Yaşamaq fədakarlıqdır...
Xalq yazıçısı Elçinin “Canavarlar” hekayəsi
haqqında
Xalq yazıçısı Elçinin 90-cı illərdən
sonrakı yaradıcılığı özəl bir tədqiqatın
mövzusudur: çoxsaylı pyeslər, monoqrafiyalar, roman,
povest və hekayələr. Müəllifin “Bayraqdar”
povesti, “Qatil” pyesi, “Sarı gəlin” hekayəsi, “Vaysman xəstəliyi”
məqaləsi isə müstəqillik dövri ədəbiyyatımızın
müvafiq janrlar üzrə ən uğurlu nümunələrindəndir.
O, özünün çağdaş ədəbi proseslə
bağlı silsilə məqalələri ilə müasir Azərbaycan
ədəbiyyatına ton verir desək, yəqin ki,
mübaliğəyə yol vermiş olmarıq. Təsadüfi
deyil ki, Elçin müəllimin müasir ədəbi proseslə
bağlı hər məqalə və ya müsahibəsi
oxucular arasında geniş rezonans doğurur, canlanmaya səbəb
olur.
Lakin mən bu yazıda
görkəmli yazıçımızın son hekayəsi -
bugünlərdə “525-ci qəzet”də işıq
üzü görən “Canavarlar” haqqında danışmaq istəyirəm.
Hekayə ilə bağlı fikirlərimə
keçməzdən əvvəl, bir məsələni
vurğulamaq istəyirəm ki, Elçin müəllim
bütün yaradıcılıq nümunələrində, bir
qayda olaraq, konkret mövzunu qlobal aspektdə
işıqlandırmaq məsələsini diqqətdən
qaçırmır. Bizim dünyaya
çıxışımız varmı? Hansı mövzuda
yazmasından asılı olmayaraq, yazıçını daim
bu sual düşündürür. Bu fikri “Bayraqdar” povestinə
də, “Sarı gəlin” hekayəsinə də, “Ah, Paris,
Paris” komediyasına, o cümlədən “Canavarlar” hekayəsinə
də aid etmək olar.
“Ah, Paris, Paris”
komediyasının meşşan təbiətli qəhrəmanlarının
ən böyük arzusu Parisi görməkdir. Lakin şərt Parisə
getməkdirmi? Parisə - Avropa mədəniyyətinə
qovuşmağa mənəvi-intellektual cəhətdən
hazırıqmı? Dramaturq məsələni belə qoyur və
belə bir qənaətlə həll edir: təəssüf
ki, yox!
“Bayraqdar” povestinin əsas
qəhrəmanı olan fenomenal dərəcədə
istedadlı futbolçunun və onun yaxınlarının ən
böyük arzusu bu gəncin dünyaşöhrətli
futbolçu olmasıdır. Lakin bu işıqlı arzu
bir təsadüf nəticəsində həyata keçmir. O,
top dalınca çıxdığı damdan
yıxılır və ölür. Bu, doğrudanmı təsadüfdür?
Yazıçı adi bir təsadüflə bağlı
faktın arxasındakı zərurəti doğuran ictimai-siyasi
səbəblərdən sətiraltı dillə
danışır və bu zərurətin
qaçılmazlığına oxucunu inandıra bilir.
“Sarı gəlin”
hekayəsində antikvar bir tütək əldən-ələ
keçdikcə, hər dəfə daha baha qiymətə
satılaraq, nəhayət, amerikalı bir kolleksionerin əlinə
keçir və orda sanki bir möcüzə nəticəsində
öz-özünə havaya qalxaraq, “Sarı gəlin” xalq
havasını çalmağa başlayır. Amma tütəyin nə
dediyini nə amerikalı, nə onun arvadı başa
düşür. Bunu “başa düşən” yeganə
adamı - qulluqçu zənci qadını isə dəli
hesab edib, işdən çıxarırlar.
Yazıçının fikri aydındır - Qarabağ
problemi ilə bağlı səsimiz dünyaya gedib çatsa
belə, hələ dünya dilimizi anlamır. Dilimizi
anlayanlara isə havalanmış kimi baxırlar.
“Canavarlar” hekayəsi
yazıçı-dramaturqun yaradıcılığından
qırmızı xətlə keçən bu problemə, sadəcə,
yenidən qayıdışı deyil. Hekayə məsələyə
münasibət baxımından iki yeniliyi ilə diqqəti
çəkir - əvvəla, problem burda yeni bədii formada
verilir. İkincisi isə, bu hekayə problemə
aydınlıq gətirmək istəyən
yazıçının fikirlərinin davamı və
inkişafı kimi səslənir.
