingilis, fransız, alman, rus, türk, ukrain, moldovan, özbək,
fars, türkmən, gürcü, qırğız dillərində
nəşr edilməsi onun yaradıcılığına beynəlxalq
aləmdə, xüsusən Avropada və Mərkəzi Asiyada
böyük maraq doğurub. Son illərdə əsərlərinin
və haqqında yazılan kitabların ərəb və urdu
dillərində çap olunması Şərq aləmində,
müsəlman dünyasında geniş miqyasda
tanınmasına böyük yol açıb. Naxçıvan
Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin
2004-cü ildə İslamabadda «Seaf Publikations» nəşriyyatında
urdu dilində çapdan çıxmış «Görkəmli
Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadə
əsərləri ilə» kitabı qüdrətli
yazıçının ədəbi irsinə Cənubi Asiya
ölkələrində - Pakistanda, Hindistanda və Əfqanıstanda
rəğbət qazandırıb. Son vaxtlar Misir Ərəb
Respublikasının paytaxtı Qahirə şəhərində
akademik İ. Həbibbəylinin ərəb dilində nəşr
edilmiş iki kitabı Cəlil Məmmədquluzadə irsinin
geniş yayılmasına meydan açıb. «Azərbaycanın
milli yazıçısı Cəlil Məmmədquluzadə»
adlanan birinci kitabda akademik İ.Həbibbəyli görkəmli
yazıçının həyatının əsas məqamlarını,
«Molla Nəsrəddin» jurnalı ilə bağlı məsələləri
və ədibin yaradıcılığının ana xətlərini
elmi şəkildə ərəbdilli oxuculara təqdim edib. Bundan
başqa, «Cəlil Məmmədquluzadənin həyatı və
yaradıcılığının əsas tarixləri»
adlı xronoloji qaydada hazırlanmış icmalın kitabda iki
dildə - ərəb və ingilis dillərində verilməsi
əsərin yayılma dairəsinin genişləndirilməsinə
və istifadə imkanlarının daha da artmasına səbəb
olub. Böyük tirajla çap olunmuş kitaba Misirin Əl Həzər
Universitetinin müəllimi Həmdi Məhruz Basyuninin
yazdığı ön sözdə bütövlükdə
Azərbaycan haqqında, C.Məmmədquluzadənin şəxsiyyəti
və yaradıcılığı, habelə akademik İsa Həbibbəylinin
fəaliyyəti barədə fikirlər öz əksini
tapıb. Kitabda, əlavə olaraq, böyük ədibin irsindən
örnəklərə də yer ayrılıb. Beləliklə,
Cəlil Məmmədquluzadənin «Ölülər»
tragikomediyası, «Danabaş kəndinin əhvalatları»
povesti, «Poçt qutusu», «Dəllək», «Pirverdinin xoruzu»,
«Quzu», «Saqqallı uşaq», «Xanın təsbehi» və başqa
hekayələri ərəbdilli oxuculara
çatdırılıb. Bu, C. Məmmədquluzadənin əsərlərinin
ərəb dilində (kitab halında) ilk təqdimatı kimi də
mühüm əhəmiyyətə malikdir. İ.Həbibbəylinin
Qahirənin «Mədəniyyət nəşrləri evi» nəşriyyatında
çapdan çıxmış «Azərbaycanın milli
yazıçısı Cəlil Məmmədquluzadə»
kitabını və ölməz sənətkarın əsərlərini
ərəb dilinə Qahirə Universitetinin professoru Cəlal Səid
əl-Hifnəvi tərcümə edib. Professor Cəlal Səid
əl-Hifnəvi iki dəfə Naxçıvan Dövlət
Universitetində olub, diyarla tanışlıq imkanı
qazanıb, yazıçının ev-muzeyini ziyarət edib. Naxçıvan
Dövlət Universitetində keçirilən
görüşlər, aparılan müzakirələr professor
Cəlal Səid əl-Hifnəvinin tərcümə prosesində
Azərbaycan koloritini, orijinalın xüsusiyyətlərini
mümkün qədər daha çox qoruyub saxlamasına imkan
yaradıb. Bundan başqa, akademik İ. Həbibbəylinin Misir
Ərəb Respublikasında, Qahirə şəhərində
çap edilən «Azərbaycanın yeni dövr
yazıçısı Cəlil Məmmədquluzadə»
adlı ikinci kitabında böyük ədibin həyatı və
yaradıcılığı haqqındakı
araşdırmalar ərəb və ingilis dillərində
oxuculara çatdırılıb. Əsərdə, eyni
zamanda, C. Məmmədquluzadə əsərlərinin
yayılma dairəsi və yazıçının nəsil
şəcərəsi barədə də məlumatlar verilib. Kitaba
ədibin məşhur «Poçt qutusu» və «Bəlkə də
qaytardılar» hekayələrinin ərəb dilinə tərcümələri
də əlavə edilib. Kitabı ərəb dilinə Qahirə Universitetinin professoru Həni Əs-Sisi tərcümə
edib. Misir Ərəb Respublikasının
Azərbaycandakı sabiq
səfiri Yusif Əhməd Şarkavinin kitaba yazdığı ön sözdə C.Məmmədquluzadənin yaradıcılığı
və İ.Həbibbəylinin
fəaliyyəti ölkələrarası
münasibətlər müstəvisində
dəyərləndirilib. Qahirə şəhərində Cəlil
Məmmədquluzadə haqqında
çap olunmuş kitablar barədə Misir Ərəb Respublikasının dövri
mətbuatında geniş
informasiyalar yayılıb.
Naxçıvan Dövlət
Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin Misir Ərəb Respublikasında çap olunan kitabları görkəmli alimin böyük demokrat-yazıçı
Cəlil Məmmədquluzadənin
həyat və yaradıcılığının tədqiqi və təbliği sahəsindəki
çoxillik ardıcıl
fəaliyyətinin məntiqi
davamıdır. Bu kitablar qüdrətli Azərbaycan yazıçısının
Şərq aləmində,
müsəlman dünyasında
daha geniş miqyasda tanıdılmasına
xidmətin ifadəsidir.
Qahirə şəhərində çap edilmiş kitablar Azərbaycan-Misir əlaqələrinin də
yeni və əhəmiyyətli səhifələridir.
Hazırda akademik İ.Həbibbəyli
sənətkar haqqında yapon dilində tanıtma
kitabının hazırlanması və ədibin əsərlərindən
seçmələrin yapon dilinə tərcüməsi üzərində
iş aparır.
“Mədəniyyət”
Mədəniyyət.- 2009.- 10 aprel.- S. 6.