Ədəbiyyatımız zəifdir,
yoxsa “Ədəbiyyat qəzeti”miz?
Cavabını
gənclərdən soruşaq
Son
vaxtlar “Ədəbiyyat qəzeti”nin zəif nəşr
olunması müxtəlif mətbuat orqanlarında, İnternet
saytlarında gündəmə gətirildi. Rəşad Məcidin
ilk dəfə bəyan etdiyi açıqlama ədəbi
mühitdə maraqlı diskussiyaların yaranmasına səbəb
oldu. Çoxları qəzetin yaxşı nəşr
olunmasını baş redaktorun dəyişilməsində
görür. İnternet saytlarında yazılan şərhlərdən
aydın olur ki, oxucuların əksəriyyəti
düşünürlər ki, gənc yazarlardan birinin baş
redaktor olması problemi asanlıqla həll edər. “Ədəbiyyat
qəzeti” ilə bağlı gənc yazarların fikrini bilmək
üçün Bakı Slavyan Universitetinin
yaradıcılıq fakültəsinin tələbələrinə
və Gənc Ədiblər Məktəbi nin üzvülərinə
iki sualla müraciət etdik.
1. Bəzi oxucu və yazarlar deyirlər
ki, “Ədəbiyyat qəzeti” zəif nəşr olunur. Problemin
həllini isə, baş redaktorun dəyişilməsində
görürlər, sizcə, bu əvəzləmə qəzetin
səviyyəsinin yüksəlməsinə səbəb ola bilərmi?
2. “Ədəbiyyat qəzeti”nin zəif
nəşr edilməsini çağdaş ədəbiyyatın
zəif olması ilə bağlayanlar da var. Bu tendensiyaların
tərəfdarları ilə həmfikirsinizmi?
Ferhat Mete - Gənc Ədiblər Məktəbinin üzvü:
- “Ədəbiyyat qəzeti”ni oxuyan
yoxdu. Şəxsən mən yaşıdlarımın
arasında kiminsə bu qəzeti oxuduğunu görmürəm.
Səbəbsə “Ədəbiyyat qəzeti”ndə maraqlı mətnlərin
olmamasıdır.
- Çağdaş ədəbiyyatın
zəif olması “Ədəbiyyat qəzeti”nin zəif
çıxması üçün tutarlı səbəb
deyil. Çünki “525-ci qəzet” və “Mədəniyyət”
qəzetlərinin ədəbiyyat səhifələri, “Proloq”
qəzeti çox maraqlı nəşr olunur. Çağdaş
ədəbiyyat zəifdirsə, bəs digər ədəbi qəzetlər
niyə maraqlı alınır? Yaxud İnternet saytlarında
maraqlı gənc yazarların maraqlı, oxunaqlı əsərləri
var. Sadəcə olaraq “Ədəbiyyat qəzeti”nin çap
etdiyi mətnlər maraqsızdı.
Cavad
Quliyev - BSU-nun
yaradıcılıq fakültəsinin I kurs tələbəsi:
- “Ədəbiyyat qəzeti”ni
çoxdandır ki, oxumuram. Çünki “Ədəbiyyat qəzeti”ndə
marağıma səbəb olacaq yazılar tapa bilmirəm. Düşünürəm
gənclərdən kimsə Ayaz Vəfalının əvəzləsə,
çox yaxşı olar.
- Müasir ədəbiyyatımızın
durumu ilə “Ədəbiyyat qəzeti”nin yaxşı nəşr
edilməməsi arasında yaxından-uzaqdan belə heç
bir əlaqə yoxdur. “Ədəbiyyat qəzeti” sadəcə
olaraq normal mətnlər cap etmir. Nə vaxt baxırsansa
yaşlı nəslin nümatəndələrinin bir səhifəlik
yazılarını görürsən.
Əsəd Nəsirli - BSU-nin yaradıcılıq fakültəsinin II kurs tələbəsi:
- Ədəbiyyatımızda
çox istedadlı gənclər var. Amma onların
çoxunu YB-nin mətbuat orqanları çap etmirlər. Ədəbiyyatımızın
vəziyyəti qənaətbəxşdir, ədəbiyyat
orqanlarımızınsa yox. “Cəhənnəmə gedən
yoldaş axtarar”. “Ədəbiyyat qəzeti”nin zəif nəşr
olunmasını ədəbiyyatla bağlamaq istəyirlər.
