Muzeylərimiz
Dünyada analoqu olmayan şəxsi malakofauna muzeyi Azərbaycandadır
Şəxsi muzey yaratmağın çox çətin,
elmə əsaslanan gərgin əmək, dərin bilik,
davamlı axtarış, tədqiqat sayəsində
mümkün olduğu heç kimə sirr deyil. Malakofauna
muzeyi yaratmaqsa qat-qat ağır yükün altına girməklə,
illər boyu davam edən, elmi axtarışlara söykənən
tədqiqatların nəticəsi kimi meydana çıxır.
Bu baxımdan Beynəlxalq reyestrə, «Azərbaycan muzeyləri»
adlı kitaba daxil edilmiş «Rinay» malakofauna muzeyini şəxsi
vəsaiti hesabına yaradan alim Tofiq Sadıq oğlu Karayevin
xidmətlərini ayrıca dəyərləndirməyin yeri
var.
Bu muzey profili üzrə
dünyada analoqu olmayan yeganə şəxsi muzeydir. Onun
kolleksiyasında dünyanın müxtəlif okean, dəniz və
ölkələrindən tapılmış 5000-dək mollyusk
qabığı nümunəsi təqdim olunur. Fərdi Muzeylər
Beynəlxalq Assosiasiya Şurasının üzvü,
geologiya-mineralogiya elmləri namizədi, şirin suların
malokafaunasının palentologiyası üzrə MDB-nin
aparıcı mütəxəssislərindən biri,
1996-cı ildən Belçika Beynəlxalq Təbiətşünasılq
Akademiyasının qərarı ilə «Təbiət elmləri
professoru» adına layiq görülmüş Tofiq Karayev
ömrünün 40 ilini sərf edərək
yaratığı bu muzeyi xalqın intellektual səviyyəsinin
göstəricisi, milli sərvəti hesab edir. Elmi ezamiyyət
və ekspedisiyalardan, respublikamızın bütün bölgələrindən
keçən səfərlərdən yadigar qalan
eksponatların hər biri elmin inkişafı, geoloji tədqiqatlar
baxımından dəyərlidir. Muzeylə tanışlıq
adi tamaşaçı üçün zəngin və təkrarsız
aləmlə görüş, geoloq alimlər
üçün bənzəri olmayan elmi mənbədir.
«Rinay» muzeyinin ilk eksponatlarının toplanmasına
hələ 1932-ci ildə
o çağlar SSRİ-nin
fəxri neftçisi,
şamaxılı Kərim
bəyin oğlu Sadıq Karayev başlayıb. Azərbaycanın əməkdar ixtiraçısı
olan Sadıq bəy ABŞ-da, İngiltərədə neft
üzrə ekspert- mütəxəssis kimi çalışıb, Rokfellerlər
ailəsi ilə yaxınlığı olub.
O, neft buruqlarının
qazıntısı zamanı
əldə etdiyi nümunələri bir yerə toplayar, onların üzərində
tədqiqat aparar, yerin dərin qatlarından tapılan nümunələrin yaşını
təyin edər, kolleksiya toplayardı. «Rinay» muzeyinin
unikallığı da
elə bundadır.
Burada müasir dəniz və yerüstü faunaya aid mollyusklardan savayı, 2-3 milyon il
bundan irəli Ağcaqıl və Abşeron paleodənizlərində
mövcud olan mollyusk qabıqları toplanıb. Sadıq bəy 37-ci ilin
qurbanlarından olub, sonralar onun işini
oğlu davam etdirib. Tofiq müəllim xarici
ölkələrdə, Azərbaycanın
bütün bölgələrində-dağlıq
və aran rayonlarında, dağlarında,
düzlərində geoloji
ekspedisiyalar zamanı əldə etdiyi nadir eksponatları böyük
qayğıyla bir yerə toplayıb. Bu muzeyin nadir kolleksiyalarından
olan bəzi eksponatlar mübadilə yolu ilə Avstraliya,
Kanada, Argentina, İspaniya,
Almaniya, Türkiyə,
İndoneziya, Rusiya və Ukraynanın milli universitet paleontologiya muzeylərinə
verilib. Bəzi mollyusk
nümunələri «Qırmızı kitab»a daxil edilib.
