Türkiyənin azərbaycanlı
heykəltəraşı
Hazırda ömrünün əlli
üçüncü baharını yaşayan istedadlı
tişə ustası Səyad Rüstəmin adının bu
gün Azərbaycan sənətsevərlərinə az
tanış olmasının günahını bizcə,
tamaşaçıdan çox sənətkarın öz
ayağına yazmaq olar. Bunun yeganə səbəbi onun
özünü heç vaxt reklam etməyə
çalışmamasıdır. Odur ki, biz indiki məqamda da
“Niyə?” və “Nə üçün?” suallarına cavab
axtarmaq əvəzinə, oxucunu heykəltəraşın
axtarışlarla dolu zəngin və məhsuldar
yaradıcılığı barəsində məlumatlandırmaq
istəyirik. Etiraf edək ki, onun
gördüyü işlərin çox az bir qismini kimsə
gerçəkləşdirə bilsəydi, çox iddialı
və təmənnalı olardı. O isə ötən
müddətdə yalnız işləməyə
üstünlük verib. Özü də Vətəndən
uzaqlarda. Bir çox mənalarda qardaş Türkiyəyə
uzaq demək də olmur. Amma hər halda doğma Azərbaycandan
kənardır.Yəqin elə bu səbəbdən də Səyad
Rüstəm adlı heykəltəraşı Azərbaycandan
çox Türkiyədə daha yaxşı tanıyır və
sevirlər.
Tanışlıq
üçün deyək ki, o, Gürcüstanın
Qarayazı elində dünyaya göz açıb. İxtisas
təhsilini əvvəlcə Gəncədəki Pedaqoji
Texnikumda alıb. Burada əsasən rənglərin
sirrinə bələd olan (1974-1978) Səyadın bir il sonra
Tiflis Rəssamlıq Akademiyasının heykəltəraşlıq
fakültəsində oxumaq istəyini dilə gətirməsi
onu eşıdənlər üçün baş tutmayan bir
arzu kimi qəbul olunsa da, özü inadında israrlı, ən
başlıcası isə öz gücünə inamlı
idi. Odur ki, çətin imtahanlar da onu qorxutmayıb, elə
ilk təmasdaca gələcək müəllimlərinin rəğbətini
qazanıb. Altıillik təhsili (1979-1985)
uğurla başa vuran və elə onda da akademiyanın tarixində
az-az rast gəlinən “Leyli və Məcnun” adlı irihəcmli
çoxfiqurlu kompozisiya ilə imtahan komissiyasının
alqışını qazanan Səyadın
yaradıcılığında gürcü heykəltəraşlığı
ilə birbaşa anım yaradan bədii-estetik məziyyətlər
olmasa da, o, Tiflisi də, orada xüsusilə kompozisiya məfhumunun
mahiyyətini bütün incəliklərinə kimi ona
açan ixtisas müəllimi Qoça Oçaurini bu günə
kimi də minnətdarlıqla xatırlayır.
Taleyini təhsildən
sonra qədim Gəncə ilə bağlamağa qərar verən
Səyad orada ilk bir neçə il ərzində şəhəri
bəzəyən əsərlər ( “Əfqan şəhidləri”,1990;
“20 Yanvar” və “İstiqlaliyyət”,1991; “Novruz”,1993) və
xatirə lövhələri yaratsa da, hiss edirdi ki, iç
dünyasında cəmləşənləri materiala
çevirmək üçün ona daha geniş meydan
lazımdı. 1993-cü ildə Türkiyə Mədəniyyət
Nazirliyindən aldığı dəvət ona bu mənada
arzuladığı şəraiti və imkanı yaratdı,
desək, yanılmarıq. O, dost ölkədə gerçəkləşdirdiyi
ilk tunc “Barış” heykəli (İzmir şəhəri) ilə
özünün zəngin yaradıcılıq
imkanlarını sərgiləməklə, türklərin
inamını qazanmış oldu. Səyad Rüstəmin elə
həmin şəhər üçün işlədiyi
“Balıqçı” (1993) abidəsi də plastik
oynaqlığına, daha sonra Mersində ucaldılan “Mersinli Əhməd”
(1993) heykəli isə qürurdoğuruculuğuna görə
diqqətçəkən idi.
Azərbaycanlı heykəltəraş
daha sonra Bayburt şəhərində ulu Dədə Qorquda
ucaldılan tunc abidədə isə özünün uzaq
keçmişi, onun tarixini bəzəyən görkəmli
şəxsiyyətlərin obrazlarını plastikada
canlandıra bilmək istedadını nümayiş etdirdi. Duyğulandırıcı realizmdən qaynaqlanan bu
özünəməxsus bədii şərhdə
inandırıcılıqla psixoloji yaşantıların
qovuşağı hökm sürdüyündən, abidə
tamaşaçısını öz cəlbedicilik aurasına
sala bilir və əsərdən alınan təəssürat
davamlı olur. Elə Dədə Qorqudun heykəli də
bu məziyyətlərinə görə yadda qalır.
