Şairlər niyə nəsrə keçirlər?

 

Ədəbiyyata şeirlə gələnlər ədəbiyyatdan povestlə, romanla “gedirlər”. İstər dünya, istərsə də Azərbaycan ədəbiyyatında belə yazarlar çox olub. Niyə görə yazarların daxilində bu qədər janr müxtəlifliyi yaranır? Olmazmı ki, şairlər ancaq şeir yazsınlar? Görünür, bunun müəyyən bir səbəbi var. Hamımızın yaxşı tanıdığı bir neçə böyük söz ustalarından danışaq. Məsələn, Nazim Hikmət, Əli Kərim, Ramiz Rövşən. Hər üç yazar ədəbiyyata şeirlə gəlib. Sonralar Nazim Hikmət pyeslər, Əli Kərim və Ramiz Rövşən nəsr əsərləri də yazıblar. Onların roman, hekayə, pyes yazaraq daha da şöhrət qazandıqlarını güman etsək yanılarıq. Çünki nəsr əsərləri yazmasaydılar belə, ədəbiyyat tarixində hər üçü böyük şair kimi qalacaqdı. Bəs niyə görə nəsr əsərləri yazdılar? Fikrimcə, bu “fəsadın” dörd əsas səbəbi var.

Birinci səbəb. Şeir daha çox hisslərin ifadəsidir, nəsrsə özündə hisslərlə yanaşı, çoxlu obrazlar sistemi, hadisələr, zaman anlayışları birləşdirir. Şairlərin nəsrə keçməsi idealların şeir çərçivəsinə sığmamasından başlayır. İdeallar, hadisələr çoxalır, şair daha onları “şeirin otağına” sığışdıra bilmir, əlavə “mənzil” almalı olur. Fazil Hüsnü Dağlarcanı gözəl bir ifadəsi var ”Ağıl daxili gözümüzdür, kipriksiz”. Şair də “ağlın gözü” ilə baxanda anlayır ki, artıq nəsrə keçmək lazımdır. Məsələn, Nazim Hikmətin pyeslərindən əvvəl yazdığı “İyirminci əsrin sərgüzəştləri”, “Orada tanış olduqlarım” yaxud Əli Kərimin “Pillələr” romanından əvvəl yazdığı “Qaytar ana borcunu”, “Gördüm heç doğulmamış”, eləcə də Ramiz Rövşənin povest və hekayələrindən öncə yazdığı ”Köhnə məktublar”, “Yorğunluq” kimi süjetli şeirləri hekayə təsiri bağışlayır. Bu tipli şeirlər şairləri təhkiyəyə, “nağılçılığa” (nəql etmə) gətirib çıxarır. Nəticə də şairlər hiss etmədən özlərini ”nəsrin ağuşunda” tapırlar. Amma bu hal bütün nəsrə keçənlərə aid deyil. Nəsrə şöhrət naminə keçənlər də var. Birinci eksperimenti üç böyük şairin əsərləri üzərində apardıq. İndiysə ikinci mühüm səbəbə keçək.

İkinci səbəb sırf şöhrət hissi ilə bağlıdır. Yeni yazan şair anlayır ki, yalnız şeir yazmaqla şöhrət qazanmaq olmaz. Xüsusən də detektiv ədəbiyyatın bu qədər oxunduğu bir dövrdə. Yay tətilində istirahətə gedənlər özləri ilə əsasən sevgi, adventura və yaxud detektiv romanlar aparır. Şairlərin bəziləri tirajlanmaq - kütləvi oxucu tərəfindən oxunmaq üçün nəsrə keçirlər. Düşünülmüş şəkildə “Tolstoyluq” eləməyə girişirlər. Şairlər müəyyən şeir janrlarının “iflasını” artıq qəbul edirlər. Məsələn, İlqar Fəhmi ədəbiyyata şeirlə, qəzəllə gəlmişdi, sonralar detektiv romanlar yazdı. Oxuduğum “Aktrisa” və “Akvarium” romanları məni kifayət qədər qane etdi, çox bəyəndim. Fikrimcə, İlqar Fəhmi qəzəldə lazımınca oxucu tapmadığı üçün uzaqlaşdı. Fəqət, heç nə itirmədi, əksinə romanları ilə kifayət qədər oxucu toplaya bildi.

Üçüncü səbəb bədii detalla bağlıdır. Maksim Qorki deyir: “Başlıca olaraq detalı tapın... Tapdığınız detal sizin xarakteri işıqlandıracaq, sonra süjet və fikirlər inkişaf edəcək”. Bədii detal əsərin strukturuna birbaşa təsir edir. Elə bu səbəbdən deyirlər ki, bədii əsər detaldan başlayır. Struktur mövzu müəyyənləşəndən sonra gerçəkləşirsə, detal mövzunun bətnində, təməlindədir. Nəzmdə və nəsrdə də bədii detallar olur. Detallar əsəri bəzən izahlardan qurtarır, bədii dərki oxucuya həvalə edir, həm də oxucuya anlamaqda yardımçı olur. Şair gündəlik həyat hadisələrindən detalı tapır və onu şeirə çevirir. Bəzən situasiyaların yaratdığı detallar nə şeirə, nə də poemaya çevrilə bilir. Detallar şeirlə uzlaşa bilmir. Nəticə də şair detalları təhkiyəyə çevirməli olur. Məhz bu yol şairləri “məcburən” nasirlərə çevirir. Şairlər müəyyən bir detaldan eyni məzmunlu şeirlər yazırlar. Nəsrə keçdikdə ilkin mərhələdə bu hal özünü büruzə verir. Məsələn, Ramiz Rövşənin “Belə-belə işlər”, “Hamı oğul böyütmüşdü”, “Ağrı” hekayələrində özünü təkrar duyulur. Nazim Hikmətin pyeslərində də müxtəlif oxşarlıqlar tapmaq olur.

Müəyyən bir vaxtdan sonra artıq imzaları tanınan (bəzən tanınmayan) şairlər kimlər haqqındasa məqalələr yazmağa başlayırlar. Sonra artıq ədəbi mühitdəki dartışmalara qoşulub qəzetlərdə çap olunurlar. Hər bir publisistik yazı gələcək hekayə, povest romana yoldur. Şair fikirlərinə təhkiyə qatır. Misal olaraq Həmid Herisçi əvvəllər şeir yazırdı, sonra nəsrə keçdi. Ədəbiyyatda imzasını şeirlə təsdiqləmiş Aqşin Yenisey də artıq romanını çapa hazırlayır. Eləcə də Etimad Başkeçid şeirlə başlamışdı, sonralar roman yazdı.

Sonda belə nəticəyə gəlmək olar ki, nəsrə keçmək təbii olaraq, şöhrət üçün, bədii detalların şeirə yox, nəsrə uyğunluğundan və publisistikanın təsiri ilə olur. Bu yazı məni daim düşündürən sualların qısa cavabıdır. Nəsrə keçib bərbad romanlar yazmaqdansa, poeziyada yaxşı şeirlər yazmaq daha yaxşı olar. Oxucu üçün yaxşı-pis janr anlayışı yoxdur, dəyərli əsər var. Ədəbiyyatda da var olan müəllifi əbədiləşdirən elə məhz yaxşı əsərdir.

 

 

Fərid Hüseyn

 

Mədəniyyət.- 2009.- 22 aprel.- S. 13.