Bizim uşaq dünyamız”

 

   Aprelin 8-də İçərişəhərdəki “Abşeron” Rəsm Qalereyasında “Bizim uşaq dünyamız” adlı rəsm sərgisi açıldı. 11 nəfər balaca rəssamın iştirak etdiyi sərginin təşəbbüsçüsü Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzidir. Sərgidə iştirak edən uşaqlar da həmin mərkəzdə, gənc rəssam və pedaqoq Nərmin Abdullayevanın rəsm dərnəyində məşğul olurlar. Sərgi 2009-cu il-Uşaq ilinə, habelə Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin fəaliyyətə başlamasının 35-ci ildönümünə həsr olunub.

  

   Sənətsevərlərin mühakiməsinə 72 əsər təqdim olundu. Bu əsərlər müxtəlif janrlarda yaradılıb. Çoxfiqurlu kompozisiyalar, portretlər, natürmortlar öz rəngarəngliyi, lakonikliyi və səmimiliyi ilə göz oxşayırdı. Yağlı boya ilə işlənmiş bir tablo (Teymir İsmayılov “Saatla natürmort”), habelə Mərcan Məmmədovanın təqdim etdiyi bəzək əşyaları sərginin formatından bir qədər çıxır. Digər əsərlər isə müxtəlif texnikalarda (quaşla, sulu boya ilə, karandaşla, flomasterlə, qarışıq texnikada) işlənmiş əsərlərdir. İştirakçıların ən kiçiyi - Səbinə Popovanın 7, ən böyüyünün - Tural Həsənovun isə 16 yaşı var.

   İştirakçıların yaradıcı dəst-xəttini 3 yerə bölmək olar: nisbətən azyaşlı rəssamlar - S. Popovanın, A. Səfərəliyevanın, S. Əlicanovanın və K. Əhmədzadənin üslublarında uşaq aləminə xas olan bütün möcüzəli keyfiyyətlər (səmimilik, sadəlik, təmiz rənglərə meyil) təzahür olunur. Onların əsərləri bizi sehrli uşaq aləminə aparır. Balaca ecazkarların qəhrəmanları ən adi şeylərə də - günün çıxmasına, baharın gəlişinə, qaranquşların səsinə, mavi səmaya, ətrafdakı otlara, çiçəklərə sevinməyi bacarırlar. Bu qəhrəmanlar buludlarda gəzir, nağıl personajları ilə köhnə tanış kimi ünsiyyət qururlar.

   Digər qrup rəssam - Tural Həsənov, Arzu Məmmədova, Teymur İsmayılov və Ülviyyə Məmmədova isə artıq öz fərdi yaradıcılıq dəst-xətlərini axtarırlar. Sənət axtarışları müxtəlif istiqamətlərdədir. T.İsmayılov daha çox qurma kompozisiyalara, akademik rəsmə meyil göstərir. Hiss olunur ki, Teymur mükəmməl rəssamlıq vərdişlərinə yiyələnmək istəyir. T.Həsənovun mürəkkəb kompozisiyalarının hər biri isə sanki bir rəvayət, bir dastan danışır (“Nar bağı”, “Vətənin 1001 rəngi”, “İpək yolu” və s.). Tural artıq rəsm dərnəyində yiyələndiyi vərdişlərdən yetərincə istifadə edirqrafik yaradıcılıq yolunda kifayət qədər uğurlu addımlar atır. A.Məmmədova da daha çox milli motivlərə üstünlük verir (“Leyli və Məcnun”, “Xanım-xatın”, “Dastan”). Ü.Məmmədova yumşaq pastel çalarlarında lirik nəğmələrə bənzəyən və tamaşaçıda incə ovqat yaradan kompozisiyaları təqdim edir. Bu kompozisiyaların işlənmə üslubu bir qədər müasir plakatların manerasını xatırladır.

   Sərgidə iştirak edən müəlliflərin kiçik bir qrupunu isə şərti olaraqorta nəsil” adlandırmaq olar. Nərmin İsmayılzadə, Mərcan Məmmədova və Nicat Məmmədov yaradıcılıqlarının “buludlarda gəzmə dövründən” uzaqlaşsalar da, hələ müstəqil axtarışlara tam qədəm qoymamışlar. Bütövlükdə hər 3 qrupa daxil olan müəlliflərin işləri sənətsevərlərin marağına səbəb oldu.

   Bizim uşaq dünyamız” sərgisi aprelin 12-ə kimi davam edəcək. 

 

   Turan

 

Mədəniyyət. - 2009.- 10 aprel.- S. 2.