AİTF-2009
Beynəlxalq Turizm Sərgisi açıldı
Sərgi maraqlı yeniliklərlə zəngindir
Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı
tərəfdaşı «İteca
Caspian» şirkətinin təşkilatçılığı
ilə dünən Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində
“AİTF” 8-ci Beynəlxalq Turizm
və Səyahətlər
və 3-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün
Avadanlıq və Ləvazimatlar sərgilərinin
açılış mərasimi
keçirildi. Açılışda
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, Türkiyə Respublikasının
ölkəmizdəki fövqəladə
və səlahiyyətli
səfiri Hulusi Kılıç, «İteca
Caspian» şirkətinin direktoru
Fərid Məmmədov,
Azərbaycan İxracat
və İnvestisiyaların
Təşviqi Fondunun prezidenti Rəhim Hüseynov, dünyanın
bir çox ölkələrinin turizm
təşkilatlarının yetkililəri və mətbuat nümayəndələri
iştirak edirdi.
Əbülfəs Qarayev: «Azərbaycan
maraq kəsb etməkdədir»
Turizm sənayesinin artıq dünyada ən gəlirli və perspektivli sahəyə çevrildiyini deyən nazir bildirdi ki, hazırkı böhran iqtisadiyyatın bütün sahələrinə
təsir etdiyi halda, turizm öz
inkişaf tempini azaltmayıb. Azərbaycanda
da bu baxımdan
vəziyyət qənaətbəxşdir:
«2008-ci ildə Azərbaycanın
sərhədlərini 1 milyon
899 min nəfər keçib ki, bunun da 1 milyon
400 min nəfəri turist hesab edilir.
Bu, əvvəlki illə müqayisədə
40 faiz artım deməkdir».
Azərbaycanın regionlarında
turizm infrastrukturu getdikcə genişləndirilir.
İndi ölkədə
35 mehmanxananın tikintisinin
davam etdiyini deyən nazirin sözlərinə görə,
Azərbaycanda hazırda
300-dən çox hotel fəaliyyət göstərir: «Bundan başqa, ötən il ərzində bütün ölkə üzrə 4 hava limanı açılıb.
Turizm sahəsinin belə sürətli inkişaf tempindən çıxış edərək
əminliklə demək
olar ki, çox yaxın vaxtlarda yüksək standartlara cavab verən turizm-istirahət kompleksləri öz qapılarını
səyahətçilərin üzünə açacaq».
Bütün bunların fonunda sərgilər də böyük əhəmiyyətə malikdir.
Ə.Qarayev bildirdi ki, AİTF-2009 sərgisində
22 ölkədən 98 şirkət
iştirak edir: «Həmçinin sərgidə
iştirak etmək məqsədilə bir çox xarici ölkələrin turizm yetkililəri, o cümlədən İraqın
turizm və mədəni irs naziri, Almaniya Bundestaqının senatoru və turizm üzrə komissarı, müxtəlif ölkələrin
KİV nümayəndələri Bakıdadır. Azərbaycan
Böyük İpək
Yolunda yerləşdiyindən
malik olduğu coğrafi imkanları və ölkə boyunca gedən inkişafı ilə artıq dünyada çox böyük maraq yaradan turizm
istiqamətinə çevrilib».
Türkiyədə yeni evlənənlər
üçün mehmanxana
var
Qeyd edək ki, builki
sərgidə yeniliklər
çox idi. Əvvəlcə onu bildirək ki, sərginin ekspozisiya sahəsi 30 faiz artmışdı. “Bakı-İslam mədəniyyətinin paytaxtı-2009”
mədəniyyət ili
çərçivəsində Mədəniyyət və
Turizm Nazirliyinin dəvəti ilə İslam Ölkələri
Elm, Təhsil və Mədəniyyət
Təşkilatına (İSESKO) üzv ölkələr, o cümlədən Mərakeş,
Malayziya, İordaniya, İndoneziya, Birləşmiş
Ərəb Əmirlikləri
(BƏƏ) və İran
ümumi stenddə turizm potensiallarını nümayiş etdirirdilər.
