Yazıçılar Birliyində Çingiz Abdullayevin 50 yaşı qeyd olunub
Azərbaycan Yazıçılar Birliyində xalq
yazıçısı Çingiz Abdullayevin 50 illik yubileyilə
bağlı mərasim keçirilib. Azərbaycan ədəbiyyatının
nüfuzlu nümayəndələrindən sayılan
Ç.Abdullayev ölkəmizdə xalq
yazıçısı fəxri adına erkən yaşda
layiq görülməsilə də seçilir.
1959-cu il aprelin 7-də
Bakı şəhərində ziyalı ailəsində
dünyaya gələn Ç.Abdullayev, orta təhsilini 189
saylı məktəbdə alıb. 1976-1981-ci illərdə Azərbaycan
Dövlət Universitetinin hüquq fakültəsində təhsilini
davam etdirən gələcək yazıçı əmək
fəaliyyətinə hüquq məsləhətçisi kimi
başlayıb, şöbə rəisi vəzifəsində
çalışıb.
1984-1986-cı illərdə
Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə
olan Ç.Abdullayev 1988-ci ildə beynəlxalq təcavüz
problemi barədə dissertasiya müdafiə edərək,
hüquq elmləri namizədi alimlik dərəcəsi
alıb. 1989-cu ilin fevralından
Azərbaycan Yazıçılar
Birliyinin katibidir. 27 dilə tərcümə olunmuş əsərləri
bir çox xarici ölkələrdə
23 milyondan artıq tirajla yayılıb. O, 139
adda kitabın müəllifidir. Ç.Abdullayev
bu il aprelin
7-də Azərbaycanın
"Şöhrət" ordeninə
layiq görülüb.
Tədbiri giriş sözü ilə açan AYB sədri Anar, həmkarını yubiley münasibətilə
təbrik edib, ona xoş arzularını
çatdırıb. Ç.Abdullayevin artıq
20 ildən bəri Yazıçılar Birliyinin
katibi vəzifəsində
çalışdığını vurğulayan Anar, onun əsərlərinin kəmiyyət etibarilə
çox olduğunu diqqətə çatdıraraq,
məzmun və keyfiyyət baxımından
da yüksək qiymətə layiqliyini qeyd edib, bütün
dünyada Azərbaycanı tanıdan imzalardan olduğunu, detektiv janrın milli nümunələrini
beynəlxalq miqyasda təsdiqlədiyini dilə
gətirib.
Bakı Musiqi
Akademiyasının rektoru Fərhad Bədəlbəyli
Ç.Abdullayevin beynəlmiləl yazıçı
olduğunu önə çəkib: "Çingiz Abdullayev
Qarabağ dərdini öz içində yaşadan
insanlardandır. Milli problemlərimizi
dərindən bilən
Ç.Abdullayev bütün
bunlarla yanaşı, dünyada geniş oxucu kütləsi qazanan beynəlmiləl yazıçıdır". Xalq
artisti Rafiq Hüseynov Ç.Abdullayevin
gələcəkdə daha
böyük uğurlara
imza atacağına əminliyini ifadə edib.
Millət vəkili Elmira
Axundova detektiv həvəskarı olmasa da, Ç.Abdullayevin əsərləri
ilə yaxından maraqlandığını, indiyədək
yazıçının bir neçə kitabını
oxuduğunu bildirib: “Çingiz Abdullayevin kitablarından
böyük mənəvi zövq alıram. Çünki o, təkcə
detektiv yazıçısı deyil, həm də insan
psixologiyasının bilicisidir".
Şairə Zəminə
Xınalı Ç.Abdullayevə Heydər Əliyev adına
Ali Hərbi Məktəb adından imzalanan fəxri diplom təqdim
edib.
Yubiley mərasimində
iştirak edən Özbəkistan, Qazaxıstan, Rusiya və
Belarusun ölkəmizdəki səfirləri, digər əcnəbi
diplomatlar və Azərbaycanın dövlət
qurumlarının nümayəndələri Ç.Abdullayev
yaradıcılığı haqqında fikirlərini
bölüşüb, təmsil etdikləri ölkə və
qurumlar tərəfindən verilən diplom, fəxri fərman
və yubiley hədiyyələrini Ç.Abdullayevə təqdim
ediblər.
Tədbirin sonunda
çıxış edən Ç.Abdullayev bu yaxınlarda 50
illik yubileyinin Rusiya, Türkiyə, Rumıniya, Avstriya, Almaniya,
Gürcüstan və digər ölkələrdə qeyd
olunduğunu vurğulayaraq, Yazıçılar Birliyində də
belə bir mərasimin keçirilməsindən məmnunluğunu
və şəxsiyyəti, yaradıcılığı haqda
söylənilən xoş sözlərə görə minnətdarlığını
bildirib.
Sabutay
Mədəniyyət.- 2009.- 17 aprel.- S. 4.