Xoş rəftar və
danışıq gözəlliyi
Əgər söz olarsa incə və
şirin,
O sözü
eşidən deyər, afərin.
S.Şirazi
Xoş rəftar və
danışıq gözəlliyi bizim ömür xəzinəmizi zənginləşdirən
qiymətli gövhərdir. Həyatda insanlar maddi nemətlərə
ehtiyac hiss etdikləri
kimi, ülfətə, ünsiyyətə
də böyük ehtiyac
hiss edirlər. İnsanlar
cəmiyyətdə kollektiv halında birləşmədən
bol və keyfiyyətli məhsul istehsal edə bilmədikləri kimi, bir-biri ilə
ünsiyyətə girmədən də cəmiyyətdə mövcud olub yaşaya bilməzlər.
Biz
hər gün ailədə, iş yerində, ictimaiyyət arasında, teatr, kino və konsert salonlarında, muzeylərdə,
yığıncaqlarda, təhsil ocaqlarında, parklarda,
nəqliyyatda, sağlamlıq müəssisələrində -
bir sözlə, həmişə
insanların əhatəsində oluruq, onlarla ünsiyyətə giririk.
Məhz buna görə də xoş rəftar və danışıq
gözəlliyi hamımız üçün
zəruri olan həyat tələbatıdır.
Danışığın gözəlliyi ilə, xoş rəftarla insanlarda
xoş hisslər doğurmaq,
onların hüsn-rəğbətini, hörmət və
ehtiramını qazanmaq ən böyük səadətdir.
Ünsiyyət, rəftar, davranış - bir-biri ilə sıx bağlı olan anlayışlardır.
Qarşılıqlı ünsiyyət prosesində rəftar,
danışıq və davranışın xarakteri
insan ömrünün
xoş və ya
qüssəli keçməsində böyük
rol oynayır. Təsadüfi deyildir ki, bir
çox xarici ölkələrdə
«Özünü necə aparmaq
qaydaları» mövzusunda kütləvi tirajlarla kitablar, yaddaş vərəqələri
buraxılır. Belə nəşrlərdə salam vermək, tanış olmaq,
qonaq getmək, qonaq qəbul
etmək, yemək-içmək, geyinmək, müraciət etmək,
ictimai yerlərdə, iş
yerində özünü necə aparmaq qaydaları tövsiyə olunur. Bütün bunlar isə insanların, xüsusilə gənclərin
əxlaq tərbiyəsinə müsbət təsir göstərir.
Əlbəttə, bu gün
tam elmi əsaslar
üzərində «Davranış estetikası» haqqında ciddi söhbət açmaq
ümumi işə fayda
verə bilər.
Biz hər yerdə hərəkətlərimizlə,
rəftarımızla, davranışımızla
başqalarına xoş təsir
bağışlamağa çalışmalıyıq. Yalnız belə olduqda öz səmimiyyətimizlə, doğruçuluğumuzla, söz
və hərəkət gözəlliyi ilə başqalarının
rəğbətini qazana bilərik, həm
də belə xoş rəftar
qaydalarını, davranış gözəlliyini
başqalarından tələb edə bilərik.
Öz qəbahətli davranış əməlləri, pis rəftarı, çirkin
hərəkətləri ilə başqalarının qəlbini
yaralayan, əhval-ruhiyyəsini korlayan, əsəblərini gərginləşdirən
adamların başqalarından xoş rəftar
və davranış gözəlliyi gözləməyə
haqları yoxdur.
Məlumdur ki, tarixin çoxəsrlik inkişaf
pillələrində hər bir cəmiyyət
öz üzvlərinə müəyyən
mənəvi normalar, əxlaq prinsipləri,
davranış qaydaları diktə edir,
ayrı-ayrı fərdlər isə bu və
ya digər şəkildə həmin qaydalara əməl etməyə borclu olurlar. İnsanlar cəmiyyətdə qərarlaşmış
rəftar və davranış qaydalarına əməl etməkdə
məsuliyyət daşıyırlar. Əks təqdirdə cəmiyyət
normal həyat tərzində yaşaya bilməz.
Bəs
insanlar arasında simpatiya
və antipatiya nədən yaranır?
Hansı səbəbə görə hansısa bir adamdan xoşumuz
gəlir, başqa birisindən isə zəhləmiz
gedir? Əlbəttə, həyatda səbəbsiz
heç nə yoxdur. Simpatiya və antipatiyanın da
səbəbləri var. Adamlar haqqında hər
hansı bir mülahizə və
mühakimə yürüdərkən, birinci
növbədə, onların cəmiyyətdəki rəftar və
davranışlarının təkcə təzahür
formaları deyil, həm də mahiyyətləri
də nəzərə alınmalıdır. Başqa sözlə desək, insana,
onun əxlaqına qiymət verilərkən
xarici rəftar və davranışla
yanaşı, həm də daxili mədəniyyətin
təzahürlərinə diqqət yetirilməlidir. Xoş rəftar və danışıq
gözəlliyi təbii xarakter
daşımalıdır. Süniliklə ifadə olunan «xoş rəftar,
danışıq gözəlliyi» heç
bir simpatiya, hüsn-rəğbət,
məftunluq və heyranlıq yaratmır, əksinə, insanda nifrət hissi
oyadır. «Meşşan mədəniliyinin»
həqiqi mədəniliklə, həqiqi xoş
rəftarla, danışıq gözəlliyi ilə heç bir əlaqəsi yoxdur.
