Tarixdən ibrət...
Yaxud M.S.Ordubadinin ilk dramları haqqında
Öz qələmi ilə yarım əsrdən
artıq xalqının tərəqqisi və səadəti
işinə xidmət göstərmiş görkəmli sənətkarımız
Məmməd Səid Ordubadi çox oxunan və çox sevilən
yazıçılarımızdandır.
Azərbaycan ədəbiyyatında tarixi roman
janrının əsasını qoyan Ordubadi ədəbiyyat və
mədəniyyətimizin tarixində silinməz iz qoyub
getmişdir. Qüdrətli nasir-romançı,
şair-felyetonçu, jurnalist və publisistin
yaradıcılığında dramaturgiya da müəyyən
yer tutur.
Hələ inqilabdan əvvəl,
yaradıcılığının ilk dövründə
Ordubadi dramaturgiya ilə məşğul olmuş, sonradan bu ədəbi
növə daha tez-tez müraciət edərək onun bir
sıra qiymətli nümunələrini yaratmışdır.
Bütün yaradıcılığı boyu
vaxtaşırı bu janra müraciət edən yazıçının
otuza yaxın dram əsəri vardır. Həmin əsərlər
içərisində bu gün də öz bədii-estetik dəyərini,
tərbiyəvi əhəmiyyətini saxlayanları az deyil. Onların
bir qismi vaxtilə teatrlarımızın səhnələrində
oynanılmış və tamaşaçıların
yaddaşında qalmışdır, bəziləri isə
heç zaman səhnə üzü görməmiş, lakin
çap olunmuşdur. Ədibin elə dram əsərləri də
vardır ki, oxucu və tamaşaçılara məlum deyil.
Öz dram əsərlərində
yazıçı müasirlərini düşünərkən,
cəmiyyəti narahat edən zəruri məsələlərdən,
bir çox hallarda ümumbəşəri problemlərdən
söhbət açır.
Xalqın azadlıq
arzuları, işğalçılıq və ədalətsiz
müharibələri, qırğınlara qarşı
etirazı, mövhumat və cəhalətin tənqidi, yüksək,
təmiz məhəbbətin tərənnümü,
mühüm beynəlxalq problemlər Ordubadi
dramaturgiyasının başlıca mövzularıdır. Ədibi
nəsr yaradıcılığında olduğu kimi, dram əsərlərində
də xalq hərəkatı, azadlıq mübarizələri,
inqilabi mövzular daha artıq maraqlandırmışdır.
Janrlarına görə
Ordubadinin dram əsərlərini bir neçə qismə
ayırmaq olar: faciə, dram, məzhəkə, libretto. Həmin
dramları tarixi, tarixi-əfsanəvi, müasir mövzulu əsərlər
kimi də qruplaşdırmaq mümkündür.
Ordubadinin ilk dramı
olan “İki cocuğun Avropaya səyahəti” 1907-ci ildə
yazılıb və 1908-ci ilin ilk aylarında “Tazə həyat”
qəzetində dərc olunmuşdur.
Avropaya gedən iki gənc
dostun yazışmasını verən müəllif hadisələri
Ordubad şəhərindən başlayır. On məktubdan
ibarət olan bu kiçik romanda Ordubadi öz maarifçilik
fikirlərini ifadə etmişdir. Romanda avtoportretik xüsusiyyətlər
də var. Sonrakı on məktubda isə Avropanın inkişaf
etmiş şəhərlərindəki tərəqqi və təqdirəlayiq
cəhətlərdən bəhs olunur. Bu on məktubda Məmməd
Səid siyasi, ictimai, iqtisadi və mədəni inkişaf
nöqteyi-nəzərindən Şərq ölkələrinə
nisbətən xeyli irəli getmiş Avropa şəhərlərindəki
tərəqqini faktlar, rəqəmlər, real təsvirlər
vasitəsi ilə verməyə çalışmış,
bununla da həmvətənlərini qəflət yuxusundan
ayıltmaq, Şərq ətalətinin, despotizmin, geriliyin
yaramazlığını sübut etmək istəmişdir.
“Bədbəxt
milyonçu, yaxud Rzaqulu firəngiməab” romanı 1907-1909-cu
illərdə yazılmışdır, lakin ədib bu
romanını ancaq 1914-cü ildə çap etdirə
bilmişdir. İlk Azərbaycan ictimai romanı olan “Bədbəxt
milyonçu” XX əsr ədəbiyyatımızda diqqətəlayiq
bir hadisə idi. Roman dövrün bəzi mühüm hadisələrini
reallıqla əks etdirməsi və ictimai-siyasi məsələləri
cəsarətlə qoyması nöqteyi-nəzərindən
olduqca əhəmiyyətli idi. Ordubadi maarifçilik fikirlərini
ilk romanından fərqli olaraq burada daha geniş, daha əhatəli
və çoxcəhətli surətdə əks
etdirmişdir. Bu fikirlər istər dövlət quruluşu,
ictimai həyat məsələləri olsun, istərsə də
ailə-məişət sahəsində olsun, ardıcıl və
təkidlə yürüdülür, sonra
çatdırılır. Yazıçının
romandakı ideyası İran Azərbaycanında və
İranda hökm sürən cəhalətin,
avamlığın, istibdad quruluşun dözülməz nəticələrinin,
yüksək rütbəli din xadimlərini xalqın
avamlığından istifadə edərək törətdiyi
rəzalətlərin, dövlət məmurlarının
rüşvətxorluqlarının və sair ictimai
yaraların tənqidindən ibarətdir.
