Atları yəhərləyin
Söhbət eyniadlı filmdən
getmir
At muraddır! Azərbaycanda minlərlə,
bəlkə də milyonlarla gözəl, sərrast deyimlərdən
biri də elə bu zərb-məsəldir. Yuxuda at
görmüsənsə, arzuna, istəyinə çatacaqsan,
deməli, ikinci bir yozum yoxdur. Atda bir müqəddəslik, həmişəyaşarlıq,
məğrurluq var və daha neçə-neçə bu kimi
müsbət keyfiyyətləri özündə cəmləşdirib.
Atı nağıllarımıza, dastanlarımıza gətirən,
əsas qəhrəmanlardan birinə çevirən də elə
bunlardır. Sadalanan keyfiyyətlərə bu və ya digər
formada başqa heyvanlarda da rast gəlmək
mümkündür. Ancaq atı onlardan fərqləndirən
bir xüsusiyyət də var - o, insanların əbədi dostu
və köməkdarıdır. Atdan təkcə
məişət işlərində, kənd təsərrüfatında
deyil, müxtəlif xalq oyunlarında istifadə edilib. Ölkəmizdə
milli atçılıq idmanının sürpapaq, piyalə və
ox, Çövkən, Papaq baharbənd, Yaylıq oyunları və
s. növləri üzrə maraqlı yarışlar
keçirilir. Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü ilə hər
il Şəki Atçılıq Turizm Mərkəzində
"Marafon-45" atüstü turist yürüşü və
Prezident Kuboku uğrunda Çövkən milli oyunu üzrə
yarışlar keçirilir. Prezident İlham Əliyevin
2006-cı il 18 aprel tarixli fərmanı ilə Şəkidə
Atçılıq Turizm Mərkəzinin yaradılması bu
sahənin inkişafına yönəlib.
Atçılığa yeni nəfəs
Əcdadlarımızın
bizə qoyduğu yazılı və şifahi ədəbiyyat
nümunələrində atların sadiqliyi, öz sahibinə
məhəbbət və köməyi barədə çoxlu əsatir
və əfsanələrlə rastlaşırıq. Təsadüfi
deyil ki, keçmişdə bir kişinin atına sataşmaq,
onun şərəfinə sataşmaq kimi qiymətləndirilib.
Hələ ötən ildən Milli Məclisdə
hazırlanmısına başlanılan «Atçılıq
haqqında» qanun layihəsinin təsdiqindən sonra
atçılıqda böyük dönüş
olacağı və bu sahədə vahid dövlət siyasətinin
formalaşacağı gözlənilir. Yeni
qanunun qəbulunda məqsəd atçılığın
inkişaf etdirilməsi, bu sahə ilə məşğul olan
fiziki və hüquqi şəxslərin mənafeyini qorumaq, Azərbaycanda
beynəlxalq standartlara cavab verən atçılıq təsərrüfatları
yaratmaq, yerli at cinslərini qoruyub saxlamaqdan ibarətdir.
Eyni zamanda bu sahənin inkişafı üzrə Dövlət
Proqramı hazırlanıb.
Azərbaycanda
atçılığın tarixindən
Atçılıq Azərbaycanda
daim maraq kəsb etmişdir. Tapılan arxeoloji materiallar
söyləməyə əsas verir ki, hələ Tunc
dövrünün son mərhələsində Azərbaycanın
ərazisində yaşayan insanlar burada atları yəhərləmiş,
onları özləri üçün etibarlı dost
saymışlar. Akademik B.A. Kaufman respublikamızın ərazisindən
tapılan yüyənləri eramızdan öncə birinci
minilliyin əvvəllərinə aid edir. Həmin dövrə
məxsus tapıntı olan yəhər qaşı, yəhər
yanı, tunc zınqırovlar və digər bu kimi əşyalar
sübut edir ki, Azərbaycan atçılığının
sorağı çox-çox əski çağlardan gəlir.
Tarixi sənədlər vətənimizin Şərqdə ən
böyük atçılıq ölkələrindən,
atların ən qədim əhliləşdirmə
ocaqlarından olduğunu göstərir.
1960-cı ildə isə
R.X.Səttarzadənin “Azərbaycan
atçılığı" kitabı işıq
üzü görüb. Onun qənaətinə görə,
“Azərbaycan at cinsləri qədimdən xalq seleksiyası,
sonralar bəzi Şərq qanlı atların qanının
qarışdırılması nəticəsində
formalaşıb. Bura QARABAĞ ATI, QAZAX ATI, QUBA YORĞASI və
ŞİRVAN ATI daxildir". Qafqazın və Rusiyanın bir
sıra at cinslərinin
yaxşılaşdırılmasında Azərbaycan
atlarından geniş istifadə olunub. Bizdə atlar
ilxılarda saxlanıb. Mütəxəssislərin yekdil fikrinə
görə, Azərbaycan atlarının hər cür şəraitə
uyğunlaşması və uzaq yürüşlərə
dözümlülüyü, ilk növbədə, bununla əlaqədardır.
