«Sönməyən ulduzlar»

 

Bu teatr öz ətrafına qocaman aktyorları toplayır

 

Ötən əsrin 80-ci illərində keçmiş sovet respublikalarında mədəniyyət fondları fəaliyyət göstərirdi. Bu fondlar mədəniyyət tədbirləri təşkil edir, xeyriyyə işləri ilə məşğul olurdular. Azərbaycanda da analoji fond fəaliyyətə başlayır. Müxtəlif sərgilər, xarici ölkələrdə Azərbaycanın mədəniyyət günlərini təşkil edən bu fondun nəzdində bir neçə il sonra «Sönməyən ulduzlar» adlı teatr da açılır. Bu teatrın maraqlı cəhəti öz ətrafında qocaman aktyorları toplamasıdır. Teatrdan uzaq düşmüş yaşlı sənətkarlar bu sənət ocağına pənah gətirir, tamaşalarda çıxış edərək, hələ də işləmək iqtidarında olduqlarını sübut edirlər. Hazırda Yaradıcılıq Fondunun nəzdində olan və bu il 11 yaşını qeyd edən teatrın fəaliyyəti ilə yaxından tanış olmaq üçün fondun sədr müavini, əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı ilə söhbətləşdik.

 

- 1990-cı illərdə çox ağır vəziyyət idi. O dövrdə məşhur yaradıcı adamlarımız, xalq artistləri, əməkdar artistlər işsiz qalmışdılar. Muxtar Avşarov, Muxtar Maniyev, Məhluqə Sadıqova, Sofya Bəsirzadə kimi yaşlı sənətkarlar teatrdan çıxarılmışdılar. Bir çoxları fikirləşirdilər ki, bu qoca adamlar daha teatra lazım deyillər. Gördük ki, görkəmli adamlarımız həm mənəvi, həm maddi baxımdan əziyyət çəkirlər. Ona görə də 1992-ci ildə bu sənətkarları bir yerə toplamaq, onların yaradıcılıq gecələrini, benefislərini keçirmək məqsədi ilə assosiasiya yaratmağa qərar verdik. Hörmətli sədrimiz AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Kamal Abdulla assosiasiyanın adını «Sönməyən ulduzlar» qoymağı təklif etdi. Bununla göstərmək istəyirdik ki, yaşlı sənətkarlarımızın «ulduzları» sönməyib, onları incəsənətdən tez uzaqlaşdırıblar. Assosiasiyanın rəhbəri tanınmış mədəniyyət işçimiz Cahangir Aslanoğlu, onun müavini isə sevimli aktrisamız Leyla Bədirbəyli oldu. Onlar aktyorları öz ətraflarına yığdılar, maraqlı tədbirlər keçirdilər.

- Bəs, eyniadlı teatr nə vaxt yarandı?

