Qobustan pirləri
Qobustan petroqliflərini açıq səma altında
muzey də adlandırırlar. Burada çoxsaylı qayaüstü
təsvirlər, qayaların
altında yerləşən
qədim insan məskənləri və
kurqanlar aşkar edilmişdir. Bu qayalarda regionun 15 min illik tarixi
- Yuxarı Paleolit dövründən orta əsrlərə qədər
böyük bir həyat tərzi əks olunmuşdur.
Bu rəsmlərdə
heyvan və balıq ovu, məişət səhnələri,
kollektiv rəqslər, müxtəlif - o cümlədən
solyar rəmzlər (svastika, spirallar), bürclər, kişilər
və qadınlar (maraqlıdır ki, o vaxtlar qadınlar
kişilərlə birlikdə ova gedirmiş), ceyran, keçi,
dağ keçisi, şir kimi heyvanların təsvirləri,
qamışdan düzəldilmiş qayıq, ikitəkərli
araba və insan izlərinin rəsmləri vardır. Tarix boyu Qobustan
müqəddəs məkan
hesab edilib. Kollektiv rəqs səhnələri, qurban mərasimləri, ovöncəsi
müxtəlif ayinlərin
keçirilməsi qayaüstü
rəsmlərdə öz
əksini tapmışdır.
Qobustan qayaüstü
təsvirlərin sonrakı
tarixi dövrlərdə
ilahi qüvvə tərəfindən yaradılmasının
güman edilməsi, qayalardakı mehrablar, daş üzərində oyulmuş izlərin müqəddəslərin izləri
sayılması və
s. kimi inamlara
səbəb olmuşdur.
Burada neçə-neçə daş və qaya üzərində
ərəb əlifbası
ilə yazılar qeydə alınıb. Onlar, əsasən, bir-iki isimdən və nəsli - adlardan ibarətdir. Ərəb əlifbası
ilə, lakin fars dilində yazılmış bir kitabə bu baxımdan mühüm əhəmiyyət kəsb
edir. O, Yazılıtəpədəki
Daş üzərində
(91 ¹-li) qeydə alınmışdır. Kitabə
üç sətirdən
ibarətdir: “İmam Şaki burada olub, dua edib
və buranı tərk etmişdir.”
Qobustan ərazisində
pirlər və ziyarətgahların yerləşməsi bir
daha sübut edir ki, bu torpaqlar müqəddəs insanların
yaşayış yerləri olmuşdur. Qobustan
və onun ətrafında yerləşən
ərazilərdə Şeyx
baba, Diri baba, Sofi Həmid,
Sofi Novruz, Qara atlı, Cörmə baba, Hürü qızları,
Yel piri və s. pir
və ziyarətgahların
bir qismi sufizm təriqəti ilə bağlıdır.
Sufizm - Təsəvvüf
kəlmələri ərəbcədəki
“Suf”- yunan sözü ilə əlaqədar yaranmışdır.
Sufizmin ayrı-ayrı cərəyanları
insanın kamilləşməyə
doğru yolunun müxtəlif pillələr
və məqamlardan ibarət olduğunu qeyd edirlər. Tarix VII əsrdən bu günədək yüzlərlə müxtəlif
sufi cərəyan və təriqət başçısı və
nüməyəndəsi olan
sufinin adını hifz edir: Həsən
əl Bəsri (VII əsr), Cəlal əd Din Rumi
(XIII əsr), Nəvayi
(XV əsr), Molla Sədra (XVIII əsr) və b.
Zəngin və qədim
orta əsr mədəniyyətinə malik Azərbaycanda sufizm
öz inkişaf və yayılması üçün
xüsusi münbit zəmin tapmışdı. Azərbaycan
xalqının təşəkkülündə iştirak
etmiş etnosların rəngarəngliyi, əsrlər boyu
ölkədə çox hallarda eyni vaxtda mövcud olmuş
dil və xüsusən din müxtəlifliyi - zərdüştlük,
xristianlıq və İslam bu dinlərlə bağlı
çoxsaylı qeyri-ortodoksal və bidət səciyyəli cərəyanların
mövcudluğu etnik münasibətlərdə
loyallığı və dini azadfikirliliyə səbəb
olmuşdu.
Musiqinin, rəqsin inkişafında sufizmin önəmli rolu olmuşdur. Sufi ayinləri musiqi
ilə ifa olunurdu. Sufi ayinlərinin ən birinci elementi zikr idi.
Sufi musiqisi səma elementləri ilə əlaqədar idi.
Sufilər yunanların
belə bir ideyasını əks etdirmişdilər ki, göy
qübbəsini mələklər hərəkətə gətirir.
Dərviş rəqsləri
adətən planetlərin
fırlanmasının yerdə
ifadəsi kimi şərh olunurdu. Müsəlman dünyasının
dərviş təriqətləri
məhz sufizmin ağuşunda yaranmışdır.
Bir sıra dərvişlər
isə camaatın diqqətini cəlb etmək məqsədilə
çeşidli oyun və mərasimlər keçirər, rəqs
edər, oxuyar, möcüzə və
gözbağlayıcı fəndlər nümayiş etdirərmişlər.