Muzeydə nümayiş
olunun eksponatlardan birini-bütün dünyada bənzəri
olmayan qeyri-adi mollyusk qabığını Karayev 1995-ci ildə
İndoneziyada tapıb. Azərbaycandan ilk geoloq-malakoloq alim kimi
bir neçə il ərzində Qara dəniz, Fars korfəzi,
Qırımzı dəniz, Hind okeanı boyunca beynəlxalq dəniz
ekspedisiyanın tərkibində olarkən təkrarsız
nümunələr əldə edə bilib. İndi bu nümunələrin
hamısı «Rinay» muzeyini bəzəyir. Yeri gəlmişkən,
muzeyin adını Tofiq müəllim övladlarının
adından yaradıb, hərfi mənası «Qanuni nailiyyət»
deməkdir. Unikal şəxsi muzey haqqında məlumatı
olan xarici ölkə vətəndaşları, Azərbaycana
yolu düşən elm adamları, kolleksiyaçılar, səyahətçilər,
turistlər, jurnalistlər mütləq «Rinay» muzeyinə gəlir,
dəniz faunasının incilərinə heyranlıqla
tamaşa edirlər. Bura gələn ekoloqlar, paleontoloqlar,
paleocoğrafiyaçılar, kolleksiyaçılar
nümayiş olunan eksponatlara-mollyusk qabıqlarına, dəniz
ulduzlarına, kirpi və tısbağalara ayrıca maraq
göstərirlər. Yaradıcısının fikrincə,
«Rinay» muzeyi daha çox uşaq və gənclərin
intellektual səviyyəsini artırmağa, onlarda kiçik
canlıların-mollyuskların həyatına maraq oyatmağa,
təbiətin təkrarsız, hətta kökü kəsilmiş
varlıqlarına qarşı sevgi aşılamağa, eləcə
də Azərbaycanda geologiya elminin inkişafına əvəzsiz
xidmət göstərir. «Rinay» muzeyi həm də gözəlliyin
xidmətindədir. Bu bəzilərinə anlaşılmaz
görünə bilən qeyri-adi gözəllikdir. Əslində,
burda gözəllik nisbi anlayışdır; ilk baxışda
çox eybəcər görünən hər bir mollyusk qiymətsiz
olmaqdan savayı, təkrarsızlığına,
«Qırmızı kitab»a düşdüyünə görə
gözəldir. «Rinay» muzeyi indiyəcən müxtəlif beynəlxalq
sərgilərdə iştirak edib, dəyərinə,
mövzu orijinallığına görə şəxsi muzeylər
sırasında həmişə birincilik qazanıb, diplomlara,
fəxri fərmanlara, mükafatlara layiq görülüb.
Azərbaycan ictimaiyyəti
Tofiq Karayevi alim, dünyada analoqu olmayan şəxsi muzey
yaradıcısı, həm də məşhur
idmançı, geniş vokal imkanları olan həvəskar
müğənni kimi də tanıyır. O, 1949-cu ildə
aviamodel idmanı üzrə beynəlxalq yarışların
çempionu, dünya rekordçusu, bir neçə idman
növü üzrə Azərbaycan çempionu, 1952-ci ildə
«Əsrin üzgüçüsü» yarışının
mükafatçısı, tələbə və gənclərin
VI (Moskva), VII (Berlin) festivallarının diplomantı olub.
Ömrünün 80-ci onilliyini xırdalayan bu böyük
ürəkli insanın həyat, yaradıcılıq eşqi
tükənməyib. Hər dəfə Bakının Bayıl
qəsəbəsində yerləşən muzeyə gəlib
ordan xoş təəssüratla ayrılan insanları görəndə
Tofiq müəllim üçün həyat yenidən
başlayır.
F. Asimqızı
Mədəniyyət.- 2009.- 17 aprel.- S. 6.