Balalar ataların gözüylə, sözüylə

 

Kimsə zənn etməsin ki, yazım təsirli alınsın deyə bu dialoqu qələmə alıram. Əsla. Ancaq bu kiçik dialoqun mətləbə çox dəxli var. Bu yaxınlarda balaca qızım sinədolusu köks ötürərək dilləndi: - Ana, kaş mənim bir balaca otağım olaydı! Özümü güclə toplayıb soruşdum: - Neylərdin o otağı? - Təkcə oyuncaqlarımı yığardım.  

Balasının hər hansı istəyini - böyük, ya kiçik, fərqi yoxdur - yerinə yetirə bilməmək valideyn üçün mənəvi ağrı gətirir. Onların sosial problemlərinin hamısını həll etməkdə, təbii ki, bir çoxumuz acizik. Ancaq necə olursa-olsun onların mənəvi aləmlərini, kiçicik xəyallarını yaratmağa imkan daxilində yardımçı olmalıyıq. Əslində buna borcluyuq. Uşağın öz uşaqlığını yaşaması, cocuq dünyasını qura bilməsi üçün hər əzaba qatlaşmalıyıq.

Yaşadığımız 2009-cu ilə uşaq ili deyirik və bunun üçün də hamımız zərrəcən də olsa, cocuqlarımıza borcluyuq, kimin gücü nəyə çatırsa, mətbəxinə güvənən biş-düşüylə, iynəylə sapı həmahəng edənlər tikmələriylə. Biz təbii ki, qələmlə nəsə qaralamalıyıq. İncəsənət aləmində uşaqlara ünvanlanmış o qədər mahnı, musiqi parçaları, ədəbiyyatda şeir, hekayə yazılıb ki, saymaqla qurtarmaz. Hikmət xəzinəsi yaratmış ata-babalarımız özlərindən sonra, yüzlərlə qiymətli kəlamları əvəzsiz mənəvi irs kimi qoyub gediblər (bu kəlamlar sonralar yaradılmış ədəbi mədəni uşaq nümunələrinin bünövrəsini təşkil edir). Hamısı da bir-birindən rəngarəng, özü zəngin məzmunda. Uşaqlar haqqında deyilən dəyərli fikirlər burada da xüsusi yer tutur. Bu məqamda mən əvəzsiz xəzinə üzərində bəzi gəzişmələr etmək niyyətindəyəm. Oxuduqca hərəsinin yığcam bir dramaturgiyası, obrazı, süjet xətti olduğu bəlirlənir.

“Uşaq atasından güclüsünü tanımır”- doğrudan da, böyük-kiçikliyindən, qanmazından, ağılsızından asılı olmayaraq bütün cocuqlar atalarına güvənər, onu dünyanın ən zorlu adamı hesab edər. Vay o gündən ki, ata balanın könül dünyasını yıxa, onun gözü önündə əyilə, əzilə, həqarəti tapdana. Allah bunu heç bir ataya yavrusuna nəsib etməsin.

“Uşaq olan evdə qeybət olmaz” - kimin cürəti çatar ki, yenicə dil açan körpənin yanında ağzından bir özgənin ünvanına artıq-əksik söz qaçırsın? Görən kimi bitdən-birəyəcən qoyar o adamın ovcuna. Axı onun dünyası, qəlbi o qədər saf, pak, ləkəsizdir ki, pisliyə bağlı heç nəsnə bu körpəcik yuvada yer ala bilməz.

 Uşaqdan al xəbəri” - atalarımızın qızılçəkili məsəlləri əsrlərin sınağından çıxıb axı. Həqiqətən , sözün ən düzü, ən doğrusu məhz uşaq ağzından çıxar. İstər ana qeyzlə qulağından yapışsın, istərsə ata yüz kərə gözünü ağartsın, fərq eləməz. Bildiyini beş qaba çəkəcək.

Bala baldan şirindir” - qədər yuxusuz gecələri, əzab-əziyyəti, itirilən gəncliyi bircə təbəssümlərinə, birinci addımlarına, ilk kəlmələrinə fəda edirik.

