Mənəvi xəzinəmizin
cəfakeşi
«Arxiv bir millətin
keçmişi, bu günü və gələcəyidir.
Əgər bunlar olmasa, biz gözəl keçmişimizə
nəzər sala bilmərik və ona görə də bu arxiv
çox qiymətlidir»
Əziz Şərif.1983-cü il
Onunla ilk tanışlığım Leopold və Mstislav
Rostropoviçlərin ev- muzeyində oldu. Səmimiyyəti,
ensiklopedik biliyi, güclü yaddaşı, məntiqi təfəkkürü,
öz işindən tükənməz məhəbbətlə
danışdıqca zövq alması diqqətimdən
yayınmadı. Fikirləşdim ki, doğrudan da yaxşı
mənada qibtə etməli insandır. Hələ
üstəlik, məni çalışdığı məkana
dəvət etməsi məndə bu insana qarşı
böyük simpatiya yaratdı...
Vaxt tapıb onun işlədiyi ünvana
getdim. Ziya Bünyadov 3. Əzəmətli
körpünün altından keçən tunel. Bu qovşaqdan Bakının hər tərəfinə
yollar uzanır. Oradan da bütün dünyaya...
Bu qovşağın
bir addımlığında gedəcəyim ünvan yerləşir.
Azərbaycanın görkəmli ədəbiyyat
və incəsənət xadimlərinin həyat
yollarının qovuşduğu bir məkan. Salman
Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət Arxivi.
Binaya daxil olarkən
ilk diqqətimi çəkən buradakı səliqə-sahman,
təmizlik və yüksək nizam-intizam oldu.
Pilləkənlərlə
qalxıb bir həftə bundan əvvəl tanış
olduğum milli xəzinəmizin cəfakeşinin
otağına daxil oluram. Köhnə
tanışlar kimi hal-əhval tuturuq. Gəlişimə
sevindiyini nurani sifətinin cizgilərindən oxuyuram. Haqqında danışdığım bu cəfakeş
insan mənim ilk dəfə qalxdığım pilləkənlərlə
düz 43 ildir ki, düşüb - çıxır. O,
burada əvvəlcə kiçik, sonra böyük elmi
işçi, 1988-ci ildən isə direktor işləyir. Əməkdar mədəniyyət işçisi
Maarif Teymur. İlk
tanışlığımız zamanı etdiyimiz söhbəti
öz xidməti otağında davam etdirdi. Yenə əvvəlki həvəslə, əvvəlki
şövqlə.
- Bu arxiv 1965-ci ilin iyul
ayının 15-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı
ilə yaradılıb. Burada saxlanılan hər
bir sənəd milli ədəbiyyatımızın, mədəniyyətimizin
keçmişindən, bu günündən xəbər verən
çox qiymətli bir tarixin yadigarıdır və gələcəyimiz
üçün çox dəyərli bir xəzinədir.
Burda ilk arxivi - şəxsi
fondu yaradılan görkəmli yazıçı, pedaqoq Mir Cəlal
Paşayevdir. Kimlərin şəxsi fondu
yoxdu burda? Füzulinin davamçısı Əliağa
Vahidin, folklorumuzun yorulmaz toplayıcısı Əbülqasim
Hüseynzadənin, xalq şairi Mirvarid Dilbazinin, 1940-cı ildən
ömrümün sonuna qədər M.Lomonosov adına MDU-də
çalışmış Əziz Şərifin, dahi bəstəkarımız
Üzeyir Hacıbəyovun, Almas İldırımın, Səməd
Vurğunun, Bəxtiyar Vahabzadənin... sadalamaqla qurtarmayan
neçə-neçə ədəbiyyat və incəsənət
xadimlərinin «şəxsi fondu». Cəmisi 776.
Sonrakı, 777-ci kim olacaq hələ bilmirəm.
Bu, şəxsi fondların hər biri mənim
üçün əzizdir. Çünki
onların hamısına mənim əlim dəyib, onların
toplanmasında çox zəhmət çəkmişəm.
