Unudulmaz insan
O, folklorumuzun cəfakeşi idi
Onunla tanışlığım 1969-cu ildən başlayıb. Həmin
illərdə həm də Respublika Xalq yaradıcılığı
evinin fəaliyyəti
barədəki tarixi sənədləri elmi-texniki
cəhətdən qaydaya
salırdıq. Gündəliyimdən
sətirlər: «22 aprel
1969-cu il…Xalq yaradıcılığı evinin
direktoru Məbud müəllimlə görüş
zamanı bəstəboy,
asta yerişli bir şəxs içəri daxil oldu. Məbud müəllim məni göstərərək dedi:
«Səttar müəllim,
bu cavan oğlan bizim sənədləri qaydaya salacaq. Amma bilmirəm
bacaracaq, yoxsa yox. Cavan oğlan
deyir ki, bir təcrübəli xanım da olacaqdır.
Baxın, illərlə
topladığımız sənədlər
tullanmasın...» Bu sözlərdən sonra rəhmətlik Hökümə
xanım Quliyeva da gəldi. Doğrudur, məni bu işə Hökümə xanım həvəsləndirmişdi (Allah
ona qəni-qəni rəhmət eləsin). Həm də işlədiyim Dövlət Ədəbiyyat
və İncəsənət
Arxivində Xalq yaradıcılığı evinin
sənədlərinə nəzarəti
mənə tapşırmışdılar.
Həmin il sənədləri qaydaya saldıq və dövlət mühafizəsinə
qəbul etdik...
Həmin günlərdən mən
Səttar müəllimin
səmimiyyətinə aludə
oldum. Onun yazıçı-dramaturq
olduğunu bildikdən
sonra isə, ona şəxsi fondunun yaradılmasını
da təklif etdim. 1970-ci ildə 100-ə
qədər sənəd
qəbul edib, onun 228 saylı şəxsi fondunu yaratdıq. 1972-ci ildə Səttar müəllim: «Maarif, oğlum, bir neçə qovluq da hazırlamışam,
sabah gəl onları da verim, apar arxivə»
- dedi.…
Bu söhbətlərdən
35 ildən artıq vaxt keçib. 1994-cü ildə Səttar müəllim dünyasını
dəyişəndə, illərin
sürətlə ötməsinə
heyifisləndim... Həmin
insanların xeyir-duasından isə ilham alaraq müqəddəs
işimi bu gün də davam etdirirəm.
Səttar müəllim 25 aprel
1914-cü ildə Qarabağın
füsunkar coğrafi məkanı olan Füzuli rayonunun (keçmiş Qaryagin rayonu) Alxanlı kəndində ruhani ailəsində anadan olmuş, elə orada da ilk ibtidai
təhsilini almışdır. Bu
barədə Səttar
müəllim 1946-cı ildə
belə yazmışdı:
«Mən, 1914-cü ildə Qaryagin (indiki Füzuli-M.T.) rayonunun Alıxanlı kəndində ruhani ailəsində anadan olmuşam, Atam 1923-cü ildə vəfat etmiş, anamın və böyük qardaşımın himayəsi
altında ibtidai və orta məktəbi
bitirmişəm.1931-1934-cü illərdə müəllimlik
etmişəm. 1934-cü ilin
payızında Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsinə daxil
olub, 1938-ci ildə oranı bitirdikdən sonra yay ayında
Nizami adına Ədəbiyyat və Dil İnstitutunda kiçik elmi işçi vəzifəsində
çalışmışam. 1939-cu ilin payızında Qızıl Ordu sıralarında olmuşam,
1940-cı ilin yanvarında
fin müharibəsində
də iştirak etmişəm...»
