Ölümə məhkum edilmiş talelər
1937-38-ci illər xalqımızın
taleyinə qara hərflərlə yazılmış unudulmaz
bir tarixdir. Həmin illərdə Azərbaycan
xalqının vətənpərvər, namuslu oğul və
qızları Stalin repressiyasının qurbanına
çevrildilər. Təkcə
ayrı-ayrı şəxslərin yox, bütövlükdə
yüzlərlə ailələnin başı üzərindən
ağır ruzigarlar əsdi. Onlardan biri də
ədəbiyyatımızda xüsusi yeri olan Seyid Hüseynin
ailəsi idi.
S.Hüseyn 1887-ci il yanvarın 25-də
Bakı şəhərində anadan olmuşdur. Beş yaşında atasını itirən Seyid
babası Mirsadiq Mirhəsənin himayəsində
böyüyüb tərbiyə almışdur.
O, əvvəl mollaxanada, sonra dövrünün görkəmli maarif xadimlərindən olan Mahmudbəy Mahmudbəyovun müdir olduğu «Rus-tatar» məktəbində dörd ilə yaxın təhsil almışdır. Azərbaycan, rus, fars dillərini mükəmməl öyrənmişdir.
1904-ci ildə - babasının vəfatından sonra ailənin qayğısı S.Hüseynin üzərinə düşmüşdür. O, «Kaspi» mətbəəsində işə girir və 1912-ci ilə kimi orada mürəttiblik edir. 1920-ci ildən «Kommunist» qəzeti redaksiyasında ədəbi işci kimi fəaliyyət göstərmiş, Bakının orta məktəb və texnikumlarında müəllimlik etmiş, ömrünün son illərində isə «Azərnəşr»in bədii ədəbiyyat şöbəsinin redaktoru olmuşdur.
S.Hüseyn ədəbi yaradıcılığa 1907-ci ildə qəzet və jurnallarda məqalə və felyetonları ilə çıxış etmişdir. Mətbuatda «Kazımoğlu», «Hüseyn Sadiq», «Seyid Hüseyn Sadıqzadə», «Mühərrir» və b. imzalarla fəaliyyət göstərmişdir. Onun «Gələcək həyat yollarında», «Şirinnaz», «İki həyat arasında», «Yatmış kəndin qış gecələrində», «Gilan qızı», «Daxili işlər naziri», «Xeyir-bərəkət ayı», «Kor kişinin arvadı» və s. hekayələri, «Altun», «Yalan», «Gözəllik nədir?» və s. məqalələri oxucuların diqqətini cəlb edir. Müxtəlif illərdə bir çox kitablar nəşr edilmişdir: «Ağ valideyn, yaxud zavallı Məşədi Zaman» (1911), «Qacaq oğul, yaxud ata məhəbbəti» (1915), «Yeni həyat yollarında» (1928) və s.
O, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, milli ədəbiyyatımızın zənginləşməsi üçün səy göstərmişdir. Ancaq bir çox Azərbaycan ədəbiyyatının görkəmli xadimləri kimi repressiya dalğası ondan və ailəsindən də yan keçməmişdir. 1936-cı ildə O, Yazıçılar İttifaqının üzvlüyündən çıxarılmış, əsərləri kəskin tənqid olunaraq, onlara siyasi rəng verilmiş, adına «xalq düşməni» damğasını vurmuşlar.
Yazıçı 1937-ci il iyulun 15-də Şüvəlandakı bağında həbs olunmuş, ən ağır cəzaya güllələnməyə məhkum edilmişdir. Uzun sürən əzablı işgəncələrdən sonra, 1938-ci ilin əvvəllərində rejimin çıxardığı hökm yerinə yetirilmişdir.
S.Hüseynin həyat yoldaşı Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə 1899-cu ildə Bakının Novxanı kəndində ruhani ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ata və anasından fars və türk dillərini öyrənən Ümgülsüm, Şərq ədəbiyyatına və klassik Azərbaycan şeirinə maraq göstərmişdir. 9 yaşından şeir yazmağa başlamış Ümgülsüm 1914-cü ildən «İqbal», «Yeni iqbal», «Acıq söz» və s. mətbuat orqanlarında hekayə və şeirlərini çap etdirmişdir. Onun 200-dən artıq şeiri, bir poeması bizə gəlib çatmışdır. O, həmçinin «Vətən sevgisi», «Solğun çiçək» və s. hekayələrin müəllifidir.
