Növbəti film nə ilə fərqlənəcək?
Mehriban
Ələkbərzadə: «Məni həmişə
Qarabağla bağlı mövzular cəlb edib»
Mədəniyyət və Turizm
Nazirliyinin 2009-cu ildə təsdiq etdiyi layihələrdən
biri “Bəşəriyyətin xilaskarı” adlanır. Görəsən,
bu film bəşəriyyətdən- dünya kino bazarından
əvvəl bizim yerli bazarımızda necə
qarşılanacaq? Bu
və digər suallara cavabı da filmin rejissorundan almağa
çalışdıq.
- Mehriban xanım, söhbətimiz
istehsalına başlayacağınız “Bəşəriyyətin
xilaskarı” adlı filmlə bağlı olacaq. Bu ssenarini siz
Mədəniyyət və Turizm Nazirliyinə təqdim
etmişdiniz?
- Mən ilk debütüm
olan “Güzgü” qısametrajlı filmindən sonra uzun
müddət film çəkmədim. Demək olar ki, üzərindən
on il keçəndən sonra “Məhkumlar”ı çəkdim.
Amma onu da deyim ki, qısametrajlı filmdən sonra “Təhminə”
filmində ikinci rejissor olmağa razılaşmadım. Hərçənd
ki, Rasim Ocaqovdan öyrənməli çox şey var idi. Məni
həmişə Qarabağla bağlı mövzular cəlb
edib və məni kinostudiyaya və kinoya qaytaran həvəs də
bu olub. Amma ilk dəfə Qarabağla bağlı ssenari mənə
təklif olunanda baxdım ki, onu çəkməkdənsə,
çəkməmək daha yaxşıdır. İkinci təklif
isə “Məhkumların cənnəti” adlı ssenari oldu və
mövzu maraqlı gəldiyi üçün bu filmi çəkdim.
Film birinci kateqoriyaya layiq görüldü. Belə bir qayda var
ki, birinci dərəcəni alan filmin rejissoru iki ildən sonra
yeni film çəkmək şansı qazanır. Keçən
il nazirliyə “Sonuc” adlı ssenarimi vermişdim. Bu ssenari bir az
siyasi aspektdə olduğuna görə, sual altında
qaldı. Daha sonra Qarabağ mövzusu ortalığa
çıxdı. Mənim də əlimin altında tam
hazır olan Kərkicahan mövzusu var idi. Tam hazır ona
görə deyirəm ki, bu mövzuyla bağlı Milli Təhlükəsizlik
Nazirliyindən çoxlu informasiya və dəlil-sübutlar əldə
etmişdim. Onların əsasında “Çat vermiş torpaq”
adlı ssenari yazdım. Faktlar olduğu kimi
qalmışdı, bədiiləşdirilmişdi. Həmin qəhrəmanların
dördü sağdı, onların adları olduğu kimi
saxlanılmışdı. Sonda da sənədli hesabat
xarakterli onların kimliyi göstəriləcəkdi.
Görünür, mövzu inandırıcı gəlməyib
ki, mənə başqa ssenariyə film çəkməyi
tapşırdılar. İki ssenari təklif edildi və mən
“Bəşəriyyətin xilaskarı” üzərində
durdum.
- Bu əsərdə sizi cəlb
edən nə oldu?
- Ssenaridə uzun illər
axtarılan və yalnız SSRİ dağılandan sonra fərdi
məşğulluğun nəticəsində insanları zombiləşdirəcək
elmi-tədqiqat məhlulunun törətdiyi fəsadlardan
söhbət açılır.
Belə deyək, detektiv
janrdadır. Amma mən yenə də araşdırma aparmaq istəyirəm.
Çünki bir var bu məhlul dar çərçivədə
kiçik məqsədlər üçün istifadə
olunsun, bir də var daha geniş aspektdən
yanaşılsın. Düşünürəm ki, bu problemi
qlobal səviyyəyə qaldırmaq olar. Ölkənin Daxili
İşlər Nazirliyini, Narkotiklərə Qarşı
Mübarizə İdarəsini, Milli Təhlükəsizlik
Nazirliyini də bu işə cəlb etmək olar.