Bu 43 il ərzində neçə-neçə
zəkalı, ağıllı, vətənpərvər
yaradıcı ziyalılarımızla görüşərkən
və onlar haqqında yazdığım sətirləri
sonradan oxuyarkən həm kədərlənirəm, həm də
qürur hissi keçirirəm. Abbas Zamanov, Əli Tudə,
Aşıq Əhməd, Cabir Novruz, Mirzə İbrahimov,
Süleyman Rəhimov, Süleyman Rüstəm, Səttar Bəhlulzadə,
Nəcibə Məlikova, Leyla Bədirbəyli və onlarla
tanınmış sənətkarlarımızla şəxsən
görüşərək, onların şəxsi
fondlarını yaratmaq üçün əlimdən gələni
əsirgəməmişəm. İstəyimə nə dərəcədə
nail olmuşam, onu bura gələnlər deyə bilərlər.
Rəy kitablarını mənə göstərir.
Vərəqləyirəm. Burada
yazılanlar onu göstərir ki, bu işlərə çox əziyyətlər
çəkilib. Yazılan xoş sözlər
görülən işlərin qiymətidir. Əziz Şərifin «Arxiv bir millətin
keçmişi, bu günü və gələcəyidir.
Əgər bunlar olmasa biz gözəl
keçmişimizə nəzər sala bilərik və ona
görə də ona görə də ev arxiv çox qiymətlidir»
qeydləri fikrimizə sübutdur.
Şəxsi fondlar
arasından götürdüyü və sonunda
Bülbülün adı «Bir ekspedisiyanın tarixi» adlı
yazını mənə göstərdi. «Bu
yazını tapanda çox sevinmişəm. Radioda haçansa efirə getdiyini də
eşitmişdim. Yazı barədə
Bülbülün ev-muzeyinin direktoru Adilə xanımla da
telefon əlaqəsi saxladım. «Mən də radio
dalğalarında eşitmişəm həmin xatirəni» -
dedi.
Məlum olduğu kimi,
Bülbül 1930-cu illərdə xalqımızın nəğmələrini,
şifahi deyimlərini, xalq arasında yayılmış
mahnılarımızı diqqətlə toplamaqla
yanaşı, az bir zaman müddətində
zəngin bir Xalq Musiqi kabinetinin əsasını qoymuşdu. Həmin illərdə də Bülbül növbəti
ekspedisiyaya A.Zeynallı ilə birlikdə getmiş və bu
xatirəni yazmışdır. Həmin
yazının surətini mənə təqdim etdi. Asəf Zeynallının anadan olmasının 100
illiyi qeyd olunduğu günlərdə bu xatirə-yazı məni
də sevindirdi.
Bu yazının
oxucularımız üçün də maraqlı
olacağını nəzərə alıb, onu olduğu kimi
çap etməyi qərarlaşdırdım.
Bir
ekspedisiyanın tarixi
Mənim Asəf Zeynallı ilə tanış olmağımın unudulmaz bir
tarixi vardır. Biz hər ikimiz Azərbaycan
Dövlət Konservatoriyasında oxuyurduq. Əvvəllər
bir-birimizi yalnız bir tələbə kimi
tanıyırdıq. Sonradan baş verən bir hadisə
bizi çox yaxınlaşdırıb, dost etdi.
Mən imtahanlara
hazırlaşırdım. Amma bir məsələ
məni çox narahat edirdi. Mən hələ
də harmoniyadan imtahan verə bilməmişdim. Nə etməli? Hədsiz dərəcədə
qayğıkeş və tələbkar müəllimimiz
Ü.Hacıbəyovdan bu fənn üzrə müsbət qiymət
ala bilmirdim. Hətta bir dəfə Üzeyir bəy mənə
belə demişdi:
- İstedadlı oğlansan, səsinə
söz də ola bilməz, ancaq güzəştə
gedə bilmərəm. Harmoniyanı
yaxşı öyrənməsən, sənə qiymət verməyəcəm.