S.Axundovun şəxsi fondundakı materiallar əsasən folklora aiddir. 30 ildən çox çalışdığı bu işdə aşıq yaradıcılığını
arayıb-axtarmış, 200-dən çox aşığın
yazı nümunələrini
toplamışdır. O, Böyük Vətən müharibəsi illərində
(1941-1945) «Çətin dərə»
adlı əsəri ilə gəlmişdir. Gənclərimizin cəbhədəki
qəhrəmanlığından danışan bu əsər 1942-1943-cü illərdə
M.Qorki adına
Gənc Tamaşaçılar
Teatrında tamaşaya
qoyulmuşdur. Sonralar isə «Qayğı», «Dostlar», «Məhəbbət
nişanı», «Məzəlizadələr»,
«Almasın qızları»,
«El gücü, sel gücü», «Nişan üzüyü» və s. pyesləri Naxçıvan,
Gəncə, Ağdam,
Xankəndi, Mingəçevir,
Lənkəran Dövlət
Dram teatrlarında tamaşaya
qoyulmuşdur. «Zərif tellər» isə Akademik Milli Dram Teatrında göstərilmişdir. Bütün əsərləri
sübut edir ki, o zamanın, yaşadığı dövrün,
müasir həyatın
tələblərini duyan
dramaturq olmuşdur.
Dram əsərləri ilə yanaşı, bir çox hekayələri də diqqəti cəlb edir. «Araz əfsanəsi», «Güllü
xalça» və s. hekayələri Azərbaycanın
qədim xalçaçılıq
sənətindən və
digər maraqlı mövzulardan bəhs edir. Folklor şöbəsinin
müdiri işlədiyi
zaman Aşıq Teymur, Aşıq Ədhəm, Şeyda Əziz, Əli Məsimov, Aşıq Bisavad, Nəbi Bayramov, Alxan Babayev və başqalarının şeirlərini
toplamışdır. Mir Mehdi Xəzaninin XIX yüzillikdə topladığı
şeirlər dəftəri
də çox maraqlıdır. Həmin dəftərdə
Q.B.Zakir, M.S.Səbahi,
M.P.Vaqif, Aşıq Pəri, Həsən Əli oğlunun şeirləri hələ
də öz araşdırıcılarını gözləyir. S.Axundovun səliqəli
arxiv sənədləri
arasında aşıqların
III qurultayının materialları
da diqqəti cəlb edir. Ümumiyyətlə S.Axundov yaradıcılığının
öyrənilməsi zamanı
bir çox məqamlar üzə çıxır ki, bunlar da gələcək
nəslə çatdırılmalıdır.
S.Axundovun yuxarıda qeyd etdiyimiz irihəcmli pyesləri ilə yanaşı, 25-dən çox
kiçikhəcmli pyesləri
də vardır. Bir neçə gündən
sonra S.Axundovun anadan olmasının 95 ili tamam
olacaq. Mənəvi xəzinəmizdə mühafizə olunan şəxsi fondda və Xalq yaradıcılığı
evinin sənədləri
arasında Səttar müəllimin işıq
üzü görməyən
əsərlərini bir
kitab halında nəşr etmək heç də pis olmazdı. Vaxtilə xalq yazıçısı
Mehdi Hüseyn Səttar müəllimin yaradıcılığını xüsusilə qiymətləndirmiş,
Azərbaycanın cənub
bölgəsinə həsr
olunmuş «Araz əfsanəsi» povestini yüksək dəyərləndirmişdir.
Onun hələ sağlığında nəşr
olunmuş «Dağlarda»,
«Məhəbbət nişanəsi»,
«Kənd ulduzları»,
«Günlər dayanmışdı»,
«Qaragilə», «El oğlu»
kitablarından başqa
Xalq yaradıcılığı
evinə təqdim etdiyi bir neçə
kitabları da var ki, o əsərlərdən
ən aktuallarını
seçib nəşr
etməyin vaxtı çatmışdır. Onun toplayıb,
tərtib etdiyi «Aşıqlar» kitabının
da yenidən nəşr olunması Səttar müəllimin dünyasını dəyişməsinin
15 illiyinə bir ehtiram əlaməti olardı.
Maarif TEYMUR,
S.Mümtaz adına DƏİ
arxivinin direktoru
Mədəniyyət.- 2009.- 17 aprel.- S. 5.