1920-ci ildə S.Hüseynlə xoşbəxt ailə həyatı qurmuş Ümgülsüm sonralar həyat yoldaşı kimi əzablı bir taleyi yaşadı. 1937-ci il noyabr ayının 11-də repressiya cəlladları onu da həbs edib Bayıl həbsxanasının qaranlıq zindanlarına saldılar. Qəlbi bala həsrətiylə döyünən ananı üç övladından ayraraq sürgün etdilər. Qaranlıq, soyuq kameralar onu sıxdı, lakin ana qürurunu sındıra bilmədi. Çalışdı ki, ölməsin. Oqtayına, Toğruluna, Cığatayına, Qumralına qovuşsun.
S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunan 707 saylı S.Hüseynin şəxsi fondunda qızı Q.Sadıqzadə tərəfindən anasının zindanda yazdığı xatirələrinin köçrülmüş surətləri saxlanılır. Biz də mərd Azərbaycan qızının xatirələrindən bir hissəsini oxuculara təqdim edirik:
21 aprel 1938-ci il.
Bu gecə heç yatmamışam. Görəsən, gələcəklərmi? Bəlkə
gəlmədilər, onda mən nə elərəm!? Gəlmədiklərinin səbəbini haradan öyrənə
bilərəm? Gəlməsələr yəqin
ki, bir xəstələri, bir dərdləri vardır. Axı, onlara ayın 21-də görüş
olacağını məktubla xəbər vermişəm,
bundan qabaq yoldaşlarımla görüşə gələnlərə
adres verib xahiş etdirmişəm ki, onlara xəbər versinlər.
Necə ola bilər ki, bunlardan heç
birisi onlara deməsin? Bundan başqa onlar özləri
də gəlib xəbər bilməli idilər?
Səhər açıldı. Yerimizdən qalxıb yorğan-döşəyimizi
qatladıq. Əl-üzümüzü
yuduq. Hələ siyahı yoxdur. Heç tabım qalmamışdır, çox
narahatam. Nəhayət, qırmızı
çernillə yazılmış siyahı verildi. Ürəyim döyündü, mənim adım
görəsən çıxacaqmı? Siyahı
oxunub qurtardı. Adım yoxdur! Bir qədərdən
sonra ikinci siyahı gəldi. Yenə ürəyim
bərk döyünür. Birdən siyahını oxuyan
Anna Nikolayevna «Sadıqova Ümgülsüm» dedi. Tüklərim biz-biz oldu. Gözümdən
biixtiyar yaşlar axır. Doğrudanmı,
bu belədir? Doğrudanmı, mən
uşaqlarımı görəcəyəm? Mən elə
bilirdim bir daha uşaqlarımı görməyəcəyəm!
İndi isə mənimlə görüş
arasında bir-iki saatlıq vaxt vardır. Bu
bir-iki saatda nələr çəkəcəyəm? Onu bilirəm ki, hamısını görə bilməyəcəyəm.
Çünki içəri çox adam
buraxmırlar.
Nadzor Mariya Vasilyevna başını içəri
uzadıb gur səslə bağırdı: «İkinci
siyahıda adı olanlar hazırlaşsınlar!».
Biz çoxdan hazırıq - deyə xorla cavab
verdik. Ah, ürəyim! Ürəyim! Elə
çırpınır ki, elə bil yerindən
çıxmaq istəyir. Burada indi mərdlik
lazımdır. Ağlamaq qətiyyən
olmaz. Uşaqlara özümü ağlar
göstərə bilmərəm. Yazıqdırlar.
Bəlkə uzun illər ayrı düşdüm, sonra onlar məni
gözü yaşlı xatırlamasınlar!
Qapı açıldı, kameradan
bayıra çıxdıq. Başqa
kameralardan çıxanlarla bir yerdə həyətə
çıxan qapıda durduq. Gözləyirik,
hələ bizi buraxmırlar. Bu gözləmə
bütün səbrimizi tükətdi. Nəhayət,
xüsusi bir axtarışdan sonra bizi həyətə
buraxdılar. Mən demişdim
ağlamaram. Amma dözə bilmirəm.
