Mədəniyyət böyük silahdır
Azərbaycan-Frankfurt Cəmiyyətinin sədri Kəmalə
İsgəndərova: «Ölkəmizin tanıdılmasında
bu sahənin təbliğinə böyük diqqət
ayırmalıyıq»
Müasir dövrdə hər bir dövlətin
dünya ölkələri sırasında öz mövqeyini
möhkəmləndirməsi və beynəlxalq aləmə
sıx inteqrasiyası üçün təbliğat-təşviqat
işini həyata keçirən əsas mexanizmlərdən
biri də diaspor təşkilatlarının fəaliyyətinin
gücləndirilməsidir. Ümummilli liderimiz Heydər
Əliyev tərəfindən
əsası qoyulan diaspor təşkilatlarının
əlaqələndirilmiş uğurlu fəaliyyət strategiyasının reallaşdırılması
işi bu gün özünü Azərbaycanın dünyada
mövqeyini gücləndirməsində
təcəssüm etdirir.
Elə bunun nəticəsidir ki, hazırda azərbaycanlıların
dünyanın 30-dan çox
ölkəsində 150-dən
artıq ictimai, milli-mədəni cəmiyyət və təşkilatları fəaliyyət
göstərir. Bu təşkilatlar haqq səsimizin dünyaya çatdırılması işində
mühüm rol oynayır. Belə diaspor təşkilatlardan biri də üç
ilə yaxındır
ki, Almaniyada fəaliyyət göstərən
Frankfurt-Azərbaycan Cəmiyyətidir. Təşkilatın
sədri Kəmalə
İsgəndərova ilə
Bakıya səfəri
zamanı həmsöhbət
olduq.
- Söhbətə
ənənəvi sualla
başlayaq. Cəmiyyətin yaranması hansı
zərurətdən irəli
gəldi?
- Belə
bir ideya məndə təsadüfi
bir hadisədən sonra yarandı. Artıq 11 ildir ki, həyat
yoldaşımın işi
ilə əlaqədar
Almaniyada yaşayırıq. Qızım
Leyla orta məktəbə gedəndə
sinif yoldaşları ondan haralı olduğunu soruşublar. Leyla da deyib
ki, Azərbaycandandır.
Uşaqlar da təəccübləniblər ki, belə bir
ölkə də var? Hətta müəllim də deyib ki, ilk
dəfədir, belə
bir yer adı
eşidir. Onda qızım evə ağlaya-ağlaya gəlmişdi.
Bu hadisə 2001-ci ildə baş vermişdi. Elə o zaman qərara
aldım ki, cəmiyyət yaradıb Azərbaycanı tanıtmalıyam.
Nəhayət, 3 il bundan öncə Frankfurt-Azərbaycan Cəmiyyətini yaratdım.
İlk vaxtlarda Azərbaycan mədəniyyət
gecəsi keçirdik
və tədbirə
200 nəfər almanı
dəvət etdik. Həmin müəllim də gələnlərin
içərisində idi.
Tədbirdə milli yeməklərimiz, rəqslərimiz,
rəssamlarımızın əsərləri nümayiş
etdirilirdi. Almaniyanın
yerli qəzetlərində
mədəniyyət gecəsi
barədə geniş
materiallara yer verildi. Bu yerdə
onu qeyd edim ki, ölkəmizin
tanıdılmasında mədəniyyət
böyük silahdır.
Əminliklə deyə
bilərəm ki, bu təbliğatdan istifadə edib hədəflərə çatmaq
mümkündür. Adi
bir misal deyim, bu tədbirdə
iştirak etdikdən sonra alman şagirdləri
və müəllim «Azərbaycan haradır?» sualına cavab tapdı. Hətta almanlar bizə deyirdilər ki, Azərbaycana necə gedək.
- Cəmiyyətin
bu günə qədər gördüyü
işlər də oxucular üçün maraqlı olardı.. 3 illik fəaliyyət sizi hədəflərinizə yaxınlaşdırdımı?
- İşimizin bəhrəsini
yavaş-yavaş görməyə
başlayırıq. Ən güclü
təbliğat Azərbaycan
həqiqətləri ilə
bağlı kitabların
yayılmasıdır. Məsələn, alman professoru Yohans Ralfın Qarabağ hadisələri
ilə bağlı ətraflı şəkildə
yazdığı kitabı,
eyni zamanda Ermənistanın Azərbaycana
təcavüzü, Qarabağ
həqiqətləri ilə
bağlı doğma dilimizdə yazılmış
kitabları alman dilinə tərcümə
edib yayırıq. Ötən ilin mayında Almaniyada ilk dəfə Azərbaycan kitabxanası açdım. Açılışda
yerli mətbuat nümayəndələri də
iştirak edirdilər.