Söhbət zamanı başqalarının şəxsiyyətinə,
ləyaqətinə toxunan söz
işlətmək, qeybət etmək, xəstələr,
şikəstlər yanında xəstəlikdən, şikəstlikdən
söz açmaq ədəbsizlik
kimi qiymətləndirilir.
Yazılı nitqdən fərqli olaraq,
şihahi danışıq dilində
işlədilən sözlərin və ifadələrin
intonasiyası müxtəlif məna çalarları
yaradır. Mütəfəkkir Bernard Şou belə bir
mülahizə söyləmişdir: «Bəli» və «Xeyr» deməyin 50 üsulu varsa, bunları yazmağın isə bircə üsulu vardır». Doğrudan
da xoş rəftar və
danışıq gözəlliyi üçün
intonasiya müstəsna əhəmiyyət
kəsb edir. Təsadüfi deyildir ki, «Qabusnamə»də
«Ən gözəl sənət - danışmağı bacarmaq sənəti» adlanır. Ona görə də biz
hamımız çalışmalıyıq ki,
nitqimizdə işlətdiyimiz sözlər təmiz və saf səhər mehi kimi könülləri oxşasın, qəlbləri
ehtizaza gətirsin. Böyük
ustad Aşıq Ələskər demişkən:
Can deməklə candan can əskik olmaz,
Məhəbbət artırar,
mehriban eylər,
Çor deməyin xeyri nədir dünyada?
Abad könülləri pərişan eylər.
Müasir dövrün xarakterik
xüsusiyyətlərindən biri də ondan
ibarətdir ki, indi insanların təmas və görüş dairələri,
qarşılıqlı əlaqələri
son dərəcə genişlənmişdir.
Əvvəlki vaxtlardan fərqli
olaraq, sovet standartlarına, qapalılıq
hallarına birdəfəlik
son qoyulmuşdur.
İndi müstəqil ölkəmizdə
soydaşlarımız müxtəlif
beynəlxalq tədbir,
yığıncaq, seminar, sərgi,
simpozium və başqa mərasimlərdə
xarici ölkə vətəndaşları ilə
tez-tez görüşür,
qarşılıqlı ünsiyyətdə
olurlar. İnsanlar
belə görüşlərdə
yaxından tanış
olur və dostlaşırlar. Bu yaxınlarda 2009-cu ildə
İslam mədəniyyəti
paytaxtı elan olunmuş Bakıda İslam ölkələrinin
mədəniyyət xadimlərinin
toplantısının keçirilməsi,
Beynəlxalq Muğam Festivalı, həmçinin
digər çoxsaylı
tədbirlər yüzlərlə,
minlərlə insanın
yeni dostluğunun, tanışlığının yaranmasına şərait
yaratmışdır. Belə tanışlıqlar isə
insan həyatında qiymətli anlardır, ömrə bəzəkdir,
cəmiyyət üçün
çox faydalıdır.
Biz belə qarşılıqlı
tanışlığın, dostluğun qədrini bilməliyik, onu yüksək qiymətləndirməliyik,
qorumalıyıq. Yeni dostlar,
tanışlar arasında
xoş təəssürat
yaratmalıyıq, xalqımızın
yüksək insani keyfiyyətləri barədə
onlara yeni, həqiqi məlumatlar verməliyik. Unutmaq olmaz
ki, dünya xalqları ilə hərtərəfli, qarşılıqlı
ünsiyyət, dostluq
və tanışlıq
doğma Azərbaycanımızın
dünyaya olduğu kimi təqdim olunmasında böyük əhəmiyyət kəsb
edir.
Biz həyatda ona
nail olmalıyıq ki,
insan hər vəziyyətdən düzgün çıxış yolu tapsın, fəzilət
qapılarını özü öz əlləri ilə aça
bilsin. Yalnız belə olduqda
insan öz səadətinin
yaradıcısı ola bilər. Bunun üçün yeganə
düzgün yol - mənəvi
və əxalaqi cəhətcə zənginləşmək, xoş rəftar və danışıq
gözəlliyini Sözdə deyil, işdə
əsl həyat qanununa çevirməkdən
ibarətdir.
Canalı
Mirzəliyev
Mədəniyyət. - 2009.- 17 aprel.- S. 11.