Bizim atlar kiçikboylu olsalar da, (bu
çatışmazlığı aradan qaldırmaq məqsədilə
onları ərəbqanlı atlar və Terek atları ilə
cütləşdiriblər) temperamentlidirlər və bədən
quruluşları son dərəcə mütənasibdir.
Dünyaşöhrətli
Qarabağ atları
"Qarabağ" - ən
qədim mənşəli dağ minik cinsidir. Yorğa
atdır. XVII-XVIII əsrlərdə Qarabağ
xanlığında inkişaf etdirilməyə
başlayıb. Bu cinsli atları Qafqazda mövcud olan cinslərlə
cütləşdirərmişlər. Gözəl eksteryerli
Qarabağ cinsli atlar orta boyu, əzələlərinin gözəgəlimliyi
ilə digər at cinslərindən kəskin fərqlənirlər.
Başları balaca, profilləri düzdür, həyəcanlı
gözlərə malikdirlər. Arxası və beli düz,
döşü və ümumiyyətlə gövdəsi enli,
ayaqları quru, temperamentli, oynaqdırlar. Dərisi nazik,
tükləri yumşaq və parıltılıdır. Quyruq
tüklərinin nazik olması bu cins atlara xüsusi gözəllik
verir.
Tarixin yaddaşında
Qarabağ atlarının şöhrətinin bütün
Yaxın Şərqə kimi yayıldığı bildirilir. Hətta
məşhur təmizqanlı qaçağan at cinsinə malik
olan ingilislər də Qarabağ atı ilə
maraqlanırdılar.
Bu haqda 1889-ci ildə Ərzuruma
səyahət edən Rusiyanın dahi şairi A.S.Puşkinin də
qeydlərində rast gəlinir: «Cavan rus çinovnikləri
Qarabağ ayğırlarının üzərində gəzirdilər».
İl ərzində iki
dəfə «Çıdardüzü»ndə atçaparlar
arasında yarışlar keçirilir, qaliblərə qiymətli
hədiyyələr verilərdi. İbrahim xanın atlarına
dünya bazarında tələbat böyük idi. Həmin nəsildən olan şairə Xurşidbanu
Natəvan da atçılıqla fəal məşğul
olurdu və onun bütün ölkədə məşhur olan
ilxısı vardı. Şairənin Qarabağ atları
1867-ci ildə Parisdə, Moskvada və Tiflisdə
ümumdünya kənd təsərrüfatı sərgilərində
iştirak edir və hər dəfə də qalib gələrək,
qızıl medallarla mükafatlandırılırdı.
Atlara qayğı bu günün aynasından
Gəncədə yerləşən
Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan
Aqrar Universiteti) SSRİ dövründə atçılıq
üzrə yeganə ixtisaslı kadrlar hazırlayan fakültə
də fəaliyyət göstərib. Lakin ötən əsrin
90-cı illərindən sonra sözügedən sahə
inkişaf etdirilmədiyindən baxımsızlıq cins
atların kökünün kəsilməsi, ata marağın
azalması ilə nəticələnib. Bununla yanaşı,
atçılıq fakültəsi də tələbə qəbulu
olmadığından bağlanıb. Ümumiyyətlə at
çox qiymətli heyvandır. Dünyada yetişdirilən
260-a qədər at cinsindən Qarabağ və Dilboz cinsləri
Azərbaycana məxsusdur. Bundan başqa ölkədə Quba,
Şirvan at cinsləri də yetişdirilir: Hələ ərəb
atları əhliləşdirilənə qədər Azərbaycanda
cins Qarabağ atlarının nəsli olub. Azərbaycanda vaxtilə
Ağdamda, Şəkidə, Ağstafada atçılıq
zavodlarının çox məhsuldar fəaliyyət dövrləri
olub. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına
əsasən, aqrar islahatlar aparıldıqdan sonra bu gün
ölkədə atların sayı artaraq 71 min başa
çatmışdır. Bu, 1995-ci ilə nisbətən 61
faiz çoxdur. Lakin vaxtilə respublikamızda saxlanılan
atların sayı bundan bir neçə dəfə çox
olub. Hazırda Dövlət Damazlıq Təsərrüfatlarında
347 baş at yetişdirilir. Hər il Bakı Dövlət
Cıdır Meydanında 60 başa qədər damazlıq at
sınaqdan keçirilir. Respublikda xüsusi mülkiyyətə
əsaslanan 20-yə qədər hüquqi və fiziki şəxsdə
500-dən artıq cins at var. Onlardan yalnız Binədəki Azərbaycan
Atçılıq Klubunda 150 baş təmizqanlı ərəb,
Axaltəkə və ingilis atları yetişdirilir.