Bir məqamı da xüsusi olaraq vurğulamaq istərdim ki, bu işdə Azərbaycanın Almaniyadakı
səfirliyi də bizə dəstək verdi. Ümumiyyətlə,
bütün tədbirlərin
keçirilməsində səfirliyimiz
bizə yaxından kömək edir.
Məqsədimiz Azərbaycan
həqiqətlərini Avropaya
yaymaq və zəngin mədəniyyətimizi
tanıtmaqdır. Bilirsiniz
ki, 2008-ci il Almaniyada Azərbaycan Mədəniyyət ili oldu. Bir il müddətində
mədəniyyətimiz bu
ölkədə çox
tanındı. Almanlar
artıq Azərbaycanı
yetərincə tanıyır.
Çünki Almaniyanın
ən böyük şəhərlərində gözəl
Azərbaycan gecələri
keçirilir. Özüm
şahid oldum ki, Berlin Konsert
Evində düzənlənən
möhtəşəm
gecədə almanlar musiqilərimizi ayaq üstə alqışlayırdı.
- Kəmalə
xanım, Almaniyada fəaliyyət göstərən diaspor təşkilatlarımız bir araya gələ
bilirlərmi?
- Elə
bu məqsədlə ötən il
mayın 28-də Azərbaycan
Xalq Cümhuriyyətinin
yarandığı gün
Berlində Almaniya-Azərbaycan
Koordinasiya Şurasını
yaratdıq. Almaniyada
40-a qədər Azərbaycan
cəmiyyəti var. Koordinasiya Şurasını
yaratmaqda məqsəd
o cəmiyyətləri
birləşdirməkdir.
Şuranın 7 üzvündən
biri də mənəm. Demək olar ki, Almaniyanın
bütün şəhərlərində
diaspor təşkilatlarımız
fəaliyyət göstərir
və Koordinasiya Şurasının də məqsədi bu təşkilatları birləşdirmək,
birlikdə layihələr
hazırlamaq, illik planlar tərtib etməkdir.
Tariximizdə önəmli günləri, Novruz bayramını, 20 Yanvarı, Xocalı
faciəsini qeyd etməyi planlaşdırmışıq.
- Almaniyada
yaşayan soydaşlarımızın
diaspor işinə, təşkilatlanmaya marağı
varmı?
- Hazırda Almaniyada 5 minə qədər azərbaycanlı yaşayır.
Əvvəlki illərlə
müqayisədə soydaşlarımızın
təşkilatlanmağa maraqları
artır. Elə ona görə də biz Koordinasiya
Şurası yaratdıq.
Şurada Almaniyada yaşayan bütün azərbaycanlıların ünvanı
var. Almaniyada böyük potensiala malik ziyalılarımız,
tələbələrimiz yaşayır.
Onların gördükləri
işlərlə tanış
olduqdan sonra fəxr elədim ki, belə soydaşlarımız
var.
- Almaniyadakı
diaspor təşkilatlarımızın
maraqlarının ümumi
məqsədə yönəldilməsi
istiqamətində hansı
işləri həyata
keçirirsiniz?
- Bizim fikirlərimiz eyni məqsədə, eyni hədəflərə yönəlir
və biz buna çox sevinirik. İndi biz eyni hədəfə vururuq. Birlikdə keçirdiyimiz
tədbirlər o qədər uğurlu alınır ki, bu belə davam
edərsə, çox
böyük işlər
görə biləcəyik
. Ötən il diaspor təşkilatlarımızla
birlikdə dahi Azərbaycan bəstəkarı
Qara Qarayevn 90 illik yubileyini keçirdik.
- Sevindirici
haldır ki, dünyanın bir sıra ölkələrində
diaspor təşkilatımıza
rəhbərlik edən
qadınlarımız var. Almaniyada
necə, bu sahədə qadınlarımız
fəallıq nümayiş
etdirirlərmi?
- Bizim Koordinasiya Şurasında Samirə İsmayılova icraçı
direktordur. Mayns, Köln şəhərlərindəki
diaspor təşkilatlarımızda
çoxlu qadınlarımız
var. Övladlarımızın, gələcək nəslin
milli ruhda böyümələrində anaların rolu çox böyükdür.
Elə buna görə də istərdim ki, diasporda qadınların sayı çox olsun.
MEHPARƏ
Mədəniyyət.- 2009.- 15 aprel.- S. 4.