Ziyad Quluzadə - Gənc Ədiblər Məktəbinin üzvü:
- “Ədəbiyyat qəzeti” həddindən
artıq zəif nəşr olunur. Sanki qəzet orta məktəb
şagirdlərinin ədəbi orqanıdır. Səbəbsə,
baş redaktorun, qəzetin əməkdaşlarının
modern ədəbiyyatı qəbul edə bilməməsidir. Nə
vaxt qəzetə nəzər salırsansa, tədbirlərdən
informasiyalar, təbrik, vəfat edənlərərin
yaxınlarına başsağlığı, kitablar
haqqında böyük yazılar nəşr olunur. Qəzet
çox bezdirici təsir bağışlayır. Abunəçilərdən
başqa sıravi oxucu bu qəzeti, demək olar ki, oxumur. Düşünürəm
ki, gənc yazarlardan kimsə baş redaktor olsa, qəzetdə
canlanma olar, ədəbiyyata yeni qədəm qoyan nasir və
şairlərin də mətnlərini çap edərlər. Səlim
Babullaoğlu baş redaktor olsa, məncə, qəzet daha
yaxşı olar. Eyni zamanda maraqlı tərcümə əsərləri
də, çap olunar.
- “Alfa-e.com”, www.oxucu.biz, “Kultaz.az”
saytlarına nəzər salsaq, görərik ki, kifayət qədər
istedadlı gənc yazarlar var. “Ədəbiyyat qəzeti” sadəcə
olaraq zəifdir, ədəbiyyat yox.
Anar Amin - Gənc Ədiblər
Məktəbinin üzvü:
- İnternet saytlarında, mətbuatda
“Ədəbiyyat qəzeti” ilə bağlı qalmaqallar ədəbiyyatın
ziyanınadır. Kimisə vəzifədə başqa birisi ilə
əvəzləmək də çözüm deyil. Müəyyənləşdirmək
lazımdır ki, qəzet niyə zəif nəşr olunur. Və
hansı mətnlərə oxucunun marağı daha
çoxdur? Məhz bundan sonra gənc istedadları da cap etməklə
oxucu marağını qazanmaq olar. “Ədəbiyyat qəzeti”nin
formatını dəyişdirməklə də, oxucunun diqqətini
cəlb etmək olar.
- Bu fikirlə razı deyiləm. Ədəbiyyatımızın
hazırkı vəziyyəti çox yaxşıdır. “Ulduz”
jurnalının aprel nömrəsində gənc yazarlar
çap olunacaq. Məhz onda görəcəksiniz ki, ədəbiyyata
necə istedadlı yazarlar gəlib. Çox təəssüf
ki, belə maraqlı yazıları olan gəncləri “Ədəbiyyat
qəzeti” yaxın buraxmır.
Tapdıq Türksoy - Gənc
Ədiblər Məktəbinin üzvü:
- İnternetdən, mətbuatdan bu ədəbi
qalmaqalla tanışam. Amma qalmaqal hələ
çözüm deyil. YB özü qərar
çıxarmalıdır ki, qəzetin formatı dəyişilsin,
gənclərin əsərləri çap olunsun, bir sözlə,
qəzet rəngarəngləşsin. Bu qərar verilməyənə
qədər qəzet indiki kimi oxucusuz, maraqsız qalacaq.
- Ədəbiyyat zəifdirsə,
başqa ədəbi qəzetlər də zəif olar. Amma
maraqlı ədəbi qəzetlər, ədəbi saytlar var. Buna
görə də “Ədəbiyyat qəzeti”nin zəif nəşr
olunması ilə ədəbi materialların
yaxşı-pisliyi arasında əlaqə yoxdur.
Təranə Musayeva -
BSU-nun yaradıcılıq fakültəsinin II kurs tələbəsi:
- Məncə, “Ədəbiyyat qəzeti”nin
zəif nəşr olunmasının səbəbləri müəyyənləşdirilməli
və aradan qaldırılmalıdır. Kadr dəyişikliyi
o qədər də əhəmiyyətli deyil. Məsələn,
“Ədəbiyyat qəzeti”nin işçisi Azər Turandan
savadlı kim gələcək? Məncə, problemlər
araşdırılmalıdır.
- “Ədəbiyyat qəzeti” zəif
nəşr olunursa, bu, o demək deyil ki, ədəbiyyat zəifdir.
Mən gənclərlə daim ünsiyyətdəyəm. Ədəbi
mühiti, saytları, mətbuatı izləyirəm.
Yazılarını çox bəyəndiyim istər orta
yaşlı, istərsə də gənc yazarlar var. Əgər
onların əsərlərini çap etsələr, “Ədəbiyyat
qəzeti”nin zəif çap olunmasının səbəbi
aydınlaşar.
Sorğunu
apardı: Fərid
Mədəniyyət.-
2009.- 22 aprel.- S. 12