- Yaşlı olmalarına baxmayaraq, bu adamlarda böyük sənət eşqi var idi. Hiss etdik ki, onlar üçün bir teatr yaratmağa ehtiyac var. 1998-ci ildə «Sönməyən ulduzlar» teatrını yaratdıq. Teatrın bədii rəhbəri rejissor Adil İsgəndərovun davamçısı, əməkdar mədəniyyət işçisi Məmməd Kamal Kazımov idi. Vaxtilə o, A. İsgəndərovla birlikdə Akademik Milli Dram Teatrında S. Vurğunun «Vaqif» əsərini tamaşaya qoymuşdu. Biz təklif etdik ki, «Sönməyən ulduzlar»da ilk olaraq bu əsər səhnələşdirilsin. Gülxar Həsənova, Mustafa Süleymanov, Muxtar Avşarov, Ələddin Abbasov, Muxtar Maniyev, Elmira Şabanova, Şəfiqə Qasımova kimi güclü aktyor heyəti iştirak edirdi. Tamaşa Akademik Milli Dram Teatrının səhnəsində oynanıldı. İnanın ki, zal ağzınacan dolu idi. Tamaşa çox yüksək səviyyədə hazırlanmışdı və tamaşaçılar tərəfindən də maraqla qarşılandı. Uğurla keçən bu tamaşadan sonra Məmməd Kamal Kazımov «Solğun çiçəklər» əsərini C. Cabbarlının 100 illiyi münasibəti ilə səhnələşdirir. Bu tamaşa da çox yükək səviyyədə keçir. M.K.Kazımov dünyasını dəyişəndən sonra teatrın rejissoru tanınmış, istedadlı sənətkar Hafiz Fətullayev oldu. O, geniş dünyagörüşü, daxili mədəniyəti ilə fərqlənən bir insandır. Qısa müddət ərzində Hafiz Fətullayev Şıxəli Qurbanovun məşhur «Sənsiz» əsərini hazırladı. Yenə də Akademik Milli Dram Teatrında bu tamaşanı göstərdik. Tamaşadan sonra Ş.Qurbanovun qızı, fəlsəfə elmləri doktoru, professor Gülnarə xanım səhnəyə çıxdı, bütün yaradıcı qrupu təbrik etdi, tamaşanın səviyyəsindən çox razı qaldığını bildirdi. Bir müddət sonra biz dahi bəstəkarımız Üzeyir Hacıbəyovun «Ər və arvad» tamaşasını hazırladıq. Çox təəssüflər olsun ki, bu əsər 1916-cı ildən bu yana səhnədə oynanılmayıb. Biz həmin əsəri arxivdən götürüb, bərpa etdik. Tamaşanın çox gözəl musiqisi var. Teatrmızda bu əsəri oynadıqdan bir il sonra Gənclər Teatrı da o əsəri səhnələşdirdi. Eşitdiyimə görə, İncəsənət Universitetinin tələbələri də bu tamaşanı hazırlayırlar. Çox yaxşı haldır ki, uzun illərdən sonra bu əsərə müraciət edənlər artıb.

- Adlarını qeyd etdiyiniz aktyorların əksəriyyəti bu gün dünyasını dəyişib. İndi «Sönməyən ulduzlar»da hansı aktyorlar var? Ümumiyyətlə, teatrın heyəti yalnız yaşlı nəslin nümayəndələrindən ibarətdir, yoxsa gəncləri də dəvət edirsiniz?

- Bizim əsas məqsədimiz sözsüz ki, yaşlı nəsil aktyorları bir dam altına toplamaqdır. Amma buna baxmayaraq, bir neçə gənci də teatra cəlb etmişik. Çünki bunu əsər tələb edir, elə rollar var ki, onu yaşlı adama vermək mümkün deyil. Düzdür, qoca adamı da qrim edib, cavan şəklinə salmaq olar. Amma biz həm də istəyirik ki, gənclər böyük bir məktəb görsün. Məsələn, mənim bir tələbəm var idi - Rəna Məlikova. Onu bu teatra gətirmişdim, «Solğun çiçəklər»də Saranı oynadı. O, xalq artistləri ilə eyni vaxtda səhnəyə çıxdı. Görün bu, həmin o qızda nə qədər böyük yaradıcılıq duğusu yaradacaq. İnstitut tələbəsinin xalq artistləri ilə bir səhnəyə çıxması onun üçün böyük məktəbdir. Ona görə də biz bu təşəbbüsü davam etdiririk. Hazırda teatrda Hafiz Fətullayev, xalq artisti Elmira Şabanova, əməkdar artistlərimiz Firuz Xudaverdiyev, Cəmilə Məmmədzadə, Esmiralda Şahbazova, Suğra Bağırzadə çıxış edirlər. Aydın məsələdir ki, bizim teatrın aktyorları yaşlı nəsilin nümayəndələridir və az müddətdən sonra dünyalarını dəyişirlər. Məsələn, gözəl müğənnimiz Oqtay Ağayev bizim teatrımızın artisti idi. Müğənni olmasına baxmayaraq, görərdiz, «Vaqif» tamaşasında Təlxək rolunu nə qədər gözəl oynadı. O rolu Yaşar Nuri də ifa edib. Y. Nuri dedi ki, Oqtay məndən gözəl oynayıb. Müğənni Məmməd Salmanov da ilk dəfə bizim səhnədə rol ifa etdi. «Vaqif» tamaşasında İbrahim xan obrazını yaratdı. Odur ki, bu insanları heç kim əvəz edə bilməz. Əlbəttə, biz aktyorlarımızı itirəndən sonra çətinlik çəkirik. Amma bizim məqsədimiz sadəcə yaşlı nəsli teatra cəlb etmək deyil. Biz təqaüdə çıxmış, heç yanda işləməyən sənətçilərə yenidən yaradıcılıqla məşğul olmağa imkan yaratmaq, onları həyata qaytarmaq istəyirik. İstəmirik ki, onlar həyatadan küssünlər.