Atüstü oyunlar
Azərbaycanda
atçılıq haqda danışanda, təbii ki,
atüstü milli oyunlardan yan keçmək qəbahət
olardı. Ölkəmizdə hələ lap qədim
zamanlardan idmanın digər növlərinə nisbətən
daha çox atüstü milli oyunlarla məşğul
olurdular. Bu oyunların 24 əsrlik tarixi vardır. Yaxın
Şərq və Orta Asiya ölkələrində
atüstü oyunlar igidlik və cəsurluq rəmzi olub. Lakin ötən əsrin 50-ci illərinə kimi
ölkədə atüstü oyunlar barədə məlumatlar
üzə çıxmamışdır. 1000 il əvvəl həvəslə
oynanılan Çövkan, Sür Papaq, Bahərbənd,
Yaylıq, Gərdək qaçırmaq və s. oyunlar
haqqında əksər əhalinin, xüsusən də gənclərin
heç bir anlayışı yox idi. Həmin dövrdə
bu məsələ respublikanın əməkdar məşqçisi
Fikrət Hüseynovun diqqətini cəlb edir. O, bu sahədə
tədqiqat işləri aparmağa başlayır. Sirr deyil ki,
1000 il keçdikdən sonra milli atüstü oyunların bərpası
gərgin axtarış və əmək tələb edirdi.
Nəhayət, 1958-ci ildə
Gəncənin Bağmanlar qəsəbəsinin
çıxacığında balaca cıdır düzü təşkil
edən Fikrət müəllim 4 kolxozdan atları
yığır və gəncləri öz ərtafına
toplayır:
Bu dövrə qədər
Azərbaycan, atüstü milli oyunlar üzrə İttifaq
miqyaslı yarışlarda iştirak edə bilmirdi.
Bunu aradan qaldırmaq
üçün Gəncə ətrafında yerləşən
4 kolxozda 10-dan çox xüsusi komandalar yaradılaraq, məşqlərə
başlanıldı. Azərbaycan atüstü milli
komandası 1961-ci ildə Moskvaya yarışa dəvət
alır.
İlk yarış Azərbaycan
ilə erməni çaparları arasında keçirilməli
olur. Azərbaycan komandası 3:1 hesabı ilə qalib gəlir.
Fikrət Hüseynov gərgin
əməyi nəticəsində XX-əsrin 50-ci illərinin
sonunda başda Çövkən olmaqla bir sıra milli
oyunlarımız bərpa edilmişdir.
Tarixi keçmişimizə bu vurğunluq F.Hüseynovu atüstü oyunlarımızın yorulmaz tədqiqatçısına çevirmişdir. O, ötən müddət ərzində 10 xalq oyunun tarixi sənədlər və folklor materialları əsasında bərpa etdirib, yarış qaydalarını hazırlamış, kitabçalar şəklində xalqa çatdırmışdır. “Piyalə və ox”, “Baharbənd”, “Sürpapaq”, “Gərdək qaçırmaq” və s. Oyunlar belələrindəndir
İlk dəfə F.Hüseynov tərəfindən bərpa edilmiş atüstü milli oyunlar onun rəhbərliyi altında 1958-1960- cı illərdə Gəncə şəhərində nümayiş etdirilmişdir.Bu gündən ölkəmizdə atüstü oyunların inkişafı Mədəniyyət və Turizm Nazirliyinin
yalnız Respublika Atçılıq Turzim Mərkəzi tərəfindən həyata keçirilir.
Atları yəhərləyin
Azərbaycanda bir
neçə min illik yaşı olan atçılıq, mədəniyyətimizin
və tariximizin bir hissəsidir. Atçılıq ənənələri
isə hər bir xalqa məxsus olan mədəniyyət deyil.
Buna ən azı belə bir misal gətirmək olar ki,
dünyada məşhur olan bir neçə at cinsləri
vardır və onlardan da biri məhz Azərbaycana məxsusdur.
Bu baxımdan hər bir ölkənin nüfuzu sayılacaq onun
dünyada layiqli təbliğatçısından birinə
çevrilə biləcək bir sahəyə dövlət
qayğısı labüddür. Həmçinin inkişaf
etdirilməsi ciddi vəsaitlər tələb edən
atçılıq, respublikaya küllü miqdarda valyuta da gətirə
bilər.
Sabutay
Mədəniyyət.- 2009.- 15 aprel.- S. 8.