Poeziyamızın Əli Kərim kəhkəşanı
var
Tam 40 ildir ki, Əli Kərim
bu işıqlı dünya ilə vidalaşıb. Düz 40
ildir ki, Əli Kərimin bu dünya ilə cismən əlaqəsi
yoxdur. Amma Azərbaycan poeziyası yaşadıqca Əli Kərim
nəfəsi ədəbiyyatda, böyük sözün dairəsində
xatırlanacaq. İllər keçdikcə qəbirlər
itir, yaxud ən yaxın adamlar tərəfindən belə
unudulur, dəmir çağlar paslanır, qəbirlərin ətrafını
ot basır. Bu, sıradan bir insanın ölümündən
sonrakı aqibətidir. Əli Kərimsə illər
uzaqlaşdıqca bizə daha da yaxınlaşır. Müxtəlif
şairlərin şeirlərini xoşlayıram, Əli Kərimin
poeziyasısa, mənimçün bütövlikdə əzizdir.
Bəlkə də, bu, düzgün deyil, bir fanatiklikdir.
Çox güman ki, bu, Əli Kərim poeziyasına sonsuz
sevgidən irəli gəlir. Universiteti bitirdikdən sonra qismət
olsa “Əli Kərim lirikası” mövzusunda dissertasiya
müdafiə etmək fikrindəyəm. Düşünürəm
ki, onun haqqında az yazılıb. Ədəbiyyatşünasların,
tənqidçilərin başı ya özlərinə
qarışıb, ya klassiklərə. Bir də ki, vəzifə,
mənsəb sahibi olan yazarlara.
Əli Kərimin
“İki sevgi”, “Qayıt”, “Daş”, “Qaytar ana borcunu” şeirləri
oxucular tərəfindən daha çox sevirlər. Bu şeirləri
çoxları əzbər bilir. Əli Kərimin
özünün ən çox sevdiyi “Gəl, Azərim”
şeiri olub.
Səni yaxşı görmək
üçün,
Kədərimi bir daş kimi
Qoymuşam ayağımın
altına.
Qalmışam boylana-boylana
Əli Kərim şeirlərində
oxucuya hər şeyi açıq-aşkar anlatmır, izah eləmir.
Çalışır ki, oxucu özü başa
düşsün. Bu vacib amilsə, poeziyanı bəsitlikdən
uzaqlaşdırır, əsərin intellektuallıq səviyyəsini
artırır. Şeirdəki təşbehə nəzər
salaq, “Kədəri bir daş kimi qoymuşam,
ayağımın altına”. Kifayət qədər sadə və
inandırıcı, mübaliğəsiz və poetikdir. Əli
Kərimin şeirlərindəki situasiyaları hamı
başa düşür, fəqət hər kəs məişətdə
onun fərqinə varmır. Oxucu həmin nəsnələr
tanış olsa da, amma olduqca maraqlı görünür. Müasir
oxucu şeirdə lakonikliyin tərəfdarıdır. Elə
bu səbəbdən də yapon şeiri bu qədər sevilir.
Əli Kərimin şeirlərinin çoxu həcmcə
kiçikdir, amma mənalı və
düşündürücüdür.
Əli Kərimin
şeirlərində bitkin bir süjet var. Hadisələr
müəyyən zaman kəsiyində başlayır və
bitir. Şeirlər eyni zamanda hekayə təsiri
bağışlayır. Fikrimi bu məqamda “Gördüm
heç doğulmamış” və “Qaytar ana borcunu” şeirləri
təsdiqləyir. Birinci şeirdə şair (obraz) mənasız,
dünyadan bixəbər ömür sürən qocaya baş
vermiş hadisələrdən suallar verir və məlum olur
ki, qocanın heç nədən xəbəri yoxdur. İkinci
şeirsə oxuculara məlum olduğundan, özgə
açıqlama veməyə lüzum yoxdur. Ə.Kərimin
şeirdən nəsrə keçməsinin bir səbəbi
şeirlərdəki süjetlə bağlıdır. Süjet-mətn
olduqdan sonra şair nasirliyə can atır, artıq hadisə və
obrazlar şeirə sığmır. Bütün bu amillər
məhz Əli Kərimi “Pillələr” romanını
yazmağa vadar etdi.
