Aktyorumuz rusiyalı rejissorların
diqqətində
«İnsan olmaq və
insanlığını itirməmək nə deməkdir?» -
sualına cavab vermək cəhdi, «Yaşayış yerini tərk
etməmək barədə iltizam» adlı filmdə, insan
müstəqilliyinin itirilməməsi, azadlıq
axtarışı və bir insan olaraq öz «Mən»ini tapmaq cəhdləri
haqda əhvalatı ekranda görüntüləməklə
axtarılıb. «Proline-film» kinostudiyasının istehsalı
olan tammetrajlı bədii filmin ssenari müəllifi Natalya
Repina, quruluşçu rejissoru Anna Fençenko, prodüseri isə
Andrey Siqledir. Sonuncusu həm də «Proline-film»
kinostudiyasının baş direktorudur. «Lenfilm»in bazasında
çəkilən filmin mərkəzində psixoloji vəziyyət,
situasiyanın absurdluğu durur. Konkret nə kiminsə milli, nə
də dini mənsubiyyəti var, baxmayaraq ki, hadisələrin
dolayısı yolla da olsa, dərəbəyliyin, insani
münasibətlərin öldüyü, cəngəllik
qanunlarının hökm sürdüyü və yalnız
ölməmək üçün «yaşanan» Rusiyada baş
verməsinə işarələr yetəri qədərdir. Ya
oranın yazılmamış qanunlarına uymalı, ya ölməli,
ya da ki, mübarizə aparmalısan. O, vəziyyət gərəyi
olaraq istəmədən özünü zahiri həyatdan təcrid
edir, mikrodünyasını özü istədiyi qaydalarla
qorumağa çalışır. Ancaq hadisələr, şərait
onu bu imkandan məhrum edir. Qəhrəman anlayır ki, sadə
komfort, rahatlıq adı ilə azadlığın zahiri, fiziki
modeli aldadıcı və tutarsızdır, həqiqətdə
isə «metafizik azadlıq anlayışı» istənilən vəziyyətdə
İnsan olaraq qalmaqdır. Qəhrəman özünün
rahat varlığını davam etdirmək iqtidarından məhrum
olur və çıxış yolunu hər kəsdən, hər
şeydən qaçmaqda görür. Çünki təsadüfi
insanlardan tutmuş hakim strukturlara qədər hər kəsdən,
hər şeydən asılılığı, şəraitlər
qarşısında acizliyini qəbul edə bilmir. Filmi
işıqlandırma səbəbimiz təsadüfi deyil.
Çünki, əsas rollardan biri - cənublu Davidi
canlandıran azərbaycanlı aktyor Rasim Cəfərovdur. Sənət
aləmində gənc sayılsa da, həm teatrda, həm də
kinoda rollar qalereyası olduqca zəngindir. «Yaşayış
yerini tərk etməmək haqda iltizam» filminə Rasim, uzun
axtarışdan sonra dəvət olunub. Əvvəl fotoşəkillərdən,
daha sonra çəkildiyi «Kuklalar» (rej. Çingiz Rəsulzadə),
uğuru xarici ölkələrdə belə səs-soraq
salmış «Ev» (rej. Asif Rüstəmov) filmlərindəki
Böyük Miki və Anar obrazları, nəhayət
sözügedən filmdə cənublu David rolu
üçün dəvət olunduğu sınaq çəkilişləri
rejissorun aktyor seçimindəki gümanlarını təsdiqlədi.
Rasimi bu filmdə cəlb edən süjet, ideya oldu. O, psixoloji
dram janrlı səhnə və kino əsərlərində həmişə
xüsusi həvəslə çalışıb. Hər
halda aktyor özü belə deyir. Yeri gəlmişkən,
«Yaşayış yerini tərk etməmək barədə
iltizam» filmi Rasimin Rusiya kinematoqrafiyasında ilk böyük
rolu olsa da, ilk deyil. Daha öncə «Mosfilm»də çəkilən
«Üç qız» və NTV kanalının
ekranlaşdırdığı «Jurnalist» filmlərində
epizodik rollarda çəkilib. Rusiyalı peşəkarların
sözlərinə görə, Rasimin istedadında rus
aktyorlarında olmayan xüsusi bir özəllik var... Rasim Cəfərovun
potensial imkanlarına bir çox rusiyalı
kinematoqrafçıların da diqqəti yönəlib. Təsadüfi
deyil ki, prodüser mərkəzləri, rejissorlar, aktyor
seçimi üzrə agentliklər Rasimlə maraqlanmağa başlayıblar.
Yeri gəlmişkən, Rusiyanın tanınmış «Kadr»
aktyor agentliyində Rasim Cəfərovun Aleksandra Kolonistova
adlı agenti belə var... «Yaşayış yerini tərk etməmək
barədə iltizam» filminin artıq montaj işləri
tamamlanıb. Sözügedən filmin Kann, Venesiya və bu kimi
digər mötəbər beynəlxalq kinofestivallarda
nümayişi nəzərdə tutulub.
Sevda Babayeva
Mədəniyyət.- 2009.- 15 aprel.- S. 14.