«Məndən yox, bizdən danışaq»

 

Müsahibimiz də öz sözü üstdə durmağa çalışdı, biz də...

 

O, hətta neçə kitab yazdığını, neçə-neçə klassiklərlə bağlı nəşrlərin işıq üzü görməsinə yardımçı olmasını, əlsizlərə əl, yolsuzlara yol tutması «sirlərini» də müsahibəmizdən qorumağa çalışdı. Dedik, «Nədən bu qədər təvazö?», qalından-qalın «Üç min illik hikmət» kitabına işarəylə: «Bu kitabla tanış olun, bilərsiniz» dedi. Həmin an o kitabı vərəqləməyə vaxtımız olmasa da, bu müəllifin digər qalın kitablarının adlarına diqqət yetirə bildik: «Həzrəti Əli», «M.Ə.Möcüz», «Əzab yüklü eşşək», «Ömər Xəyyam» və s. Ofisinə - onunla müsahibə aparmağa gəlmiş neçə-neçə jurnalistlərdən birinin «Əli müəllim, bunlar nə qalın kitablardı?!» təəccüb-eyforiyasına müəllif çox təəccübsüz bir reaksiya verdi: «İstərdim, mənim kitablarım qalınlığı ilə yox, qalanlığı ilə seçilsin, qızım»...

Bu sözdən sonra, müsahibimizlə - maraqlı iş və mənəviyyat adamı olan Əli Polad ilə avtobioqrafik sorğu-sualdan dinməz-söyləməz əl götürüb, başladıq:

- Əli müəllim, hətta təvəllüd tarixinizi söyləməyi də artıq hesab edirsiz, bəs bu xeyirxahlıq, elm-irfanilik, müdriklik Sizdə nə vaxt doğulub?

- Bilmirəm. Bəlkə də uşaqlıqdan bu hisslər məndə var imiş.

- Uşaqlıqda bunlar doğmalarçün, dostlar, qonum-qonşular, özgələrçünmüş. Bəs xalq üçün, millət üçün?..

- Ağlım kəsəndən belə düşünürdüm ki, dünyada hər şeyin, bütün hadisələrin bir-biri ilə bağlılığı var. Dünyaya gəlirik, böyüyürük, evlənirik, uşağımız olur və biz öz valideyn borcumuzu yerinə yetiririk - onları boya-başa çatdırırıq. Sonra nəvə gözləyirik, onlara kömək-dayaq oluruq. Amma insanların bir qismini təkcə bunlar qane etmir. Hər birimizin içində öz dünyamız var və hər birimiz çalışmalıyaq ki, insanlarla özümüz arasında bir bağlılıq olsun. Yəni - mən və bəşər, sən və bəşər, o və bəşər. Dünya anlaşıldıqca böyüyür. Məqamlar var ki, bir tikə çörək insan üçün bir milyarddan daha vacib olur. Mən xanımımla, övladlarımla yeməkxanada nahar edəndə süfrədə qalan artığı özümüzlə götürür, yolda rast gəldiyimiz bir pişiyə, itə veririk. Beləliklə, böyük Haqq bizim əlimizlə onların da yaşamaq haqqını bərqərar etmiş olur. Mən isə bu addımımla belə hesab edirəm ki, şəxsi mənafe zindanımı, daim kiçilmə təhlükəsilə üz-üzə duran dünyamı yırtmış oluram.

- Olmazmı ki, ağlı-başı bu qədər yaxşı, səmərəli işləyən Əli Polad, bir itə itirdiyi vaxtı elə işlərə sərf etsin, elə bolluq yaratsın ki, dünyanın, minimum, öz ölkəsinin, məhəlləsinin bütün itləri tox olsun? Yəni, restorandan qalmış artığın it-pişiyə verilməsini Sizin qədər iş görə bilməyən oğlunuza, ya bizə həvalə edə bilərsiz...