Fikirlərimiz daha
aydın olsun deyə, hekayənin süjetini ən qısa
şəkildə olsa da xatırlatmağa ehtiyac duyuruq: vəhşilərin
yaşadığı çöldə quraqlıq
başlayıb; qırılan qırılıb, sağ qalanlar
qaçıb canını qurtarmağa
çalışır və Şərqə doğru üz
tuturlar; Boz adlı ata, ana və iki baladan ibarət canavar ailəsi
də belələrindəndir; onlar neçə gündür
ki, ac-susuz Şərqə doğru yol gedirlər. Amma yol
qurtarmaq bilmir ki, bilmir; heç bir həyat əlaməti
olmayan səhra ilə uzanan yol canavarların gücünü
tamam tükəndirib; ailənin bu ölüm-dirim mübarizəsindən
salamat çıxması məsuliyyətinin ilk növbədə
öz üzərinə düşdüyünü
düşünən Boz özünü qurban verir - yerə
uzanır və dişi canavara işarə edir ki, onu
parçalasınlar; canavarlar onu parçalayır və bunun
hesabına güc-qüvvət toplayaraq irəliləyə
bilirlər; artıq hardansa uzaqlardan həyat əlaməti -
rütubət qoxusu gəlir; amma azuqə qurtarır; irəli
getmək üçün yeni qüvvə toplamaq
lazımdır; dişi canavar Bozun fədakarlığını
təkrar edir - özünü qurban verir. Balalar böyük
çətinliklə olsa da, analarını parçalayıb
yeyir və Şərqə doğru yollarına davam edirlər.
Qarşıda isə hələ də qeyri-müəyyənlik
durur. Hekayə elə beləcə - sual işarəsi ilə
də bitir.
Dünya ədəbiyyatında
vəhşilərin, özəlliklə də canavarların həyatı
ilə bağlı az əsər yazılmayıb. Amma bəzən
bu əsərlərdə heyvanların həyatı və
müqəddəratı məsələsi
yazıçının birbaşa məqsədi olur. Bu hekayənin
özəlliyi orasındadır ki, onu narahat edən, sadəcə,
canavarlar deyil. Onu ekoloji yox, sosial-siyasi problem
düşündürür. Buradakı ekoloji qat isə daha
çox rəmzi anlam daşıyır. Canavarlar, səhra,
quraqlıq, bitib-tükənmək bilməyən yol sətiraltı
mənaya malik rəmzlərdir.
Bu rəmzlərin
şifrəsini hər kəs öz bildiyi kimi aça bilər
və bədii fikrin özünəməxsusluğu ilk öncə
onun çoxqatlı, çoxplanlı olmasındadır. İndi
sizinlə bölüşəcəyimiz fikirlər isə, sadəcə,
bizim açıqlamalarımızdır.
Şərq-Qərb məsələsi
son əsrlərin ən aktual problemlərindəın biridir. Hər
alim, filosof, yazıçı bu məsələyə bir
cür yanaşır. Bəziləri
dünyanın bu iki geomədəni sahəsini barışmaz
antiqütblər kimi qəbul edir, bəziləri bunun tam əksinə
olaraq, bu anlayışları şərti şeylər kimi
qavrayaraq, dünyanın vəhdəti ideyasından
çıxış edir, insanlığın gələcək
rifahı naminə bu bölgü ilə bağlı
fikirləri tarixin arxivinə göndərmək istəyirlər.
Şərq-Qərb məsələsi ən müxtəlif
aspektlərdən araşdırma mövzusuna çevrilir -
dini, kulturoloji, siyasi və s. Həyat isə heç bir nəzəri
konsepsiya ilə hesablaşmayaraq, öz amansız diktəsini
edir - canavarları səhrada yaxalayan quraqlıq kimi. Artıq
neçə əsrlərdir ki, Şərq insanı Qərbə
can atır və nəhayətdə, Qərbdə
arzuladıqlarını görməyib özünə
qayıdır. Amma bu qayıdış dəhşətli
qurbanlar bahasına baş verir.
Şərq-Qərb
problemini ən kəskin şəkildə yaşayan ölkələrdən
biri də Şərqlə Qərbin qovuşacağında qərarlaşan
Azərbaycandır və bu məmləkətin görkəmli
yazıçılarından birinin bu mövzuya üz
tutması tamamilə qanunauyğun və məntiqidir. On
doqquzuncu əsrə qədər Şərq geosiyasi və
kulturoloji məkanında olan Azərbaycan həmin vaxtlarda
etibarən Şərqin bir çox ölkələri kimi, Qərb
mədəniyyətinə üz tutdu. Qərb
tipli teatr, ədəbiyyat, mədəniyyət yarandı və
biz yeni sosial-siyasi ölçülərə qədəm
qoyduq. Çox şeylər qazandıq, amma itirdiklərimiz də
az deyil. İyirminci əsrdə artıq Qərbin
özünün Şərqə - onun qədim mədəniyyətinə
dönməyə başlaması avropasentrist təsəvvürlərdə
baş verən böyük təbəddülatdan xəbər
verirdi. Bu, Qərbin inkarı deyildi - unudulmuş Şərq mədəniyyətinin
bərpası hesabına dünyanın bütövləşməsi
demək idi.
