Teatrlara niyə getmirik?
Onca dünya
yekə bir səhnə demək,
Hər kəs
aktyorluq edər bilməyərək!
Məşhur rusiyalı dramaturq Gelmanın tamaşasına bircə dənə də satılmamış bilet qalmır. Bunu görən dostları ona deyir: “Dünyada səndən xoşbəxt
insan yoxdur. Çünki tamaşana bilet tapmaq mümkün
deyil”. Gelmanın cavabı isə belə olur: “Dünyada məndən bədbəxt insan yoxdur. Çünki bu gün anladım
ki, tamaşada qaldırdığım problem
hələ də öz həllini tapmayıb”.
Bu əhvalatı
eşidəndə ağlıma
belə bir sual gəldi: Yəni biz bu qədər xoşbəxt
bir millətik? Yəni doğrudanmı bizim heç bir problemimiz yoxdur ki, heç
olmasa onun dərdindən teatra gedib tamaşaya baxaq? Yoxsa əksinə,
problemlərdən başımız
ayılmadığından teatra ayırası vaxtımız yoxdur?
Bu gün
biz bu acı həqiqəti etiraf etməyə məcburuq: Teatra maraq ölmək
üzrədir (ölüb
deməyə dilim gəlmədi). Hansı
teatra gedirsən get, zalı nəinki tam, heç yarıyacan da dolu görmək
mümkün deyil. Düzdür, deyirlər, teatra sırf elə onun fanatı
olan “özəl” tamaşaçısı lazımdır.
15 nəfər olsun, amma teatrı sözün əsl mənasında sevən olsun. Lakin dərd orasındadır
ki, həmin 15 nəfərdən ibarət
tamaşaçı heyətini
də çox vaxt öz istəyilə
tamaşaya baxmağa gələnlər yox, müxtəlif peşə
məktəblərindən, hərbi liseylərdən məcburi gətirilənlər
təşkil edir.
Bu problemi insanların maddi vəziyyəti ilə bağlasaq, çox gülməli səslənər. Çünki kassalarda tökülüb
qalan teatr biletlərinin qiyməti 2-
3 manat olduğu halda, tamaşaya 3- 4 gün qalmış tapılmayan “Bakılı
oğlanlar”ın, “Bu şəhərdə”nin
və ya Bakıya konsert verməyə gəlmiş
hər hansı bir əcnəbi müğənninin konsert
biletlərinin qiyməti
minimum 30- 40 manatdır.
Bəlkə zövqümüz
korlanıb? Artıq biz mənalı, düşündürücü gülüşü deyil,
özündə heç
bir fikir, ideya daşımayan, boş, necə deyərlər, “laqqırtı”
gülüşü üstün
tuturuq? Gülmək xətrinə eləcə
gülmək, əylənmək,
əylənmək, yenə
də əylənmək
bizə daha xoş gəlir? Yox, buna inanmaq
istəməzdim!
Yoxsa günah elə teatrların özündədir? Tamaşaçını
öz arxasınca aparmağı bacarmadığından,
tamaşaçının arxasınca
getmək məcburiyyətində
qalır?
Bu kimi suallarımıza cavab tapmaq üçün görünür, mütəxəssis
rəyinə ehtiyacımız
var. Elə isə
quruluşçu rejissor
Ədalət Ziyadxanovun
bu barədə nə düşündüyünü
öyrənək: “Ümumiyyətlə,
dünya teatr tarixində tamaşaçı
qıtlığı həmişə
aktual problemlərdən
olub. Bizdə isə bu problem
get- gedə daha da dərinləşir.
Sanki biz böyük bir mənəvi boşluğa
doğru gedirik. Bu, doğru yol deyil. Hər şeyi
də əyləncəyə
döndərmək olmaz
axı! Əgər biz bu problemin
həll olunmasını
istəyiriksə, ilk əvvəl onun həlli yollarını axtarıb tapmalı, yəni hər şeydən öncə tamaşaçının teatra
getməməsinin səbəblərini
araşdırmalıyıq. Çünki bu məsələ bir çox amillərlə bağlı ola bilər. Şəxsən
mən Moskvada təhsil aldığım
illərdə insanların
teatra bilet almaq üçün növbəyə durmalarının
və hansı çətinliklərlə bilet
əldə etmələrinin
şahidi olmuşam. Yaxud elə özümüzdən deyim.
Təzə tamaşaya
qoyulduğu vaxtlar Səməd Vurğunun “Vaqif” pyesinin sözlərini tamaşaçıların
aktyorla birgə əzbər dediklərini görmüşəm. O vaxt
insanlar teatrlara gəlib hansı tamaşada kimin oynayacağını əvvəlcədən
öyrənirdilər. Məsələn,
axşam Ələsgər
Ələkbərov tamaşada
çıxış edəcəkdisə,
onun pərəstişkarları
teatra axışıb
gəlirdi. Yəni teatra, aktyorluq sənətinə böyük
maraq var idi. Lakin indi
elə bir əsər tamaşaya qoyulur ki, artıq
tamaşaçını teatra
gəlmədiyinə görə
qınamaq da olmur. Ümumiyyətlə,
bu gün repertuar “siyasəti” çox bərbad vəziyyətdədir. Lakin
rejissorlardan da çox şey asılıdır. Pis rejissor faciəni melodrama çevirər, yaxşı rejissor isə melodramı təsirli faciəyə döndərər. Düşünürəm ki, teatrlar repertuar
seçimində daha diqqətcil olsalar, rejissorlar aktyorlara qarşı yetərincə
tələbkar olsalar və öz işlərinə daha məsuliyyətli yanaşsalar,
meydana səviyyəli
və dövrümüzün
tələb etdiyi işləri çıxarmaq
olar”.
Təzəcə səhnəyə gəlmiş,
lakin özünü istedadlı faciə aktyoru hesab edən
bir şəxs məşhur sənətkar
Rıbakovdan onun “Otello” tamaşasındakı
oyununa baxmasını
xahiş edir. Tamaşadan
sonra isə o, Rıbakova yaxınlaşıb: “Hə,
necə idi? Dezdemonanı yaxşı öldürdüm?”- deyə
soruşur. Rıbakov isə cavabında: “Hə, Dezdemonanı yaxşı öldürdün.
Şekspiri isə ondan da yaxşı
öldürdün!” - deyir.
Bizim bəzi
aktyorlar da öz süni aktyorluqları, bəzi rejissorlarımız isə
qeyri- peşəkar rejissorluqları ilə Cavidi, Cəfəri, Cəlili öldürməsinlər
təki! Tamaşaçı
tamaşadan yarımçıq
çıxıb “Bu nə əsərdi. Yaxşı ki, oxumamışam!” - deməsin.
Tamaşadan sonra müəllifin digər əsərlərini də
oxumağa tələssin
təki!
Könül Nəcəfova
Mədəniyyət.- 2009.- 15 aprel.- S. 4.