-Yaradıcılıq Fondu başqa hansı işlərlə məşğul olur?

- Bizim işimiz təkcə tamaşalarla bitmir. Biz müxtəlif mövzularda müzakirələr aparırıq. Məsələn, birinci mövzumuz «Təbəssüm nə deməkdir?» olub. Fondumuzun müəllimlər, yazıçılar, bəstəkarlardan ibarət 70-ə yaxın üzvü var. Yaradıcı adamların doğum günlərini, xatirə gecələrini keçiririk. Yazıçı və şairlərimizlə görüşlər keçiririk. Nəriman Həsənzadə, Ramiz Rövşənlə görüşümüz olub, rus yazıçısı Sergey Yeseninə həsr edilmiş tədbir keçirmişik. Əvvəllər rəsm əsərlərinin sərgisini də təşkil edirdik. Amma indi buna imkanımız yoxdur.

- Maliyyə baxımından fonda köməklik göstərənlər yoxdur?

- Sponsor tapmaq çətinləşib. Biz ictimai təşkilatıq. Ona görə də dövlət büdcəsindən pul almırıq. Amma keçən ildən etibarən dövlətimiz ictimai təşkilatların layihələrinə maliyyə vəsaiti ayırmağa başlayıb. Bu il biz bir layihə hazırlamışıq. Proyektimizin müsbət qarşılanacğına inanırıq. Layihə «Sönməyən ulduzlar» teatrının fəaliyyəti ilə bağlıdır. Sənətkarlarımızın səhnə həyatına dair kitab çap etmək istəyirik. Bundan başqa onlar haqqında filmlər çəkmək istəyirik. Teatrımızın regionlarda - Naxçıvanda, Gəncədə, Bərdədə çıxışlarını təşkil etmək, onları təbliğ etmək niyyətindəyik.

- Yaxın vaxtlarda tamaşaçılarınıza hansı səhnə əsərini təqdim etmək fikrindəsiniz?

- Yaşlı aktyorlar il ərzində bir neçə tamaşa hazırlamaq mümkün deyil. Amma buna baxmayaraq, həmişə repertuarımızı yeniləşdirməyə, zənginləşdirməyə çalışırıq. Rejissorumuz Hafiz Fətullyevin həm də gözəl qələmi var. O, bir neçə əsərin müəllifidir. Onun «Daşları yığmağın vaxtıdır» adlı çox gözəl bir əsəri var. Əsərin çox maraqlı bir ideyası var. Azərbaycanlı əsgər ermənilərə əsir düşür, düşmən tərəf onu «ələ alır» və öz millətinə qarşı mübarizəyə hazırlayır. Nəhayət, bir gün o, anası ilə görüşür. Çox maraqlı süjeti var. Burda həm Qarabağ, həm də Xocalı mövzusu əksini tapıb. Biz bu tamaşanı da oynamışıq. Hazırda bizim «Sönməyən ulduzlar» teatrı türk dünyasının görkəmli dramaturqu, yazıçısı Nazim Hikmətin «Qəribə adam» əsəri üzərində məşqlər aparır. May-iyun aylarında tamaşanı təqdim etmək fikrindəyik. Tamaşanı Akademik Milli Dram Teatrı indi təmirdə olduğu üçün, yəqin ki, Gənc Tamaşaçılar Teatrının yeni binasında oynayacağıq. Öz səhnəmiz olmadığı üçün Mədəniyyət və Turizm Nazirliyi həmişə bizə dövlət teatrlarının səhnəsində çıxış etmək imkanı verir. Biz inanırıq ki, hörmətil nazirimiz yenə də bizə belə imkan yaradar və biz bu gözəl əsəri ləyaqətlə, yüksək səviyyədə göstərərik.

 

 

Aişə

 

Mədəniyyət.- 2009.- 17 aprel.- S. 4.