Romanın müsbət
qəhrəmanı olan maarifçi Rzaquluxan Fransadakı İran
səfirinin oğludur. Uşaq yaşlarından Fransada
qalmış və fransızca təlim-tərbiyə
almışdır. Orada universiteti bitirdikdən sonra öz vətəninə
qayıtmaq və bəzi islahatlar yaratmaq istəmişdir.
Üçüncü
roman - “Baği-şah və ya Tehran faciəsi” 1909-cu ildə yazılmışdır,
1910-cu ildə “Səda” qəzetində dərc olunmuşdur. Bu
siyasi-tarixi dramın əsasına 1908-ci ildə Məhəmmədəli
şahın İran Məclisini top atəşinə
tutdurması hadisəsi qoyulmuşdur. Dramda inqilabi azadlıq hərəkatının
əsas düşmənləri, şahı idarə edən,
onun mürtəce hərəkətlərinə təkan verən
və inqilabın yatırılmasına cəllad rolunu oynayan
qüvvələr ifşa olunur.
M.S.Ordubadinin çap
üzü görən ikinci dram əsəri “Əndəlisin
son günləri, yaxud Qranadanın təslimi”dir. Əsər
1914-cü ildə Bakıda kitabça şəklində buraxılmışdır.
Bu tarixi faciənin hadisələri Əndəlisdə, məşhur
Əl-Həmra sarayında başlayıb və getdikcə
genişlənərək Qastiliyada kral Ferdinandın
sarayında bitir. İlk pərdədən məlum olur ki,
yerli xalq - ispanlar, ərəb xəlifəliyinin sarayında
baş verən hərc-mərclikdən, hökmdarın zəifləməsindən
istifadə edərək, istismar zülmündən qurtarmaq,
istiqlaliyyət qazanmaq, öz torpaqlarını
istilaçılardan azad etmək məqsədi ilə qəti
mübarizəyə qalxmışlar.
Ümumiyyətlə, bu
dövrdə yazdığı əsərlərində
Ordubadi xalqları əsarət altına almaq məqsədi ilə
aparılan işğalçılıq müharibələrini
lənətləmişdir. Bu əsərdə də belədir.
Üç-dörd il sonra ədib “Əndəlisin son günləri
yaxud Qranadanın təslimi” faciəsinin üzərində
yenidən işləyərək onu bir qədər də
genişləndirmiş, müəyyən dərəcədə
təkmilləşdirmiş və əsərini “Xilafətin
son günləri” adlandırmışdır.
Bu faciə onuncu illərin
sonunda Orta Asiyada, ən çox isə Özbəkistanda səhnədə
oynanılmışdır.
Birinci Dünya
müharibəsi dövründə yazılmış “Teymurləng
və İldırım Bayazid” dramında da Ordubadi
işğalçılığı pisləmiş, onun
acı nəticələrini göstərməyə
çalışmışdır. Ədib əsərində
iki qanlı istilaçının - Teymurləng və Bayazidin
simasında insanları müharibələrə, qətl və
qarətlərə sürükləyən qəddar müstəbidləri
damğalamışdır. İki qaniçən istilaçı
ataya qarşı əsərdə onların övladı olan
iki gəncin məhəbbəti qoyulmuşdur.
İldırım
Bayazidin oğlu Musa və Teymurləngin qızı Zərifəbanu
müharibəyə nifrət bəsləyir, kobud, vəhşi
müharibə aləminə, bu mühitə tamamilə yad
olan zərif, səmimi məhəbbət havası gətirirlər.
İşğalçıların tarixi cinayətlərini və
daxili aləmlərini aydın təsvir etmək
üçün müəllif birinci pərdədə
İldırım Bayazidin, ikinci pərdədə onun
düşməni Teymurləngin qərargahında cərəyan
edən hadisələri verir.
Sonrakı səhnələrdə
müəllif işğalçıların
ifşasını və məğlubiyyət səbəblərini
göstərməyə çalışır.
“Teymurləng və
İldırım Bayazid” tarixi dramı ilə M.S.Ordubadi qəsbkarları
tarixdən ibrət götürməyə
çağırırdı.
Ümumiyyətlə, ədibin
dramaturgiya sahəsindəki fəaliyyəti ümumi
yaradıcılığının mühüm bir hissəsidir.
Məmməd Səid
Ordubadinin adı Azərbaycan dramaturgiyası və teatrın
salnaməsində özünəməxsus yer tutur, onun bu sahədəki
fəaliyyətinin tədqiqi aktual və faydalıdır.
Lalə Abaszadə,
M.S.Ordubadinin
xatirə muzeyinin direktoru
Mədəniyyət.- 2009.- 15 aprel.- S. 5.