Çünki bu məhlulun sabah törədəcəyi fəsadlar
bunu tələb edir. Ssenarini qəbul edəndən sonra
çox parodoksal hadisə baş verdi. Fevral ayının 16-da
hollandiyalı həkimlər dünənə qədər
fantastika sayılan, yaddaşı silə biləcək dərman
kəşf ediblər. Və bunun məntiqi nəticəsi kimi
insanlar zombiləşəcək.
- İlk filminizdə
Çingiz Abdullayevlə sıx müəllif-rejissor tandemi
yaranmışdı. Və sizin ssenariyə də müdaxilələriniz
olmuşdu. Bu dəfə vəziyyət necədir?
- Düzünü desəm,
hələ müəlliflə
tanışlığımız olmayıb. Amma mütləq
ki, ssenari bir az başqa cür yazılacaq. Və bu məsuliyyətli
işin öhdəsindən təkbaşına gəlmək
olmaz. Mən Milli Təhlükəsizlik Nazirliyi ilə əlaqə
saxlamışam və hazırda məndə Azərbaycanda fəaliyyət
göstərən sektalarla bağlı çoxlu sayda sənədlər
var. Düzdür, ölkəmizdə beynəlxalq terror səviyyəsində
sektalar yoxdur, amma bu və digər tədqiqatlar adı
altında gecələr fəallaşan İngiltərə və
Amerika, o cümlədən dünyanın 94 ölkəsində
fəaliyyət göstərən sektaların gizli nümayəndələri
var. Filmdə hansı sektaların fəaliyyətinin göstərilməsi
mümkün olacaqsa onu da göstərəcəyik.
- Belə başa
düşdüm ki, hələ ədəbi ssenarinin
yazılışı başa çatmayıb?
- Bəli, ədəbi
ssenarinin işlənilməsi prosesi yekunlaşmaqdadır. Məndən
öncə ssenarinin başqa versiyası işlənilmişdi.
Onu qəbul etmədim. Təklif etdiyim variantla iş davam edir. Plan
kimi yaxşıdır. Amma yenə deyirəm, bu film bir
insanın beyninin məhsulu ola bilməz mütləq halda
dövlətin hüquq- mühafizə strukturları ilə
razılaşdırmalıyıq. Daha sonra rejissor ssenarisi
hazırlanacaq. Mən özüm yazdığım ssenarilərdə
rejissor ssenarisinə ancaq metrajları hesablamaq qalır. Çox
istəyərəm ki, ssenaridə cərəyan edən hadisəyə
paralel olaraq, iki qısa xətt də əlavə edim və
üç paralel montajla işləyim.
- Çəkilişlərə
nə vaxt başlayacaqsınız?
- Güman ki, avqustda. Məndə
hazırlıq prosesi çox çəkir, çəkiliş
az.
- “Məhkumlar” filmi az maliyyə
imkanı və köhnə texniki avadanlıqlarla çəkildi.
Bu dəfə vəziyyət necə olacaq?
- İndi söz verilib ki, hər
şey yaxşı olacaq. Çünki bu film “24 k” prodüser
mərkəzinin filmi olacaq. Düzdü, mən bu sektoru tam dəqiq
anlaya bilmirəm. Ona görə ki, burada mənfi və
müsbət tərəflər var. Amma istəməzdim bu barədə
danışım. Qaldı ki, digər məsələyə,
mənim büdcəyə qətiyyən müdaxiləm
olmayacaq.
- Sizcə, prodüser filmi
olaraq, ekran işi nələri əldə edəcək?
- Öncə qeyd edim ki, bu
layihənin mənə tapşırdıqlarına görə,
hörmətli nazir Əbülfəs Qarayevə, Kinematoqrafiya
Şöbəsinin müdiri Cahangir Məmmədova minnətdarlığımı
bildirirəm. Düşünürəm komandamız bu filmi
yüksək səviyyədə təhvil verə biləcək.
Sizin sualınıza gəlincə, ən azından filmdən
sonra onun təbliğatı, festivallara göndərilməsi
ilə konkret adamlar məşğul olacaq. Yəni mən dəqiq
bilirəm ki, bu mənim işim deyil. Amma “Məhkumlar”da bunlar
mənim üzərimdə qaldı.
- Texniki heyəti müəyyənləşdirmisiniz?
