«Dərviş Parisi partladır»
Filmdəki
problemləri indi də yaşamaqdayıq
Azərbaycan
kinosunun yaddaqalan incilərindən biri də M.F.Axundovun «Hekayəti-Müsyö
Jordan və Dərviş Məstəli şah» komediyası əsasında
ekranlaşdırılmış «Dərviş Parisi partladır» filmidir. Filmə 1976-cı ildə
Şamil Mahmubdəyov
və Kamil Rüstəmov quruluş veriblər.
Maarifçilik ideyalarını
əks etdirən bu filmin fabulası
Şahbaz bəyin fransız dilini öyrənmək, Qərb
adətləri ilə
tanış
olmaq üçün
həkim Müsyö Jordana qoşulub Parisə getmək istəyi üzərində
qurulub. Komediyanın ideyası avamlığın
tənqididir. Filmdə
baş verən konfliktlər ideya ilə sıx bağlı olub, maarifçiliklə geriliyin
tərəfdarları arasında
inkişaf edir. Filmin ekspozisiyasında yasavulun canişindən məktub gətirməsi, ona qarşı reaksiya və məktubun xanım və nökər tərəfindən oxuna bilməməsi nümayiş
olunur. Bir sözlə XIX əsrin ortalarında Azərbaycanın
ictimai mühiti açıq-aydın göstərilir.
Hətəmxan ağanın
Müsyö Jordana söylədiyi «Bülbül
ol, qəfəsdə olma» nəsihətini özümüzə dair səsləndiyini də müşahidə etmək
olar. Çünki filmdə dil probleminə də toxunulub ki, bu
da bizim daim əsarət altında olmağımızdan
irəli gəlir. Ərəb dilini yenicə öyrənməyə
başlayırıq ki,
rus dilini öyrənməyimizin vacibliyi
ortaya çıxır.
Filmdə mütərəqqi
ideya daşıyıcısı
olan Müsyö Jordan və Məstəli şah digər obrazlarla qarşı-qarşıya
qoyulur. Qafqaz canişinin parisli qonağı Hətəmxan
ağanın yanına
göndərməsi həmin
dövrdə Azərbaycanın
Rusiyanın əsarəti
altında olduğunu göstərir. Müsyö
Jordan Qarabağa gəlir
və Azərbaycan təbiətinin əsrarəngizliyinə
heyran olur. Biz isə onu çör-çöp
yığan hesab edirik.
Müsyö Jordan azərbaycanlılar
tərəfindən gülünc
qarşılansa da, onunla bizim düşüncələrimizin
üz-üzə qoyulması
ilə səviyyəmizin
nə yerdə olduğu göstərilir.
Filmin müsbət obrazlarından olan Şahbaz bəy yeni həyat tərzinin carçısı
olmasına baxmayaraq, onun simasında avropalılardan fərqli olaraq, Azərbaycanda 22 yaşlı gəncin şəxsi azadlığı
və düşüncə
tərzində fərqlərin
meydana çıxdığını
görürük. Filmin
düyün nöqtəsində
Şahbaza cadu yolu ilə mane olmaq istəyən qadın obrazları da gülüş hədəfi kimi götürülmüşdür. Avamlıqla yanaşı, Şəhrəbanu xanımın
yaddaqalan xarakterik cəhətini qonaqdan narazılıq ifadə olunan replikalarında və Azərbaycan qadınına xas olan qonaqpərvərliyini əks etdirən detallarda görürük.
Qadınlar «qələbə»lərinin arxasındakı
məğlubiyyətlərini görə bilmir, aldandıqlarını dərk
etmirlər.
Filmdə gülüş
obyekti Dərviş Məstəli şahdır
ki, onun simasında tüfeylilərin
obrazı ümumiləşdirilib.
Filmin ilk kadrlarında
müəllif onu Müsyö Jordanla qarşılaşdırıb, sonda
onların arasındakı
konfliktə bir işarə verir. Camaatın qazandığı
pulu hansısa hoqqabaza verməsi, Hətəmxan ağanın
Parisi görmədən
parislilər haqqında
fikirləri, ağaların
vaxtlarını boş
yerə sərf etməsi, atlarımızı
əyləncə vasitəsinə
çevirib, kimlərəsə
peşkəş etməyimiz
mənfi xüsusiyyətlərimizdir.
Bu, filmdə öz əksini tapıb. Lakin Müsyö Jordanın vətənimizi
cənnət adlandırması,
dahi Lermontovun Qarabağ atları haqqında yazdığı
şeirin filmdə səsləndirilməsi tamaşaçını
özümüzü qiymətləndirməyə
çağırışdır. Bütövlükdə filmdə
bir sıra problemlərə toxunulsa da, xalqımızın qonarpərvərliyinin əks
etdirilməsi digər
qaldırılan məsələləri
geridə qoyur. Bu gün də filmin baxımlı olmasının səbəbi
bizim özümüzü
orada görə bilməyimizdir ki, həmin problemləri hələ də özümüzlə daşıyırıq.
Aytək
Mədəniyyət.- 2009.- 17 aprel.- S. 10.