Şairin şeirlərində
təsvir olunmuş zaman anlayışı maraqlıdır. Bildiyimiz
kimi, şeirdə zaman anlayışını göstərmək
olduqca çətindir. Çünki şeir daha çox bir
anın, qısa situasiyanın məhsuludur. Zaman
anlayışı daha çox nəsr əsərlərinə
xasdır. Amma Əli Kərim qısa şeirlərində təkcə
zamanı deyil, həm də sivilizasiyaları şeirin “bətninə”
ustalıqla sığışdırır:
Daş çevrilib bir ox oldu,
Oldu qılınc,
güllə,
mərmi.
Dayanmadı fikir kimi.
Atom oldu.
Şeirin göstərilən hissəsində
keçmiş, bu gün kimi zaman
və cəmiyyətin
faciəsinə gətirən
silahın inkişaf etapları ardıcıl əks olunur. “Daş” şeiri, məncə, müharibə
əleyhinə yazılmış
pafossuz, amma ən təsirli şeirdir. Oxuduqca səsin tonu
qaxmır, eyni ritmlə səslənir, sanki həzin bir musiqi dinləyirsən.
İnsan
ömrü də zaman məfhumu ilə sıx bağlıdır. Hər insanın
keçmişi, indisi
və gələcəyi
olur. Əli Kərim insan
ömrünün mərhələlərini
“Uşaqlıq, gənclik,
qocalıq” şeirində
çox maraqlı şəkildə təsvir
edib. Zaman konturu ustalıqla
cızılıb, şeirdə
“sərhədlər” itmir.
Uşaqlıq, gənclik
və o!
Səsləri bir
yüksəlsin:
Ömrümüzün yolları
ötüb keçməz qarışıq.
Ayrılmaz üç
qardaşıq!
Ədəbiyyat tarixində o kəslər
əbədiyyət səltənətinin
sakini olur ki, yazdıqları ilə çoxlarından fərqlənirlər. Oxucu həmin yazarın əsərini oxuyanda qeyri-ixtiyari özü üçün yəqinləşdirir:
“Bu, o deyil”. Məhz bu cəhət
Əli Kərim yaradıcılığında var, onu kiməsə,
bənzətmək olmur.
Şairin lirikası başqa
bir özəlliyi ilə çoxlarından seçilir. Ə.Kərim poeziyasında sevgiylə yanaşı, bir qürur var. Onun şeirlərində zarımaq,
yalvarmaq yoxdur.
Bu mən, bu o, bu da sən,
De görək, nə deyirsən?!
Azərbaycan ədəbiyyatından oxuduğum,
bəlkə də, yeganə şeirdi ki, qadına məcbur etmə, yaxud yalvarış yox, sırf təklif var. Şeirdəki
lirik qəhrəman qıza yalvarmır, öz sevgisini təklif edir, sonda yenə də ona seçim
imkanı verir.
Martyo Arnontun məşhur bir fikri var: “Ədəbiyyat
həyatı oxumaqdı”.
Əli Kərim poeziyasında çox insan öz həyatını oxuyur və oxuyacaq. Bu fikri
elə Əli Kərimin yarımçıq
qalmış bir qeydi daha səmimi
şəkildə izah
edir. ”O həmişə
özünü şəkil
çəkdirən adam kimi aparır”. Bu yarımçıq
qalmış fikirlərin
kimə ünvanladığını
deyə bilmərəm,
ancaq fikir özlüyündə çox
maraqlıdır; əslində
o, içəridən yıxılır,
ancaq şəkil çəkdirən adam qamətini düz saxlayır. Kiməsə görə, nəyəsə görə...
Əli Kərim poeziyası “bədii saxtakarlıq”dan, pafosdan uzaqdır. ƏLİ KƏRİM
elə ƏLİ KƏRİMDİR.
Məhz bu təmizlik onun simasının bu gün də
bizə açıq görünməyinə kömək
edir. Biz 40 ildir “Əli Kərimsizik”, ancaq Əli Kərim əbədi bizimlədir.
Fərid Hüseyn
Mədəniyyət.- 2009.- 17 aprel.- S. 13.