Bu hadisə məni
çox düşündürdü. İnadla
işə başladım. Amma özüm də hiss
edirdim ki, ciddi bir köməklik olmasa yenə bir şey
çıxmayacaq.
Birdən
ağlıma belə bir fikir gəldi. Asəfə
müraciət edim. Axı o, əlaçıdır.
Görəsən, sözümü
sındırmaz ki?
Əlbəttə,
sındırmaz, deyə özümə toxtaqlıq verdim.
Mən fikrimi Asəfə dedim. O
çox məmnuniyyətlə mənə kömək etməyə
razı oldu. Həmin gündən biz müntəzəm
olaraq həftənin müəyyən günlərində məşğul
olmağa başladıq.
Bu məşğələlər
mənimlə Asəf arasında mehriban dostluq münasibətlərinin
yaranmasına səbəb oldu.
Asəf hələ o
zaman el havalarına, xalq mahnılarına böyük maraq
göstərirdi. O mənim oxuduğum rəngarəng
xalq mahnılarıma qulaq asmaqdan doymazdı.
Asəfin köməkliyi
ilə harmoniyadan imtahan verib yaxşı qiymət aldım.
Asəf də konservatoriyanı bitirdi.
Bundan sonra biz dörd il görüşmədik.
Çünki o öz təhsilini davam etdirmək
üçün Leninqrada getmişdi.
1931-ci ildə
Bakıda görüşdük. Asəf mənə
«Ölkəm» və «Sual» əsərlərinin verib dedi. - Al
oxu! Güman edirəm ki, xoşuna gələr.
Sonradan mən həmin
mahnıları Asəfə oxudum. Çox
xoşuna gəldi. Xüsusilə o mənim
ifamda «Ölkəm» mahnısını bəyəndi. Bu
həmin mahnıdır ki, mən onu hələ indiyə qədər
sevə-sevə oxuyuram…
Biz Asəflə
çox tez-tez görüşüb söhbət edirdik.
Söhbətimizin birində Asəf
mənə dedi: - yaxşı, indi nə etmək fikrindəsən?
Mən isə cavabımda dedim ki, məqsədim
respublikamızda qalıb xalq mahnıları toplamaq, musiqi sənətimizin
inkişafına kömək etməkdir.
Mənim bu fikrimi Asəf
çox bəyəndi. Bir ildən sonra, yəni
1932-ci ildə Asəfə şad bir xəbər verdim. Qarabağa və Kürdüstana ekspedisiyaya gedirik.
Məqsədimiz xalq mahnılarını və
oyun havalarını toplamaqdır.
Asəf
bu xəbərdən çox məmnun oldu və dedi ki, o da
bizimlə bu ekspedisiyaya iştirak etmək istəyir.
Biz 1932-ci ildə
yayın əvvəllərində Qarabağa yola
düşdük.
Şuşada bizi
çox yaxşı qarşıladılar. Biz qoca xanəndələr tarzənlərlə
söhbət etdik. Soraqlaşıb öyrəndik
ki, bir qoca çoban var, yaxşı tütək
çalır. Biz həmin çobanın
yanına getdik, çoban qoyunlarını dağın
döşündə otarırdı. Özü
isə əlindəki çomağa söykənib,
qarğıdan düzəltdiyi tütəkdə nə isə
çalırdı.
Biz çobanla
görüşdük, məqsədimizi ona bildirdik. O
çox məharətlə, «Çoban bayatı»
çaldı. Çobanın tütəyindən
süzülən həzin musiqi səsi ətrafa
yayıldı.
Biz həmin musiqini vala yazdıq...
Həmin gün biz Şuşada qoca bir kişi
ilə də tanış olduq. Bu kişi,
özü dediyi kimi həvəskar oxuyan idi, yaşının
altmışdan keçməsinə baxmayaraq onun qəlbi cavan
idi.
Səsi öz məlahətini
itirməmişdi. O bizim üçün
«Yaylığın yar» mahnısını oxudu. Biz bu mahnını o vaxta qədər eşitməmişdik.