Dərvişlərin əsas
atributu kəşkül hesab edilirdi. Kəşkül hind
qozundan hazırlanan azacıq ellipsvari bir qabdır, onun üzərində
zərif naxışlar və yazı həkk olunur.
XVIII əsrin sonu - XIX əsrin
əvvəllərinə aid olan Çörmə piri
Kiçikdaş dağının ətəyində yerləşir.
Fasad hissəsi Kiçikdaş dağına yönəldiyi
üçün el arasında “Çörmə piri”
adlandırılmışdır.
Qobustan pirlərindən
biri - Hürü qızları Əliqulu qışlağında yerləşir.
Rəvayətlərə görə,
burada Hürü qızları dəfn edilib. Xəstəlikdən,
baş ağrılarından
qurtarmaq üçün
bura çoxlu zəvvarlar, şəfa tapmaq üçün ziyarətçilər gəlir.
Hasara alınmış
qəbrin ortasına su ilə dolu
qab qoyulur. Bura gələn ziyarətçilər qəbrin
ətrafındakı torpaqdan
qaba tökür və ağrıyan yerlərinə çəkir,
yaxud həmin qabdan bir qurtum
su içirlər.
XIX əsrə aid edilən
köhnə pirin qalıqları yaxınlığında təzə
pir inşa edilmişdir.
Şəfa tapmaq
üçün ziyarətçilərin üz tutduğu məkanlardan
biri də Hacı qışlağında yerləşən
Sarıbaba piridir. Bu
pirdə də qəbrin üstünə
su ilə dolu qab qoyulur.
Şəfa dalınca
gələn zəvvarlar
pirin torpağından
götürüb suya
qatır və bədənlərinə çəkirlər.
Yel piri Nəhər qışlağında
yerləşir. Nəzir
vermək, şəfa
tapmaq üçün
bura çoxlu ziyarətçilər gəlir.
Deyilənə görə,
Bakının Buzovna kəndindən uşağı
olmayan bir nəfər bura gəlib nəzir edir ki, uşağı
olsa, gəlib burada təzə pir tikəcək və o belə də edir.
Səngəçal və
Umbakı qəsəbələri arasında kiçik
dağlarla əhatələnmiş sahədə (Qobustan ərazisində)
Sofi Həmid piri yerləşir. Hümmət qoyunçuluq,
Həmid isə dəvəçiliklə məşğul
olub. El arasında öz sufi həyat
tərzi ilə böyük mərifət
sahibi kimi şöhrət tapmış
Həmid bütün varlığı ilə sufizmin təbliğçilərindən
olub. Yerli sakinlərin söylədikləri
fərziyyələrə görə,
Sofi Həmid Azərbaycana Ərəbistandan
gəlmişdir. O, öz
müridlərinə vəsiyyət
edib ki, onu dəvənin yatacağı yerdə dəfn etsinlər. Müridlər onun vəsiyyətinə əməl
edirlər və tezliklə bu məzar pirə çevrilir. Məzarı
üzərindəki daş
hasara alınmış
ərazidə əbədiyyət
rəmzi olan ağ dəvə heykəli ona inam gətirənlərin məhəbbət ifadəsi
hesabedilir. Sofi Həmid pirini məşhurlaşdıran əlamətlərdən
biri də ətrafdakı qəbirstanlıqda
olan əlvan boyalı məzar daşlarıdır. Dünyada
bəlkə də oxşarı olmayan bu məzar daşları
öz forma, naxış
və rənglərinə
görə «sirr dağarcığı» timsalındadır.
Kiçikdaş dağının
cənubunda isə “Qara atlı” piri yerləşir. Rəvayətə görə
bu diyarda islam dini yayılan
vaxtlarda ərəb missionerləri və qoşun dəstələri
ilə «dinsizlər» arasında tez-tez baş verən toqquşmaların birində
çox böyük nüfuza malik mömin hərbi rəis dəstəsindən
aralı düşür
və dinsizlər tərəfindən təqib
olunaraq indiki Qara atlı qəbiristanlığı olan
yerə çatır.
Burada görür ki, artıq düşmənlər onu
haqlayıb. Atından
düşüb gizlənmək
üçün qayaların
arasına qaçır.
Düşmənlər atın
başını kəsirlər.
Elə həmin anda da başı
kəsilmiş at daşa
dönür. Müqəddəs
şəxs isə qeybə çəkilir. Başqa bir rəvayətə görə
Ərəbistandan qara
atlı bir babanı didərgin salırlar və o, Azərbaycana pənah gətirir. Burada da hücumlara məruz qalır və bir gün
onun üzərinə
hücum çəkilən
zaman atını daşa döndərir, özü isə dağlara qaçıb, qeyb olur. Vaxtilə
“Qara atlı” pirinə Zərqələm
nənə, indi isə onun nəvələri
nəzarət edirlər.
Pirin içərisində
uşağı olmayan
qadınlar üçün
nənni yüyrük
asılma yeri də var. Evi olmayanlar buraya gəlib xırda daşlardan özləri üçün evlər tikər, Allaha dua edərlərmiş.
Hazırladı: Turan
Mədəniyyət.- 2009.- 17 aprel.- S. 2.