İsmayıl Ömərov yenidən İctimai Teleradionun Baş direktoru seçildi

 

Yayım Şurasının üzvləri yekdilliklə onun İTRYŞ-nin Baş direktoru seçilməsinin lehinə səs verdilər

 

Dünən Milli Teleradio Şurasında İctimai Televiziya və Radio Yayımları Şirkətinə Baş direktor seçkisi keçirildi. Yayım Şurasının 9 üzvü yekdilliklə İsmayıl Ömərovun ikinci dəfə teleradio şirkətinin Baş direktoru seçilməsinin lehinə səs verdilər. Xatırladırıq ki, Yayım Şurası Cahangir Məmmədli, Vaqif Abbasov, Altay Zahidov, Aqil Dadaşov, Ağacan Əbiyev, Namiq Məmmədov, Salman Musayev, Fuad Muradov Zərifə Salahovadan ibarətdir.

 

İsmayıl Abbas oğlu Ömərov

 

1954-cü il fevral ayının 20-də Gürcüstan Respublikasının Borçalı mahalında, Bolnisi rayonunun Kvemo-Bolnisi (Kəpənəkçi) kəndində anadan olub. 1971-ci ildə Kəpənəkçi kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsinə daxil olub. 1976-cı ildə ali təhsilini başa vuraraq təyinatla Azərbaycan Dövlət Televiziya Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlayıb. Televiziyanın İctimai-siyasi proqramlar redaksiyasında kiçik redaktordan baş redaktor vəzifəsinədək uğurlu yaradıcılıq yolu keçib. “Blokada”, “Əsrin faciəsi”, “Qanlı Yanvar”, “Qarabağ düyünü s. teleserialların müəllifi aparıcısı olub. Ötən əsrin 90-cı illərində Azərbaycanın üzləşdiyi çoxsaylı faciələrin araşdırıcısıdır.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında ikinci təhsil alaraq politoloq ixtisasına yiyələnib.

2000-2005-ci illərdə 2-ci çağırış Milli Məclisin deputatı olub.

2005-ci il aprel ayının 16-da 22 namizəd içərisindən səs çoxluğu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru seçilib. Qısa müddət ərzində Azərbaycanda media sahəsində ən demokratik və şəffaf institutlardan olan İctimai Teleradionun yaradılmasında və Avropa Yayım Birliyinə üzv seçilməsində müstəsna xidmətlər göstərib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının üzvüdür. “Qızıl qələm” və ”Araz”, Türkiyənin Radio-Televizyon-Qəzetçilər dərnəyinin “Media Oskarı”, Türk Dünyası Araşdırmalar Vəqfinin “Altın ödül” və nüfuzlu “First Buisness” jurnalının “Zirvədəkilər” mükafatlarının laureatıdır.

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir.

 

 

Mədəniyyət.- 2009.- 17 aprel.- S. 5.