Mahnı bu sözlərlə başlayırdı:
Yaylığın yanı yaşıl,
Yaylıq sənə çox yaraşır.
Yar görsəm dilim dolaşır.
Yar, yar,
can.
Qəşəng
oğlan,
Ver yaylığı.
İstirahət
günü idi. Böyük bir qayanın
üstünə çıxdıq. Biz gözqaralan dərəyə,
dərədən nazik bir lent kimi axıb gedən çaya, o
taydakı meşələrə baxıb, təbiətin bu
ecazkar gözəlliyindən zövq alırdıq. Birdən qulağımıza bir səs gəldi.
Diqqətlə fikir verdik. Kimsə
«Bayatı - kürd» oxuyurdu.
Oxuyanın səsi
yavaş-yavaş aşkar eşidilirdi. Xanəndə
zəngulə vuran kimi onu tanıdım.
Gənc xanəndə
Xan Şuşinski idi. Xanın məlahətli
səsi qayalarda əks edir, Cıdır düzü boyu
yayılırdı. Asəf Xanın
yalnız adını eşitmişdi. Onunla tanış olmadığını söylədi.
Mən Asəfi arxayın edib, bu saat onu buraya gətirəcəyimə
söz verdim.
- Necə gətirərsən? - deyə Asəf təəccüb etdi.
- İndi görərsən - deyib,
«Çoban bayatı» oxumağa başladım…
- Doğrudan da «Çoban
bayatı» Xanı və onun dəstəsini bizim
yanımıza gətirdi. Görüşdük,
hal-əhval tutduq. Xan bizim üçün
«Rast» oxudu. Həmin günün səhərisi
Xanın ifasında «Alma almaya bənzər» və «Sazın
qurbanı» mahnılarını vala yazdıq.
«Alma almaya bənzər»
mahnısı Asəfin daha çox xoşuna gəldi. O
mahnının sözlərini yazıb bir də oxumağı
Xandan xahiş etdi. Bu həmin mahnıdır ki, Xan
Şuşinski onu indi də oxuyanda adama ləzzət verir…
Kürdüstanda bizi
hörmətlə qarşıladılar. Kəndlilər
oxumağımı xahiş etdilər. Mən «Nəbi»
mahnısını onlara oxudum…
Oxuyub qurtarandan sonra -
«Sizdə də oxuyan varmı» - deyə soruşdum.
Kəndin ağsaqqalı,
dünyagörmüş bir qoca qabağa çıxıb
dedi:
- Oğlum bizdə oxuyanlar lap
çoxdur! İndi oxuyarlar, qulaq
asarsınız.
Cavan bir oğlan irəli
çıxıb «Kürd qızı» mahnısını
oxudu. Biz həmin mahnını vala
yazdıq.
Hazırda radio və konsertlərdə
tez-tez oxunan «Kürd qızı» mahnısı həmin
mahnıdır…
Kürdüstanın
Əhmədli kəndində işimizi qurtarıb Alxaslıya getdik.
Alxaslıda iki gün qalmışdıq ki, Asəfi
Bakıya çağırdılar. Asəf
Bakıya qayıtdıqdan sonra biz ekspedisiyanı davam etdirdik.
Laçın rayonunun ən böyük kəndlərindən
biri olan Minkəndə getdik. Burada biz bir
sıra mahnılar və el havaları yazdıq.
Cəngini
xatırladan «Kürdü» havası da bizim çox xoşumuza
gəldi. Bu musiqidə vətənpərvərlik,
qəhrəmanlıq hissləri ifadə olmuşdur.
Biz bu ekspedisiyadan zəngin
materialla Bakıya qayıtdıq.
Bülbül.
S.Mümtaz
adına Ədəbiyyat və İncəsənət
Arxivinin direktoru Maarif Tuymurla söhbətimizin davamını gələn
sayımızda oxuya bilərsiniz.
Fərahim
Dünyamalıoğlu
Mədəniyyət. - 2009.- 10 aprel.- S. 4.