İzmir,
Heykəltəraşın
Ankaradakı emalatxanasında söhbətlərimiz zamanı
onun çox vaxt tamaşaçıya məlum olmayan
yaşantılarına da şahidlik etdik, dəyərli fikirlərinə
qulaq kəsildik. Ondan “Bu qədər çoxsaylı heykəllərin
qarşılığında hansılar səni daha çox
qane edir?” - sualına cavab istəyəndə o, gözlənilmədən
cəmisi iki heykəlin adını çəkdi. Heykəltəraşın qənaətincə, “Zəlzələ”
(2001,Bolu) və “Yunis Əmrə” (1995,Hacı Bektaş) abidələri
bütün mənalarda uğurludur. Çünki bu heykəllərin
həm də fəza-məkan taleyi-yer seçimi ürəyəyatan
olmuş və onlarda sənətlərin sintezi problemi
uğurlu həllini tapmışdır. Həmin əsərlərlə
tanışlıq da sənətkarın təvazökarlıqla
dolu qənaətini təsdiqləyir. Belə ki,
həmin heykəllərdə onların seyrçiləri təmas
zamanı özlərindən uzaqlaşdırılmış,
ayrı bir yüksəkliyə qaldırılmış, təcrid
olunmuş obrazlarla yox, səmimiyyət dolu,
duyğularını bölüşə biləcəkləri
insanlarla üz-üzə, göz-gözə
qaldıqlarına inanırlar. Duyulası dinamikaya, kəskin
ekspressiyaya can atmayan heykəltəraşın obrazları yola
çıxmış, müasirləri ilə qoşa
addımlayan kimidirlər, lap həyatda olduğu kimi... Odur ki, onun bizə təqdim etdiyi filosof da, həkim də,
siyasətçi də, idmançı da, şair də, lap zəlzələdən
ziyan çəkənləri xilas etməyə çalışan
adı naməlum insan da yaxın görünür, öz
müsbət, daha çox düşündürücü və
duyğulandırıcı aurası ilə cəlbedicilik
rolunu da uğurla yerinə yetirir...
Türkiyədə
yaşayıb-yaradan Səyad Rüstəmi hələlik yeniləşən
Bakımızın bədii tərtibatında iştiraka dəvət
edən olmasa da, onu artıq dünyanın başqa ölkələrində
soraqlamaqdadırlar. Onun Macarıstanda “Gül Baba” (1997),”Bela Bartok” və
“Adnan Sayqun” abidələri (2003), Yaponiyada “Piri Reys” (1997),
Meksikada “Atatürk” (2000) kimi monumentləri bu qəbildən
olub, azərbaycanlı heykəltəraşın beynəlxalq
uğurunun təsdiqidir...
Bütünlükdə
əsərlərində heykəltəraş
tanınmış şəxsiyyətlərin obrazlarına
real plastik görkəm verməkdə duyulası məharət
nümayiş etdirməklə yanaşı, onların bir qədər
də düşündürücü, forma-biçiminə görə
özünəməxsus, həm də çətinliyinə
baxmayaraq milli kökə söykənməsinə
çalışır. Qeyd edək ki, bu yöndə davamlı
axtarışlar aparmaqdan da usanmır. Səyad Rüstəmin
“yaradıcılıq mətbəxinə” yaxından bələd
olmayanlar elə düşünə bilər ki, o,
yaradıcılığını yalnız monumental heykəltəraşlığa
həsr edib. Ancaq o, Ankaradakı emalatxanasında bizi
özünün dəzgah heykəltəraşlığı
sahəsində yaratdığı onlarla maraq doğuran
kompozisiyaları ilə tanış edəndə bunun heç
də belə olmadığına əmin olduq. “Ruhun
gedişi”, “Adəm və Həvva”, “İztirab”, “Dolaşan
ruhlar”, “Uğur böcəyi və yaxud eşq hekayəsi”,
“Avtoportret” və s. əsərlər bunun əyani
görüntüsüdür. Demək
lazımdır ki, bu səpkili əsərlərdə
böyükhəcmli heykəllərdən fərqli olaraq, həm
də çox vaxt üzəri sirr qatına bələnmiş
yaşantıların qabardılmasına üstünlük
verilmişdir ki, bu da istər-istəməz
tamaşaçının duyğularını
qanadlandırmağa xidmət edir...
Doğrudan da, incə plastik
şərhin aşıladığı fəlsəfi qayədə
biz saçın ucunun düyünündə itməkdə olan
insan ruhunun, kədərli qadının ilğım səciyyəli
qiyafəsinin, ilk ulu əcdadlarımızın gözlərində
gizlənən heyrət toplusunun, eşqi özlərinə məlhəm
bilənlərin qarşılıqlı tapınmalarından yaşanan
iztirabın bu əsərlərdə oynaq və təzadlı
formaya çevrilən plastik görüntüsü heykəltəraşın
təfsirindən keçdiyindən düşündürücü
ovqatdadır.
Sonda demək istəyirik
ki, Səyad Rüstəmin yaradıcılığının
artıq on beş ili əhatə edən mərhələsi məhsuldarlığı
ilə yanaşı, həm də müxtəlif materiallarda
gerçəkləşən əsərlərin bədii-estetik
dəyərlərinin ildən-ilə zənginləşməsi
və yeniləşməsi ilə diqqət çəkir. Ən
dəyərlisi isə bu yaradıcılığın
mayasında Azərbaycan xalqını və onun qədim sənət
ənənələrini şöhrətləndirmək istəyinin
mövcudluğudur. Bizcə, belə bir təmənnasız
istəyin vaxtında dəyərləndirilməsi də
çox yaxşı olardı, sənətkarın özü
bu barədə düşünməsə də. Ancaq aqillər
demişkən, “Görünən dağa nə bələdçi?”
Ziyadxan ƏLİYEV,
əməkdar incəsənət xadimi
Mədəniyyət.- 2009.- 17 aprel.- S. 7.