Gözümdən yaşlar axır. Birinci həyəti keçib, ikinci həyətdə
görüş üçün təyin olunmuş
meydançaya toplandıq. Aşağısı
taxta, yuxarısı dəmir barmaqlıqdan olan böyük
qapı görünür. Barmaqlığın
arasından bir çox adamların başlarının təpəsi
görünür. Mənimkilər də yəqin
oradadırlar. Ürəyimlə gözlərim
öz işini görür. Bayaqdan gözlərim
ala-bula görürdü, amma indi çox aydın
görürəm. Onları görmək
üçün yalnız gözümlə deyil, bütün
varlığımla hazıram! Aradakı
böyük qapı açılır. Elə
bilirik ki, adamlar içəri buraxılır. Lakin öz işləri üçün
girib-çıxanlardır. Yenə bizi
gözləməyə məcbur edirlər. Bir saata qədər burada gözlədik. Birdən-birə qapının tayı
açıldı. Adamlar tələsik
içəri soxulmağa başladılar. O qələbəlikdə
hər kəs dəlicəsinə öz adamını
axtarırdı. Mən də o qələbəlikdə
gözləri ilə məni axtaran Oqtayımı
gördüm. Gözlərimə inana
bilmirəm. Doğrudanmı, mən onu
görürəm?!
Oqtayla qucaqlaşdıqdan sonra Bircəbacı
ilə görüşdük. Sonradan orada
durmuş, tanınmaz bir şəklə düşmüş
Qumuşcığazımı gördüm. O,
doğrudan da tanınmaz olmuşdur. Elə
tanınmaz ki, mən onu tanıya bilmədim. Əgər Oqtayın yanında durmayıb, paltosu ilə
şərfi üstündə olmasaydı mən ona diqqətlə
baxmayınca tanıya bilməyəcəkdim. O, mənim
qoyub gəldiyim Qumuş deyildi. Son dərəcə
arıqlamış, yanaqları çəkilmiş,
üzü solğunlaşmış, gözləri
açılmışdır. Bu uşaq,
siması qırmızı, mənim oynar-gülər, tümbulyanaqlı,
dəyirmiüzlü Qumuşuma qətiyyən bənzəmir.
Demək, mənsizlik mənim bu nazlı
balamı bu hala salmışdır. Bu lövhəyə
mənim qəlbim dözərmi, ah?! Var qüvvəmlə
bağırmaq istəyirəm: «Mənim Qumuşum belə
neyçün oldu?» Toğrul da az arıqlamamışdır. O, da Qumral kimi belə
qəmgin, belə məhzun olmuşdur. Uşaqların
üçünü də bütün varlığımla
bağrıma basıram, yazıqların
üçünü də birdən!
Qumralın qızılca xəstəliyi nəticəsində
bu qədər arıqladığını qandırırlar.
Mən buna inanıram. Ancaq
belə bir xəstəliyi heç təsəvvür etmədiyim
üçün uşağın bu görkəmi mənə
çox pis təsir edir. O tamamilə dəyişmiş,
arıqlamağı ilə bərabər boyu uzanmış,
saçları da uzanıb alnına
tökülmüşdür. Onun üzünə
bir də baxır, Seyid Hüseyni görər kimi oluram. Heç bir zaman atasına qətiyyən bənzəməyən
bu uşaq indi atasının 20 yaşında ikən çəkdirdiyi
şəklinə sıxı bir surətdə bənzəyir.
O şəkildəki bütün mühüm xətlər bu
gün Qumralın üzünə çəkilmişdir. Mən bu məlul, bu məsum simada bir Seyid Hüseyn
görürəm.
Bircəbacı qocalmışdır.
Oqtay yaxşıdır, cavan olmuşdur.
Cığatayın qapı dalında qalması da mənə
başqa bir…
* * *
Ağır işgəncələrdən
sonra Ümgülsüm Sadıqzadə Mordoviya vilayətinə
- həbs düşərgəsinə göndərilmişdir.
7 illik məhbus həyatından sonra, 1944-cü il
iyul ayında geri qayıtmışdır. Elə həmin il də - sentyabr ayının 17-də
Şamaxı şəhərində vəfat etmişdir.
Bu da repressiyaya məruz qalmış bir
ziyalı ailəsinin acı taleyi. Bu il
Ü.Sadıqzadənin anadan olmasının 110 illiyi tamam
olacaqdır. O, həmişə qeyrətli bir Azərbaycan
qadını, vəfalı ömür-gün yoldaşı, mərd
və cəfakeş ana və nəhayət vətən
sevgisi, xalqına məhəbbət, ehtiram hissi ilə
yazdığı şeirləri ilə daima
xatırlanacaqdır.
Mətanət QASIMOVA,
S.Mümtaz adına Azərbaycan Respublikası
Dövlət Ədəbiyyat və
İncəsənət Arxivinin əməkdaşı
Mədəniyyət.- 2009.-
22 aprel.- S. 14.