   Uşaq adamı qanlı qapısına aparar” - görürsən gecənin bir aləmi ya sehrli güzgüdə gördüyü, ya da kimdənsə adını eşitdiyi - hər mövsümdə olmayan, ya la nadir hallarda tapılan meyvənimi, tərəvəzimi istədi. edirsən et, əvəzində verirsən ver, xeyri yoxdur. Axır məcbur qalıb elə bir qonşunun qapısını döyürsən ki, gündüzlər onu görəndə tez-tələsik salamlaşıb keçirsən- amandır çənəsinin altına salıb qeybətin beşini bir qəpikdən sırımasın.

Uşağın hökmü padşahın hökmündən artıq” - xanların, başçıların çıxardığı qərarlar heç hər zaman təqdir olunmur, yerinə yetirilmir. Amma di gəl qanmaz uşağı istəyindən, qərarından daşındır, başa sal ki, bu ona zərərdir, qadağandır.

Abdal düyündən, uşaq oyundan usanmaz” - əllərində əlac olsa, günün on iki saatını bir az da dartıb uzadar, oynamağa sərf edərlər. qədər təxəyyül, fantaziya olar? Professional teatr tamaşalarının əsası bəlkə , elə uşaq oyunlarından başlanır. Quruluş özünün, ssenari özünün, aktyor da ki, çox vaxt elə tək özü olur.

“Ana uşağa gətirər, analıq yaş” - burdakı məntiqlə razılaşmalar da olar, çünki elə analıqlar var ki, uşağın yetimliyini qətiyyən hiss etdirmir. Lakin hər dəfə ananın yerində analığı görmək istər-istəməz sınıq qəlbli cocuqlara qəm-qüssə, göz yaşı gətirir.

Uşaq gördüyünü götürər” - hər bir uşaq ailənin güzgüsüdür. Ailədə gördüyü tərbiyəni cəmiyyət içinə çıxarar. Əhatəsində olduğu dostlar, tanışlar, işlədiyi təşkilat ona qədər psixoloji təsir göstərsə , dünyagörüşünü başqa yöndə formalaşdırsa da, “qabındakıömrünün sonunadək ona yoldaşlıq edir.

Ağlamayan uşağa süd verməzlər” - Sadəcə deyək ki, ana ağlayan körpəsinin ovudub, sakitləşdirir. Ağlağan uşağın həmişə yeməyi, çayı əlüstü hazır olur.

Uşağı yemək böyütməz, fərəh böyüdər” - uşağın sağlam, gümrah böyüməyində onun yeməyinin, gündəlik ruzisinin olması zəruridir. Amma əgər bunların hamısı varsa üstəgəl dincliyi, ürək açıqlığı yoxdursa, xoşbəxtlikdən danışmağa dəyməz. Dünyanın cəmi var-dövləti, taxt-tacı bir günahsız körpənin göz yaşınan dəyməz.

Uşağı buyur, dalınca yüyür” - iki dəfə gedər, üç dəfə gedər, axır bezib özün yollanarsan lazımi diləyin dalınca.

Bu atalar sözlərinin sayını artırıb, sırasını genişləndirmək olar. Ancaq qəzet üçün bu qədər kifayətdir. Sonda fikrimi İslam dünyasının, müdrik şəxsiyyətlərindən olan Həzrəti Əlinin bir deyimi ilə tamamlamaq istərdim: “Uşaqlar ata-analarından çox zəmanələrinə oxşayırlar”. Məsəl tam məntiqi dəqiqliyi, əsaslandırılması ilə bizim zəmanənin cocuqlarınadaha çox, uyğun gəlir. Onlar indi uşaq olsalar da, əsrin bütün texniki nailiyyətlərindən məharətlə istifadə edib bəhrələnə bilirlər. Təki qandan-qadadan uzaq olsunlar! Tanrı, uşaqlar əmanət!

 

 

Samirə Səma

 

Mədəniyyət.- 2009.- 17 aprel.- S. 11.