Ömrün kamillik zirvəsində
Ramiz Mirişli –
75
Azərbaycan Respublikasının xalq artisti, professor,
“Şöhrət” ordenli, Prezident təqaüdçüsü,
istedadlı bəstəkar, pedaqoq Ramiz Mirişlinin aprelin 14-də
75 yaşı tamam olur.
Ramiz Mirişli 1934-cü
ildə Naxçıvanda Mirişlilər - mədəniyyətimizin
geniş, çoxsahəli fəaliyyət meydanında
çoxdan bəri öz yerini tapmış nəslində
dünyaya göz açmışdır. Həyata göz açdığı
gündən musiqi mühitində boya-başa
çatıb. 1930-cu ildən
başlayaraq artıq Naxçıvanda professional
bəstəkarlıq məktəbi
inkişaf etməyə
başlayır. 1938-ci ildə
dahi bəstəkarımız
Ü.Hacıbəyovun Naxçıvana
gəlişi, 1943-cü ildə
bu diyarda bəstəkar T. Quliyevin rəhbərlik etdiyi
caz orkestrinin fəaliyyət göstərməsi,
1959-cu ildə “Araz» mahnı və rəqs ansamblının yaranması istər bəstəkarlıq, istərsə
də ifaçılıq
sənətinin yüksəlməsinə
mühüm təsir göstərir. Məhz
bu amil Naxçıvanda
onlarla gənc musiqiçinin bəstəkarlıq
sənətinə meyil
etməsinə, ömrünü
bu sənətə bağlamasına həvəsləndirir.
Ramiz Mirişli də elə bu mühitdə yetişən sənətkardır.
Azərbaycan, o cümlədən
Naxçıvan musiqi mədəniyyətinin inkişafında
onun xidmətləri böyükdür. Ramiz
Mirişli öz əsərləri ilə xalqımızın qəlbinə
yol tapan, sevilən, seçilən
bəstəkardır. O, uzun
illərdir ki, bəstəkarliq sahəsində
çalışır. Onun
yaradıcılıq irsi
çox genişdir. Belə ki, o, musiqinin
bir çox janrlarına müraciət
edərək 4 musiqili
komediya, kamera orkestri üçün simfoniya, 3 simfonik poema, 4 simfonik süita, 3 kantata,səs və orkestr üçün 2 vokal məcmuə, foptepiano üçün
12 süita və miniatürlər, 40-dan artıq
teatr tamaşalarına
və kinofilmlərə
musiqi, yüzlərcə mahnılar
yazmışdır. Bəstəkar
hansı janra müraciət edibsə, daim dinləyicilərin rəğbətini qazanıb,
sevilib.
Ramiz Mirişli
yaradıcılığının mühüm və
aparıcı sahəsi mahnı janrı hesab olunur. Yazdığı hər bir lirik mahnı
ilə musiqi çələngimizə yeni
töhvələr verən
sənətkar, Azərbaycan
professional bəstəkarlıq
məktəbinin mahnı
janrında yazıb-yaradan ən layiqli nümayəndəsidir.
Onun yaradıcılığında
Azərbaycan xalq mahnılarının ilhamlı
melodiyilarına tez-tez
rast gəlmək olar. Bəstəkarın bir-birinə bənzəməyən ,ürəkləri
riqqətə gətirən
melodiyalarına, məzmununa,
rəngarəng ifaçı
vasitələrinə malik
olan mahnılarında
xalqın həyatı,
mənəviyyatı, əhval-ruhiyyəsi təsvir edilir. Bəstəkar bütün həyatı boyu mahnı janrının spesifikasını
gözəl duyan şairlərimizin şeirlərinə
müraciət etmişdir.
Fikrət Qoca, Məmməd
Araz, Süleyman Rüstəm, İslam Səfərli, Nəriman Həsənzadə və başqalarının sözlərinə
yüzlərlə mahnı
bəstələmiş, bu
mahnılarda şeirin
məzmununun bütün
nüanslarını musiqi
təranələrində açmağa
nail olmuşdur.
Ramiz Mirişli gözəl melodiya ustasıdır. Onun mahnıları ehtiraslı,
parlaq, şən melodiyalara malik olduğu üçün
tez yadda qalır. Bəstəkarın
mahnılarının intonasiya
əsası Azərbaycan
xalq mahnıları, aşıq havaları, muğam musiqi dönmələri ilə
zəngindir. Onun mahnıları Şövkət
Ələkbərova, Zeynəb
Xanlarova, İlhamə
Quliyeva, Flora Kərimova, Yaşar Səfərov, Elmira Rəhimova ... kimi məhşur müğənnilərimizin
repertuarının əsasını
təşkil edir.
Bəstəkar başqa
janrlarla yanaşı, musiqili səhnə janrlarına da
bütün yaradıcılığı boyu müraciət
edərək bir sıra dəyərli əsərlər
yaratmışdır. Onun səhnə əsərləri
sırasına 2 musiqili
komediya və respublikanın müxtəlif
teatrlarında tamaşaya
qoyulan 40-dan artıq əsərə yazdığı
musiqi aiddir. R.Mirişlinin ilk səhnə
əsəri 1983-cü ildə
Ş. Qurbanov adına
Azərbaycan Dövlət
Musiqili Komediya Teatrında tamaşaya qoyulmuş “Qaçırılmış
qız” musiqili komediyasıdır. İkinci
bir səhnə əsəri İsi Məlikzadənin “Gəl,
qohum olaq” musiqili komediyasıdır.