- Məndən soruşulanda ki, sərvət mənə görə nədir, deyirəm sərvət insanın beyninin toxdaşa bilməsidir. Hər insan, beyninin istirahəti, həzzi üçün vaxt ayırmalıdır, düşünməlidir. Bu zaman beyin həm də inkişaf edir. Mən bunu qəbul edirəm ki, Allahın bir heyvanına itirdiyim vaxtı daha səmərəli işlərə sərf edə bilərəm, amma mən olsa-olsa, balaca bir iş adamıyam və heç vaxt sərvət-dövlət hərisi olmamışam. Mənəvi sərvət-dövlət isə başqa şeydir! Uşaqlarıma da bu sadə xalq fəlsəfəsini dönə-dönə xatırladıb, xatircəm etmişəm ki, ağıllı oğul neylər ata malını, ağılsız oğul neylər ata malını. Bu maddiyyat fəlsəfəsinin gəldi-gedərliyinə tam inandığım üçün ömrümün çox vaxtını mənəvi var-dövlətə - kitablara sərf etmişəm. Bu dövlətin gücünə imanlı, insanlarla ünsiyyət, Allahın heyvanları ilə bir ruhilik yaratmışam.

- Əli müəllim, Siz dövlət adamı deyilsiz, amma həm maddi, həm mənəvi baxımdan çox dövlətlisiniz. Obrazlı desək, sizin qəlb dünyanızın hansı nazirliyi yaxşı işləyir: sosial-təminat, ya mənəvi-mədəniyyət?..

- Hər insan bir dünyadır. Hər insan öz dünyasını özü yaradır. Əgər vücudumdakı orqanlar yaxşı işləməsə, bu, mənim şəxsi xətamdı: yəqin ki, çox yemişəm, çox içmişəm, yaxud onları ac-susuz qoymuşam. İslamda bir məqam var; şeytan kasıbdı, yoxsa hər birimiz dövlətliyik?! Hər birimiz öz ağlımız ilə kasıb, ya da dövlətliyik. Dövlətli olmaq - insan olmaq, xalqa xidmətkar olmaq deməkdir. Mənəvi tərəfdən götürəndə «dövlət», «mal-mülk» deyilən bir şey yoxdu. Biz bir karvansarayın bu qapısından girib, yavaş-yavaş o qapısından çıxıb gedənlərik.

- Sizin nəşr etdirdiyiniz irihəcmli, nəfis kitablardan biri də «Həzrəti Əli»dir və bu kitab bizdə belə bir sual doğurur: Həzrəti Əlinin «Nəhcül-bəlağə» və digər əsərləri Sizə nə verib və Siz bu kitabla oxuculara nə verirsiz?

- Bu əsərdə özəl-özgür sözlər, söhbətlər, fərmanlar var; burdan əsasən, səbir etməyi, dözən, gözləyən olmağı götürəcəklər.

- Eşitdiyimizə görə, qələmə alıb nəşr etdirdiyiniz əsərlər də, özünüz kimi, bir çox ölkələrdə maraqla qarşılanır. Bəs şəxsən özünüz özünüzü hansı ölkədə daha rahat hiss edirsiniz?

- Son illərdə bir dəfə məcbur olub Qazaxıstana getmişəm. Başqa qardaş ölkələrdə qalmamışam. Məni qanım-genim daha çox bura - Azərbaycana çəkir. Mənim üçün ana Yurd həm buradı, həm Təbriz.

- Sizin bu məqama qalxmağınızda «müqəddəmə» rolunu kim oynayıb?

- Əvvəla, mənim heç bir məqam-mərtəbəm yoxdur. Əgər mənim bu məqamım insanın qalxa biləcəyi mərtəbələrin ilk pilləsi hesab edilsə, anamın zəhməti hesabınadır. Anam beş danışardısa, on beş düşünərdi. O az danışığında da özlü-özgür sözlər söylərdi. Rəhmətlik məni yağ içində böyrək kimi bəsləyərdi. O mənə həm ana, həm ata olub. Mənim varolmağımda, elmə, sənətə, həyata hazırlanmağımda atamın yox, anamın böyük rolu olub. Rəhmətlik məni çox istəyirdi... qoy elə indi də istəsin...

- Hiss olunur ki, Siz də onu çox, yaman çox istəmisiz, indi də istəyirsiz və maraqlıdır, sağlığında nə vaxtsa onun üzünə demisizmi ki, «Ana, mən səni çox istəyirəm»?