Sərginin ənənəvi
iştirakçısı olan
Türkiyə isə bu il sponsor
kimi çıxış
edirdi. Bu ölkənin yeni evlənənlər üçün
xüsusi mehmanxanası
hər bir ziyarətçinin marağına
səbəb oldu. BƏƏ
Dubay şəhərindəki
məşhur hotellərdən
ibarət şəbəkəni
və turizm biznesi sahəsində çalışan şirkətləri
təqdim edirdi.
Yeniliklərdən biri də İspaniyanın
sərgidə ilk dəfə
olaraq öz milli stendi ilə
iştirak etməsi idi. Mavriki adalarının
turizm şirkətləri
bu gözəl guşə haqqında qonaqlara ətraflı məlumat verirdilər.
“AİTF” sərgilərində bir neçə il iştirak etmiş Çexiya şirkətləri isə
builki sərgidə ekzpozisiyalarının sayını
iki dəfə artırmışdılar. Onlar
Çexiyanın zəngin
turizm potensialı ilə yanaşı, ali təhsil məktəblərində təhsil
almaq imkanlarını
da nümayiş etdirirdilər. Ukrayna nümayəndələri isə
özlərinin mineral
sularının müxtəlifliyi
ilə seçilən
kurort mərkəzi Truskavetsi təqdim edirdilər.
Qarabağ stendi böyük
marağa səbəb
oldu
Azərbaycanın regionları da AİTF-2009
sərgisində fəal
iştirak edirdi. Ölkəmizin
daxili regional turizmi Qəbələ, Nabran, Quba, Naxçıvan
və Lənkəran regionlarının mehmanxana
və istirahət mərkəzləri ilə
təmsil edilirdi. Bundan başqa, Abşeron zonasının mehmanxana şəbəkəsi də
sərgidə geniş
təmsil olunurdu. İştirakçıların ən çox marağına səbəb
olan isə Qarabağ stendi idi. Ənənəyə sadiq qalaraq, Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən təşkil
edilən Qarabağ stendində əsrarəngiz
zonanın mədəni
irsi və gözəl təbiəti
nümayiş etdirilirdi.
Beləliklə, son zamanlar dünyanın inkişaf etmiş
ölkələrində
iqtisadiyyatın inkişafına təkan verən vacib elementlərdən biri olan turizm sahəsinə Azərbaycanda xüsusi diqqət yetirilir.
2008-2017-ci illər üçün nəzərdə
tutulan Turizmin inkişafına dair Dövlət Proqramına müvafiq olaraq rəqabətli bazarın yaradılması, pansionat və mehmanxanaların maddi-texniki bazasının
gücləndirilməsi, habelə
servis səviyyəsinin
beynəlxalq standartlara
cavab verməsi üçün belə sərgilərin təşkili
mühüm əhəmiyyət kəsb
edir. Bir sözlə, turizm və səyahətlər
sərgisi turizm sənayesinin peşəkarları
üçün görüş
yeridir. Bu sərgiyə gəlməklə
ziyarətçilər dünyanın
məşhur turizm marşrutları ilə tanış olacaq, xarici ölkələrə
getmək üçün
tələb olunan sənədlərin rəsmiləşdirilməsi
ilə bağlı lazımi məsləhətlər
ala biləcəklər.
Qeyd edək ki, AİTF-2009 sərgisi
Mədəniyyət və
Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı,
Turizm Sərgilər Təşkilatçıları Assosiasiyası
Beynəlxalq
Qeyri-Kommersiya Həmkarlığı,
Respublika Turizm Şirkətləri Assosiasiyası və Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunun rəsmi dəstəyi ilə
keçirilir.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 17 aprel.- S. 8.