Elçin müəllimin
bir yazıçı kimi uğuru ondadır ki, o, problemlə
bağlı fikirlərini açıq, çılpaq formada
vermir. Məsələ hekayənin rəmzlər
üstündə qurulmasından getmir. Sadə süjet xəttinə
malik hekayədə hadisələr inandırıcı bir
ardıcıllıqla davam edir. Müəllifin ən
böyük uğuru ondadır ki, dünyaya canavar
“psixologiyası” pəncərəsindən də
baxıldığını göstərir. Vəhşilərin
bir-birinə sevgisi, əzabları, fədakarlığı
müəllifin mövzuya bələdliyi ilə bağlı dəqiq
təfərrüatlar fonunda əks olunur. Amma bu təfərrüat
və detallar oxucunu nəinki yormur, əksinə, hekayənin
daha maraqla oxunmasına səbəb olur. Hekayədə ilk
baxışda konflikt hiss olunmur. Biz burada qarşıduran və
mübarizə aparan, toqquşan qüvvələri
görmürük. Əslində isə bu konflikt
daxili-psixoloji səciyyə daşıyır. Canavarlar sadəcə
səhra, quraqlıq, ölüm yox, həm də öz daxillərindəki
yırtıcı eqoizmlə mübarizə aparırlar. Bu
mübarizədə sevgi qalib gəlir. Ata və ana
canavarın fədakarlığı hesabına bala canavarlar həyat
uğrunda mübarizədən qalib çıxmaq imkanı
qazanırlar. Amma bu imkan hələ gerçəkləşməyib.
Bir sözlə, hekayə gərgin daxili dramatizm və
psixologizmlə şərtlənir.
Amma nə qədər rəmzi
anlam daşısa da, hekayə həm də tamamilə realist
üslubda qələmə alınıb. Hekayənin
ikinci - sətiraltı qatı isə bu reallığın
özündən doğulur. Vəhşi vəhşiliyi ilə
ölümdən çıxış yolunu fədakarlıqda
görə bilir. Bəs insan, konkret olaraq, Azərbaycan
insanı necə, özünü gələcək naminə
fəda etmək hissinə malikdirmi? Yazıçını sətiraltı
məna qatında düşündürən ən vacib sual,
bizcə, budur. Təsadüfi deyil ki, hekayə görkəmli
yazıçı-dramaturq İ.Əfəndiyevdən gətirilən
belə bir epiqrafla başlayır: “Külli-məxluqatın ən
zəifi insandır”.
Müəllifin daha bir
uğuru problemin həlli ilə bağlı hər hansı qəti
hökm vermək iddiasından uzaq olub, nəticəni oxucunun
ixtiyarına buraxmasıdır. Belə bir müəllif
mövqeyi müasir demokratik, plüralist sənət
görüşlərinə tamamilə uyğun gəlir. Hekayə
sual işarəsi ilə bitir. Hər oxucu isə ona öz
bildiyi kimi nöqtə qoya bilər. Bu, mətnin
çoxsaylı yozum imkanlarına yol açır.
Müəllifi və ədəbiyyatsevərləri
bu maraqlı hekayənin yazılması münasibəti ilə
təbrik edirəm. “Canavarlar”ı oxuyaq və hər
birimiz özümüzə bu sualı verək: kiminsə
yolunda nəyisə fəda etmişəmmi? Valideynlərimiz
düşünsün: övladımın gələcəyi
naminə nəyi qurban vermişəm? Ədəbi
ağsaqqallarımız düşünsün: gənc ədəbi
nəslin inkişafı üçün neyləmişəm?
Səlahiyyət sahibləri düşünsün: ölkənin
gələcəyi naminə nədən keçmişəm?
Sualla bitən “Canavarlar” hekayəsi bizi bu suallarla üz-üzə
qoyan əsərdir. Bu həyat səhrasından, bu mənəvi
quraqlıqdan çıxış yolu hər kəsin
özünə ünvanladığı bu sualdan - vicdanı
ilə üz-üzə durduğu andan başlayır.
Sabutay
Mədəniyyət.- 2009.- 17 aprel.- S. 12.