- Çox...

- Bu an Sizə övlad kimi yox, bir ziyalı, müdrik insan kimi müraciət edirik: buna ehtiyac varmı? Ananı çox istəmək aksiom deyilmi? Qardaşa, bacıya, dost-sirdaşa demək olar, amma insan ananı elə çox istəyər də...

- Sizin iddianız da qəbulolunandır. Amma bu sözü, bu sevgini dilə gətirmək də pis deyil.

Mən anaları sağ olan övladlara üz tutub deyirəm: ananızı tək tapın, onunla tez-tez tək qalın. Onunla uşaqlaşın, şıltaqlaşın, deyib-gülüşün. Hərdən bir də başınızı qoyun onun dizi üstünə və yatın. Qoy o, sizin başınızı, saqqalınızı əlləri ilə oxşasın, sevib-sevələsin. Bundan gözəl dünyada nə var?! Hər bir insanın «sevgi» sözünə, «sevirəm» kəlməsinə ehtiyacı var. Məncə, sevilmək dünyadakı ən uca dağın ən uca zirvəsidir.

- Bəs, üzünü 10 yaşınızadək gördüyünüz atanıza sevginiz haqda nə deyə bilərsiz?

- Heyif ki, heç nə... Onun özü də bir xəyaldı, ona olan sevgilərim də. Atamın cizgiləri yadımda qalmayıb. Yadımda qalan budu ki, 3-4 yaşımdan 10 yaşadək atamın yatağında yatmışam. Repressiya əzab-əziyyətlərindən atamın kürəkləri həmişə üşüyərdi. Mən də onun kürəklərini qucaqlayardım ki, isinsin. Bir də yadımda qalan budu ki, atamın çox dostları vardı. Bizə gəlib, söhbət elərdilər. Hərdən də məni çağırıb, Qurani-Kərimdən bir ayə oxuyardılar və deyərdilər: «Bu sözləri hövə-hövə desən (yəni, bir söz qaçırmadan), sənə pul verəcəyik». Mən o sözləri hövə-hövə təkrar edər və pulu alardım.

- Neçə uşağınız var?

- Bir oğlum, bir qızım, bir nəvəm.

- Bəs Siz necə, ata sevginizi uşaqlarınıza kifayət qədər çatdıra bilibsinizmi, «hövə-hövə» məsələsini Siz necə ötürübsüz uşaqlarınıza?

- Uşaqlarıma 5 dil öyrənməkdə kömək olmuşam. Onlar fransız, ingilis, italyan dillərini yüksək səviyyədə bilirlər. Öz dilimizin isə Məcnunudurlar.

- Əli müəllim, Siz o yağlı ticarətdən bu yavan ədəbiyyata, mədəniyyətə necə keçə bildiz?

- Pul, var-dövlət məni heç vaxt ürəyimcə şad etməyib, etmir və zəmanət verə bilərəm ki, etməyəcək. Mən mömin ailədə böyümüşəm və dini dəyər və baxışlar məni Məkkəyə getməyə şövq edirdi. 1973-cü ilin yanvar ayı, Qurban bayramı idi. 29 yaşımda hacılıq məqamı dalınca getdim. Amma hacı olduğumu heç kimə bildirmədim. Orada Allahımdan iki şey istədim; birincisi bu idi ki, xərcləməyəcəyim pulu mənə qismət etməsin. Məni pul hambalı olmaqdan qorumasını arzuladım.

- Bəs ikinci istəyiniz?

- O istəyimin bu suala dəxli olmadığına görə, demək istəməzdim.

- Kitablarınızn prezentasiyası olubmu?

- 1-ci və 2-ci kitabımın təqdimat mərasimi olub. Əgər oxucuların, ədəbi ictimaiyyətin istəyi olsa, mənim vaxtım və həvəsim var ki, sonrakıların təqdimat törənini də edəm.

- Siz ki bu qədər işləyirsiniz, xeyirxahlıq mərasimləri keçirirsiz, yollar gedir, səfərlər edir, jurnalistlərə, müsahibələrə bu qədər vaxt ayırırsınız, bəs nə vaxt yazıb-yaradırsınız?