- Tam yox, amma operator Rafiq
Quliyev, rəssam Rafiq Nəsirovun adını çəkə
bilərəm. Digərləri hələ dəqiqləşməyib.
- Yenə də kənarda
qalmış aktyorlar sorağındasınız?
- Bilirəm bu sualı niyə
verirsiniz. “Məhkumlar”da demişdim ki, mən peşəkar,
amma işlənilməmiş aktyorlar istəyirəm. Yəni
siması ekranda olmayan aktyorlar... və bunu da elədim. Bu filmdə
isə xüsusi tələbim yoxdur. Burada önəmli məsələ
hansısa bir məhlulunun törədəcəyi fəsadları
beynəlxaq səviyyəyə qaldıra bilməkdir.
- Maraqlıdır ki, sizin istər
kinoda, istərsə də tamaşalarınızda
özünü sübut edən aktyorlar sonra bunu təkrarlaya
bilmirlər...
- Bilirsiniz, mənim mənfi
cəhətim odur ki, aktyorlara özümü
köçürə bilirəm. Aktyor mənim səsimlə
danışır, nəfəsimlə, duyğularımla
yaşayır.
- Dediniz ki, Qarabağ
mövzusunda film çəkmək istəyirsiniz, amma
alınmır. Belə bir fikir var ki, müharibə haqda
onilliklər keçəndən sonra yazmaq və çəkmək
olar...
- Görünür, keyfiyyətli
ssenari yoxdur. Amma mənim ssenarim olmuş hadisədən - Kərkicahan
döyüşündən bəhs edirdi. Yetərincə bəyənilməyə
bilərdi, amma mövzu etibarı ilə bu döyüşə
bu gün, yaxud da onilliklər sonra baxış dəyişilməyəcək.
- Bir neçə il bundan
öncə müsahibələrinizin birində Qarabağla, eləcə
də tarixi film çəkməyə özünüzü hazır
bilmədiyinizi demişdiniz. İndi hazır bilirsinizmi?
- Burada söhbət tarixi
döyüş səhnələrini quran ikinci rejissordan gedir.
Bizdə belə mütəxəssis yoxdur. Quruluşçu
rejissor ox, nizə strukturunu başa salmalı deyil, o sadəcə
ideya, quruluş verməlidi.
- “Babək”, “Nəsimi” filmlərində
böyük döyüş səhnələri savadsız
istifadə olunmayıb ki... Son illərdə çəkilən
tarixi filmlərə baxanda, əvvəlkiləri daha peşəkar
çəkiblər.
- Həmin səhnələri
lazımi səviyyədə çəkmək
üçün, yəqin maliyyə vəsaiti imkan vermir...
Sizin dediyiniz tarixi filmi
çəkmirəm deyə, bunu dəqiq deyə bilməyəcəm.
Axı məsuliyyət hissi də olmalıdır. Əgər
bu, Azərbaycan tarixidirsə, ikiqat yox beşqat məsuliyyət
tələb edir. Çünki tarixi səhnələrin,
döyüşlərin özü belə, dəqiqliklə
işlənilməlidir. Bizim tarixi filmlərin birində təhrif
də görmüşəm.
- Siz özünüzü
daha çox bu istiqamətdə görürsünüz. Amma
deyirlər, rejissor hər janrda film çəkməyi
bacarmalıdır....
- Düzdü. Amma mən
komediya çəkmək istəmirəm, çəksəm
belə gərək özümü məcbur edim. Bunu yəqin
bilirəm ki, tarixi janrda filmlər çəkməyi çox
istəyirəm. Amma bilmirəm yetərincə bacara biləcəmmi?
- Məcburiyyət
sözünü tamam başqa mövzuda çəkdiyiniz və
çəkəcəyiniz bədii filmlərə də aid etmək
olarmı?
- Yox, yenə də
onların mənə maraqlı olan tərəfləri var.
İnsanların zombiləşdirilməsi hədsiz aktual və
araşdırma tələb edən bir şeydir. Burada bircə
onda uduram ki, araşdırma var. Mən bu saat dünyada
mövcud olan 336 sektanın tarixini bilirəm.
Hazırladı: Aylin N.
Mədəniyyət.- 2009.- 15 aprel.- S. 11.