Bildiyimiz kimi, teatr bədii
yaradıcılığın ən geniş yayılan
növü kimi insan mənəviyyatının
formalaşmasında böyük rol oynayır. Teatr
tamaşalarının daha təsirli, bədii obrazların daha
inandırıcı olmasında isə musiqinin rolu
danılmazdır.
Ramiz Mirişlinin teatr
yaradıcılığındakı fəaliyyətinin ikinci
istiqaməti dram əsərlərinə yazdığı
musiqilərdir. Belə ki, tanınmış bəstəkar respublikamızın
müxtəlif teatrları
ilə sıx yaradıcılıq əlaqəsi
saxlayır. Təsadüfi
deyildir ki, Ramiz Mirişli respublikamızın 10-a yaxın
teatrında səslənən
40-dan çox tamaşaya
musiqi yazmışdır.
Azərbaycan Akademik Milli
Dram Teatrında Qeybulla Rəsulovun “Qarabağ əfsanəsi”,
Gənc Tamaşaçılar
Teatrında Əkrəm
Əylislinin “Mənim
nəğməkar bibim”,
Teymur Elçinin “Qar qız”, İsi Məlikzadənin “Şadlıq olsun”, Gəncə Dövlət Dram Teatrında Cəfər Cabbarlının
“Almaz”, eləcə də Sumqayıt, Lənkəran,
Şəki, Mingəçevir
Dövlət Dram teatrlarında səhnələşən
bir çox tamaşalara musiqi yazmışdır.
O, C.Məmmədqluzadə
adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə
də daim əlaqə saxlayır. Bildiyimiz
kimi, Naxçıvan teatrı Azərbaycan teatr mədəniyyətinin
mühüm və əzəmətli qolunu təşkil edir. C.Məmmədqluzadə adına
Naxçıvan Dövlət
Musiqili Dram Teatrı mədəniyyət
mərkəzi kimi həm teatr işinin, həm də musiqi sənətinin inkişafına
böyük təsir göstərmişdir. Musiqili
əsərlərin Naxçıvan
teatrında tamaşaya
qoyulması bu qədim diyarda musiqi sənətinə olan estetik tələbatı
gücləndirmiş və
səhnəyə olan
marağı və istəyi xeyli dərəcədə artırmışdır.
Bu teatrda tamaşaya qoyulan bir çox tamaşalara - H. Cavidin “Azər”, “Ana” , Nazim Hikmətin “Bayramın birinci günü”, C.Cabbarlının
“Aydın”, K.Ağayevanın
“Mənim tanrım gözəllikdir, sevgidir”
...səhnə əsərlərinə
R.Mirişli gözəl
və yaddaqalan musiqi bəstələmişdir.
Ramiz Mirişli teatr
tamaşalarına yazdığı musiqilərdə zəngin
və rəngarəng melodiyalar vasitəsilə obrazların
daxili aləmini açır və
iştirakçıların müxtəlif əhval-ruhiyyələrini
yerli-yerində canlandıra bilir. Məhz bunun üçün
də tamaşaların obrazlarının musiqi xarakteristikası
gah lirik mahnı-romans, gah şux oynaq mahnı-rəqs, gah da məzəli
mahnı səciyyəsində olur.
Bir sözlə, xalq
musiqisinin dərinliklərinə mükəmməl yiyələnən
bəstəkar müraciət etdiyi bütün janrlarda
maraqlı mövzulara, ifadəli məzmuna üstünlük
verir və əsərlərdə Ramiz Mirişli üslubunun
özünəməxsusluğu, şirinliyi dərhal hiss
olunur.
İstedadlı bəstəkar
olmaqla yanaşı, o, həm də təcrübəli pedaqoq
və ictimai musiqi xadimidir. Onun uşaq musiqi məktəbinin kamança
sinfi üzrə yazdığı “Kamança
məktəbi” adlı
kitabı qiymətli tədris vəsaitidir. O,
30 ildən artıqdır
ki, Bakı Musiqi Akademiyasında çalışır.
Zəngin sənət
ömrü yaşamış bəstəkarın qəlbi bu
gün də sənət eşqi ilə döyünür, yenə
də onun əsrarəngsiz musiqisi dinləyiciləri heyrətləndirir,
yenə də neçə-neçə gənc sənətçi
onun bəstəkarlıq məktəbindən bəhrələnir.
Deməli, bütün görülən işlər, çəkilən
zəhmət hədər getməmişdir.
Öz elminə, əməyinə
və xalqına sədaqətini sözü ilə yox, daim
işi ilə doğruldan istedadlı bəstəkar, mehriban
bir insan, həssas müəllim Ramiz Mirişlini 75
yaşının tamam olması münasibətilə təbrik
edır, ona cansağlığı, uzun ömür və sənət
yolunda yeni-yeni yaradıcılıq nailiyyətləri
arzulayırıq.
Jalə Qulamova - Əliyeva,
Sənətşünaslıq namizədi
Mədəniyyət.- 2009.- 10 aprel.- S. 5.