- Uzun-uzadı söyləyim, ya qısa?

- Qısaca.

- Gündüzlər fikirləşir, gecələr yazıram.

- Deməli, ağappaq işıqla, gur-gur nurla dolu bu kitablar qaranlıq gecələrə minnətdardı...

- Qanadlı sözləri sevən adam kimi deyim ki, fikirləri əkən gündüzlər olmasa, gecələr biçməyə nə tapılar?

- Əli müəllim, Sizə ağsaqqal demək olar?

- Yaşa görə yüz faiz, başa görə, deyə bilmərəm...

- Fərqindəsizmi ki, son dövrlər ağsaqqallıq problemi yaşanır? İndi cavanlar ağsaqqal tapa bilmir. Necə hesab edirsiz, bu, «inkişaf»dan inteqrasiyadandırmı, ya bir el şairi demişkən, «hamısı zəmanədəndir»mi?

- Bəli, ağsaqqallıq çox məsuliyyətli vəzifədir. Bu vəzifəyə dayı ilə, savadla, pul-para ilə keçmək müşkül iş! Bir arzum var; kaş İstanbulda bir 200-300 kv.metrlik ofisim ola, o zalda hər gün beş-üç müdriklə oturub dərdləşəm, sonra da yığdıqlarımı paylayam cavan-comrula. Heç bilirsiz, indi hər şeyi olan cavanların öyüd-nəsihətə nə qədər ehtiyacları var? Amma... əlbəttə, köhnə-kürüş cındırından cin hürkən öyüd-nəsihətlərə yox. Qocalar ağsaqqallıq eləmək, cavanlar isə dinləmək elmini yaxşı bilməlidirlər.

- Niyə məhz İstanbulda?

- Ona görə ki, oranın ab-havası mənə daha yaxındı - artıq 42 ildir ordayam.

- Keçmişin ən urvatlı cəzası olan «ustad şapalağı» indilər vəzifə, müdir şapalağı ilə əvəz edilib. Son vaxtlara qədər el dəbində olan bir cəza «maddə»si vardı: siqaret çəkən uşaqlara ağsaqqal şapalağı.

- Hə. O şapalaq ərki aradan çıxandan sonra çox ədəbsizliklərin səsi eşidilir.

- Azərbaycan jurnalistləri Sizi çoxmu yorub-incidirlər?

- Mən heç kimdən inciməmişəm, hər kəsdən çox razıyam. Mənimlə görüşənlər tək özləri üçün görüşmürlər. Biz birlikdə xalq üçün, oxucu üçün, mədəniyyətimiz, mənəviyyatımız üçün görüşürük. Mən bir ağrımaz ağızam, onlar yorulmaz qələm.

- Azərbaycanda təxminən neçə dostunuz var?

- Hörmətli oxucularınızı yormamaq üçün belə deyərdim: mən neçə adama dostamsa, o qədər də dostum var. Xəstəxanada əməliyyat olunub yatdığım 2 gündə yanıma 36 nəfər gəldi.

- Azərbaycanın bu tayındakı professor, akademik dostlarınız arasında fəhlə, çoban da varmı?

- Var, amma heyif ki, onların sayı azdır. Heç bilirsiz - o sadə adamlar adamın həyatını necə sadələşdirib, gözəlləşdirirlər?!

- Bu dostluqdan kim çox qazanır - Siz, yoxsa əks tərəflər?

- Onlara «əks tərəf» deməyə mənim dilim gəlməz. Dostlar insanın mənəvi «orqanizm»inin könül hüceyrələridir.

- Bizə də hədiyyə edəcəyiniz kitablarınıza avtoqraf yazarkən «dostum» ifadəsini işlədəcəksiz?

- Əgər mənimlə bircə söhbətdə siz məni dost hesab etdinizsə, hə...

- Çox sağ olun.

 

 

Söhbətləşdilər:

 

T.Abbaslı,

 

K.CƏbrayıl

 

Mədəniyyət.- 2009.- 15 aprel.- S. 6.